dmitri-borisovic-kabalevski-heyat-ve-yaradiciligi
Müəllif: Publisist.az /Tarix: 2022-01-27 /Oxunma Sayı: 1746

Dmitri Borisoviç Kabalevski həyat və yaradıcılığı

D.B.Kabalevskinin yaradıcılığı və çoxcəhətli fəaliyyətinin rus sovet musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. D.B.Kabalevski bir neçə opera və simfoniyanın, bir baletin və operettanın, instrumental konsertlərin və kamera ansambllarının, fortepiano pyeslərinin və vokal əsərlərin, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Kabalevski yüksək musiqi sənətinin geniş təbliğinə, gənc nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirmişdir. O, uzun illər SSRİ Bəstəkarlar İttifaqının uşaq və gənclərin musiqi-estetik tərbiyəsi komissiyasının sədri olmuşdur. Moskva konservatoriyasının professoru, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Musiqi Tərbiyəsi Cəmiyyətinin fəxri prezidenti Kabalevski bir çox məktəblər ilə dostluq etməyə vaxt tapmış, hətta Moskva məktəblərindən birində musiqi müəllimi işləmişdir. Onun bir maarifpərvər kimi çoxillik fəaliyyəti yeni musiqi proqramının yaranması ilə nəticələndi. Həmin proqramı haqlı olaraq “Kabalevski sistemi” adlandırırlar.

Dmitri Borisoviç Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. O, A.N.Skryabin adına Musiqi texnikumunda fortepiano üzrə V. Selivanovanın sinfində, sonra isə bəstəkarlıq üzrə Q.Katuarın sinfndə təhsil almışdır. Moskva konservatoriyasında (1925) oxuyarkən Kabalevski bəstəkarlıq və pianoçu ixtisasları üzrə təhsil alır. Tələbəlik illərində o əsasən kamera janrlarında  əsərlərini-romanslarını, fortepiano pyeslərini, o cümlədən simli kvartetini bəstələyir. Kabalevski eyni zamanda Skryabin adına Musiqi texnikumunda pedaqoji işlə məşğul olur.

30-cu illər bəstəkar yaradıcılığının ən məhsuldar dövrüdür. Kabalevski SSRİ Bəstəkarlar İttifaqının işində fəal iştirak edir. Rus sovet musiqisinin problemlərinə dair məqalələrlə mətbuatda çıxış edir. Həmin dövrdə yazılmış əsərlər arasında orkestr və xor üçün “Mübarizə poeması”, ikinci fortepiano konserti, 3 simfoniya xüsusilə seçilir. Üçüncü simfoniya-sonuncusu “Rekviyem” adlanır. Simfonik əsərlərdə, xüsusilə  İkinci simfoniya və konsertlərdə bəstəkar üslubunun səciyyəvi bir cəhəti – mahnivari tematik materiala meyl özünü büruzə verir. Bu illərdə Kabalevski fransız yazıçısı R.Rollanın povesti əsasında “Klamsili usta” operasını bəstələyir. Opera ilk dəfə 1935-ci ildə Leninqrad Kiçik opera teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 30 il keçdikdən sonra bəstəkar operanın “Kola Bryünyon” adlı ikinci redaksiyasını hazırlayır. Operanın musiqisi poetik və ehtiraslıdır. Bəstəkar burada fransız mahnı və rəqs folklorundan istifadə edərək, musiqiyə milli kolorit aşılamışdır. Əsər öz lirizmi, rəngarəngliyi və dramatik səhnələri ilə diqqəti cəlb edir.  Operanın qəhrəmanı Kola əkinçi olmaqla yanaşı, gözəl heykəltaraşdır. O, həyatında hər an uğursuzluqla qarşılaşırsa da, heç vaxt inamını itirmir. Operanın fraqmentləri ilə tanış olan R.Rollan bəstəkara yazırdı: “ Sizin əsəriniz yeni rus musiqi səhnəsi üçün yazılan ən gözəl əsərlərdəndir.” Doğurdan da, opera bəstəkara böyük müvəffəqiyyət gətirdi. Eyni zamanda o, sovet operasının ilk nailiyyətlərindən biri oldu.

Bu illər bəstəkar Moskvanın dramatik teatrında işləmiş, Bədaye, Kamera, Kukla, Uşaq teatrlarının ən müxtəlif tamaşalarına, habelə kinofilmlərə musiqi bəstələmişdir. Kabalevski yaradıcılığında uşaq musiqisi əsas yerlərdən birini tutur. 1925- ci ildən başlayaraq, o, böyük həvəslə uşaqlar üçün əsərlər bəstələyir. Kabalevski “Pioner həyatından” fortepiano pyesləri silsiləsini, O.Vısotskaya, A.Prişelts, A.Bartonun sözlərinə uşaq xoru və fortepiano üçün 30 uşaq pyesini, uşaq xoru və orkestr üçün “Gənclik paradı” musiqili tamaşasını, fortepiano üçün 2 sonatasını yazır. Bəstəkarın diqqətini uşaq aləmi daha çoxcəlb edir. Kabalevskinin yaradıcılığı üçün ilk növbədə müasir, ictimai əhəmiyyətli mövzular səciyyəvidir. Onun musiqi palitrasında aydın, şən, işıqlı “rənglər” üstünlük təşkil edir. Burada lirika əhəmiyyətli rol oyanyır. Eyni zamanda bəstəkar faciəli-dramatik mözvulara da meyl göstərir. Böyük Vətən müharibəsi illərində yazılmış əsərlərdə bəstəkar yaradıcılığının dramatik xətti daha da güclənir. Bu illərdə öz vətənini işğalçılardan qoruyan bütün xalq kimi Kabalevski də bütün qüvvəsini səfərbərliyə alır. Bəstəkar ön cəbhədə olmuş, müharibə hadisələrini bilavasitə müşahidə etmişdir. Bu dövrdə onun yaradıcılığı daha da yüksək səviyyəyə qalxır, əsərlərində böyük tarixi hadisələr öz əksini tapır. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar, səs ilə fortepiano üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı yaranır. 1944-45 ci illərdə uşaqlar üçün daha bir əsər ingilis xalq mətnləri əsasında “7 şən mahnı” vokal silsiləsi meydana çıxır. İri həcmli əsərlərdən 1942-ci ildə 2 solist, xor və orkestr üçün sovet şairlərinin sözlərinə yazılmış “Böyük Vətən” kantatasını qeyd etmək lazımdır.

Həmin il bəstəkar şair Y.Dolmatovski ilə birlikdə digər əhəmiyyətli əsərini – Ukrayna partizanları haqda xor və orkestr üçün “Xalq qisasçıları” süitasını yaradır. Süita 4 hissədən və proqramlı müqəddimədən ibarətdir. Hissələrdən hər biri xalq qisasçılarının mübarizəsinin müxtəlif anlarını təsvir edir. Süitanın musiqisi sadədir, xalq ruhundadır. Bəstəkarın əsərlərindən danışarkən 1942-ci ildə bitirdiyi “Od içində” operasını göstərmək vacibdir. Bu, Böyük Vətən müharibəsinə həsr edilmiş ilk operalardandır. Əsər 1943-cü ildə Bolşoy Teatrda tamaşaya qoyulmuşdur.

1943-44-cü illərdə Kabalevski fortepiano pyeslərini və N.Y.Myaskovskiyə həsr etdiyi “Fortepiano üçün 24 prelüd” silsiləsini bəstələmişdir. Silsilə obraz zənginliyi, fortepiano fakturasının rəngarəngliyi ilə diqqəti cəlb edir.

1944-cü ildə Kabalevski “Don Kixot” radio tamaşasına parlaq musiqi bəstələmişdir. Son illər opera, instrumental konsert, kantata və oratoriya, simfoniya kimi iri formalar bəstəkarın diqqət mərkəzində durur.

Mahnı janrında bəstəkar yenidən uşaq və gənclərin obrazlarına müraciət edir. Mahnıvari melodiyalar onun opera, oratoriya, konsert, kamera instrumental musiqisində daha da əhəmiyyətli rol kəsb edir. Bəstəkarın 1945-46-cı illərdə yazdığı 2 simli kvartetinə, 2 fortepiano sonatasına da mahnıvari intonasiyalar nüfuz edir.

Mahnıvarilik gənclərə həsr olunmuş 3 konsertin musiqisinin əsasını təşkil edir. Skripka, violonçel və fortepiano konsertlər məzmunca qohum olub özünəməxsus silsilə əmələ gətirir. Bəstəkar hər üç əsərdə sovet gəncinin səciyyəvi cizgilərini göstərməyə çalışmışdır. Skripka üçün do major konserti 1948-ci ildə bəstələnmişdir. Burada gənclik sevinci, məhəbbəti və səadət haqqında arzular əks olunur.

1948-49-cu illərdə yazılmış violonçel sol minor konserti isə əsasən elegiya əhval-ruhiyyəsi daşıyır.

Re-major fortepiano konserti (1952) şən oyunlar, işıqlı arzular, məzəli əyləncələrlə dolu uşaq aləmini təcəssüm etdirir. Ümumiyyətlə, bu konsert silsiləsi – Kabalevskinin gənclik, uşaqlıq dünyasına, onlar haqda musiqiyə olan dərin marağını ifadə edir.

Müharibədən sonrakı dövrdə bəstəkar instrumental musiqi sahəsində də çox fəal işləyir. O, Y.Vaxtanqov adına teatrın tamaşasına musiqi, sonra isə onun əsasında “Şeksprin “Romeo və Cülyetta”  faciəsinə musiqi lövhələri” simfonik süitasını yazır.

Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına qayıdaraq 1966-cı ildə IV simfoniyasını bəstələyir. Əsəri çox haqlı olaraq, müasirimiz haqqında simfoniya da adlandırırlar. Simfoniyanın məzmunu çoxplanlıdır, dramaturgiyası isə kəskin konfliktlərlə zəngindir.

Kabalevskinin violonçel üçün əsərləri də diqqətəlayiqdir. D.Şafrana həsr olunmuş İkinci violonçel konsertini (1964), violonçel və fortepiano üçün sonatanı (1965), violonçel və fortepiano üçün “S.Prokofyevin xatirəsinə ithaf edilmiş rodo” nu göstərmək olar.

 Kabalevski opera üzərində işə xeyli vaxt və qüvvə sərf etmişdir. Bu janrda Kabalevski Çaykovski opera dramaturgiyasının və eləcə də Musorqskinin xalq musiqi dramlarının ənənələrini davam etdirir. Bəstəkar 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə “Tarasın ailəsi” operasını bəstələyir. Opera alman işğalçılarına qarşı mübarizə mövzusuna həsr olunub. Əsərin əsas qəhrəmanları xalq nümayəndələri, müxtəlif nəslə mənsub fəhlələrdir. Operada klassik ənənələrə riayət olunur. Onun əsasını ariya, xor, ansambl nömrələr təşkil edir. Əsərdə rus xalq mahnılarının musiqi dili geniş tətbiq olunur. Orkestr partiyası inkişaf etdrilərək müstəqil əhəmiyyət daşıyır. Opera 1950-ci ildə S.M.Kirov adına Leninqirad Opera və Balet Teatrında, sonra isə bir sıra başqa teatrların səhnəsində tamaşaya qoyulmuşdur.

Bəstəkar xor musiqisinə də böyük maraq göstərir. Yenidən kantata, oratoriya kimi iri xor formalarına müraciət edir. Bu dövrdə Kabalevski 2 uşaq solisti, uşaq xoru və simfonik orkestr üçün  Ts.Solodarın sözlərinə “Səhər, bahar və sülh haqqında nəğmə” 4 hissəli kantatasını bəstələyir. Bəstəkar burada rəqs, marş və mahnının konkret janr cizgilərindən istifadə edir. 1966- cı ildə Kabalevski uşaq xoru və orkestr üçün Ts.Solodarın sözlərinə “Doğma torpaq haqqında” kantatasını, 1975-ci ildə isə solist və uşaq xoru üçün “Dostluq nəğmələri-Leyspiq kantatasını” bəstələyir.

Kabalevskinin ən görkəmli əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazılmış “Rekviyem”dir. Əsər Böyük Vətən müharibəsində həlak olan qəhrəmanlara ithaf olunur. Bəstəkar və şair bu əsərdə əsil xalq obrazları yaradaraq, qəhrəan oğulların ölüm xəbərini eşitmiş anaların, uşaqların dərdini böyük ustalıqla təcəssüm etdirmişdir. Əsər böyük ifaçı heyəti üçün nəzərdə tutulmuşdur, monumentalxarakter daşıyır. “Rekviyem”ə görə Kabalevski RSFSR Dövlət mükafatına layiq görülmüşdür. Yaradıcılığının sön dövründə  Kabalevski Şekspir, R,Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək romanslar bəstələyir.

D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.  

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur