felsefe-elmi-haqqinda-umumi-anlayis
Müəllif: Publisist.az /Tarix: 2024-06-27 /Oxunma Sayı: 318

Fəlsəfə elmi haqqında ümumi anlayış

İnsan biliyinin ən mürəkkəb və çətin sahəsi olan fəlsəfə ən qədim elm sahələrindən biridir. Əvvələr o, «elmlər elmi» adlandırılmış, empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan bu elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. VII – VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.

İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işlətmiş və özünü filosof adlandırmışdır. «Fəlsəfə» etimoloji baxımdan yunanca «phileo» – «sevirəm» və «sopia» - «hikmət» sözlərinin birləşməsindən əmələ gəlib, mə'nası isə «hikməti sevmək» deməkdir. Göründüyü kimi, hikmət sözü fəlsəfənin mə'nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi Nəsrəddin Tusi məşhur «Əxlaqi – Nasiri» əsərində hikmətin mənasını belə izah edir: «Mərifət sahibləri arasında hər şeyi olduğu kimi yerinə yetirməyə hikmət deyilir; bunun nəticəsində insanın mənəviyyatı mümkün qədər təkmilləşməli, arzu edilən səviyyəyə yüksəlməlidir».

Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Müdriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına oyrədən müəllimlərə sofistlər (sofos - müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti sevmək, kəmilliyə can atmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı «hər şeyin meyarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu cəhətdən fərqləniblər.

Ən qədim fəlsəfə tarixinin müəllifi Layertli Diogen «Məşhur filosofların həyatı, təlimləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, ədalət, xeyirxahlıq haqqında fikirlərinin yunan filosflarına böyük təsir göstərdiyini qeyd etmişdir. Onu da göstərmək lazımdır ki, Pifaqoru birinci filosof hesab edən Diogen onun mağlardan elm öyrəndiyini dana bilməzdi, Bundan əlavə, Yunanıstanda yayılmış əfsanələrdən birində Fales ilk filosof hesab edilirsə, digərində birincilik Heraklitə aid edilirdi.

Avropa mədəniyyətində «Fəlsəfə» istilahının qərarlaşması və şərhi, əlbəttə, Platonun adı ilə bağlıdır.

Bir sözlə, insan ilk dəfə şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə başlayan andan fəlsəfə elminin tarixi başlanmışdır. Fəlsəfə elmi qədim olduğu qədər də mürəkkəb, dolaşıq, ziddiyyətli və çətin bir təkamül yolu keçmişdir. Çünki fəlsəfə haqqında fikir yürüdən və ya əsər yazan hər bir görkəmli alim gerçəkliyi özünəməxsus şəkildə izah etmişdir. Elə buna görə də üçminlik fəlsəfə tarixində saysız–hesabsız məktəblər, cərəyanlar meydana gəlmiş, müxtəlif fəlsəfi sistemlər yaranmışdır.

Dünyaya, yəni təbiətə, cəmiyyətə, insana ən ümumi nəzəri baxışlar sistemi kimi bir– birini tamamlayan, çox vaxt isə inkar edən fəlsəfi məktəblərin nəhəng nümayəndələrinin zəkası tarix boyu həqiqət yolçularının, varlığın mənasını dərk etmək istəyənlərin yolunu işıqlandırmışdır. Fəlsəfi məktəblərin nümayəndələrini ən çox düşündürən varlıq təlimi, insan və dünyagörüşü məsələləri olmuşdur. Bəzi alimlərin fikrincə, ictimai şüur forması kimi fəlsəfə təxminən eyni zamanda qədim
sivilizasiyanın üç mərkəzində: Yunanıstan, Hindistan və Çində meydana gəlmişdir. Orada fəlsəfə diskursiv təsdiqin (hər bir fikrin əvvəlkindən yaranması və sonrakını doğurması haqqında məntiqi ardıcıllıq), gerçəkliyin ümumi cizgilər, insanın dünyada yeri və rolu haqqında fikirlərin eyniliyi ilə səciyyələnir. Hər dövrün bilik və fantaziya dəyərləri saxlanılaraq toplanmış, nəsildən nəslə keçirilmiş və spesefik anlayışlar sistemində möhkəmlənmişdir.

Avropa müəllifləri fəlsəfənin mənşəyini səhv olaraq Yunanıstanla bağlayırlar. Qədim Şərqdə «müdrik» sözü işlədilsə də, onlara yunanlar kimi filosof demirdilər. Bilik haqqında anlayışdan fəlsəfə seçilmirdi. Hindistanda yalnız bizim eranın VIII əsrində «Arthaşastra»da, yaxud siyasət elmində «darşana» (dünyanın görünüşü) anlayışı fəlsəfənin müəyyənləş-dirilməsi kimi meydana çıxmışdır. Fəlsəfə üç Ved haqqında, təsərrüfat haqqında, dövlət, dövlət idarəçiliyi haqqında təlimdir, Fəlsəfə sankhya, yoqa və lokayatadır. Məntiqi sübutların köməyi ilə üç Ved haqqında– qanuni və qeyri– qanuni təlim insanlara xeyir gətirir. Bədbəxtlik və xoşbəxtlik zamanı ruhu möhkəmləndirir, danışmaq, mülahizə yürütmək və fəaliyyət göstərmək bacarığı verir. Fəlsəfə həmişə bütün elmlərin işıqverəni, bütün işlərin tamamlanması vasitəsi, bütün qaydaların dayağıdır.

Qədim Iran və Turanda, xüsusilə müştərək dini kitab olan «Avesta»da da «filosof» anlayışı yoxdur. Lakin bu o demək deyildir ki, «Avesta»da filosof və fəlsəfə haqqında fikir yürüdülmürdü. Əksinə, «Avesta»da müdrik adamlar haqqında sözlər vardır; məsələn, Xratuqina– müdrikliyə gedən, xratupat– müdrikliyə çatan və s. Çində fəlsəfə «çje eyue»– müdriklik elmi termini bizim başa düşdüyümüz fəlsəfə baxımından yalnız XIX əsrdə geniş şəkildə yayılmışdır. Əslində isə Çində fəlsəfənin tarixi üç min ilə yaxındır. Fəlsəfə sözü yunanlardan sonra ərəblərdə də işlədilirdi. 

Deyilənlər belə bir nəticə gəlməyə əsas verir ki, fəlsəfənin mənşəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanda deyil, qədim Şərqlə bağlıdır. Ümüdünya tarixi prosesi idealizm mövqeyindən izah edən Hegel bildirmişdir ki, mütləq ruh Şərqdən Qərbə Doğru hərəkət etmiş, onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.

Fəlsəfənin təməlində müdriklik dursa da, ənənəvi müdriklə filosofluq eyni deyildir. Tarixən müdirlik qədimdir. İki min beş yüz illik fəlsəfə tarixində çoxlu məktəblərin, istiqamət və cərəyanların yaranması təsadüfi deyildir. Dünya fəlsəfi mədəniyyəti bu yolla formalaşıb inkişaf etmişdir. Beləliklə, müdriklik üzərində yüksələn fəlsəfə bəşər düşüncəsinin ən böyük nailiyyətlərindən birinə çevrilmişdir.

Fəlsəfənin başlıca mənası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara dair cavabların axtarılmasındadır. Bunların nəzəri mənimsənilməsinin insanlar üçün həyatı əhəmiyyəti mühümdür. İstər təbiətdə, istərsə də cəmiyyətdə baş verən hadisələrin fəlsəfi anlamı tarix boyu vacib olmuşdur. Müasir zamanədə bu həmişəkindən daha böyük əhamiyyət kəsb edir. Bunun səbəbi müasir dünyanın elmitexniki, sosial və siyasi tərəqqiyə nail olmasıdır. Fəlsəfə izah etməli olduğu məsələlərin birdəfəlik həllini təklif etmir. Onun əsl mahiyyəti həqiqəti dərk etməyin əbədi
axtarışında olmasındadır. Təbiət elmləri – fizika, riyaziyyat, kimya və s. məsələnin son, həm də bitmiş həllini axtarıllar. Lakin varlığa, təfəkkürə, həyata, mə'nəvi dəyərlərə və s. aid məsələlərinin birdəfəlik və həmişəlik həllini vermək qeyri-mümkündur. Onlar daima geniş müzakirə və mübahisələr obyekti olmuş və olacaqdır. Belə sualların araşdırılması fəlsəfənin işidir. Fəlsəfə həm də «əbədi məsələlərin» dərk olunmasının prinsip və metodlarını işləyib hazırlayır. Bu cəhətdən müasir dünyaya üzünü tutan fəlsəfə xüsusi maraq doğurur.

Dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir? Mə'nəvi və maddini, ideal və real olanın birbirinə münasibəti necədir? İnsanın dünyadakı yeri nədən ibarətdir? O, dünyanı dərk etməyə və dəyişdirməyə qadirdimi? Həqiqət nədir? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir? İnsan zəkasını həmişə düşündürən bu kimi əbədi suallar insanın dünyadakı mövqeyini müəyyən etmək zərurətindən irəli gəlir. Yarandığı gündən indiyə kimi fəlsəfə bu cür başlıca dünyagörüşü mahiyyətli suallara cavab verməyə çalışıb. Bu baxımdan, istər fəlsəfə tarixindən, istərsə də müasir elmi-tədqiqat ədəbiyyatlarında fəlsəfənin müxtəlif tərifləri verilir. Onların hamısında, xüsusilə XIX-XX əsrlər dövründə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın dünyaya münasibətlərinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.

Fəlsəfəni öyrənməyin əhəmiyyəti. Heç elə bir adam tapmaq olmaz ki, о, dünya və özünün burada yeri haqqında bəşəriyyətin aqibəti, həyat və ölüm məsələləri barədə düşünməsin. Hər birimiz dünya binasının quruluşu, maddi ilə mənəvinin münasibəti, dünyada baş verən dəyişikliklərin qanunauyğun və ya təsadüfi olması, xeyir və şər, həqiqət və yalan, həyatın mənası, ölüm və ölməzlik, insan ləyaqəti, məsuliyyət və sair fəlsəfi məsələlər üzrə müəyyən fikirlər irəli sürür və onları əsaslandırmağa çalışırıq. Deməli, hər bir insan çox vaxt özü də hiss etmədən filosofluq  edir, əsrlər bоуu fəlsəfəni düşündürən məsələlər barədə fikirləşir.

Fəlsəfə nəzəri elm kimi aşağıdakı məsələləri əhatə edir: insan tərəfindən idraki, sosial və təbiət reallığının mənalandırılmasını təmin edir; bu münasibətdə hər bir konkret mərhələdə əldə edilmiş miqyasları və səviyyəni müəyyənləşdirir (onu daha
da genişləndirmək məqsədilə); insanların əqidəsinin normativ-dəyər əsasını işləyib hazırlayır, dünyanın nəzəri mənzərəsini verir; idrakın prinsiplərini və yollarını göstərir; təbii və ictimai bütövlük daxilində insanın yerini, onun həyatının mənasını müəyyən edir; insanların dəyərlərini, prioritetlərini, ideallarını və məqsədlərini işləyib hazırlayır.

Deyilənlər sübut edir ki, fəlsəfə mövzuları insanların rеаl həyatı ilə sıx əlaqəlidir. Bu mənada fəlsəfənin əhəmiyyəti aşagıdakılarda ifadə olunur: о, praktiki fəaliyyət üçün mühüm əhəmiyyət kəsb edən emosional-iradi əhval- ruhiyyə yaradır; subyektin müvafiq yaradıcılıq növünə nə dərəcədə uyğun gəldiyini göstərir; insanların həyat fəaliyyəti tiplərini formalaşdırır; onların sınaqdan keçirilməsini və mümkün olanın reallığa çevrilməsini təmin edir; insana özünü reallaşdırmaq üçün proqram verir; onun həyatının vətəndaşlıq mövqeyini, mənasını və amalını müəyyən edir.

Fəlsəfə nəzəri biliklər sistemidir. О, dünyagörüşü ilə bağlı məsələləri ardıcıllıqla, düşünülmüş surətdə, əsaslı dəlillərə arxalanmaqla həll edir. Odur ki, yalnız fəlsəfəni öyrənməklə insanlar özlərinin dünya haqqında kortəbii formalaşan təsəvvürlərindəki səthiliyi və yanlışlıqları aradan qaldıra bilir, dünya haqqında düşünülmüş, sistemli və səhih məlumat əldə edirlər. Vaxtilə Dekart göstərirdi ki, "yalnız fəlsəfə bizi vəhşilərdən və barbarlardan fərqləndirir. Hər bir xalqın vətəndaşlıq və təhsil səviyyəsi onun yaxşı filosofluq etməsindən asılıdır".

Fəlsəfə sözün həqiqi mənasında həyat deməkdir. Buna görə də əsl fəlsəfi düşüncə mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu "dövrün mənəvi cövhəri", "dövrün özünü dərki" аdlаndırırlаг. Böyük alman filosofu Hegel göstərirdi ki, fəlsəfi fikirlərdə mənimsənilən dövrdür".

İlk baxışda belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret peşə və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son dərəcə mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb, burada gedən proseslər isə çox ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişaf meylləri və perspektivlərini düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, həqiqi fəlsəfi biliklərə malik olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və mədəni həyatının əsasında duran dünyagörüşü problemlərinin izahında fəlsəfinin rolu misilsizdir.

Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və о insana nə verir?» sualına aşağıdakı konkret cavabları vermək olar:
1. Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin nəzəri bünövrəsidir. О, həm də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi dünyasının formalaşmasınа kömək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2. Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət göstərə bilir.
3. Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən metodoloji çətinlikləri aradan qaldırır.
4. Fəlsəfə insanın idrak nəzəriyyəsi ilə silаhlаndırır, yeni gerçəkliyi mənəvi mənimsəməyin yollarını və vasitələrini müəyyənləşdirir.
5. Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, о, həyatı tənqidi və yaradıcı surətdə öyrənir.

İlkin fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında təsəvvürlər əsas yer tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə malik idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar məsələlər də fəlsəfinin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti, zəka və hissləri, idrakı, din və incəsənət fəlsəfi düşüncələrin əhatə dairəsinə cəlb olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya və insan arasındakı mürəkkəb qarşılıqlı münasibətlərin təhlili fəlsəfinin əbədi mövzularına çevrildi.

 

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ POLİS AKADEMİYASI. “İCTİMAİ ELMLƏR” kafedrası FƏLSƏFƏ MÜHAZİRƏLƏR TOPLUSU. Dərs vəsaiti

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur