aydin-talibzade-quranin-sirleri-tukenmir
Müəllif: Aydın Talıbzadə /Tarix: 2023-05-15 /Oxunma Sayı: 520

Aydın Talıbzadə - QURANIN SİRLƏRİ TÜKƏNMİR

      Quran kosmos kimidir: sonsuzdur.

          Quran okean kimidir: hər sətri mərifət və həqiqət incilərilə doludur.

Quran elm kimidir, özündə çoxsaylı bilgilər qapsayır: amma elmlər fövqündə dayanır, sakral dünyadan endirilmiş yazı qismində qavranılır.      

          Quran şeir kimidir: dinlədikcə hər kəsi ritmlə sehrləndirir.

Quran adi, təkrarlanan günlər axarında möcüzə kimidir: insan qarşısında zikr, səma qapılarını açıb onu hər zaman  heyrət içində ruhun meracına dəvət edir.       

Əsrlərdir bu dini-kulturoloji, kosmoloji, fenomenoloji, psixoloji hadisəni öyrənirlər, yozurlar, təhlil eləyirlər, sirlərinə vaqif olmaq istəyirlər, onun qalın-qalın təfsirlərini cildləyib yayımlayırlar: di gəl ki, heç cür Quranı çözüb qurtara bilmirlər.

          Bu yaxınlarda dərin intellekt sahibi və rusca unikal şeirlər müəllifi hesab etdiyim filoloq Nicat Məmmədov mənə ərəb mədəniyyətinin gözəl bilicisi İ.Y.Kraçkovskinin tələbəsi olmuş, 99 il ömür sürmüş şərqşünas T.A.Şumovskinin “Müqəddəs Quran. Poetik tərcümə” adlı bir kitabının elektron variantını göndərdi: Quranın D.N.Boquslavski, Q.S.Sablukov, V.M.Proxorova və hətta B.Y.Şidfar tərəfindən tərcümələri haqqında məlumatlı olsam da, məhz bu adamın Quranı rus dilinə şeir qanunlarına uyğun çevirməsi barədə heç nə eşitməmişdim, heç nə də bilmirdim. Tez araşdırdım və yəqinləşdirdim ki, kitab 1995-ci ildə ilk dəfə, daha sonra isə 2008-ci ildə təkrar nəşr edilib [1]. Bəlkə də azərbaycanlı islamşünaslar mənim bu bilgisizliyimə müəyyən mənada rişxəndlə yanaşacaqlar və mən onların belə münasibətini anlaşıqlı bir şəkildə qarşılayacağam. Həqiqətən, çox mümkün ki, Azərbaycanda bunu məndən əvvəl də bilənlər olub. Ona görə Quranın bu poetik tərcüməsini araşdırmağı, rus dilində mövcud digər tərcümələrlə qiyaslamağı özümə məqsəd götürməmişəm.

          Bu dəfə mənim məqaləmin hədəfində “Quran” adının etimolojisi zəminində ortaya atılan yeni, yetərincə maraqlı çözüm versiyasıdır: elə bir çözüm versiyası ki, islam mədəniyyətinə, müqəddəs kitabın missiyasına münasibətdə tamam fərqli və olduqca orijinal düşüncə modusu təqdim edir. Hətta T.Şumovskinin öz poetik tərcüməsinə yazdığı Giriş məqaləsindən öyrəndiyim bir-iki elə məsələ oldu ki, onlar mənim islam mədəniyyəti ilə bağlı topladığım bigilər müstəvisindən yüngül bir zəlzələ əmələ gətirərək keçdilər. Odur ki, mənim görəvim T. Şumovskinin “Quran” sözünün semantikası ilə bağlı söylədiyi son dərəcə ilginc və etkiləndirici fikirləri yubanmadan geniş oxucu auditoriyası ilə paylaşmaqdır.

İslam aləmində hamı bilir ki, Quran (əl-Kuranu) kəlməsi “oxu” mənasında anlaşılan “iğra” (yakrau şəklində tələffüz edilir, əksər elmi mənbələrdə ikra kimi yazılır) felindən düzəldilmədir. Quranın müsəlman ənənəsinə istinadən ilk surəsi sayılan, amma Müqəddəs Kitabda  96-cı nömrə ilə işarələnmiş “əl-Ələq” surəsi [2, S.42]  məhz “ikra”, yəni oxu əmrilə başlayır: “Yoxdan yaradan Rəbbinin adı ilə oxu” [96:1].

Quranın semantikasında “oxu” (ikra) əmrinin, “qiraət” (kıraətun) kəlməsinin məna dominantlığını mən bütün müsəlmanlar kimi hər zaman danılmaz, inkarı mümkünsüz bir fakt qismində qəbul etmişəm. Buna rəğmən T.Şumovskinin Quran sözünün mənasına dair verdiyi açıqlamaları oxuyunca  bilgilərim onlara dəyən şübhə “daşları”ndan laxlamağa başladı.

Bəlli bir həqiqətdir ki, Quran (əl-Kuranu) və ikra sözlərinin kökündə “ğaf” və “ra” samitlərinin birgəliyi dayanır: tələffüzə görə “KR”, yazılışa görə “ĞR”... Bu, dartışılmır.

Lakin T.Şumovski öz çözüm versiyasına doğru irəliləyərkən tamamilə məntiqi olaraq xəbər alır ki, yaxşı, bəs Muhamməd peyğəmbər üçün göndərilmiş mətnlər harada şəkillənibmiş, Allahın Rəsulu ayələri nəyin üstündə görüb də oxuyubmuş?

Müəllifin cavabı ləngimir: əlbəttə ki, “Allahın mələk Cəbrayıl vasitəsilə Muhamməd peyğəmbərin gözü qarşısında sərgilədiyi əlvahlarda” [3, S.3], yəni təsəvvür lövhələrində. Bunu hamımız bilirik və burada yeni heç nə yoxdur. Elə isə T.Şumovski bu bilgini niyə bir daha təkrarlasın ki? Sadəcə, mənim fikrimcə, müəllif bu sualdan digər mühüm suallara, hansılara ki, mən də qatılıram, keçid almaq istəyir.

Sorulardan birincisi budur: məgər VII əsr Ərəbistanında qiraət anlayışı bu qədər aktualdı ki, müsəlmanların müqəddəs kitabı “Oxu” (Qiraət) adlandırılaydı?

İkincisi budur: ərəblərdən ötrü həmin dönəmdə qiraətin həyati zərurəti vardımı?

Üçüncüsü budur: cahiliyyə dövrünün ərəbləri hansı oxu vərdişlərinə malikdilər və onlar nə oxuya bilərdilər?

Dördüncüsü budur, şəxsən mənim sorğuladığımdır: bədəvi ərəblər nə vaxt şifahi ənənədən ayrılıb da yazılı örnəklərə üstünlük verdilər ki?

Beşincisi budur: Məkkə məbədinin divarlarından asılmış “mualləki” adlanan islamaqədərki yeddi qəsidəni yüksək oxu mədəniyyətinin örnəyi saymaq mümkünmü?

Əlbəttə ki, yox.

Altıncısı budur: bəlkə istilalar zamanı ərəblər ram etdikləri xalqlara özlərinin qədim mədəniyyətə sahib olduqlarını göstərmək üçün fikirləşib tapıblar onları?..

Yeddincisi budur: ailə-tayfa münasibətləri üzərində qurulmuş aşağı səviyyəli bir cəmiyyətdə “oxumaq” feli bu sözə Quranda verilən ali dəyərlə bərabər tutula bilərdimi?

Yox, yenə də yox.

           Səkkizinci sual budur, hansını ki, yenə mən sorğulayıram: gərçi “əl-Ələq” surəsinin birinci ayəsində peyğəmbərə xitabən əmr edilirsə ki, “oxu”, gərçi Quran bir kitab, bir dini abidə kimi “ikra” felindən başlayırsa, gərçi müqəddəs mətnin ilk sakral sözü “oxu” olursa, onda niyə Qurana “İkra” yox, məhz “Quran” deyiblər?

          Teodor Adamoviç Şumovski tamamilə gözlənilmədən bu suallara aydınlıq gətirəcək bir mənbə bulub ortalığa çıxarır. Bu mənbə bayaq haqqında danışdığımız islamaqədərki yeddi qəsidə və Quran üçün tərtiblənmiş məxsusi lüğətdir ki, orada “GR” (KR) kökü tamam ayrı cür mənalandırılır və heç də “oxumaq” anlamına gəlmir.

          Müəllif Quran sözünün kökünü “KRY” samitlərində görür və deyir ki, bu kökdən düzəldilmə “karya” sözü “şəhər”, “tikmək” (tikinti, inşaat) kimi semantikləşir. T.Şumovski digər dillərdə də bu köklə əlaqələnən sözləri misal gətirib göstərir ki, harada “ĞR” (KR) samitləri var, orada “tikmək” mənası aktuallaşır. Türk dilində “qurmaq” tikmək, ucaltmaq , fars dilində “kərdən” etmək, hind dilində “kriti” iş, “kriya” əmək kimi anlaşılır. Hələ bu harasıdır: fars dilində “kar” sözü iş deməkdir, Azərbaycan dilində “qır” sözü neftdən hazırlanan dam örtüyünü, yəni tikinti materialını eyhamlaşdırır. “Əgər bu fikirlər əsas götürülsə, o zaman “Quran” sözünü “Divar. Sədd” kimi tərcümə etmək gərəkir” [3, S.3].

          Nə üçün?

          Birincisi ona görə ki, mən bunu T.Şumovskiyə istinadən söyləyirəm, müsəlmanların müqəddəs Kitabında ayələr kimi fiksə edilmiş vəhylər islama qədərki Nadanlıq (əl-cahiliyyə) dövrü ilə Bilgi (əl-yəqin) dönəmi arasında bir Sədd yaradır, bir Divara çevrilir. Quran divardır, tək Allahın mövcudluğu haqqında bilgisizliyi tək Allahın mövcudluğu haqqında bilgidən ayırır. O zaman ki Şəfa (əl-İslam) gəlir, bir dövrə son verir, yenisini başlayır, köhnənin qarşısında divar olur, yenisini isə, əksinə, geriyə qayıtmağa qoymur.

          Ola bilərmi ki, mən bunu artıq T.Şumovskiyə istinad etmədən söyləyirəm, Quran özündə yəhudilərin Hönkürtü Divarına (Ağlama Divarı, Gözyaşı Divarı kimi də Azərbaycan dilinə tərcümə edilir) bir eyham gizləsin? Axı Hönkürtü Divarı da çoxallahlılıqdan təkallahlığa keçidi simvollaşdıran məbədin qalığıdır!!!

Bu divar qədim romalıların dünyası ilə yəhudilərin dünyası arasında sanki bir sədd çəkir, sərhəd olur. Fikrimi təsdiqləyən çox dəyərli bir fakt da var: 2017-ci ildə arxeoloqlar elə Honkürtü Divarının böyründəcə imperator Adrianın hakimiyyəti çağlarında inşa edilmiş qədim romalılara məxsus bir amfiteatr tapırlar [4].

Amfiteatr və Hönkürtü Divarı: bu yaxınlığın anlamı nə? Ola bilərmi ki, yəhudilərin inanc və ümidlərinin rəmzi sayılan Hönkürtü Divarı bütpərəstlik dünyasına, qədim romalıların bütpərəstlik zəminində yaratdığı mədəniyyətə, o cümlədən teatra və orada göstərilənlərə qarşı etiraz kimi yozulsun, keçmişlə birdəfəlik vidalaşmağın işarəsi qismində dəyərləndirilsin?

Heç də istisna edilmir.

          T.Şumovski Quranın Cahiliyyə dönəmində mövcud yaşayış və qavarayış tərzilə yeni ictimai-sosial qanunlar, münasibətlər, əlaqələr, davranış qaydaları arasında möhkəm bir Kitab-Sədd, Kitab-Divar olduğunu isbatlamaq, bütövlükdə Sədd, Divar ideyasının islam aləmi üçün kəsb etdiyi aktuallığı işıqlandırmaq naminə bir daha Quran surələrinə üz tutur.

          Müəllif Quranı nəzərdə tutaraq yazır ki, “bu Divar elə 25-ci surədə haqqında danışılan suları acı və şirin olub bir-birinə qarışmayan iki dəniz sərhədindəki “keçilməz Səddir” (bərzəxdir). Bundan savayı “bərzəx” sözü bir ayrı cür də mənalanır: Axirət günündə insanın ölümü ilə dirilməsi arasındakı zaman məsafəsi də məhz bu sözlə bildirilir” [3, S.4].

          Quranın Divar, Sədd kimi başa düşülməsinə bəraət qazandıran məqamlardan biri də T.Şumovskiyə görə islam aləmində hələ Muhamməd peyğəmbər dönəmində Yəcuc və Məcuc tayfaları qarşısına İskəndər Zülqərneynin sədd çəkilməsilə [5, S.66-67] bağlı əfsanənin aşırı məşhur olmasıdır. Nizami Gəncəvinin “itsifət” kimi tanıtdığı Yəcuc və Məcuc tayfalarının  önündə hörgülənmiş sədd, divar bu yırtıcı xislətli məxluqları dünyaya, insanlar arasına buraxmır, dövrləri, yaşayış tərzlərini bir-birindən fərqləndirir, ayırır eynən Qurani-Kərim kimi.

          T.Şumovskinin irəli sürdüyü versiyanın önəmli sübutlarından biri, hansını ki müəllifin özü tapıb aşkarlaya bilməyib, fikrimcə, birbaşa Quran ayəsindən gəlir: Yasin (Yəsinu) surəsinin 9-cu ayəsində deyilir ki, “biz onların önlərinə və arxalarına sədd çəkib gözlərini bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər” [36:9]. Söhbət bir daha Cahiliyyə dönəminin məxluqları qarşısına çəkilmiş Səddən gedir: yəni Quran onların yeni dünyanı, Bilgi dünyasını “görməsini”, təkallahlığı dərk etməsini yasaqlayır, mümkünsüz edir.

          Quranın Divar, Sədd kimi semantikləşməsinə bəraət qazandıran faktlardan biri də “surə” sözüdür. Quranın bölümlərini Surə (surətun) adlandırırlar: haradasa “fəsil” anlayışına müsavidir, müqəddəs kitabın mətnlərində “birinci dərəcəli”, “ən mühüm” mənalarında işlədilir  [6, S.214]. Lakin “surə” sözü həm də cərgə, rütbə deməkdir. T.Şumovski sözün bu anlamını bir qədər də dəqiqləşdirib qeyd edir ki, burada divar hörgüsündəki cərgə nəzərdə tutulur. Odur ki, Quran bir Divar, bir Sədd kimi surələrdən cərgələnib oluşur.

          T.Şumovski bununla da kifayətlənmir və deyir ki, əgər mürşid söyləmlərinin ardınca getməyib müstəqil araşdırmalar aparsaq, o zaman bu qəbildən olan bir sıra digər sözlər də özlərinin əsl həqiqətini bizlərə etibar eləyəcək.

          Əvvəlcə hədəfdə “islam” sözüdür. Bəyəm onun semantikasından xəbərsiz adam varmı? Hamımız öyrənib bilmişik ki, “əl-İslam” böyük bir dinin adı olub “özünü Allaha təslim etmək”, “mütilik” mənasında anlaşılan [6, S.103] “əsləmə” felindəndir. Buna rəğmən Teodor Adamoviç israrlıdır ki, əl-İslam Salamatlıq, Sağlamlıq, Şəfa  deməkdir və burada hər bir fərdin, bütövlükdə isə xalqın ruhunun şəfaəti nəzərdə tutulur.

Mən bu alimin söylədiklərinə haqq qazandırıram. Nədən ki, “islam” sözünün semantik çənbərinə “əsləmə” kimi “səlamun” (əmin-amanlıq, sakitlik), “səlamətun” (təhlükəsizlik, toxunulmazlıq, rifah), “səlimun” (sağlam, bütöv), “səlləmə” (xilas etmək), “sulləmə” (nərdivan) ifadələrinin mənaları da daxildir və onların hamısı “slm”, yəni “sin”, “lam”, “mim” hərflərinin əmələ gətirdiyi eyni kökdən düzəlir. Bütün bunlar da o anlama gəlir ki, İslam sözü bir din adında şifrələnmiş mənaların hamısının vacibliyini və aktuallığını panoramlaşdırıb birdən görükdürə bilir. Yəni ki, İslam bir xilaskar missiyası yerinə yetirib insanları Cahiliyyə dönəminin əsarətindən qurtarır, onlara əmin-amanlıq, təhlükəsizlik, toxunulmazlıq, rifah, sağlamlıq, şəfa bəxş edir, ruhlarının meracına vasitə olur. Deməli, İSLAM təkcə din adı deyil, həm də ideyadır, kodlaşdırılmış manifestdir, mühüm niyyət və eyləmlərin simvolik ifadəsidir.

          Eynilə də “müslüm” kəlməsi: yenə həmin “slm” kökündəndir və əmin-amanlıq, sağlamlıq, şəfa bəxş edən xilaskar adamı nişan verir; o adamı ki, insanları cahiliyyə, nadanlıq məngəsindən qurtarır.

          Və nəhayət, “din” sözü: bu kəlməni T.Şumovski Quran kontekstindən çıxış edərək mənalandırır və bəyan edir ki, “din” məhkəmə [3, S.5] deməkdir. Onun isnad yeri Quranda birinci, əslində isə 48-ci surə sayılan “Fatihə”nin üçüncü ayəsidir: “maliki yəumiddin” [1:3], harada ki, Allah Axirət gününün, yəni Axirət zamanı qurulan məhkəmənin sahibi kimi qüdrətləndirilir. Əlbəttə, yəqin heç kimdə şübhə doğurmur ki, Axirət günü, Məşhər günü məhkəmə günüdür!!!

Ərəb-rus lüğətində “diyənətun” və “dinun” sözləri inanc, din, “dəynun” [7, S.247] isə borc, kredit, istiqraz mənalarında işlədilir. Göründüyü kimi “din” sözünün semantikasında məhkəmə anlayışına birbaşa rast gəlinmir. Lakin T.Şumovski deyir ki, din kəlməsinin məhkəmə kimi mənalandırılması “mə - din - ə” sözü ilə əlaqələlidir. Ərəblərə qədərki Suriyada “mditta” ifadəsi şəhəri bildirirdi: daha doğrusu, mditta şəhər, məhkəmə yeri kimi anlaşılırdı. Mən bu məqamda da T.Şumovskini tam dəstəkləyirəm və onu haqlı buluram. Qəribəsi burasındadır ki, Axirət gününün digər çox məşhur adı Məşhər günüdür. Məşhər də şəhər kimi eyni kökdən (şhr) düzəldilmədir.

Deməli, şəhər Axirət gününün məkanıdır!!!

Heyrətləndirici bir sonucdur.

Bu arada onu da deyim ki, məşhur sözü də elə həmin “şhr” kökündəndir: yəni məşhurluq şəhərlə bağlı olan bir təzahürdür; fəlsəfi anlamda məşhər gününü əlamətini özündə qapsayır.

Fikrimcə, T.A.Şumovskinin Quran, surə, İslam, din sözlərinin yeni yozum versiyasının işığında aktuallaşdırdığı məqamlar dünya çapında İslamın imicini daha da pozitivləşdirmək baxımından son dərəcə dəyərli ola bilər. Məhz bu mövqedən çıxış edərək T.Şumovskinin və özümün fikirlərini Azərbaycan düşünərləri ilə bölüşməyi zəruri bildim, borcum, görəvim bildim.

 

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1 Читая священный Коран / Перевод Т.А.Шумовского. – СПб., Диля, 2008. – 576 c.  

2 Qurani-Kərim / Mətnlər ərəb və Azərbaycan dillərindədir; tərcümə Z.Bünyadov və V.Məmmədəliyevindir. – Bakı-Kiyev: Olimp, Poliqrafika, 1992. – 652 c.

3 Шумовский Т.А. Слово о Коране / Священный Коран. Поэтический перевод https://libcat.ru/knigi/religioznaya-literatura/religiya/302704-3-koran-koran-poeticheskij-perevod-shumovskogo.html#text

4 Русакова Е. В Иерусалиме у Стены Плача нашли древнеримский амфитеатр https://nplus1.ru/news/2017/10/17/Theater-beneath-the-Temple#:~:text=%D0%90%D1%80%D

5 Talıbzadə A.A. Nizami və islam mifolojisinin bioloji mutantı İskəndər // Azərbaycan,   № 12, 2021. – C.65-71

6 Ислам: энциклопедический словарь. – М.: Наука, 1991. – 315 с.   

Белкин В.М. Карманный арабско-русский словарь: – 2-е изд., испр. и доп. – М.: Рус. яз., 1986. – 528 с.   

Paylaş: