publisist-omer-faiq-nemanzade
Müəllif: Publisist.az /Tarix: 2024-05-13 /Oxunma Sayı: 221

Publisist Ömər Faiq Nemanzadə

Azərbaycan demokratik milli mətbuatının yaranması və inkişafında mühüm xidmətləri olan ziyalılardan biri Ömər Faiq Nemanzadədir. Bizim şanlı mübarizə tarixində, xalqımızın ictimai milli qürurunun oyanması və formalaşmasında onun xüsusi yeri və mövqeyi vardır. XX əsrin ilk illərindən başlayaraq Azərbaycan xalqının milli və mədəni dirçəlişi, azadlığı və xoşbəxtliyi uğrunda cəsarətlə və ehtirasla mübarizə aparanlardan biri də o idi. Dərin biliyə, elmi dünyagörüşə, bütöv xarakterə malik olan Ö.F.Nemanzadə vətəni və xalqı üçün döyünən hərarətli bir qəlb sahibi idi. O, xalqın xoşbəxt gələcəyi üçün heçvaxt qüvvə və bacarığını əsirgəməmişdir. Buna görə də dövrün demokratik ziyalıları arasında böyük hörmət və nüfuz qazanmış Faiq əfəndinin adı uzun müddət dillərdən düşməmiş, hörmət və məhəbbətlə çəkilmişdir. Yalnız onu qeyd etmək kifayətdir ki, Ömər Faiq “mollanəsrəddinçilər” adı ilə məşhur olan fikir cərəyanının ideya rəhbəri Cəlil Məmmədquluzadənin məslək yoldaşı, əvəzsiz köməkçisi və ən sədaqətli cəbhədaşı olmuşdur. Ö.F.Nemanzadənin adı çəkiləndə birinci növbədə “ Molla Nəsrəddin” jurnalı xəyalımıza gəlir. Bu, təsadüfi deyildir, çünki bu jurnalın nəşri və fəaliyyətində Nemanzadənin rolu əvəzsizdir. 

Ö.F.Nemanzadə 1872-ci ildə keçmiş Axalsıx qəzasının Azğur kəndində, ortabab bir kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına vermək istəyirdi. Lakin dindar qadın olan anasının etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə uşaq 1882-ci ildə İstanbula, Fateh məktəbinə göndərilmişdir. Ömər Faiq anasının böyük ümidlər bəslədiyi “Mübarək İstanbulda” dinin əsaslarını öyrənməkdən, cansıxıcı tədris üsulundan tezliklə imtina edir və nisbətən dünyəvi elmlərə meyilli olan “Darüş-şəfəq” adlı yetimlər məktəbinə dəyişilir. İstanbul, Darüşşəfəq Ömər Faiq 1891-ci ildə İstanbulda təhsilini başa vurub Qalata poçtxanasında işə başlayır. Avropa ilə canlı əlaqə onun dünyagörüşünün gələcək inkişafında mühüm rol oynayır, çünki o, burada gizli olaraq qəzet və jurnalları açıb oxuyur, Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhvali-ruhiyyəsi, onların Əbdülhəmid hökümətinə son dərəcə mənfi münasibətli türk inqilabçı şairlərindən Tofiq Fikrət, Namiq Kamal və başqalarının bədii irsi ilə tanış olur.

Bu vaxtdan etibarən Ömər Faiq istibdada qarşı mübarizə aparan inqilabçı gənclərə qoşulub, bir müddət onlarla əməkdaşlıq edir. Onların gizli fəaliyyətinin üstü açılanda Faiq çətinliklə qaçıb Vətənə gəlir. Lakin tezliklə fanatiklər onu “kafir Ömər” deyə məclislərdən qovurlar. Hətta həmin illərdə onun doğma Azğur kəndində açmaq istədiyi yeni məktəbi də hökümətə çuğullayıb icazəsinə mane olurlar. O, "Mədəniyyətmi, səfahətmi" məqaləsində yazırdı:

Dinəndə yandı dilim, dinməyəndə dil yandı,
Nə dərdi gizlədə bildim, nə aşikar elədim

Ömər Faiq o zaman cavan, enerjili, işıqlı ideyalara malik, formalaşmış ziyalı idi. Lakin onu da hiss edirdi ki, dini zehniyyəti, inkişafa mane olan adət-ənənələri birdən-birə aradan qaldırmaq mümkün deyil. Özü sonra “Xatirələrdə” yazırdı: “Keçmiş həyatın, adətin doğurduğu üsul və həyatı yıxıb təzə yollara keçmək üçün uzun–uzadı ictimai,
inqilabi və elmi hazırlıq lazımdır. Bunsuz, bu hazırlıqsız yeni bir maarif və mədəniyyət işi görmək və görülən işdə müvəffəqiyyət qazanmaq çətindir.”

Bunu başa düşən və dərk edən Ömər Faiq fəaliyyətinin ilk illərində həmin çətinlikləri aradan qaldırmaq üçün müxtəlif yollar axtarır, Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qoşulur və 1892- ci ildən etibarən taleyini büsbütün onlara bağlayıb ömrünün axırlarına qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı
uğrunda mübarizəyə yönəldir. Ö.F.Nemanzadə 1894-cü ildə Şəkiyə müəllim dəvət olunur. Bir müddət Şəkinin təzəcə açılmış ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən
dərs deyir, şəhərin ictimai və mədəni həyatında fəal iştirak edir.

Ömər Faiq 1900-cü ildə Bakıya da gəlmişdi. Burada da “üz ağardıcı” bir şey görməmişdir. O, Bakını belə xatırlayırdı:”Ən böyük türk milyonerləri, ən nüfuzlu axundlar, ən böyük fanatiklər, ən qorxulu maarif düşmənləri, ən birinci millət xainləri burda idi.” Onu sevindirən təkcə Bakı milyonçusu H.Z.Tağıyevin açdığı müsəlman qız məktəbi idi ki, onun haqqında İstanbulda çıxan “Sərvəti-fünün” məcmuəsinə “Xeyri- məzlumə” adı ilə məqalə yazıb xoş təəssüratını bildirmişdir.

Yazının tam versiyası üçün pdf-i yükləyin.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur