uzeyir-hacibeylinin-arsin-mal-alan-eserinin-ilk-ekran-varianti
Müəllif: Sevda Sultanova /Tarix: 2021-02-20 /Oxunma Sayı: 688

Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərinin ilk ekran variantı

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını ilk dəfə rus rejissoru Boris Svetlov 1916-cı ildə ekranlaşdırıb. Svetlov eyni zamanda Rusiyanın müxtəlif teatrlarında aktyor işləyib, Azərbaycanda film istehsalı ilə məşğul olan “Filma” səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və burda bir neçə film çəkib. “Arşın mal alan” “Filma”nın layihəsi idi. Bundan öncə isə sözügedən cəmiyyət “Neft və milyonlar səltənətində” filminin sifarişçisi olmuşdu. “Neft və milyonlar səltənətində” yerli publikanın marağını çəkdiyindən “Filma” ölkədəki kino bazarını əldə saxlamaq, qazanc götürmək məqsədilə növbəti dəfə məhz “Arşın mal alan” əsərinin üzərində dayandılar. “Arşın mal alan” o dövrdə çox populyar idi, burada azərbaycanlıların məişətinin, adət-ənənələrinin əksi, əsərin koloriti istehsalçıların diqqətini çəkmişdi.

Hacıbəyovun hələ Peterburq konservatoriyasında oxuduğu vaxt yazdığı bu operettanı konservatoriyanın rektoru Aleksandr Qlazunov “bütün Rusiyanın ilk və çox gözəl operettası” adlandırmışdı. Əsər o qədər məşhur idi ki, hətta Rusiyada “Arşın mal alan” adlı iaşə müəssisələri açırdılar.

Operettanın ilk tamaşasına Hüseyn Ərəblinski quruluş vermiş, dirijorluğu Müslüm Maqomayev etmişdi. Əsgəri Hüseynqulu Sarabski, Gülçöhrəni Əhməd Ağdamski, Sultan bəyi Ələkbər Hüseynzadə ifa etmişdi. Tamaşanın premyerası 1913-cü ildə Tağıyevin teatrında baş tutmuş və maraqla qarşılanmışdı. 1916-cı ildə isə elə həmin teatrın səhnəsində Rus Musiqili Teatrı əsəri rusca oynamışdı.

Beləliklə, Hacıbəyov “Filma” cəmiyyətinə əsərinin ekranlaşdırılmasına icazə verir. Bundan öncə “Arşın mal alan” tamaşasına baxan Svetlov bütün truppanı filmdə çəkməyi qət etmişdi. Mirzağa Əliyevin sözlərinə görə, “Arşın mal alan” filminin müqəddəratı ilə Hüseynqulu Sarabski məşğul idi, səhmdar cəmiyyət və rejissorla danışıqları o, aparırdı.

Filmin ilk nümayişi zamanı birinci seansların bütün biletləri bir neçə saat ərzində satılıb qurtarmışdı. Film səssiz olduğundan, kadrları xüsusi dəvət edilmiş sazəndələr və müğənnilər müşayiət edirdi. Cabbar Qaryağdıoğlu və digər müğənnilər isə ariyalar ifa edirdilər.

Ancaq çox güman ki, Hacıbəyov ssenarinin yazılmasında və çəkilişlərdə iştirak etmədiyindən, Svetlov əsəri anlamayıb. Bu isə obrazların təhrifinə, süjet xəttinin pozulmasına, milli koloritin itməsinə gətirib çıxarmışdı. Quruluşçu-operator Qriqori Lemberqin Bakı küçələrində və pavilyonda apardığı çəkilişlər peşəkarlıq baxımından yüksək olsa da, filmin məzmun və mahiyyət itkisinin qarşısını almaq iqtidarında deyildi. Buna görə Hacıbəyov və çəkilişdə iştirak etmiş aktyorların təkidlərindən sonra film kinoteatrlardan yığışdırıldı. Hacıbəyov “Kaspi” qəzetinə yazdığı məktubda özünün və sənətdaşlarının narazılığını ifadə etmişdi. Mirzəağa Əliyevin də fikirləri maraqlıdır: “... Balaxanıda “Arşın mal alan” tamaşasını oynayırdıq. Bir neçə yoldaş səhnə arxasında əyləşib söhbət edirdik. Hüseynqulu Sarabski bizə yaxınlaşıb Üzeyir bəyin xahişini yetirdi, dedi ki, “gəlin “Arşın mal alan” filmini heç yaradıcılığımız hesab etməyək”.

“Sovqat” qəzeti isə “Forum” teatrı tərəfindən müsəlman həyatından alınmış “Arşın mal alan” adlı komediyanın tamaşaya qoyulduğunu, həmin gün Şalyapinin (rus opera müğənnisi-red) konsertinə bilet almaq üçün növbənin bunun yanında müqayisə ediləcək bir şey olmadığını, bu qədər böyük müvəffəqiyyətə baxmayaraq, əsərin müəllifi ilə filmi çəkənlər arasında olan narazılıq üstündə filmin ekrandan götürüldüyünü və yenidən çəkiləcəyini billdirirdi.

“Arşın mal alan” filminin uğursuzluğu kinodan gəlir götürməyə can atan tacirlərin də diqqətini cəlb etmişdi. Onlardan biri – Peterburqdan gəlmiş, kino istehsalı ilə heç bir əlaqəsi olmayan, Şərq xalçalarını alıb böyük səhmdar cəmiyyətlərinə satmaqla kapital toplamış sahibkar Q. Belyakov idi. O, populyar musiqili komediyanı ekranlaşdırmaqla qazanc əldə etmək istəyirdi. O, nəinki əsərin ekran variantını yaratmaq üçün Hacıbəyovun razılığını almamışdı, hətta peşəkar çəkiliş qrupu formalaşdıra bilməmişdi. Filmin quruluşçu-rejissorunun, quruluşçu operatorunun, üstəlik, əsas rolların ifaçılarının həvəskarlardan ibarət olması əvvəlcədən ciddi ekran əsərinin yaranacağına zəmanət vermirdi.

Tədqiqatçı Ə. Qulubəyovun yazdığına görə, “...Belyakovun “Arşın mal alan” filmi “dekorasiya düzəldilmədən, evlərin və keçmiş “Forum” kinoteatrının həyətində lentə köçürülmüşdü. O, “Cavan Əsgər ilə Vəlinin macərası”, “Gəlin seçmək”, “Arşın mal alan”, “İkisi axtardı, biri tapdı” adlandırdığı dörd hissə çəkmişdi. Belyakov filmi yalnız xalıların fonunda lentə alır və guya bununla da milli kolorit yaradırdı. Natura çəkilişləri isə Zığ kəndi yaxınlığında, dəniz sahillərində aparılırdı. Filmin çəkilişində o dövrün görkəmli artistlərindən heç biri iştirak etmirdi...”

Filmi çəkənlər “ən yaxşı müsəlman və erməni artistlərinin iştirak etdiyini” şəhərə yaymaqla tamaşaçıların diqqətini çəkməyə çalışırdılar. Lakin film həddən artıq zəif olduğuna və əsərin müəllifi Hacıbəyovun, onun sənət dostlarının güclü müqavimətinə rast gəldiyinə görə, uğur qazana bilmədi. Filmin zəif olduğunu Hacıbəyovun həyat və yaradıcılıq salnaməsini yaratmış tədqiqatçı Qulam Məmmədli də təsdiq edir: “...Bu incəsənət və ədəbiyyat ictimaiyyəti üçün, xüsusilə əsərin müəllifi Üzeyir Hacıbəyov üçün gözlənilməz hadisə idi. Film Bakıda yalnız bir-iki seans göstərilə bilmişdi. Əsərin çəkilməsindən xəbər tutan Üzeyir Hacıbəyov müəllif kimi bu hadisəyə etiraz etmiş və əlaqədar təşkilatlara müraciət edərək filmin müəllifdən icazəsiz, eləcə də təsadüfi adamlar tərəfindən çəkildiyi üçün müsadirə edilməsini tələb etmiş və bundan sonra filmin nümayişi dayandırılmışdı. Həmin filmin çəkilişində azərbaycanlı artistlərdən heç kəs iştirak etməmişdi. Filmin yüngül yolla pul qazanmağa çalışan quruluşçuları müəllifin bu etirazından xəbər tutan kimi, lenti Bakıdan çıxarmışdılar. Quruluş müəllifdən icazəsiz və ictimaiyyətdən gizli verildiyi üçün çox məhdud, həm texniki vəsait, həm də aktyor sənətkarlığı cəhətdən çox yoxsul və primitiv film idi. Açıq havada, Bakının isti günəşi altında çəkildiyinə görə aktyorların sifətləri tanınmayacaq dərəcədə təhrif edilmişdi. Filmi Bakıda göstərməyə müvəffəq olmayan quruluşçular lenti çıxarıb Zakaspi vilayətinə, Aşqabad və Mərv şəhərlərinə aparıb orada nümayiş etdirməyə başladılar. Mən həmin gün Aşqabadda o filmi görmüşəm. Film quruluş cəhətdən, xüsusilə işıq cəhətdən müvəffəqiyyətsiz idi. Bunun bir səbəbi də filmin gizli şəraitdə çəkilməsindən irəli gəlmişdi...”

Hacıbəyovun və bir qrup sənətçinin ciddi etirazından sonra filmi qeyri-qanuni yolla çəkmiş Belyakov onu bir daha nümayiş etdirməyə cürət göstərməyib.

“Sovqat” qəzetinin 1917-ci il 6 yanvar sayında yazılır: “Keçən gün yanvarın 3-də Bakıda “Forum” adlı kinematoqrafda “Arşın mal alan” şəkli göstərilib. İkinci gün tamaşaçıların ədədi əvvəlkindən daha çox olub, basabas ilə bilet alınırdı. Qəflətən bilet alanlara elan etdilər ki, bu axşam “Arşın mal alan” göstərilməyəcək. Səbəbini göstərdilər ki, guya həmin şəkil yanmışdır. Camaat isə məyus olub dağıldı. Aldığımız inanılmış məlumata görə, bu işin əsli və həqiqəti belədir: “Arşın mal alan” şəkli Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” operettası məzmunundan iqtibas edilib, müsənnifdən (bəstəkardan – N.Ə.) icazəsiz şəklə salınmışdır. Ü. Hacıbəyov qradonaçalkinin yanına gedib şəklin müsənnifdən icazəsiz göstərildiyini bildirib, qradonaçalnikin əmri ilə şəkli saxlatdırmışdır”.

Həqiqətən, filmin ilk nümayişindən xəbər tutan Hacıbəyov vəkili, sonralar ADR-nın xarici işlər naziri və parlamentin sədr olmuş Əlimərdan bəy Topçubaşovla şəhər qradonaçalniki Q. Kovalyovun yanına gedib, müəllifin icazəsi və razılığı olmadan çəkildiyindən, filmin nümayişini dayandırmağı xahiş etmişdi. Qradonaçalnik “Forum” kinoteatrı direktorunun adına əmr imzalayıb, filmi ekranlardan yığışdırmaq göstərişi vermişdi. 1917-ci il yanvarın 4-də filmin nümayişinə bütün biletlərin satılmasına baxmayaraq, nümayiş baş tutmamışdı. Sənət dostları Üzeyir bəyə etiraz məqaləsi ilə mətbuatda çıxış etməyi də məsləhət görmüşdülər. Amma o, yalnız “Kaspi” qəzetinə məktub yazmaqla kifayətlənmişdi.

“Forum” kino-teatrının müdiri A. Andreyev baş vermiş hadisəyə görə mətbuat vasitəsilə müqəssir olmadığını bildirsə də, Hacıbəyov qardaşları müdiriyyətinə (3. və Ü.Hacıbəyov qardaşlarının teatr truppasının müdiriyyəti nəzərdə tutulur – N.Ə.) üzrxahlıqda qeyd edilir ki, “...məzkur (həmin) şəkil müdiriyyət tərəfindən Belyakov cənablarının kinematoqraf lentası icarəyə verən kantorundan alınmış olduğundan, teatr müdiriyyətinin gərək bu və gərək, ümumiyyətlə, başqa ittifaqlarda müəllif və müsənnif hüququ ilə heç bir işi və münasibəti yoxdur.

Teatrlar şəkilləri prokat kantorundan aldıqlarından, gərək hökumət və gərək müəlliflər yanında bunların hüququna nisbətən hər bir işdə məsul məzkur kantorlardır...” (“Yeni iqbal”, 1917, 9 yanvar). Kinoteatrın müdiri, eyni zamanda, “təsadüfün qurbanı olduğunu, bu işdə böyük maddi zərər və xəsarət düçar olduğunu, amma mənəvi məsuliyyət daşımadığını” qeyd edir.

Lakin Belyakov gəlir götürmək üçün mövcud qanunları pozmaqdan çəkinmir, bunun üçün müxtəlif üsullara əl atırdı. O, məsuliyyətdən yaxa qurtarmaq üçün “filmin yandığını” deyib Bakıdan çıxarmışdı. Çünki üç gün sonra lentin yanvarın 13-də Türkmənistanda, Aşqabad şəhərində nümayiş etdirilməsi haqqında dövri mətbuatda elan verilmişdi. Elanda “Modern” teatrında ancaq bircə gün, qış mövsümünün xüsusilə fərqlənmiş “Arşın mal alan” adlı dörd hissəli ən gözəl filmi nümayiş etdiriləcəyi, bu filmdə ən yaxşı müsəlman və erməni artistlərinin iştirak etdiyi” (“Acxabad”, 1917, 13 yanvar, №10) bildirilirdi. Üstəlik, Hacıbəyovun teatr truppası ilə tez-tez qastrollarda olmasını fürsət bilən Belyakov filmin Bakıda göstərilməsi yönümündə cəhdlərini davam etdirirdi.

Həmin dövrdə operetta erməni işbazlarının da diqqətini çəkmiş, 1915-ci ildə S. Karapetyan, S. Mağalyan və Torosyan tərəfindən tərcümə edilmiş, Voskanyanın truppası, güman ki, həmin tərcümə əsasında “Arşın mal alan”ı Tağıyev teatrında tamaşaçılara təqdim etmişdi. Həmin vaxt Yeni iqbal” qəzetinin 21 sentyabr 1915-ci il sayında Üzeyir bəy “Musiqiçi” imzası ilə “Arşın mal alan” erməni dilində” adlı məqalə yazıb. Yazıdan aydın olur ki, Mayılov qardaşlarının teatrında ermənilər əsəri səhnələşdirib, mətni tamamilə erməni dilinə çeviriblər, notları olmadığına görə, Osmanlı və erməni havalarından istifadə ediblər. Sultan bəy rolunu Torosyan oynayıb, amma Üzeyir bəy onun yerli komik Ələkbər Hüseynzadənin yerini vermədiyini bildirib.

1915-ci il dekabrın 6-da “A-yan” təxəllüslü erməni müəllif məqaləsində yazırdı: “Ü. Hacıbəyovun “Arşın mal alan” pyesi qazandığı görünməmiş uğura layiq deyil.” Bununla belə, operettanın populyarlığı, o cümlədən, erməni tamaşaçıları arasında da artırdı.

Bunun nəticəsi idi ki, 1916-cı il sentyabrın 3-də “Mşaq” erməni qəzetində dərc edilmiş “Nəyə görə “Arşın mal alan”ı belə sevirlər?” məqaləsində deyilirdi: “...İki ildən artıqdır ki, erməni səhnəsində böyük uğur qazanmış “Arşın mal alan” Azərbaycan operettası erməni ziyalılarında da böyük marağa səbəb olur. Mənə aydın oldu ki, əsrlər boyu türklərlə qonşuluqda, daim ünsiyyətdə yaşayan erməni xalqı “Arşın mal alan” operettasına böyük zövqlə baxır. Zənnimcə, biz xalqa bu tamaşaya baxmağı qadağan edə bilmərik. Ermənilər əsrlər boyu türklər, azərbaycanlılar və farslarla qonşuluqda yaşamışlar. Nəticədə onların qulaqları tar və kamança səsləri ilə doludur. Ona görə də şərq musiqisi erməni millətinin bədən və qanına hopub. Əlbəttə, “Arşın mal alan” musiqisi erməni musiqisi deyil. Erməni musiqisi yalnız kilsələrdə qalıb...” Amma az sonra operettanı erməni dilinə tərcümə etdilər və ayrı-ayrı “xadimlər” əsəri mənsub olduqları xalqın milli nümunəsi kimi qələmə verməyə başladılar.

Məsələdən xəbər tutan Üzeyir Hacıbəyov artıq 1916-cı ildə Qafqaz, Türküstan, Həştərxan və Azərbaycanın fəal ziyalılarına müraciət edib, “Arşın mal alan”ın müəllif hüquqlarının qorunmasına yardım göstərməyə çağırmışdı. Müslüm Maqomayev 1919-cu il fevralın 8-də “Azərbaycan” qəzetində yazırdı: “...Vladiqafqazda afişalarda “Arşın mal alan” operettası müəllif – Üzeyir bəyin adı olmadan göstərilirdi. Bir erməni incəsənət xadimi mənə sübut etməyə çalışırdı ki, guya “Arşın mal alan” qədim dövrlərdən ermənilər tərəfindən yazılıb. Bu biabırçılığa son qoymağın vaxtı deyilmi?!”

Qardaşı Ceyhun bəyə göndərdiyi 14 yanvar 1920-ci il tarixli məktubunda Üzeyir bəy onların “Arşın mal alan”ı mənimsəməsindən bəhs edib: “Bir neçə gün əvvəl İstanbul səfirimiz Yusif Vəzirovdan bir məktub aldım. Yazır, ermənilərin fransızca “Renesans” qəzetəsi iddia edir ki, “Arşan mal alan”ı yazan ermənidir. Yusif bu işdən çox mütəəssir olduğunu yazır və israr eləyir ki, mən əsərlərimin notlarını çap etdirib onlara göndərim, səfarət xərcinə olaraq Yevropada, həmən Amerikaya böylə intişarına səy etsin. Mən əhvalatı Nəsib bəyə söylədim. Dedi, bu iddia ermənilərin Zəngəzur iddiasından daha betərdir”.

Təkcə Bakıda yox, İrəvanda, Tiflisdə, Daşkənddə, Peterburqda tamaşaya qoyulan “Arşın mal alan” operettasının afişalarında çox zaman Hacıbəyovun müəllifliyi qəsdən göstərilmir, hətta başqalarının adı yazılırdı. Görkəmli bəstəkar M. Maqomayev bu haqda yazırdı:
“...bunları gördükdə bilaixtiyar keçən illərdə “Forum” kino-teatrında göstərilən “Arşın mal alan” filmi və bu günlərdə Tiflisdə satılan qramafon valları yadıma düşdü... afişalara “Arşın mal alan” sözü yazılmış, lakin heç yerdə onun müəllifi göstərilməmişdi...” (“Azərbaycan”, 1919, 8 fevral).

“Arşın mal alan” əsərinin təkcə Rusiyada (indiki Ermənistan adlanan ərazidə, Gürcüstanda, Şimali Qafqazda, Dağıstanda) yox, həm də Yaxın Şərqdə və Orta Asiyada ağlagəlməz populyarlığı məşhur “Pate” (fransız kinostudiyası-red.) firmasının, eləcə də ABŞ və Rusiya kinosahibkarlarının da diqqətini çəkmiş, operettanın ekranlaşdırılması üçün cəhdlər edilmişdi. Z. və Ü. Hacıbəyov qardaşları teatr truppasının 1919-cu ildə İstanbulda qastrol səfəri zamanı “Pate” şirkətinin belə bir addım atdığı məlumdur: “... Bu vaxtlar (1919-cu ildə – N.Ə.) “Pate” kinoşirkəti bizim “Arşın mal alan” tamaşamızı görüb onu ekranlaşdırmaq qərarına gəlmişdi. Bu münasibətlə “Pate”nin sədr müavini yanımıza gəlib bizi Parisə dəvət etdi. O, təklif edirdi ki, Parisdə “Arşın mal alan”ı on dəfə oynayaq, sonra da üç ay müddətində ekranlaşdırılsın...” (Mərdanov M. “50 il Azərbaycan səhnəsində”. B, 1959, səh. 52). Truppa Bakıya qayıdandan sonra ekranlaşdırma üçün Ü. Hacıbəyovun razılığını aldı. Filmin çəkilişinə Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti də icazə verdi. Amma 1920-ci ilin məlum aprel hadisələri ilə əlaqədar bu layihə baş tutmadı.

Qeyd: Yazı Nəriman Əbdülrəhmalının “Azərbaycan kino sənəti tarixi” kitabındakı materiallar əsasında hazırlanıb

Sevda Sultanova

Paylaş: