elekber-tagiyev-ele-bir-gunah-isletmeyib-ki-musahibe
Müəllif: Samirə Behbudqızı /Tarix: 2024-06-29 /Oxunma Sayı: 196

"Ələkbər Tağıyev elə bir günah işlətməyib ki..." - MÜSAHİBƏ

Məncə, biz Ələkbər Tağıyevi ilk növbədə, xarakterinin duyğusal keyfiyyətinə sadiq olduğuna görə sevmişik. Həm mahnı, həm də simfonik musiqi sahəsində tanınmış bəstəkarlarımızdan biri ilə müsahibə zamanı bildirmişdi ki, "əslində "mahnı bəstələmək" ifadəsi düzgün deyil, mahnını qoşurlar, bəstələmirlər. Başqa sözlə, hər hansı mahnını ərsəyə gətirməkdən ötrü peşəkar musiqi təhsilinin olması qətiyyən vacib deyil, yetər ki, duyğusal, puhsal bir insan olasan, bir də musiqi duyumun olsun, vəssalam." Doğrudan da musiqinin yazılmış və yazılmamış tarixində neçə-neçə belə nümunələr var. Ələkbər Tağıyev məhz belə fitri istedada malik, mahnı janrının klassikasına çevrilmiş nəğmələr müəllifi olan müstəsna insanlardan idi.

Dosye: Ələkbər Tağıyev 1922-ci il aprelin 28-də Gəncədə dünyaya gəlib. İlk təhsilini də burda alıb və 1938-ci ildə Şəhər xalq məhkəməsində əmək fəaliyyətinə başlayıb. Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirəndən sonra 1974-cü ilə qədər, yəni təxminən 36 ilə yaxın bir müddətdə prokurorluq orqanlarında çalışıb. Ona tapşırılan bütün vəzifələrdə yüksək səriştə, dəqiqlik və obyektivlik nümayiş etdirən Ələkbər Tağıyev rəhbərlik, iş yoldaşları ilə yanaşı, sadə insanların da hörmətini, etimadını qazanaraq  prokurorluq orqanlarında işlədiyi müddət ərzində SSRİ və Respublika prokurorluqlarının çoxsaylı Fəxri fərmanları ilə təltif olunmuşdu. 1938-ci ildə ailə həyatı qurub və bir müddət Gəncədə yaşayıb. Ələkbər Tağıyev mahnı yazmağa 1958-ci ildən - oğlu Xaliq Tağıyevin anadan olmasından sonra başlayıb. İlk mahnısı olan "Qonşu qız" mahnısını Göy-Göldə olarkən yazıb. Ələkbər Tağıyev ilk mahnılarını yaxın dostları olan musiqiçi Əhməd Bakıxanovla bəstəkar Qənbər Hüseynliyə göstərir və onların xeyir-duasını alırdı. "Qonşu qız" mahnısının qazandığı uğurdan ruhlanan bəstəkar qısa müddətdə "Şirin arzular", "Sən gəlməz oldun", "Dinə bilmədim", "Bakı gecələri", "Azərbaycanım mənim" kimi mahnılar bəstələyib. Ələkbər Tağıyevin mahnı yaradıcılığı konservatoriya-bəstəkarlıq məktəbi keçməmiş digər istedadlı müsiqiçilərin də həvəsini artıraraq onları yaradıcılığa ruhlandırıb.

İlk mahnılarının çoxunun ifaçısı Zeynəb Xanlarova olub və bu əməkdaşlıq 10 ilə yaxın müddətdə davam edib. 1972-ci ildən Ələkbər Tağıyev Nisə Qasımova ilə əməkdaşlıq edib. 70-ci illərdə Nisə Qasımova musiqisi Ələkbər Tağıyevə aid olan "Ay ellər", "Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm" , "Qəşəngdir" və yaradıcılığında xüsusi yer tutan "Azərbaycan qızıyam" mahnılarını ifa edir. Bu mahnılar onu tez bir zamanda məşhurlaşdırır. Elə həmin illərdə SSRİ dövlət elektro musiqi orkestri ilə birgə Nisə Qasımova Moskvada Ələkbər Tağıyevin mahnılarından ibarət albom lentə aldırır.

Ələkbər Tağıyev peşəkar musiqi təhsili almaq üçün 1962-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin nəzdindəki bəstəkarlıq kursuna daxil olur, 1964-cü ildə təhsilini müvəffəqiyyətlə bitirir, ardınca isə SSRİ Musiqi Fondunun üzvü seçilir. Ələkbər Tağıyev Azərbaycan musiqi tarixində ilk bəstəkarlardandır ki, adlarla ("Arzu qızım", "Leyla" və s.)mahnılar yazıb. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnılar dəfələrlə türk, rus, erməni müğənnilərinin repertuarına daxil olub, mahnı müsabiqələrində ifa edilib, klip çəkilib, hətta müxtəlif filmlərdə də istifadə olunub. Ələkbər Tağıyev 1981-ci il aprelin 16-da dünyasını dəyişib.

Ələkbər Tağıyevin mahnıları:
Azərbaycan (sözləri Səməd Vurğunundur)
Azərbaycanım mənim (Ə. Ziyatay)
Azərbaycan qızıyam
Ananın səsi (N.Gəncəli)
Arzu qızım
Arzular (B. Vahabzadə)
Bakı gecələri
Bülbül (M.Rahim)
Qonşu qız (H.Arif)
Dinə bilmədim (H.Arif)
Əhdimizə inan, yar (R.Rza)
İstəyirəm görəm səni (B.Vahabzadə)
Ya bir olar, ya iki (Molla Cümə)
Yağış yağır, sevgilim
Yadıma düşdü (S.Vurğun)
Kəndimizin gözəlləri
Külək (N.Xəzri)


Oğlunun dünyaya gəlişi ilə ona "vəhy" də gəlib...


- Bildiyimizə görə, ilk mahnısını - "Qonşu qız"ı bəstələməsi sizin dünyaya gəlməyinizlə bağlıdır...

- Deyirsiz yəni danışım bunun tarixçəsini?

- Əlbəttə.

- Atamgil beş qardaş, bir bacı olublar. Sadə kəndli ailəsindən olduğu üçün maddi imkanları məhdud olub. Elə buna görə də atamın uşaqlıqdan musiqiyə həvəsi olsa da, bununla məşğul ola bilməyib. Orta məktəbin yuxarı sinfində oxuyanda yaşını iki il artırıb ki, məhkəmədə kuryer vəzifəsinə işə düzəlsin. Atam çox erkən, 16 yaşında ailə qurub. Özü də anam Almaz xanımı qaçırdıb. Üç övladları dünyaya gəlib - Akif, Zemfira, Namiq. Akifdə anadangəlmə astma var imiş, 7-8 yaşına çatanda xəstəlik kəskinləşib, o da dünyasını dəyişib. Atama ilk övladının belə acı taleyi çox pis təsir edib. Ondan sonra iki bacım dünyaya gəlib. Atam onların adını Akifin adına uyğunlaşdıraraq Akifə ilə Arifə qoyub. Sonra bir bacımız da doğulur.

Amma tezliklə o da ölür. Mənim ata nənəm Münəvvər xanım seyid nəslindən idi. Atama da öz atasının adını qoymuşdu. O, görüb ki, atam daha bir övladının vəfatından sonra özünə yer tapa bilmir, deyir ki, gəl kitab açdıraq görək, sənin taleyin haqqında orda nə yazılıb. İmamzadəyə gedirlər, orada bir adam atama deyib ki, sənin bir oğlun da olacaq, onun adını gərək Xaliq qoyasan, bu uşaq dünyaya gələndən sonra sənə vəhy gələcək, özün də məşhurlaşıb varlanacaqsan. Belə də olur - mənim doğulmağımın qırx günü tamam olmamış atam ilk mahnısını "Qonşu qız"ı bəstələyir. Sonra da ki hamının tanıdığı Ələkbər Tağıyev olur. (gülərək) Ayağım bərəkətli imiş də...

Mahnılarının ilk ifaçısı Zeynəb Xanlarova olub. Onunla on ildən artıq əməkdaşlıq ediblər. Sonra Nisə Qasımova, Məmmədbağır Bağırzadə ilə sıx əməkdaşlıq edib. Bu müğənnilərin hər birinin səhnə obrazının, repertuarının formalaşmağında atamın böyük rolu olub. O, onlar üçün həm imicmeyker idi, həm menecer idi, həm də prodüser. Bu gün, ən müasir texnologiyalar, ən geniş imkanlar dövründə müğənni üçün çoxlarının eləyə bilmədiklərini atam o vaxt təkbaşına, öz gücünə edirdi. İlk duetləri yaradanlardan biri də o olub.

- Ananız onu sənətə qısqanmırdı?

- Yox, beş uşağının atasını nəyini qısqanacdı ki? Atam ailəsinə həmişə lazımi diqqəti ayırıb, övladlarının hamısının təhsil almasına, həyatda özünə bir yer tapmasına kömək edib. Atam həmişə deyirdi ki, mənim Ələkbər Tağıyev olmağımda Almazın rolu böyükdü. Sənət adamının ömür-gün yoldaşı olmaq doğrudan da çətin vəzifədi - onların axı xasiyyətləri, vərdişləri, həyata baxışları fərqli olur. Günahsız, nöqsansız insan yoxdu. Əsas odur ki, bağışlanmayan günah işlətməyəsən. Allaha şükür, mənim atam elə bir günah işlətməyib ki, bağışlanması mümkün olmasın.


"Biz elə indiyə qədər onun çörəyini yeyirik"


- Ələkbər Tağıyevin prokurorluq sahəsindəki vəzifəsindən ayrılıb özünü bütünlüklə musiqiyə həsr etməsi həmişə çox maraqlı, çox duyğusal bir insanın addımı kimi qeyd olunur.

- Atam bəstəkar kimi tanınmağa başlayandan bəri həm hüquq sahəsindəki, həm də musiqi sahəsindəki adamlar tərəfindən özünə qarşı qısqanclıqlar görüb.

- Musiqi sahəsindəki qısqanclıq aydındı. Bəs hüquq sahəsindəki həmkarlarının qısqanclığına səbəb nə idi? Deyirdilər ki, sənin diqqətinin çox hissəsi musiqiyə yönəlib?

- Yox, belə deyə bilməzdilər. Çünki həmin illərdə atam çoxlu cinayət işi açmışdı. Sadəcə, onun uğurunu həzm edə bilmirdilər. Musiqi ilə hüquq axı bir-birinə demək olar ki, zidd olan sahələrdi. Amma atam hər iki sahədə uğurlu fəaliyyət göstərirdi. O, çox uzaqgörən, bəsirətli insan idi. Birinin gözlərinə baxan kimi onun nə demək istədiyini, necə adam olduğunu təyin edirdi. Belə keyfiyyət isə prokurorluq işçisi üçün çox vacibdi. Amma buna baxmayaraq, 70-ci illərin əvvəllərində atam qərara gəldi ki, prokurorluqdan getsin. Əslində işləməyə ehtiyacı yox idi. Mahnıları Azərbaycandan kənarda da ifa olunurdu, bir neçə ölkədən qonorar alırdı.

- Xüsusən Türkiyədə onun mahnılarını ifa etməyi çox sevirlər. "Sən gəlməz oldun" mahnısı isə demək olar ki, beynəlxalq status qazanıb.

- Bəli, bu mahnı o qədər məşhurlaşıb ki, bu yaxınlarda Fransada tərtib olunmuş reytinqlərin birində qırx ən yaxşı mahnı siyahısına daxil edilib. Türkiyədə isə onun mahnıları doğrudan da lap çox populyardı - 20-dən çox mahnısı dillər əzbəridi. Başqa Orta və Yaxın Şərq ölkələrində də atamın mahnıları ifa olunur. Biz elə indiyə qədər onun çörəyini yeyirik.

- Türkiyədə Ələkbər Tağıyevin mahnılarının təqdimatından "anonim" sözünün götürülməsində çox iş gördünüz.

- Bəli, hüquqşünas olduğum üçün bu məsələni həll edə bildim. Fikir vermisiniz, o proseslərdən sonra Türkiyə müğənniləri hər hansı Azərbaycan bəstəkarının mahnısını ifa edəndə daha "anonim" kəlməsi işlətmirlər, müəllifin adını bildirirlər. Türkiyə demokratik dövlət olduğu üçün orada məhkəmə iddialarına böyük önəm verirlər - istəmirlər ki, müəllif hüququnun tanınmasına aid yeni-yeni məhkəmə prosesləri başlasın. Atam özü o vaxt bəzi mahnılarını "xalq mahnısı" kimi təqdim edirdi.


"Yalnız sevməyi bacaran adam belə mahnılar yarada bilərdi"


- Ələkbər Tağıyevin mahnıları necə yaranırdı?

- Mən Ələkbər Tağıyevi bəstəkar hesab etməyənləri başa düşmürəm. Əgər o bəstəkar deyilsə, bəs onda kimdi bəstəkar? Atamın bir vərdişi var idi - səhər saat beşdə durub, çay-çörək yeməmiş, zümzümə edib səsini maqnitofona yazırdı. Xaricdən bir neçə yapon maqnitofonu gətirmişdi. Sonra da o zümzümələrin arasından ən uğurlu melodiyanı seçib ona uyğun mətn axtarırdı. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirənə qədər bir nəfər ona bu melodiyaları nota köçürməkdə kömək edirdi. 76-cı ildə isə maestro Niyazi və Tofiq Quliyevin rəyi ilə SSRİ Musiqi Fonduna üzv seçilib. Onun məlum olan bütün mahnıları Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib.

Amma mahnıya çevrilməmiş yüzlərlə melodiyası qalıb. Onları kiməsə etibar etməyə də ürək eləmirik - birdən kimsə öz adına çıxar. Onsuz da təzə çıxan dırnaqarası mahnıların bir neçəsində atamın melodiyalarını tanımışam. Mənim də atam kimi musiqi duyumum yoxdu ki, özüm bununla məşğul olum, onları mahnı kimi hazırlayım. Yaxşı ki, bacımın ali musiqi təhsili var, onunla bir neçə melodiyanı mahnı kimi hazırlayıb ərsəyə çıxara bildik. Amma nə qədər melodiya elə kaset lentlərində qalıb. İndi gözəl melodiyaya çox böyük ehtiyac var. Atam təkcə gözəl melodiyalar müəllifi deyildi. Mahnının özü də bir siyasətdi. Baxın, onun adlarla, insanlara, vətənə, təbiətə sevgi ilə bağlı nə qədər mahnısı var. Bu mahnıların ovqatının insanların dünyagörüşünə, zövqünə təsiri şübhəsizdi. Yalnız sevməyi bacaran adam belə mahnılar yarada bilərdi.


"Atam keçinən kimi güllər də soldu"


- Təəssüf ki, belə insanların ömrü uzun olmur...

- Hə, Allah sevimli bəndələrini öz yanına tez aparır. Atamın ölümü də möcüzəli oldu. İlin ən gözəl vaxtı idi, aprelin tən ortası. Atam da yaz aylarını çox sevirdi. Həmin gün də hazırlaşmışdı ki, bağa gedib orada təzə güllər əksin. Birdən-birə halı pisləşdi. Həkim çağırdıq. Təsəvvür edirsiz, həkimə də, bizə də dedi ki, heç bir yardım mənə kömək eləməyəcək, son nəfəsimdi, xahiş eləyirəm, məni böyük oğlum Namiqlə tək qoyun, vəsiyyətimi edim, sonra da kəlmeyi-şəhadətimi oxuyum. Bax, belə iradəli insan idi. Beş dəqiqədən sonra böyüklər otağa girəndə atam artıq keçinmişdi. Üzündə xoşbəxt bir ifadə var idi. İnanırsız, həmin anda atamın bağda əkmək üçün hazırladığı güllər soldu. Sonra da yağış yağmağa başladı.

Atamın dünyasını dəyişməsi təkcə doğmalarına yox, dost-tanışlara da çox ağır təsir eləmişdi. Hafiz Baxışla yaxın dost idilər, atamrəhmətə gedəndə o, dedi ki, Ələkbərdən sonra çox yaşaya bilmərəm. Sürücümüz var idi, Aleksandr, atamdan sonra heç bir il yaşamadı. Bilirsiz, atam olduğuna görə demirəm, amma belə insanların aramızdan getməyi çox qabarıq hiss olunur. Çünki o, bütün ömrünü kişi kimi, əsl insan kimi yaşamışdı. Zahirən boylu-buxunlu, yaraşıqlı olduğu kimi insanlara münasibətində də cazibəli idi. Heç vaxt sual işarəsi kimi ömür sürməyib, nida işarəsi kimi yaşayıb. Mən Azərbaycan xalqından çox razıyam. Bu günə qədər Ələkbər Tağıyevin adını sevə-sevə çəkir, mahnılarını dinləməkdən doymur.

Samirə Behbudqızı

Milli.az

 

Paylaş: