mixail-ivanovic-qlinka-vokal-yaradiciligi
Müəllif: Publisist.az /Tarix: 2022-01-24 /Oxunma Sayı: 1517

Mixail İvanoviç Qlinka – Vokal yaradıcılığı

 

         Mixail İvanoviç Qlinkanın yaradıcılığında Vokal musiqisi mühüm yer tutur. O romans və mahnı bəstələmişdir. Lirik romans sahəsində Qlinka unudulmaz əsərlər yaratmağa nail olmuşdu. Bəstəkarın romanslarında insanın müxtəlif hissləri və həyəcanları parlaq təcəssüm olunur. Orada rus təbiətinin gözəl mənzərələri, müxtəlif xalqların məişəti göstərilir. Gözlərimiz önündə Uzaq Şərqin, İtaliyanın, romantik İspaniyanın rəngarəng obrazları canlanır. Qlinkanın vokal musiqisinin zəngin obrazları romanslarındakı müxtəlif janr formaları ilə bağlanır. O, sentimental-lirik romanslara (“Ne iskuşay” – “Əbəs sınama məıni”), elegiyalara (“Bedniy pevets”- “Yoxsul müğənni”), rus mahnısına (“Ax tı, duşeçka” – “Ah, gözəl qız”) balladalara (“Noçnoy smotr” – “Gecə baxışı”), süfrə mahnılarına, rəqsyönlü vokal janrlara – valslara, mazurkalara (“O, milaya deva” – “Ah, mehriban qız”), balerolara (“O, deva çudnaya moya” – “Gözəl pərim mənim”) və başqa vokal janrlarına müraciət etmişdir.

          Qlinka öz müasirləri, görkəmli şairlərdən Puşkinin, Delviqin,Baratınskinin, Batyuşkovun ən gözəl poetik əsərlərinə romanslar bəstələmişdir. Qlinka romanslarının ən diqqətəlayiq xüsusiyyəti onların melodik gözəlliyidir. Doğrudan da, bəstəkarın romanslarındakı melodiyaların dolğunluğu və dahiyanə sadəliyi dinlıyicini məftun edir. Qlinka ən gözəl romanslarını Puşkinin sözlərinə yazmışdır. Romanslar Puşkin şerlərinin zəngin əhval-ruhiyyə çalarlarını əks etdirir. “Qruzinskaya pesnya” (“Gürcü mahnısı”) Qlinkanın Puşkinin sözlərinə yazdığı ilk vokal əsəridir. Xatırladaq ki, romansın əsasını gürcü xalq melodiyası təşkil edir. Bəstəkar xalq melodiyasını dəyişərək onu Puşkinin şeirinə uyğunlaşdırır. İncə harmonizasiya və orta səsdə xromatik səsaltı bəzəklərlə rövnəqləndirilmiş xalq melodiyası sakit tərzdə inkişaf edir.

          Puşkin poeziyasının gözəlliyi Qlinkanın “Ya pomnyu çudnoye mqnoveniya” (“O möcüzəli anı xatırlayıram”)  romansında yüksək ifadəsini tapır. Əsərin süjetində qəhrəmanın həyatındakı üç məqam təsvir olunur: sevgilisinə məhəbbət, ayrılıq və vüsal. Bunlar şeirin başlıca məqamlarını təcəssüm etdirərək üçhissəli forma təşkil edir. Əsərin birinci bölməsinin sakit, axıcı melodiyası məhəbbətin heyrətamiz obrazını yaradır. Orta bölmədə vokal partiyanın xarakteri kəskin surətdə dəyişir. Musiqi həyəcanlı vokal deklamasiyasına çevrilir. Burada ayrılıq, tənhalıq obrazı təcəssüm etdirilir. Romansın üçüncü bölməsində qəhrəmanın sevinci, xoş əhval-ruhiyyəsi tərənnüm olunur. Məhəbbət vəcdi romansın kodaksındakı mövzüda yüksək kulminasiya təşkil edir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur