alman-edebiyyati-xvii-xviii-esrler
Müəllif: Publisist.az /Tarix: 2021-04-05 /Oxunma Sayı: 1414

Alman Ədəbiyyatı XVII-XVIII əsrlər

1618-1648-ci illərdəki müharibə nəticəsində Almaniyanın mədəniyyət və iqtisadiyyatının inkişafı xeyli ləngidi. Çünki 30 illik müharibə Almaniyanı bir-birinə qarşı rəqabət aparan xırda hersoqluqlara  çevirdi. Hər bir hersoq yalnız öz şəxsi həyatının fərəhli keçməsinə çalışdı, eyş-işrətlə məşğul oldu, öz şöhrətini artırmaq məqsədilə ümumalman xalqının zərərinə hərəkət etdi.

Həmin dövr haqqında F.Engels yazır: “Heç kəs özünü yaxşı hiss etmirdi. Sənətkarlıq, ticarət, əkinçilik ən aşağı səviyyəyə düşmüşdü. Ölkədə ümumnarazılıq hökm sürürdü… Təhsil və tərbiyə işi pis vəziyyətdə idi… Hər şey məhv olmuşdu.”

Almaniyada əkin sahələrinin çoxu əkilmirdi. İngiltərə və xüsusən Fransa Almaniyada sənətkarlığın inkişaf etməsinə mane olurdu. Lakin xarici dövlətlərin bütün cəhdlərinə baxmayaraq, XVIII əsrin II yarısında  Almaniyada  feodalizmin içərisində milli alman burjuaziyası baş qaldırırdı. Ancaq alman burjuazsiyası fransız burjuazsiyası kimi inqilabi ruha malik deyildi və heç yerdə feodalizmə qəti hücuma keçmədi. Bunun nəticəsində maarifçilik Almaniyada orta əsrlərin vaxtı keçmiş qanunlarına və dini görüşlərə qarşı cəsarətlə atəş açmadı, yalnız cırtdan hersoqluqlara qarşı çıxdı və parçalanmış alman xalqını vahid, mərkəzləşdirilmiş dövlət əsasında birləşdirmək uğrunda mübarizə apardı.

XVIII əsrin yetmiş və səksəninci illərində Almaniyanın mədəni həyatında böyük bir hadisə baş verdi. Ədəbiyyat meydanına bir dəstə gənc şair gəldi. Onlar coşqun təbiətə, dərin ehtirasa malik olduqlarına görə “Fırtına və təzyiq”çilər adlandılar.

Onlar 30 illik müharibədən sonra Alamniyanın düşdüyü zəlil vəziyyətə acıyır və hər şeyə üsyankarlıqla yanaşırdılar. Bu üsyankar gənclər dəstəsi hayküyçülər deyildi, onların arasında dərin düşünən, yoxsul alman kəndlisinin dözülməz həyatına acıyan, 300 kiçik cırtdan dövlətə bölünüb iqtisadiyyatı məhv olan, mədəniyyəti sönən ölkənin uğursuz taleyini fikirləşənlər də var idi.

Onlar bir knyazlıqda, bir mərkəz şəhərdə deyil, bütün Almaniyada fəaliyyət göstərirdilər. Bu istedadlı gənclər dəstəsinin vahid  mübarizə proqramı yox idi. Ancaq “Fırtına və təzyiqçilər” Almaniyada hökm sürən vaxtı keçmiş feudal qaydalarına, insan mənliyini əzən köhnə qanunlara, zalım  kral, knyaz, hersoq və başqa hökmdarların azğınlığına qarşı kəskin çıxışlar edirdilər.

“Fırtına və təzyiqçi” şairlər coşqun bir ehtirasla işləyir, çoxlu əsərlər yazıb yaradırdılar, onların belə məhsuldar yaradıcılıqlarında dövrün ictimai ədalətsizliyi öz əksini tapırdı. “Fırtına və təzyiq” hərəkatı Almaniyanın ictimai həyatında böyük bir dönüş nöqtəsi oldu.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur