mixail-ivanovic-qlinka-ivan-susanin-operasi
Müəllif: Publisist.az /Tarix: 2022-01-22 /Oxunma Sayı: 2533

Mixail İvanoviç Qlinka - “İvan Susanin” operası

Mixail İvanoviç Qlinkanın “İvan Susanin” operası rus musiqi tarixinə ilk xalq musiqisi kimi daxil olmuşdur. Bəstəkarın operasında polyak işğalçılarının Moskvaya yürüşü ilə bağlı olan 1612-ci il hadisələrindən danışılır. Polyaklara qarşı mübarizə ümumxalq xarakteri alır. Düşmənləri Minin və Pojarskinin başçılığı ilə darmadağın etmişlər. Bu mübarizənin ən parlaq epizodlarından biri də Domnino kəndinin sakini İvan Susaninin qəhrəmanlığıdlr ki, onun da barəsində çoxsaylı Kostroma rəvayətləri danışılır. Qəhrəmanlıq və sadiq vətənpərvərliyin rəmzinə çevrilmiş xalq qərhrəmanının möhtəşəm obrazı operada canlı xalq nümayəndəsi kimi əks olunaraq, geniş rus xalq həyatı fonunda göstərilir.

Birinci pərdə. Domnino kəndi. İvan Susanin və onun qızı Antonida xalq qoşununun döyüşçüləri və kəndlilər arasındadırlar. Antonida nişanlısı Boqdan Sobinin qayıtmasını arzulayır. Çayda qayıq görünür. Sobinin bir qrup döyüşçü ilə qayıqda gəlir. O, Minin və Pojarski başda olmaqla xalq qoşunu döyüşçülərinin müvəffəqiyyətlərindən, öz dəstəsinin qələbələrindən danışır və Susanindən toya razı olmasını xahiş edir. Susanin bildirir ki, indi toy vaxtı deyil, çünki vətən düşmən əsarəti altında inləyir, bir qədər gözləmək lazımdır. Vətənin müdafiəsinə hazır olan rus xalqının obrazı birinci pərdənin böyük xor introduksiyasında ifadə edilir. İntroduksiyanı iki musiqi mövzusu təşkil edir. Bunlardan birincisi kişi xorunun ifası, ikincisi isə qadın xorunun ifasıdır. Kişi xorunun mövzusu mərdlik, qəhrəmanlıq xarakteri daşıyır. İkinci mövzu olan qadın xorunun mövzusu isə incə və cəld səslənir. Bu mövzu da xalq mahnı qaynaqlarına yaxındır, kəndli qızlarının xorovod mahnılarını xatırladır. İntroduksiyanın əvvəlində hər iki mövzu ayrı-ayrılıqda cərəyan edir, sonra isə onlar tədricən polifonik ifadədə qovuşur. Mövzuların dinamik inkişafı introduksiyanın kulminasiyasına-təntənəli səslənən fuqaya gətirib çıxarır. Xor introduksiyasından sonra Antonidanın klassik ariyası səslənir. Ağır kayatina və cəld rondo ariyanın əsasını təşkil edir. Kavatinanın koloraturlarla bəzədilmiş axıcı melodiyası rəqs ritmli cəld mövzu ilə əvəz edilir. Musiqi Antonidanın dərin hissiyyatını, bununla yanaşı zərifliyini və nikbinliyini, tezliklə səadətə çatacağı haqqında düşüncələrini açıb göstərir.

“Qəm yemə, əzizim” triosu (“Ne tomi, rodimıy”) Antonida və Sobininin həyəcanlə hisslərini əks etdirir. Trionun lirik qəlboxşayan melodiyası Susaninin də partiyasında səslənir.

İkinci pərdə. Polşa qoşunlarının düşərgəsi. Sigizmund qəsrində bal keçirilir. Şlyaxta cəngavərləri Rusiyanı zəbt etməyi arzulayır. Qəflətən Rusiyadan gəlın çapar Mininin xalq qoşununun Polşa qoşununu məğlubiyyətə uğratdığını xəbər verir. Polyakların dəstəsi Minini əsir tutmaq və Moskvanı almaq üçün yürüşə çıxır.

Polyak kübarlarının musiqi xarakteristikası böyük ziyafətdə parlaq rəqs süitasında verilir. Döyüşkən polonez, şən krakovyak, incə vals və parlaq, cəld mazurka təzadlı surətdə bir-biri ilə növbələşir. Səhnə hadisələri ilə əlaqədar polyak musiqisi dəyişir və inkişaf edir. Bu cəhətdən mazurka operada böyük rol oynayaraq mürəkkəb dəyişiliklərə uğrayır. Məsələn 2-ci pərdənin finalında polyakların Rusiyanı əsarət altına almaq planı puç olanda, mazurka ruh düşgünlüyü və getdikcə artan təşviş əhval-ruhiyyəsi yaradır. Mazurka ilə yanaşı qeyd etdiyimiz kimi, polonez də polyak işğalçılarının təkəbbürlü olmasını göstərir; polonezin hökmlü mövzusu üçüncü pərdədə Susaninin evinə polyakların qəflətən gəlişi zamanı səslənir, rusların dinc həyatına müdaxilə edən düşmən qüvvələrinin rəmzinə çevrilir.

 

Üçüncü pərdə. Susaninin daxması. Qəflətən polyaklar bura gəlir. Susanindən tələb edirlər ki, Moskva yolunu göstərsin. Susanin razılaşır və onları meşədə azdırmaq qərarına gəlir. Susaninin oğulluğu Vanya düşmənin gəldiyini rus döyüşçülərinə xəbər vermək üçün yola düşür. Antonidanın rəfiqələri daxmaya gəlib görürlər ki, o qəm-qüssə içərisindədir. Sobinin kəndlilərlə birlikdə qayıdıb gəlir və dərhal Susaninin ardınca yollanır.

Üçüncü pərdənin əvvəlində Susaninin oğulluğu Vanyanın musiqi obrazı verilir. O, oxuduğu səmimi, lirik xarakterli mahnısında “kak mat ubili” – (“Anamı necə öldürdülər”) atalığına qarşı övlad məhəbbətini və səmimi hisslərini ifadə edir. Vanyanın mahnısından  sonra sakit, səmimi xarakterli Susaninin ailəsi ilə birlikdə səhnəsi verilir. Lakin gözlənilmədən polyak işğalçıları Susaninin evinə soxulurlar. Susaninlə polyakların səhnəsi 3 cü pərdənin ən dramatik epizodudur. Polyakların musiqi xarakteristikasında Qlinka polonez və mazurkanın ritmlərindən geniş istifadə edir.

Vətənin təhlükə qarşısında qalması Susanində ömrünü qurban vermək hissi oyadır və onun keçirtdiyi daxili həyəcan musiqidə öz əksini tapır. Onun vokal partiyasının iki əsas epizodlarında, “Velik i svyat naş kray rodnoy” (“Doğma yurdumuz böyük və müqəddəsdir”) və “Straxa ne straşus (“Vahimədən qorxmuram”) ­– xalqın vətənpərvərlik və qəhrəmanlıq mövzuları səslənir. Birinci epizodda “Slavsya” (Var ol)  operanın final xorunun təntənəli mövzusu, ikinci epizodda isə introduksiyadakı birinci (kişi xorunun) mövzusu inkişaf edir. Susanin bu səhnədə ilk dəfə olaraq xalq qəhrəmanı təsirini bağışlayır. Susanin Antonida ilə vidalaşır və polyaklarla birlikdə evini tərk edir. Bir qədər sonra Antonidanın rəfiqələri lirik xarakterli toy mahnısı ifa edirlər. Antonidanın romansında – “Ne o tom skorblyu, podrujenki” (“Ah rəfiqələrim dərdim o deyil”) öz ailəsini ürəkdən sevən vəfalı qızın siması büruzə verilir. Romansın incə qəmgin melodiyasından vətən uğrunda ölümə gedən atasının taleyi barədə Antonidanın hüznlü düşüncələri ifadə edilir. Romansın musiqisində sanki xalq ağrılarının intonasiyaları eşidilir.

Dördüncü pərdə. Sobininin dəstəsi düşmənlərin yerinio tapmaq üçün meşəni dolaşır. Gecədir. Vanya monastr darvazasına tərəf qaçıb gəlir, monastrda daldalanan adamları yuxudan oyadır və onlar düşmən üstünə birlikdə yeriyirlər.

Qalın meşə. Qışdır. Gecədir. Susanin yorulub əldən düşmüş polyakları buraya gətirib çıxarmışdır. Polyakların xorunda həyəcanlı, gərgin şəkildə səslənən mazurka mövzusu onların çıxılmazlıq, ümidsizlik əhval – ruhiyyəsini, mütləq məhv olacaqlarını ifadə edir. Dincələn polyaklar yuxuya gedirlər. Susanin ölümünün labüd olduğunu düşünür, qohum - əqrəbasını yadına salır və xəyalən onlarla vidalaşır. Tufan başlanır. Yuxudan ayılan polyaklar Susaninin onları meşəyə gətirib çıxardığını yəqin edirlər. Onlar qəzəb içərisində Susanini öldürürlər. Bu pərdənin ikinci şəklində Susanin xalq qəhrəmanı, vətənin müdafiəçisi kimi çıxış edir. O, xalqın azadlığı naminə həyatını qurban verir. Susanin obrazı yüksək faciə zirvəsinə çatır. Öz dərin və mürəkkəb düşüncələrini Susanin (re-minor) ariyasında “Tı pridyoş, moya zarya!” (“Sən doğacaqsan, mənim şəfəqim!”) və onun ardınca verilən reçitativ monoloqunda ifadə edir. Susaninin təkcə mərdliyi deyil, həm də dərin insani hissləri, iztirabları və kədəri – həyatla vidalaşması, övladlarının, ailəsinin dərdini çəkməsi dərin və səmimi musiqidə əksini tapır.

Epiloq, Moskva. Qızıl meydan. Əhali işğalçılar üzərində qələbəni şərəfinə şənlik edir. Antonida, Sobinin, Vanya Susaninin vətən uğrunda həlak olduğunu söyləyir. Möhtəşəm “Slavsya” xorunda xalq vətəni və xilaskar rus döyüşçülərini alqışlayır. Xorun aydınlığı ona himn səciyyəsi verir.

1612- ci ilin hadisələrinə əsaslanan Qlinka operada xalqın taleyini Susaninin obrazında əks etdirir. Susanini xalqdan ayrı təsəvvür etmək olmaz.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur