resul-rza-ve-klassik-azerbaycan-edebiyyati
Müəllif: Publisist.az /Tarix: 2022-01-27 /Oxunma Sayı: 1256

Rəsul Rza və Klassik Azərbaycan Ədəbiyyatı

Xalq şairi Rəsul Rza təkcə şeir və poemaları ilə deyil, ədəbi-tənqidi məqalələri və publisistik yazıları ilə də ədəbiyyat tariximizdə silinməz izlər buraxmışdır. Hər bir böyük sənətkar üçün bu, tamamilə təbii və qanunauyğun bir hadisədir. O, təkcə bədii yaradıcılığı ilə deyil, elmi, tənqidi və publisistik əsərləri ilə də öz sözünü deyir. Böyük şairimiz Səməd Vurğun, Azərbaycan ədəbiyyatının görkəmli simaları olan Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə də təkcə öz bədii əsərləri ilə deyil, tənqidi, publisistik və elmi yaradıcılığı ilə də geniş oxucu kütləsinin, ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşlar.  

   Rəsul Rzanın müxtəlif illərdə qələmə aldığı tənqidi və publisistik yazılarını nəzərdən keçirəndə adamı heyrət bürüyür. Onun klassik və müasir ədəbiyyatımıza, ayrı-ayrı görkəmli sənətkarların yaradıcılığına, ədəbi gəncliyin axtarışlarına həsr olunmuş məqalə və portret yazıları öz dərin ümumiləşdirmə bacarığı, ədəbiyyatı duyum qabiliyyəti, obyektivliyi və prinsipiallığı ilə seçilir. O, Azərbaycan ədəbiyyatında "yazıçı tənqidi"nin gözəl nümunələrini yaratmışdır. Lakin elə yazıları da var ki, onların əsl tənqidçi qələmindən çıxdığına qətiyyən şübhə etmirik.

   Böyük şairin tənqidi və publisistik yazılarını mövzularına görə qruplaşdıra da bilərik. Lakin bu məsələdən sərf-nəzər edib, şairin yalnız Azərbaycan klassik ədəbiyyatı ilə bağlı fikir və mülahizələrini əks etdirən məqalələrdən söz açacayıq.

   Rəsul Rza klassik ədəbiyyatımızın vurğunu idi. Bəziləri isə iddia edirdilər ki, R.Rza sərbəst şeir yazdığı üçün poetik ənənələrimizə xilaf çıxır, klassikanı inkar edir. Amma onun həm bədii yaradıcılığı, həm də tənqidi-publisistik yazıları bunun əksini sübut edirdi. Bunu şairin Azərbaycan klassik ədəbiyyatının nəhənglərinə, dünya şöhrəti qazanmış dahi sənətkarlarına həsr etdiyi yazılarda aydın görmək olar.

   "Yüksək eşqin böyük heykəli" məqaləsini o, dahi Nizami Gəncəvinin böyük ilhamla yaratdığı Şirin obrazına həsr olunmuşdur. R.Rza yazır: "Nizami yaradıcılığı həqiqi, böyük sənətin gözəl bir nümunəsidir. Onun qüdrətli qələmi ilə yaranmış insan səciyyələri əsrlərin boranlı və tufanlı yollarından keçərək, bu günə qədər gəlmiş, bu uzun və məşəqqətli yollarda təravətini, rəngini, hərarətini hifz etmişdir. Vətənimizin qocaman sənətkarı tərəfindən yaradılmış obrazlar içərisində yüksək eşqin böyük heykəli olan Şirin xüsusi yer tutur".

   R.Rza niyə məhz Şirin obrazına müraciət etmişdir? Bunun səbəbləri məlumdur: "Şirin Azərbaycan torpağının doğma balasıdır". Təkcə azərbaycanlı olduğunamı görəmi? Yox? "Şirin gözəl olduğu qədər zəkalı, sadiq olduğu qədər qəhrəman, vəfalı olduğu qədər iradə və mətanətlidir. Şirin dünya ədəbiyyatında yaranmış yüksək mənəvi aləmə malik olan nadir qadın surətləri sırasında birincilərdəndir".

   Rəsul Rzanın sevdiyi klassiklərdən biri də Şirvan torpağının yetirdiyi, bütün Azərbaycan və Şərq dünyasında öz ölməz poeziyası ilə böyük şöhrət qazanmış İmadəddin Nəsimi idi. Keçən əsrin altmışıncı illərin sonu-yetmişinci illərin əvvəllərində bu qüdrətli şairin anadan olmasının 600 illiyi nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində təntənə ilə qeyd edilirdi. R.Rza Nəsimiyə üç məqalə həsr etmişdir: "Cahana sığmayan şairin qərib məzarı", "Böyük şair haqqında qeydlər", "Nəsiminin bir beyti haqqında". Birinci məqalədə R.Rzanın Hələb şəhərində Nəsiminin məzarı ilə bağlı düşüncələri əks olunur: "Kərəm Əslisini, Qərib Sənəmini axtara-axtara gəlib Hələbə çıxdılar. Nəsimi hansı sevdanın qaçılmaz çəkiminə yön tutub, qədim Şirvan torpağından ayrıldı, ruzigar çalxamına düşmüş yarpaq kimi uzaq Suriya ellərinə getdi? Hələbin qaynar havasında "iki cahan sığan" qəlbini haqq-həqiqət susuzluğundan qurtarmaq istədi?".

   Bundan sonra şairin məzarıyla bağlı görüntülər təsvir olunur.

   İkinci məqalədə R.Rzanın tədqiqatçılığı, Nəsimi yaradıcılığı və şəxsiyyəti ilə bağlı sözün həqiqi mənasında elmi düşüncələri öz əksini tapır. Şairi maraqlandıran odur ki, Nəsiminin Azərbaycanda nəşr olunmuş şeirlərində səhv və nöqsanlar vardır. R.Rza Nəsiminin qədim bir əlyazması ilə tanış olur və bu əlyazmadakı şeirlərdə kəlmə və ifadələrin osmanlı türkcəsinə deyil, azərbaycancaya daha uyğun olması qənaətinə gəlir. Məsələn, Nəsimi çox yerdə bən yox, mən; şimdi yox, imdi; kiprik yox, kirpik; iləri yox, irəli yazır. Dil baxımından Nəsimi şeirləri ilə tanışlıq onun lüğətinin bu gün belə işlətdiyimiz sadə Azərbaycan sözləri ilə zəngin olduğunu göstərir: kəsək, adaş, yaşınmaq, ala, ummaq, iraq, uğurlu, azər, buğda, başa qaxmaq, başaqçı, tuş gəlmək, davar, irişmək, üzərrik və s.

   Üçüncü məqalə daha maraqlıdır. Şair yazır: "Uzun illərdən bəri ağızdan-ağıza deyilib, vərəqdən-vərəqə yazılıb gələn bir rəvayət vardır ki, "Nəsimini dabanından soydular". Bu rəvayət şairin çox yayılmış bir beyti ilə əsaslandırılır:

  

 

    Zahidin bir barmağın

   kəssən dönüb həqdən qaçar,

   Gör bu miskin aşiqi

   sərpa soyarlar, ağlamaz".

  

   Bu beytlə əlaqədar R.Rza dörd ehtimal irəli sürür. O, birinci ehtimalın həqiqiliyini təsdiq edir. Həmin ehtimal bundan ibarətdir: "Nəsiminin qətlinə fitva veriləndən sonra şair bir gün, ya bir neçə gün hökmün icrasını gözləyərək həbs yerində saxlanmışdır. Fitvanın məzmunundan xəbərdar olan Nəsimi bu beyti yazmış və hər vasitə ilə onu dostlarına yetirə bilmişdir. Şairin ölümündən sonra bu beyt Nəsimi tərəfdarları arasında geniş yayılmış və məlum əfsanənin yaranmasına səbəb olmuşdur".

   Dahi şairimiz Məhəmməd Füzulinin poeziyası da Rəsul Rzanın bir sıra məqalələrində böyük heyranlıqla yad edilir. 1943-cü ildə Rəsul Rza "Süleyman Rüstəmin qəzəlləri haqqında" adlı bir məqalə yazdı. Məqalənin bir hissəsi Azərbaycan poeziyasında qəzəl janrının inkişafına, onun əbədi missiyasına-gözəlliyin və eşqin tərənnümünə və Füzuli qəzəllərinin poeziyamız üçün bir örnək olduğuna həsr olunmuşdur. Məqalədə deyilirdi: "Ölməz Füzulinin hər qəzəli bizi heyran qoyduğu kimi, öz musiqisi ilə də qulaqlarımızı oxşayır, qəlbimizi titrədir, ruhumuzda alovlu bir iz buraxır. Füzuli qəzəli bir sənət növünün çərçivəsinə sığmayan qüdrətli bir ilhamın həm danışan, həm də səslənən lisanıdır. Bəlkə bu səbəbdəndir ki, hələ də Füzuli qəzəlinin səviyyəsinə qalxan bir qəzəlçi şair olmamışdır". Daha sonra Rəsul Rza yazır ki: "Biz Füzulini az nəşr etmiş, az oxumuş, çox az tədqiq etmişik və çox az tanıtmışıq. Dünya ədəbiyyatında Füzuli qədər böyük eşq və ələm şairi yoxdur, Füzuli yaradıcılığı bir xəzinədir ki, biz onu bir muzeyə çevirməliyik".

   Rəsul Rzanın ən çox sevdiyi şair isə heç şübhəsiz, Mirzə Ələkbər Sabir olmuşdur. O, Sabirin yaradıcılığına bir neçə məqalə həsr etmiş, avtobioqrafiyasında isə Sabirə böyük məhəbbətinin sirrini açmışdır. R.Rza etiraf edir ki, onun ilk əsərlərinə ən dərin təsir Sabir yaradıcılığından gəlmişdir. Sabiri bütün ömrü boyu özünün müəllimi və dostu hesab edən Rəsul Rza yazırdı: "Sabirin dərdi-xalqın dərdi, Sabirin sevinci -xalqın sevinci idi. O, qoynunda yaşadığı torpağın ağrılarını öz qəlbinin ağrısı kimi, xalqın müsibətlərini öz müsibəti kimi duyurdu". Burada R.Rza Sabir sənətinin uzunömürlülüyünü şərtləndirən başlıca səbəbi izah edir.

   R.Rzanın "Onun qəlbi" məqaləsində biz təkcə Sabirə böyük sevgilər bəsləyən bir şairi yox, həm də öz sələfinin yaradıcılığına vaqif olan bir sənətkarı görürük. R.Rza Sabiri yeni Azərbaycan şeirinin böyük yaradıcısı hesab edir. Yazır ki, Sabir şeirləri, yarandıqları zamanın ən doğru bədii sənədlərindəndir. Yalnız kəskin ictimai məzmun deyil, forması etibarilə də Sabir poeziyası Azərbaycan ədəbiyyatında yeni bir mərhələ, yeni geniş bir yol, yeni ədəbi məktəb idi.

   "O, bizim sıralarımızdadır" məqaləsində isə Sabir poeziyasının Azərbaycan şeirinə böyük təsirindən söz açılır.

   Sabirin novatorluğu nədə idi?

   Bu haqda R.Rzanın fikirləri çox maraqlıdır.

   "Sabir yalnız poeziyanın mündəricəsi, onun predmetini anlamaq, temanı seçməkdə deyil, forma sahəsində də novator idi. Onun şeirləri tam mənasında təbii danışıq intonasiyasındadır. Bu, şairin yaşadığı dövr ədəbiyyatında, xüsusilə, poeziyasında prinsip etibarilə yeni bir şey idi. Sabirin bu novatorluğu xalqımızın bədii arsenalına böyük bir hədiyyə idi. Şeirin əruz vəzni sabirləşməklə, yenidən canlandı, dəbdəbədən xilas oldu, oynaqlıq qazandı, azəri dilinə uyğunlaşıb, onunla daha artıq həmahəng oldu. Sabir köhnə şeirlə yeni şeir arasında elə bir uçurum yaratdı ki, artıq geri dönmək mümkün deyildi. Bu əlavəni də edək ki, Sabir Azərbaycan şeirinin ən yaxşı ənənələrini bu uçurumdan keçirib gətirdi. Bu ənənələri yeni rənglər, orijinal sədalarla zənginləşdir.

   Rəsul Rza həmin məqalədə belə bir cəhəti də qeyd edir ki, müasir ədəbiyyatımızda Sabirin rolu çox böyükdür. Son zamanlar mən satira silahına tez-tez müraciət edirəm.

   Rəsul Rzanın bir silsilə satirik şeirləri var ki, bunlarda Sabir ruhu aşkar nəzərə çarpır.O da Sabir kimi həyatdakı eybəcərliklərə, mənfiliklərə, neqativ hallara qarşı kəskin etirazını bildirir, bu etirazları satira şəklində ifadə edir. "Damğa" şeirində o, rüşvətxorluğu və rüşvətxorları ifşa edir.

  

   Yəni sən də kişisən!

   Gözünə girsin o maaş!

   Bilirsənmi ən layiq adın

   nədir, sənin?!

   Aşın müqəyyəd qafiyəsi!

   Qulaq as!

   Dara-bara salma!

   Sus!

   Rüşvət puluna külfət saxlayan

   dəyyus!

 

   "Ax, necə kef çəkməli əyyam idi.

   Ondaki övladi-vətən xam idi.."

   Rüşvət alırdıq azı-az, çoxu çox.

   Puldu, qızıldı, ya da şey, fərqi yox.

 

   Əmr eləyirdik cibi tox, qarnı tox.

   İndi nədir? Qoyma-haray, qorxaqorx,

   Xalqa ağır gün, bizə bayram idi.

   "Ax, necə kef çəkməli əyyam idi".

 

  Oqtay Əliyev,

  yazıçı, publisist

 

  Ədalət.-2012.-20 aprel.- S.6.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur