İran rejiminin mədəniyyət düşmənçiliyi: Kino onların maskasını necə yırtır?
Bu günlərdə İranın ölkəmizə xoş olmayan, aqressiyaya köklənən münasibəti fonunda istər-istəməz İran mədəniyyətini, onun mühüm parçası olan kinosunu xatırlayıram.
Bu, peşəmə bağlı məqamdır - istənilən ölkə mənim təsəvvürümdə hər şeydən öncə onun mədəniyyəti, yaradıcı şəxsiyyətləri ilə xatırlanır.
Müasir İran kinosunun yaradıcılarından biri Mohsen Malhmalbafın alman kinosunun ustalarından sayılan Verner Herçoqla illər əvvəl yayılmış maraqlı söhbəti var. Həmin söhbətdə kino sənətindən başqa, televiziyanın çağdaş insanın həyatında oynadığı mənfi rolundan, onu zombiləşdirməsindən, tarixdən, siyasi məqamlardan, şərq və qərb insanı arasındakı fərqlərdən, ziddiyyətlərdən danışılır.
Verner Herçoq həmkarına heyranlıqla İran kinosunun poeziya səviyyəsində çəkilməsindən, onun təkcə öz ölkələrinə aid olmadığını və bütün coğrafi sərhədləri aşdığını deyir. Və yeni nəsil İran rejissorlarını kinonun Xəyyamı, Firdovsisi adlandırır.
İran kinematoqrafiyasının öz hekayəsini (sözün geniş mənasında), üslubunu, universal poetik dilini, formasını yaratma səbəbi əlbəttə ki, eyni zamanda ölkənin zəngin, qədim mədəniyyətinə dayanır.
Lakin İran kinosu mahiyyət etibarilə həmişə ölkə hakimiyyətinin yeritdiyi siyasətlə dərin ziddiyyətdə olub.
Keçmiş prezident Məhəmməd Xatəmi vaxtilə ölkənin mədəniyyət naziri olanda, kinoya xüsusi diqqət ayırdı, film çəkilməsini asanlaşdırmaq məqsədilə güzəştlər tətbiq edildi. İranın siyasi cəhətdən fəal və inqilabi potensialı güclü ölkə olduğunu nəzərə alan hakimiyyət bu düşünülmüş siyasəti ilə gəncləri neytrallaşdırmaq istəyir, rejissorlara müəyyən yaradıcılıq azadlığı verməklə qiyamçı enerjini kinoya yönəldirdi. Ona görə, vaxtilə Tehran küçələrində Pəhləvi şahın hakimiyyətinə qarşı etiraz edən və həbs olunan Möhsen Mahməlbaf da kinoya gəldi.
Bununla belə İran kinosu siyasətə qalib gəldi, hakimiyyətin manipulyasiyasından, konyunkturasından silkinib çıxdı. Nəticədə, o oldu ki, Mahmalbafın filmləri 2009-cu ildən vətənində qadağan edildi.
Filmlərində siyasi, sosial məqamları qabardan rejissora film çəkməyə imkan verilmədi.
Hətta 2011-ci ildə Əfqanıstanda özünün məşhur “Qəndahar” filmini çəkəndə İran hökuməti çəkilişlərə maneçilik törətmək istəmişdi. Amma alınmamışdı.
Hazırda rejissor Avropada yaşayır və fəaliyyətini davam etdirir göstərir.
Kann festivalının əsas mükafatçısı, İran kinosunun klassiklərindən Abbas Kiarostaminin “Albalı dadı” filmi də ölkədə qadağan olunmuşdu və rejissor son filmlərini Avropada çəkirdi.
İran rejissorları senzuraya tuş gəlməmək üçün bir qayda olaraq, açıq mətnlə yox, metaforalarla işləyir, sətiraltı siyasi, sosial mesajlar ötürürlər.
Cəfər Pənahinin filmlərindəki cəsarətli baxış bucağı, açıq kino dili metaforalar sistemindən qidalanan ənənəvi İran kinosunun çərçivəsindən çıxır.
Nümayişinə qadağan qoyulmuş “Dairə” filmi qapalı rejimdə insan azadlığı, fərdin seçim imkanının yoxluğu məsələsini önə çəkir.
2010-cu ildə antihakimiyyət çıxışlarına görə hələ də ev dustağı olan Pənahiyə 20 il müddətində rejissorluq fəaliyyəti qadağan olunsa da, o, Berlində “Qızll Ayı” mükafatına layiq görülən “Taksi”ni çəkdi.
Və sözügedən film İran kinosunda geniş yayılmış “yoxsul uşağın çətinliklərə rəğmən vicdanlı davranışı” məşhur motivini bir epizodla heçə endirərək bu kinoillüziyanı dağıtdı.
Filmin qəhrəmanlarından biri 11 yaşlı qızcığaz dərs tapşırığına uyğun olaraq müəyyən şərtlər daxilində film çəkməlidir: müsbət qəhrəman qalstuk taxmamalı, personajlar islam adı daşımalı, zorakılıq, siyasət, iqtisadiyyat motivi olmamalıdır. Onun kamerasına təsadüfən zibillikdən şüşə butulka yığan yaşıdının bir kişinin cibindən düşən pulu götürmə anı tuş gəlir. O, oğlandan pulu geri qaytarmağı xahiş edir, əks halda filmin tapşırığa uyğun olmayacağını deyir:
“Əgər pulu geri versən, filmin qəhrəmanı olarsan. Mən fədakarlığı və xeyirxahlığı göstərmək istəyirəm”.
Oğlanın cavabı isə sərtdir:
“Mən qəhrəman olmaq istəmirəm, pulu isə atama verəcəyəm”.
Pənahi mesaj verir: hər şey göstərildiyi kimi poetik deyil, əslində sosial ədalətsizlik, insanların yaşamaq uğrunda mübarizəsi xırda cinayətlərə yol açır. Lakin o, xırda cinayətkarları hədəf seçmir, onun hədəfi sistem, insanları buna sürükləyən idarəetmədir.
Siyasi rejimin təzyiqlərinə məruz qalan rejissorlardan biri Fransada yaşayan Marjane Satrapidir. Onun 2007-ci ildə ekranlara çıxan, İran rejimini tənqid edən, avtobioqrafik novellası “Persepolis” animasiya filmi Kannda jürinin xüsusi mükafatını alıb. Mahiyyətcə siyasi bəyanat olan filmin müəllifi deyir:
“Persopolis” Kannda göstəriləndə Tehrandan rəsmi etiraz notası gəldi... Mən vətənim üçün çox darıxıram. Geriyə dönə bilməməyim məni kədərləndirir. Çox insan düşünür ki, bir inqilabın və müharibənin şahidi olmaq, onu yaşamaq əladır. Sizi əmin edirəm ki, mən öz ailəmi qorumaq üçün həvəslə darıxdırıcı həyat sürərdim. Parisdəki göyün maviliyi Tehran üzərindəki göyün maviliyi deyil. Mən özümü heç yerdə vətənimdəki kimi hiss etməyəcəm, bunu anlamışam. Təəssüf ki, İranda hamı hər şeyi deyə və edə bilər və heç nə edə və deyə biməz”.
İki dəfə Oskar mükafatçısı, son filmlərini Avropada lentə alan Əsgər Fərhadinin “Nader və Simin” filminin çəkilişlərini isə hakimiyyət bir fikrinə görə yarıda qoymuşdu: O, çıxışlarından birində İranda çəkilişlərə icazəsi olmayan və ya başqa ölkələrdə işləyən rejissorların gözəl günlərin birində yenidən vətəndə film çəkə biləcəyinə ümid elədiyini demişdi. Filmini xilas etmək məcburiyyətində qalan rejissor sözlərinə görə üzr istəməli olmuşdu.
Aktrisa Gülşiftə Farahani də İran siyasi hakimiyyətinin təzyiqlərinə məruz qalıb. Amerikalı rejissor Ridli Skottun “Yalanların cəmi” filminə çəkildikdən sonra geriyə qayıdan aktrisa 8 ay sorğu suala tutuldu, sənədləri əlindən alındı. Filmin premyerasında başını örtmədiyinə görə Mədəniyyət Nazirliyi onun fəaliyyətinə qadağan qoydu. Hazırda Fransada yaşayan Farahani vətəninə qayıda bilmir...
Bu günlərdə çağdaş İran kinosunun öndə gedən isimlərindən olan və hal-hazırda mühacir həyatı yaşayan rejissor Bəhmən Qubadi Oskar Akademiyasının rəhbəri Don Hudsona məktub yazaraq, mühacirətdə olan rejissorlara ayrıca kateqoriya ayrılmasını istəyib.
O yazıb:
“Bir İranlı olaraq İslam rejimi səbəbi ilə ölkəmdə yaşamıram. Haqlarımı və özünüifadə azadlığımı qorumaq üçün sürgündə yaşamaq məcburiyyətindəyəm. Dünyada bir çox film rejissorunun üzləşdiyi vəziyyətdir. Deməyə ehtiyac yoxdur, öz ölkələrində haqlarından məhrum edilmiş və səssizcə əziyyət çəkən bir çox müstəqil rejissor var. Bu cəsur rejissorlar nəinki senzura və qadağaya məruz qalır, onlar həm də “Oskar”a namizəd olmaq imkanından məhrum qalıblar. Mənim kimi mühacirətdə əziyyət çəkən başqa film rejissorlarının olduğunu da bilirəm. Bu səbəbdən də, Oskar mükafatlandırılması məsələlərində mühacirətdə yaşayan rejissorlardan bir nəfər nümayəndə seçilməsi yaxşı olardı. Bu filmlərin beynəlxalq miqyasda izlənməsini, həm də onun şərtləri haqqında məlumatlılığı artıracaqdır."
Nümunələrin sayını artırmaq da olardı...
Dediyim odur ki, hər şeyə rəğmən İran kinosu siyasətə məğlub olmur, öz yolunu gedir, nüfuzlu festivallarda mükafatlar alır...
Mədəniyyətin dünyaya sülh gətirəcəyinə inanmıram. Amma ona əminəm və tarixi gerçəkliklər də bunu göstərir ki, nə olur-olsun, təzyiq səviyyəsində təzahür edən, azadlığı boğan siyasət sənəti məğlub etmək gücündə deyil.
Sevda Sultanova