Rus klassik musiqisinin banisi Mixail İvanoviç Qlinka
Mixail İvanoviç Qlinka (1804-1857)
Qlinka rus klassik musiqisinin banisidir. O, opera, simfonik uvertüra və romansın klassik nümunələrini yaratmışdır. Qlinkanın yaradıcılığı rus mədəniyyətinin yüksək inkişaf dövrünə təsadüf edir. Dövrün əlamətdar hadisələrinin – 1812-ci il Vətən müharibəsinin, dekabristlər hərəkatının şahidi olan Qlinka öz musiqisində vətənin tarixində, eləcə də müasir dövrdə xalqın böyük rolunu, onun qüdrətini, vətənpərvərlik ruhunu əks etdirmişdir. Qlinka sənətinin bu cəhəti onu Puşkin yaradıcılığına yaxınlaşdırırdı. Bu baxımdan bəstəkarın iki operası – “İvan Susanin” qəhrəmanlıq faciəsi, “Ruslan və Lyudmila” qəhrəmanlıq nağılıdır. Dünya opera ədəbiyyatında ikinci belə bir əsər tapmaq çətindir ki, orada vətənpərvərlik ideyası “İvan Susanin” operasındakı qədər dolğun verilmiş olsun.
Qlinka yaradıcılığı xəlqidir. O hər, şeydən əvvəl rus xalq mahnısından bəhrələnmişdir. Xalq mahnılarında Qlinka doğma el-obasının qəlbinin səsini eşidirdi. Eyni zamanda o, başqa xalqların musiqisinə də böyük maraq göstərirdi. Bəstəkar Qafqaz xalqlarının, ərəb, ispan və b. millətlərin melodiyalarından istifadə edərək , həmin xalqların ən gözəl xüsusiyyətlərini əks etdirməyə çalışırdı.
Qlinkanın zəngin yaradıcılığında yeni milli üslub, klassik rus musiqi dili yaranaraq bəstəkarlıq məktəbinin gələcək inkişafına geniş yol açmışdır. Onun işıqlı ürəkaçan, nikbin ruhlu musiqisi milli incəsənət xəzinəsinə misilsiz töhfə olmuşdur. Bəstəkarın musiqisinin zəngin ənənələri bir neçə rus bəstəkarlar tərəfindən davam etdirilmiş, onlar üçün örnəyə çevrilmişdir. Qlinkanın demokratik, parlaq milli xüsusiyyəti və yüksək bədii ustalığı onun musiqisinə həmişə bahar təravəti gətirir. Bəstəkarın müasirləri Odoyevski, Stasov və başqaları onun sənətini yüksək qiymətləndirmişlər.
Simfonik əsərləri
Qlinka rus musiqisi tarixinə milli simfonik musiqinin banisi kimi daxil olmuşdur. Özünün “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarında bəstəkar rus simfonik musiqisinin yüksək nümunələrini yaratmışdı. “Ruslan və Lyudmila” operasının uvertürası bəstəkarın ən parlaq simfonik əsərlərindən biri olmuşdur. Qlinkanın parlaq orkestr əsərləri arasında “Kamarinskaya”, “Araqon xotası”, “Madriddə gecə”, “Vals fantaziya”nı qeyd etmək olar. Onların hamısı birhissəli uvertüra və ya fantaziya formasında yazılmışdır. Bu əsərlərdə rus xalq həyatının lövhələri də, rusların mənəvi aləmi də, romantik İspaniyanın obrazları da, bəstəkarın özünün əhval-ruhiyyəsi və hissiyyatı da öz təcəssümünü tapmışdı. Xəlqilik Qlinkanın simfonik musiqisinin başlıca xüsusiyyətidir. Bəstəkar simfonik əsərlərində əsl xalq melodiyalarından istifadə edərək hər şeydən əvvəl xalq yaradıcılığı ruhunu dərindən təcəssüm etdirməyə çalışmışdır. 1848- ci ildə Qlinka ən kamil simfonik əsərlərindn biri – “Kamarinskaya” simfonik fantaziyasını yaratdı. Əsər barədə Çaykovski öz gündəliyində qeyd etmişdi ki, “... palıd ağacı qozadan əmələ gəldiyi kimi bütün rus simfonik məktəbi də “Kamarinskaya”dan yaranıb.
Qlinkanın ən populyar simfonik əsərlərindən biri də “Vals fantaziya”dır. Popular məişət rəqsi əsasında bəstəkar gözəl melodiyaları ilə, harmonik boyaların və oynaq, incə orkestrləşmənin zənginliyi ilə nəzəri cəlb edən lirik poema yarada bilmişdi. Onun ilk variantı 1839-cu ildə fortepiano üçün yazılmışdı, tam orkestr redaksiyası isə 1856-cı ildə hazırlanmışdır.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur