Azərbayacanda bullinq edən zorakı yeniyetmələr necə cəzalandırılır?
16 yaşlı Əli Məlikov 244 saylı məktəbdə sinif yoldaşları tərəfindən tez-tez zorakılığa məruz qaldığını deyir.
“Bu hal 8-ci sinifdən davam edir. Bir neçə zorakı uşaq əlbir olub məni yolda gedərkən küncə sıxışdırıb üstümə it qısqırtmışdılar. Həmin uşaqların cibində bıçaq da var idi. Xoşbəxtlikdən o zaman dostum yanımda idi”, - söyləyən şagird bu cür halların getdikcə artdığını, buna görə də məktəbə gedə bilmədiyini vurğulayır.
“Mənə çiyin atır, küncə sıxışdırır, pul tələb edirlər. Vəziyyət o həddədir ki, koridora belə çıxa bilmirəm. 9-cu sinifdən bəri məktəbin yeməkxanasına demək olar ki, düşə bilmirəm”.
Onun dediyinə görə, direktor zorakılıq edən uşaqlarla danışsa da, situasiya dəyişməz olaraq qalmaqdadır.
Əli məktəbdə zorakılığa məruz qalanın təkcə o olmadığını bildirir: “Cinsi istismara, bullinqə məruz qalan tanışlarım var. Ancaq nə onlar, nə də valideynləri bu barədə danışmaq istəyir. Heç kəs də problemi görmür”.
Son aylar sosial mediada da orta məktəbdə nizam-intizam qaydalarını, dərsi pozan, müəllimləri aşağılayan şagirdlərin videoları yayılıb.
Azərbayacanda bullinq edən zorakı yeniyetmələr necə cəzalandırılır?
Əvvəllər yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor işləmiş hüquqşünas Qara Məhəmmədoğlu deyir ki, məktəbdə şagird nizam-intizamı tez-tez pozduğu halda polisə müraciət olunur.
“Polis məktəbli, rəhbərlik, müəllimlərlə görüşür, söhbət edir, məsələni aydınlaşdırmağa çalışır. Yeniyetmə ilə bağlı vəziyyət aydınlaşdırıldıqdan sonra proflaktik iş aparılır”- o, sonrakı mərhələdə şagirdin polis nəzarətinə götürüldüyünü qeyd edir.
Q.Məhəmmədoğlunun sözlərinə görə, qanunda prosesin müddəti göstərilməsə də, Daxili İşlər Nazirliyinin daxili əmri ilə ilk dəfə bullinq edən yeniyetmə 6 aylıq müddətə polis nəzarətinə alınır. Müddətin artıb-azalması isə yeniyetmənin davranışlarının yaxşıya doğru dəyişməsindən asılıdır. Eyni hal davam edərsə, proflaktik tədbirlərin müddəti 6 ay da uzadılır, dəyişiklik baş verməzsə, o, çətin tərbiyə olunan uşaqların müəssisəsinə göndərilir. Mütəxəssis həmin qurumda rejimin daha ciddi və nizam-intizamlı olduğunu əlavə edir.
DİN Mətbuat Xidmmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev polis orqanlarında azyaşlılarla bağlı qrup, bölmə və şöbələrin fəaliyyət göstərdiyini bildirir. Onun sözlərinə görə, polisin müdaxiləsi müraciət və şikayətlərin mahiyyətindən asılıdır və heç bir halda daxil olan məlumatlara etinasız yanaşılmır.
“Müəllimlərlə, valideyinlərlə uşaqların xasiyyətlərində, maraq dairələrində yaranmış dəyişikliklər, psixoloji xüsusiyyətləri barədə birgə müzakirələrdə polis əməkdaşları da iştirak edir. Müntəzəm olaraq məktəblərdə psixi durumu qeyri-sabit, zəif iradəli, çatışmazlıqları, o cümlədən, sosial təhlükəli ailələrdə yaşayan uşaqlar barədə məlumatların toplanılmasına önəm verilir”.
DİN rəsmisi Azərbaycanda uşaq və yeniyetmələr arasında cinayət hallarının çox olmadığını vurğulayır.
“Son 20 ildə ən çox törədilən cinayət oğurluq olub”
Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına görəsə 2020-ci ildə 14-17 yaşda cinayət törədən uşaqların sayı 388 olub, onlardan 12 nəfəri qızdır.
Onlardan 73 nəfərin ağır və xüsusilə ağır cinayətlər törətdiyi, ən çox törədilən cinayətin oğurluq olduğu qeyd edilir.
2020-ci ildə məhkum olunmuş 207 nəfərdən 61 nəfəri müəyyən müddətə azadlıqdan məhrum olunub, 45 nəfəri isə şərti cəza alıb.
Məlumata görə, məhkum olunan 207 yeniyetmənin 182-si hər iki valideyni olan ailədə, 23-ü bir valideyni olan, 2-si internat məktəbində böyüyüb.
Qanunvericiliyə görə, cinayət törədərkən 14 yaşı tamam olmuş, amma 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Bu yaşda olanlar cinayət törətdikdə onlara cəza təyin edilə və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq oluna bilər.
Yetkinlik yaşına çatmayanların cərimələnməsi, ictimai və ya islah işlərinə cəlb edilməsi, azadlığının məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum edilməsi də mümkündür.
Keçmiş inspektor Qara Məhəmmədoğlunun fikrincə, Azərbaycanda bu sistem sovet dövrünün ənənələri əsasında formalaşdığından problemli yeniyetmələrə və ailələrə təsir etmə mexanizmi çox zəifdir.
“Nəzarətə götürülən uşaq başa düşsə ki, polis çəkiniləcək orqan deyil, bu halda ona necə müsbət təsir etmək olar?”
Onun sözlərinə görə, pozuntular heç də uşağın şəxsi keyfiyyətlərindən yox, daha çox cəmiyyət və ailənin sosial problemlərindən qaynaqlanır.
“Valideylər hər gün 10-12 saat işləyir, vaxtının böyük hissəsini övladının tərbiyəsinə deyil, onu dolandırmağa xərcləyir. Qazandığı pul yemək və paltarına gedir. Belə olan halda uşağın sosial, mədəni fəaliyyətlə məşğul olmasına şərait yarada bilmir. Dövlətin sosial siyasətində bu məsələlər dəstəklənmirsə, proflaktik söhbətlər heç bir işə yaramayacaq”, - keçmiş inspektor söyləyir.
Ölkədə yuvenal ədliyyə sisteminin oturuşmaması hansı problemlər yaradır?
Hüquqşünas Emin Abbasov da hesab edir ki, Azərbaycanda uşaq hüquqları ilə bağlı çoxsaylı qanunların qəbulu, beynəlxalq konvensiyaların ratifikasiyası bu sahədə sistemin dəyişməsinə gətirib çıxarmayıb.
O, rəsmi qurumlar arasında effektiv koordinasiya və səlahiyyət bölgüsü olmamasına da diqqət çəkir.
“Beynəlxalq standartlara uyğun olmayan yerli qanunvericiliyin mənfi təsirlərini ağırlaşdıran başqa bir vacib amil isə uşaqlarla təmasda olan qurumların uşaq hüquqlarının müdafiəsi və qorunması sahəsində peşəkarlığının olmamasıdır. Bu sahədə çalışanlar uşaqların törətdiyi hüquq pozuntularının aşkarlanması, müdafiəsi ilə bağlı müasir və yaxşı təcrübələrdən tamamilə xəbərsizdirlər”.
E.Abbasov hesab edir ki, Azərbaycanda uşaqlarla işləyən mütəxəssislər üçün insidentlər və onlara reaksiya verməklə bağlı əhəmiyyətli təlimlər keçirilməli, yönləndirmə, sübutların qorunması və uşaqların mühafizəsi üzrə təlimatlar, eləcə də cinayətlərin qarşısının alınması üzrə mexanizmlər hazırlanmalıdır, qurumlar müvafiq resurslara malik olmalıdır.
Dünya praktikası
Beynalxalq praktikada yuvenal ədliyyə uşaqlara və yetkinlik yaşına çatmayanlara verilən cəzaların liberallaşdırılmasını, uşaq cinayətləri üzrə məhkəmə, prokuror və vəkillərin ixtisaslaşdırılmasını nəzərdə tutur.
Məsələn, Hollandiyada cəza alan yeniyetmələr məktəbə gedir, eyni zamanda sosial bacarıqlar və qəzəbi idarə etmə mövzusunda əlavə dərslər keçirlər.
Bundan başqa praktikada kiçik cinayətlər törətmiş uşaqlar xüsusi proqramdan yararlanırlar (HALT). Bu proqram onlara səhvlərini düzəltmək imkanı verir. Məsələn, qurbanlardan üzr istəyə və dəymiş ziyanı ödəyə bilərlər. Öhdəliklərini yerinə yetirsələr və HALT proqramını uğurla başa vursalar, onların tərcümeyi-halında heç bir cinayət qeydi olmur. Proqramda iştirakdan imtina edən və ya onu uğurla başa vura bilməyənlərsə Dövlət Prokurorluğuna yönləndirilir. Bu da çox vaxt mühakimə ilə nəticələnir.
Başqa alternativ varianta görə, gecə həbsinin müvəqqəti saxlama formasıdır: yeniyetmələr gündüzlər məktəbə gedir, dərs saatları xaricində və gecələr gənc cinayətkarlar müəssisəsində saxlanırlar. Bu, onlara təhsillərini davam etdirməyə imkan verir.
Məqsəd yetkinlik yaşına çatmayanları azadlıqdan məhrum etməkdənsə başqa tədbirlərlə islahına nail olmaqdır.
Azərbaycanda zaman-zaman yuvenal ədliyyə ilə bağlı açıqlamalar olsa da, hələ də bu yöndə konkret addımlar atılmayıb.
Mənbə: https://toplum.tv/
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur