“Şuşa mədəniyyətinin inciləri”: Nəcəf bəy Vəzirov.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Azərbaycan ədəbiyyatında faciə janrının banisi Nəcəf bəy Vəzirova həsr olunub.
Nəcəf bəy Vəzirov 1854–cü ildə Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində dünyaya göz açıb. Vəzirov ilk təhsilini dini məktəbdə alıb. O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlib.
N.Vəzirov 1874-cü ildə Bakıda real gimnaziyanı bitirib təhsilini davam etdirmək üçün Rusiyaya gedib. Burada uğurla imtahan verərək Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına gəbul olub.
Moskvanın teatr mühiti, klassik rus və dünya dramaturqlarının yaradıcılıqları ilə yaxından tanış olan Vəzirov ədəbiyyata daha ciddi meyil göstərib. Tələbə vaxtı "Ev tərbiyəsinin bir şəkli" (1875), "Gəmi lövbərsiz olmaz" (1876) komediyalarını yazıb.
Akademiyanı 1878-ci ildə bitirdikdən sonra Moskvadan Azərbaycana qayıdan Nəcəf bəy Vəzirov əvvəlcə Gəncə quberniyasında, sonralar isə müxtəlif bölgələrdə meşəbəyi işləyib. 1895-ci ildə Bakıya köçüb və burada vəkililklə məşğul olub. Onun müxtəlif mövzulu məqalələri 1905-1918-ci illərdə "Həyat", "İrşad", "Təzə həyat", "Tərəqqi", "Yeni irşad", "Sədayihəqq", "E1 həyatı", "Açıq söz", "Mirat" qəzetlərində çap olunub.
Meşəbəyi işləyə-işləyə "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonraki peşmançılıq fayda verməz" (1890), "Adı var, özü yox" (1891), "Yağışdan çıxdıq, yağmura düşdük" ("Hacı Qəmbər" 1895) komediyalarını, "Müsibəti-Fəxrəddin" (1896) faciəsini və "Pəhlivanani-zəmanə" ("Zəmanə pəhlivanları". 1900) dramını tamamlayıb. "Müsibəti-Fəxrəddin" ilk Azərbaycan faciəsidir.
Nəcəf bəy Vəzirov 1926-cı ildə ürək çatışmazlığından vəfat edib.
#Azərbaycan #AzərbaycanMədəniyyəti #MədəniyyətNazirliyi #ŞuşaMədəniyyətininİnciləri #Şuşa
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur