voen-in-baglanmasi
Müəllif: Publisist.az /Tarix: 2021-02-01 /Oxunma Sayı: 589

VÖEN-in bağlanması

VÖEN-i onlayn qaydada, yəni internet vasitəsilə bağlamaq mümkündürmü? VÖEN-in aktiv olub-olmadığını necə yoxlamaq olar?

Vergilər Nazirliyinin açıqlamasında göstərilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi "Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış"ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet səhifəsində "Elektron Xidmətlər" bölməsindəki "Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması" elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fəaliyyətinizin aktiv və ya passiv olması barədə məlumat əldə etmək istəyirsinizsə bu barədə kağız daşıyıcıda və ya elektron formada müraciət göndərə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur