Sergey Prokofyevin “Romeo və Cülyetta” baleti
“Romeo və Cülyetta” baleti 1936-cı ildə yazılmışdır. Əsər ilk dəfə 1940-cı ildə Leninqrad Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Qeyd etmək lazımdır ki, baletlə tanış olan artistləri musiqinin qeyri-adiliyi, qeyri-ənənələviliyi təəccübləndirirdi. Onlara elə gəlirdi ki, bu musiqiyə rəqs etmək mümkün deyil. Cülyetta rolunun ən gözəl ifaçısı dahi sovet balerinası Q.Ulanova öz xatirələrində yazır: “İlk vaxtlar biz heç musiqiyə öyrəşə bilmirdik. Yalnız ona dəfələrlə qulaq asdıqdan sonra Prokofyev melodiyalarının gözəlliyi, valeh edici plastikasını duya bildik. Mən artıq Prokofyevin zərif, incə Cülyettasını necə oynayacağımı təsəvvür etməyə başladım.” İlk tamaşadan sonra “Romeo və Cülyetta” məşhurlaşır, bu günədək dünya balet mədəniyyətinin ən gözəl nümunələrindən biri kimi teatrların repertuarlarında möhkəm yer tutur.
Dahi ingilis dramaturqu V.Şekspirin iki gəncin nakam məhəbbətindən bəhs edən “Romeo və Cülyetta” faciəsi ümumbəşəri ideyası, obrazların parlaq, realist səciyyəsi ilə daim bəstəkarların diqqətini cəlb etmişdir. Bu süjet əsasında opera və simfonik musiqi janrında gözəl əsərlər yaradılmışdır. Çaykovskinin “Romeo və Cülyetta” üvertura-fantaziyasını, Berliozun dramatik simfoniyasını, Ş.Qunonun operasını qeyd edə bilərik. XX əsrdə Prokofyev də bu əsərə müraciət edərək Şeksprin faciəsi ilə bir bədii səviyyədə duran balet yaratmış, faciənin əsas məzmununu, böyük humanist ideyasını parlaq açmağa müvəffəq olmuşdur.
Gənc aşiqlər Romeo və Cülyetta orta əsrlərin vəhşi adət-ənənələri ilə toqquşub həlak olurlar. Lakin məhəbbət hər şeydən güclüdür. Dünyada heç bir qüvvə onu məhv edə bilməz. Romeo və Cülyettanın məhəbbəti əbədiyyətə qovuşur, bu məhəbbət ata-babaların qəddar düşmənçiliyinə qalib gələrək, ədavətə son qoyur. Prokofyevin baleti novator əsərdir. Bəstəkar burada ənənəvi rəqs nömrələrindən (adajio, vals) imtina edərək, onları obrazların dinamik, yığcam xasiyyətnaməsini verən səhnələrlə əvəz edir, məsələn, “Mübahisə”, “Döyüş”, “Romeo”, “Merkutsio”, “Məhəbbət rəqsi” və s. Baletdə leytmotivlər böyük rol oynayır. Onlar əsas etibarilə Romeo və Cüleyttanın məhəbbətini, düşmənçilik obrazını təcəssüm etdirir.
1-ci Pərdə.
İtaliyanın Verona şəhəri. Dan yeri sökülür. Gənc Romeo tək-tənha küçələri dolaşır. Yavaş-yavaş səhər açılır. Şəhərin əsas küçəsi canlanır. Gümrah səhər əhval-ruhiyyəsi “Küçənin oyanması” səhnəsində əks olunmuşdur. Sadə müşayət fonunda oynaq, yaddaqalan melodiya, məharətlə tapılmış musiqi boyaları bayramsayağı, səs-küylü küçə lövhəsini çox inandırıcı canlandırır.
Küçədəki Montekki ilə Kapuleti evinin nökərləri mübahisə edirlər. Mübahisə böyüyüb davaya çevrilir. Səs-küyə hər iki evin sahibi çıxır və vuruşma daha da şiddətlənir. Bu hadisələr “Mübahisə” və “Döyüş” səhnəsində təsvir olunur: “Döyüş” səhnəsində ilk dəfə Montekki ilə Kapuleti arasında əsrlərdən bəri davam edən qanlı düşmənçiliyin rəmzi-tutqun, qorxunc xarakterli düşmənçilik mövzusu səslənir. Verona hakimi Hersoqun gəlişi vuruşmanı dayandırır. Hersoq qanlı düşmənçiliyə son qoymaq üçün iki ailə arasında ədavəti qızışdıran hər kəsin ölümlə cəzalanacağı haqqında fərman verir. Kapuleti evinə ziyafətə hazırlıq görülür. Dayə Cülyettaya ziyafət paltarını geyinməkdə kömək edir. Lakin gənc qız onunla
zarafat edir, oynayır.
“Kiçik Cülyetta” səhnə-portreti əsərin əsas qəhrəmanlarından biri olan Cülyettanın dolğun xasiyyətnaməsidir. Səhnə 3 mövzu üzərində qurulur. Yuxarıya doğru hərəkət edən sürətli mövzü dəcəl, qayğısız qızcığaz obrazını yaradır. Yeniyetmə, zərif, məlahətli Cülyetta rəqsvarı, lirik mövzu ilə səciyyələnir. Gənc qızın sadə qəlbli, onun sevib-sevilmək, səadət arzuları xəyalpərvər, şəffaf melodiyada təcəssüm olunmuşdur. Mövzu əvvəlcə birsəsli keçir, sonra ona ifadəli səsaltılar qoşulur.
Ziyafət başlanır. Təntənəli menuetin sədaları altında qonaqlar toplaşır. Maska altında gizlənmiş Romeo və onun dostları da buradadır. Onların gəlişi “Maskalar” nömrəsində təsvir olunur. Marş ruhlu kinayəli melodiya, şən, zarafatcıl gəncləri səciyyələndirir. Ziyafət təntənəli, “Cəngavərlər rəqsi”
ilə başlanır. Geniş intervallara sıçrayışlar, punktir ritm, basın aramlı, ağır "addımları" küt, davakar, eyni zamanda təkəbbürlü bir obraz yaradır. Bu rəqs həm də orta əsrin cansıxıcı vəhşi alətlərə kor-koranə riayət edən cəngavər mühitinin, gənc Romeo və Cülyettanın səadəti qarşısında sədd kimi dayanan qüvvələrin ümumiləşdirilmiş xasiyyətnaməsidir.
Ziyafətdə rastlaşan Romeo və Cülyetta ilk baxışdan bir-birinə vurulur. Hər ikisinin qəlbi böyük məhəbbət hissi ilə döyünür. Lakin Kapuleti ailəsinin üzvlərindən biri davakar gənc - Tibald Romeonu tanıyır. Tibald hiddətə gəlir düşmən oğlunun bu ziyafətə gəlməyə həddi nədir. Romeo dava düşməsin deyə ziyafəti tərk etməli olur. Bir azdan qonaqlar da dağılışır. Cülyettanı görmək, öz məhəbbətini etiraf etmək üçün Romeo yenidən onunla görüşür. Sevgililər əhd-peyman bağlayır. 1-ci pərdə ehtiraslı, çılğın "Məhəbbət" rəqsi ilə bitir.
2-ci pərdə - baletin dramatik mərkəzidir. Burada əks, düşmən qüvvələrin həlledici toqquşması baş verir, faciəyə doğru dönüş başlanır. Hadisələr xalq səhnələri fonunda cərəyan edir. Veronada şən, bayram karnavalıdır. Tarantella ruhunda şən, oynaq "Xalq rəqsi", incə, zərif "Mandolinalarla rəqs" səslənir. Dayə Cülyettanın məktubunu Romeoya çatdırır. Cülyetta taleyini ömürlük Romeo ilə bağlamağa razıdır. Gənc aşiqlər müdrik rahib Lorentsonun yanında gizlin nigah kəsdirirlər.
Xalq şənliyi davam edir. Tibald Romeodan intiqam almaq üçün hər vasitə ilə onu döyüşə cəlb etmək istəyir. Romeo isə Cülyettanın xatirinə Tibaldla barışmaq istəyir. Lakin acıdil, davakar Tibald bunu qorxaqlıq hesab edərək, onu ələ salır. Romeonun ən yaxın dostu, hamının sevimlisi Merkutsio Tibaldın tənələrinə dözmür və onunla vuruşur. Tibald Merkutsionu öldürür. Dostunun ölümü Romeonu hiddətləndirir. O, Merkutsionun intiqamını alaraq Tibaldı ölümcül yaralayır.
Kapuleti ailəsi Romeonun cəzalandırılmasını tələb edir.
2-ci pərdə Tibaldın dəfn səhnəsi ilə bitir. Bu pərdədə diqqəti cəlb edən cəhət onun təzadlı qarşılaşdırmalar prinsipi ilə qurulmasıdır: bir tərəfdən şən karnaval, digər tərəfdən isə Merkutsionun faciəvi taleyi, Tibaldın ölümü.
3-cü pərdə- Veronadan qaçmağa məcbur olan Romeo Cülyetta ilə vidalaşmaq üçün gecə onun yanına gəlir. "Ayrılıqdan əvvəl vida" səhnəsi ilhamlı, şairanə məhəbbət poemasını xatırladır: Romeo cə Cülyettanın məhəbbət mövzusu səslənir. Eyni zamanda musiqidə faciəvi intonasiyalar eşidilir: axı bu, sevgililərin axırıncı görüşüdür.
Valideynləri Cülyettanı varlı zadəgan Parisə ərə getməyə vadar edirlər. Lakin gənc qız öz məhəbbətinə sadiqdir. O da təklifi rədd edir və məsləhət üçün rahib Lorentsonun yanına gəlir. Rahib Romeo qayıdanadək toyu təxirə salmaq üçün Cülyettaya yuxu dərmanı verir. Cülyetta dərmanı içib dərin yuxuya gedir. Valideynləri səhər Cülyettanın otağına gəlir və qızın vəfat etdiyini zənn edərək onu ailə sərdabəsində dəfn edirlər. Dostlardan biri Cülyettanın ğlümünü Romeoya xəbər verir. Romeo Veronaya qayıdıb sevgilisinin tabutu qarşısında zəhər içir. Cülyetta yuxudan oyanır. O, Romeonun cənazəsini görüb dəhşətə gəlir. Romeosuz həyat onun üçün heçdir. Cülyetta xəncərlə özünü öldürür. Övladlarının ölümünə səbəb olan Montekki və Kapuletti barışırlar. Baletin sonunda məhəbbət mövzusu Romeo və Cülyettanın ülvi hisslərinin əbədiliyini tərənnüm edən ilhamlı himn kimi səslənir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur