pandemiya-xeste-kommunizm-kimi
Müəllif: Aydın Talıbzadə /Tarix: 2021-02-02 /Oxunma Sayı: 702

Pandemiya xəstə kommunizm kimi

“Nə qədər ki təbii fəlakətlər mövcuddur, heç kim heç vaxt azad ola bilməyəcək”. Bu fikri mən deməmişəm, fransız yazarı Alber Kamyu deyib özünün “Taun” romanında.

Boş söz deyib ancaq: çünki təbii fəlakətlər həmişə mövcud olub, olacaq; azadlıq da olmayıb, olmayacaq. Bir çıxılsın bir bərabərdir sıfır. Çünki sistem azadlığı, azadlıq da sistemi inkar edir. Bu da o anlama gəlir ki, azadlıq beyinləri məşğul etmək üçün düşünülmüş fiksiyadır. Tanrını və azadlığı insan ona görə fikirfləşib tapıb ki, toplum içrə münasibətləri qanuniləşdirsin, insaniləşdirsin və ədalətin hakim olduğu cəmiyyətdə yaşasın.

Əgər təbii fəlakətlər yoxdursa, insan özünü həməncə Allah elan edir.

Hərçənd heç bir heyvan bizim insan olduğumuzu qanmır: sadəcə, bizi başqa bir heyvan kimi qavrayır; ya bizi özünə, ya da özünü bizə yem bilir. Təbii fəlakətlər isə heç kimi bir-birindən fərqləndirmədən, ailə, sinif, növ tanımadan, heç kimdən heç nə soruşmadan, hakimiyyətdən, ədalətdən, qanundan, insaniyyətdən icazə istəmədən hamını qabağına qatıb öldürür.

Hər bir pandemiya təbii fəlakətdir: olur, ötüşür, keçir: yəni pandemiya bir gün mütləq qurtarır və qurtardığı gündən etibarən toplumların yaşam standartlarını, mental və ruhsal ənənələr müstəvisini, münasibətlər polifoniyasını dəyişir.

Koronavirus isə təbii fəlakət deyil, ictimai fəlakətdir; nədən ki, insan tərəfindən yaradılıb, alimlər qrupu tərəfindən laborator təcrübələri zamanı yaradılıb və sonradan heç kimdə şübhə oyatmasın deyə koronavirusun tarixi günahı biçarə yarasaların boynuna atılıb. Niyə məhz yarasaların? Koronavirus müəllifləri, konspiroloqlarla birgə, son dərəcə teatraldırlar və pandemiya üçün süjet düzəldirlər. Onlar yaxşı bilirlər ki, yarasalara qarşı neqativ bir müanasibət gəlişib toplumlarda. Xristianlıq hətta bu qaniçənləri şeytani başlanğıcın, iblisanəliyin daşıyıcıları qismində qiymətləndirib.

Yarasalar vampirdilər.

Vamprizm mifologemdir.

Koronavirusda isə nanotexnologiyalar dövrünün təfəkkürü ilə mifoloji sintez olunur və “tibbi vampirizm” bir mifologem kimi aktuallaşır.

Bu mifologemi oluşdurmaqda koronovirus müəlliflərinin niyyəti kütlələrin aqressiyasını məhz biçarə yarasalara yönəltməkdir, onların imicindən faydalanmaqdır, dünya siyasətinin proqram səhvini (bug) labüdlüklə (fiçə) əvəzləməkdir, əməli qəzavü-qədər şəklində təqdim etməkdir, quş, at, donuz qriplərində olduğu kimi yenə də “düşmən”i təbiətdə axtarın” deməkdir.

Sübutuna ehtiyac duyulmayan bir faktdır ki, Covid-19 süni mənşəli bir bəladır və müasirliyin milyoner Pandorasının mücrisi içindən çıxıb bütün dünyaya yayılıb. O zaman soruşulur: bu virus-bakteriyanı yaymaqda, yığın-yığın insanı incitməkdə, öldürməkdə, psixikasını zədələməkdə, hamını hamıdan və hamını hər şeydən şübhələndirməkdə, maskalamaqda, xortdana, yarasaya oxşatmaqda və onları bir udum təmiz havadan məhrum etməkdə, dövlətləri pat vəziyyətinə salmaqda, toplumsal prosesləri iflic eləməkdə məqsəd nədir?

Məncə, Covid-19 şüuru və dünyanın ictimai-sosial düzənini kökündən dəyişmək üçün gerçəkləşdirilən bir inqilab formasıdır, smart inqilabdır, silahsız inqilabdır: insanların harınlığını dayandırmaq, israfçılığın qarşısını almaq, təbiətə tənəffüs vermək, miqrasiya proseslərini durdurmaq, hər cür etirazları söndürmək, iğtişaşları dayandırmaq, toplumları idarə etmək mexanizmini prinsip etibarı ilə yeniləşdirmək, lazımsız ictimai ballastdan qurtulmaq niyyətində bulunur. Pandemiya dünya iqtisadiyyatı dövriyyəsində mövcud ahəngi pozur, müxtəlif növ korporasiyaların biznesinə ağır zərbələr endirir, çoxdan bəri oturuşmuş əyləncə industriyasının, turizm sektorunun fəaliyyətini minimallaşdırır, belini qırır, insanı bilgisayar monitoruna pərçim eləyir: əvəzində isə spekulyativ əməliyyatlara impuls verir, səhiyyə sistemini varlandırır, yeni təcrübələrə, kəşflərə, insana və cəmiyyətə yönəlik eksperimentlərə doğru cığırlar açır.

Koronavirus pandemiyası hərbi kommunizm variantıdır: onu haradasa “xəstə kommunizm” kimi də yozmaq olar. Nədən ki, pandemiya birdən-birə hamını bərabərləşdirdi, hamını öz şəxsi evində qəfəslədi, çərçivəyə saldı, varlılarla kasıblar arasındakı məsafəni minimuma endirdi.

Daha heç kəs kasıbların gözü qarşısında kef eləyə bilmir, bahalı-bahalı geyinib qırmızı xalçalar üzərində, təmtəraqlı zallarda kibrli-kibrli gəzişə bilmir, “mişelen” reytinqli restoranlarda yeyib-içə bilmir, aləmə səs salan toylar, yaslar keçirə bilmir, dünyanın bir başından vurub o biri başından çıxa bilmir. Covid-19 varlılara “qırmızı kart” göstərir bolşeviklər kimi...

Amma bir dəqiqə: məgər pandemiya kasıbları daha da kasıb duruma, kasıblığın dibinə çəkmir? Nə qədər özəl iş yerləri bağlanıb, nə qədər insan bikar qalıb, səfil kökünə düşüb və bir tək yardımlara gözünü dikib. Nəzarət isə mükəmməldir, hər yan polisdir, icazəsiz çörəyə, zibilə getmək xətalıdır: rejim üslubu tətbiq olunur; pul xərclə, maska al, maska tax, spirt al, əlinə yax, üzünə yax, yoluna bax, məsafə gözlə, yoxsa cərimələrdən biraz da kasıblayacaqsan.

Bütün bunlarda məqsəd insan-robot-qul kommunizmi yaratmaq, fərdiyyəti-şəxsiyyəti öldürmək, mental və ruhsal identifikasiyanı şərtləndirən ənənələri aradan götürmək, idealcasına idarə edilən maskalı müti bir çoxluq təşkil etməkdir. Sizə qəribə gəlmirmi ki, Tesla şirkətinin rəhbəri İlon Mask kanadalı müğənni Qraymsla birlikdə öz oğul övladını X Æ A-12 adlandırıb? Bu, trendə çevrilsə, hamı şifrələnsə, nömrələnsə, evindən küçəyə çıxmasa, ünsiyyətdə bulunmasa, insanlığın qapısına möhür vurulmayacaqmı, kommunizm-faşizm birgəliyini əks etdirən qorxunc bir ideologiya-ideologiyasızlıq meydana gəlməyəcəkmi? “V element” filminin partitura və fakturası gerçəkliyə köçürülmürmü? Nanotexnologiyalar insan üzlü dinozavrlar törətməyə çalışmırlarmı?

Fərqlər itir, adlar itir. İnsanlar robot dəyərlərini üstün sayıb robotlara dönürlər: heç vədə heç nə arzulamırlar, üsyan eləmirlər, ümidlənmirlər, elə hey fasilə vermədən monitor qarşısında əyləşib işləyirlər, eqolardan xilas olurlar: kommunizm faşizmlə qucaqlaşır; yengə isə koronavirusdur. Bu, çox sərfəlidir, deyilmi? Bəşəriyyət istəsə də, istəməsə də, buna doğru sürüklənir: robot-dinozavr-sürülər yaratmaq üçün zəmin hazırlanır. Covid-19 prosesin baş məşqidir.

Mən həmişə düşünmüşəm, çox düşünmüşəm, insan təbiətin nəyinə gərəkdir, tanrı onu niyə xəlq eləyib? Sualım bu fikirdən qaynaqlanır ki, insanın təbiətə heç bir xeyri dəymir; o, çox yaşayır, çox yeyir, təbiətə heç nə qaytarmır, əksinə, meşələri ağacsız, maralsız, dağları metalsız, torpaqları neftsiz, qazsız, çölləri ceyransız, çayları daşsız, sahilləri qumsuz, dənizləri balıqsız qoyur. Neyləsin, enerji toplamasa, enerji ehtiyatı olmasa, ev tikməsə, həyət böyütməsə, təbiətə dözə bilmir, özünü təbiət təzahürlərindən qoruya bilmir.

Qəribədir, sən demə, insanın missiyası dağıtmaqdır. Dağıtmasa, zatən, yaşamaya bilməz. Hətta insan nəsə icad eləyəndə, yaradanda belə hökmən təbiətdə nəyəsə ziyan vurur. Homo sapiens’in dağıdıcı fəaliyyətinin əsas səbəbi budur ki, onu heç vaxt heç nə sonacan qane eləmir: insan həmişə inkişafa köklənir, təzəni sevir, köhnədən də bir xatirə kimi ayrılmaq istəmir və özünü müxtəlif spektlərdə tirajlamaqla məşğul olur. Və ən təəccüblüsü odur ki, məhz insanın ağlı təbiətin əleyhinə işləyir. İnsan təbiətdən olub təbiətə asi bir məxluqdur...

Doğurdanmı insanın missiyası apokalipsisi sürətləndirməkdir? Doğrudanmı tanrı insanı Yer kürəsində mövcud həyata nöqtə qoymaq üçün yaradıb? Bəlkə elə bu üzdəndir ki, ekstrasenslər, Nostrdamusdan tutmuş Messinqə, Vanqaya, Zirəddinə kimi, dünyanın gələcəyilə bağlı heç vaxt heç bir xoş söz söyləmirlər???

Covid-19 sonun başlanğıcıdırmı???

Onun qarşısında güclü dövlətlər gücsüz, elm – vecsiz, siyasət – dilsiz, din – aciz...

Bill Qeytsdən narazı olan varmı???

Sözsüz... və ya no comment...

Paylaş: