dmitri-sostakovic-heyat-ve-yaradiciligi
Müəllif: Publisist.az /Tarix: 2021-06-14 /Oxunma Sayı: 2831

Dmitri Şostakoviç həyat və yaradıcılığı

   Dahi rus bəstəkarı Dmitri Dmitriyeviç Şostakoviç dünya mədəniyyətinin parlaq simalarından biridir. Onun bədii məzmunun dərinliyi və zənginliyi, böyük ümumiləşdirilmə gücü ilə fərqlənən musiqisi XX əsr mədəniyyətinin ən əhəmiyyətli səhifələrindən biri kimi qiymətləndirilir. Şostakoviçin yüksək vətəndaşlıq pafosu ilə aşılanmış səadət və azadlıq uğrunda mübarizə aparan bir sənətkarın səsini əks etdirən əsərləri böyük bədii dəyərə malikdir. Çünki bu əsərlər ümumbəşəri ictimai-etik problemlərin həllinə yönəldilmişdir. Vətəndaş-bəstəkar Şostakoviçə baş verən hadisələrə fəal münasibət, mühüm və aktual ictimai problemlərə müraciət xasdır. İnsanın daxili aləmi, onun fikir və düşüncələri, taleyi, zorakılığa və şər qüvvələrə qarşı mübarizəsi bəstəkar yaradıcılığında aparıcı mövzulardır.
Şostakoviçin musiqi irsi janr və mövzu rəngarəngliyi ilə fərqlənir. O, simfoniya, opera və baletlər, müxtəlif alətlər üçün əsərlər, kino-filmlərə və teatr tamaşalarına musiqi, xor əsərlərinin müəllifidir. Lakin bəstəkarın yaradıcılığında simfoniya aparıcı, mərkəzi janrdır. Şostakoviç 15 simfoniyanın müəllifidir. Əhəmiyyətli ideya, konflikt gərginliyi, inkişaf dinamikliyi, forma kamilliyi, bütün ifadə vasitələrinin ciddi və mütənasib seçilməsi, realizm - bu kimi xüsusiyyətlər Şostakoviçi bir simfonist kimi səciyyələndirir. Şostakoviçin musiqi üslubuna simfonizm bir təfəkkür tərzi kimi xasdır. Bu xüsusiyyət onun bütün əsərlərində özünü büruzə verir.
Şostakoviç həmişə Azərbaycan bəstəkarlarının yaradıcılığını maraqla izləyirdi. 1957-ci ildə Şostakoviç məqalələrinin birində Azərbaycan bəstəkarlıq məktəbindən danışarkən qeyd edirdi ki, "bu məktəb birinci sırada durur".
Ü.Hacıbəyovun musiqisini yüksək qoymətləndirən Şostakoviç Azərbaycan bəstəkarlarına onun ənənələrini qoruyub yaşatmağı, yaradıcılıqla inkişaf etdirməyi tövsiyə etmişdir. Q.Qarayevi o, "musiqimizi irəli aparan bəstəkar" adlandırır, Fikrət Əmirovun musiqisində milliliyi, parlaq melodizmi xüsusi qeyd edirdi. Şostakoviç respublikamızın musiqi həyatında da fəal iştirak edirdi. O, dəfələrlər Bakıda olmuş, Azərbaycan bəstəkarlarının qurultayında iştirak etmişdir. Mərkəzi mətbuatda da bəstəkar Azərbaycan musiqisk haqda maraqlı, dəyərli məqalələrlə çıxış edirdi. Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli xidmətlərinə görə Şostakoviç "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür.
Qara Qarayev müsahibələrinin birində demişdi: "Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasından danışarkən ilk növbədə Ü. Hacıbəyov və Şostakoviç -bu iki klassikin adını çəkməliyəm." Bu sözlərdə böyük həqiqət vardır.
Dahi bəstəkarımız Ü.Hacıbəyovla yanaşı D.Şostakoviçin də Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rolu olmuşdur. Şostakoviçin təkcə musiqisi deyil, şəxsiyyəti, onunla şəxsi ünsiyyət Azərbaycan musiqiçilərinə böyük təsir göstərmişdir.
Musiqimizin iki görkəmli nümayəndəsi - Qara Qarayev və Cövdət Hacıyev dahi sənətkarın yetirmələridir. Ömrünün sonunadək Q.Qarayev Şostakoviçin ən sevimli həmkarı və dostu olmuşdur. Şostakoviçin bəstəkarlıq sinfində oxuduğu illər hər iki bəstəkarın yaradıcılıq təxəyyülünün, kamil musiqi dili və üslubunun formalaşmasında həlledici rol oynamışdır. Təsadüfi deyil ki, milli musiqidə simfoniya kimi mürəkkəb janrın ilk nümunələrini məhz Şostakoviçin sinfində təhsil alan bəstəkarlarımız yazmışlar.
Həyat və yaradıcılığı
Dimitri Dmitriyeviç Şostakoviç konservatoriyada oxuduğu illərdə müxtəlif janrlarda qələmini sınayır. Simfonik orkestr üçün "Skertso", "Mövzü və variyasiyalar", səs və orkestr üçün Krılovun sözlərinə 2 təmsil, fortepiano üçün "Üç fantastik rəqs" və miniatürlər, Puşkinin poeması əsasında "Qaraçılar" operası və s. bu dövrə aiddir. Tələbəlik əsərləri arasında fortepiano üçün "Üç fantastik pyes" şəffaf fakturası, bədii zövqü, təravətli obraz aləmi ilə fərqlənir. 1923-cü ildə Şostakoviç konsetvatoriyanı fortepiano, 1925-ci ildə isə bəstəkarlıq sinfi üzrə bitirir. Konservatoriyadakı təhsil illərinə Birinci simfoniyanın yaradılması ilə yekun vurulur. Şostakoviçin diplom işi kimi təqdim etdiyi həmin əsər əla qiymətə layiq görülür.
Əsərin 1925-ci ildə Leninqradda ilk ifası böyük müvəffəqiyyətlə keçir. Birinci simfoniya bədii özünəməxsusluğu, dəst-xəttin yeniliyi, fərdi parlaqlığı ilə o saat diqqəti cəlb edir. Musiqiçilər, geniş dinləyici auditoriyası simfoniyanı böyük rəğbətlə qarşılayır. Sovet musiqisinə yeni, qüdrətli istedadın gəlişi hamı üçün aydın idi. Simfoniya tezliklə ölkənin hüdudlarından kənara çıxaraq xaricdə B.Valter, A.Toskanini, L.Stokovski kimi məşhur dirijorların rəhbərliyi altında səslənir.
Konservatoriyanı bitirdikdən sonra Şostakoviç məhsuldar, gərgin yaradıcılıq yoluna qədəm qoyur. 20-30-cu illəri uğursuzluqlar və nailiyyətlər, böyük axtarışlar dövrü kimi səciyyələndirmək olar. Şostakoviç musiqinin müxtəlif sahələrində işləyir: balet, opera, simfoniya, kino və teatr üçün musiqi, mahnılar. 1927-ci ildə bəstəkar İkinci - "Oktyabr" simfoniyasını, 1929-cu ildə Üçüncü "Bir may" simfoniyasını bəstələyir. Şostakoviç bir çox teatr tamaşaları və kimofilmlər üçün musiqi yazır. Görkəmli rejissor M.Meyerxold və şair Mayakovski ilə tanışlıq nəticəsində Şostakoviç şairin "Taxtabiti" satirik pyesinə musiqi yazır. Bəstəkarın 1932-ci ildə "Qarşıdan gələn" filminə bəstələdiyi mahnı tez bir zamanda böyük şöhrət qazanır. Şostakoviç opera janrına da maraq göstərir. Sujetləri o, rus klassik ədəbiyyatında - N. Leskovun (Mtsensk qəzasının Ledi Maqbeti) və N.Qoqolun (Burun) əsərlərində tapır. Burnunu itirmiş mayor Kovalyov haqqında yarımfantastik "Burun" operasında Şostakoviç meşşanlıq, yaltaqlıq, mənəvi yoxsulluğu ustalıqla ifa edərək, parlaq fərdi xüsusiyyətlərlə zəngin, özünəməxsus musiqi dilinə malik, satirik yönümlü əsər yaratmışdı.
"Mtsensk qəzasının Ledi Maqbeti" 1934-cü ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Onu rus opera sənətinin görkəmli nailiyyəti kimi yüksək qiymətləndirirlər. 60-cı illərdə Şostakoviç yenidən opera üzərində işləyir və əsər ikinci redaksiyada baş qəhrəmanın adı ilə "Katerina İzmaylova" adlanaraq, özünə səhnədə uzunmüddətli ömür qazanır. Şostakoviç bu operada əyalət tacir aləminin cansıxıcı mühitini, pul səltənətinin vəhşi adətlərini realist qələmlə ifşa etmişdir. Rəzalət və zorakılıq, mənəvi yoxsulluq Katerinanın faciəvi aqibətinin əsas səbəblərindəndir.
Opera ilə yanaşı Şostakoviç "Bolt" (1931), "Qızıl əsr" (1930), "Duru çeşmə" (1934) baletlərini bəstələyir. Hər üç baletin məzmunu müasir həyatdan götürülmüşdür. Süjet xətti sadəlövh olsa da, bu əsərlərdə yaddaqalan, obrazlı musiqi səhifələri çoxdur.
30 - cu illərdə bəstəkar yaradıcılığının mərkəzində IV, V, VI simfoniyalar durur. Bu əsərlər Şostakoviçi kamil skmfonist kimi səciyyələndirərək onun yaradıcılığının yetkin dövrünü açır.Şostakoviçin V simfoniyası klassik ənənələrlə bağlı olan, eyni zamanda yeni yollar açan əsərdir. Bu simfoniyanın qəhrəmanı xariqələr yaradan, şər və qara qüvvələrə qarşı mübarizə aparan, həyatın çətinliklərinə mərdliklə sinə gərən insandır. Təsadüfü deyil ki, I hissənin əsas mövzusu kütlələrə alovlu müraciət kimi səslənir. Simfoniyanı instrumental dram kimi şərh edən Şostakoviç eyni zamanda insanın daxili aləmini, onun düşüncə və arzularını əks etdirən gözəl, lirik, səmimi səhifələr yaratmışdır.
1938-ci ildə Birinci simli kvartet, 1940-cı ildə fortepiano kvinteti yazılır. Şostakoviç kino musiqisinə də müraciət edir. "Maksimin gəncliyi", "Maksimin qayıtması, "Vıborq tərəfi", "Tüfəngli adam" kinofilmlərinin musiqisi Şostakoviçə məxsusdur.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur