ramadan
Ramazana son -
abdulla-saiq-yaradiciligi-pdf
Müəllif: Publisist.az /Tarix: 2025-01-07 /Oxunma Sayı: 106

Abdulla Şaiq yaradıcılığı pdf

İki quruluşun şahidi kimi mürəkkəb yaradıcılıq yolu keçən XX əsr Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqin ədəbi irsinin üçüncü minilliyin oxucularına çatdırılması mühüm və əhəmiyyətli ədəbi-mədəni hadisədir. A.Şaiq ədəbiyyat tariximizdə A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundzadə, Z.Marağalı, Ə.Talıbov, N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.S.Axundov və s. söz ustaları ilə bir sırada duran sənətkarlardandır.

XX əsrin ilk əvvəllərində ədəbiyyata gələn A.Şaiq səmərəli, məhsuldar yaradıcılıq axtarışları aparmış, pedaqoji fəaliyyətlə məşğul olmuş, dərsliklər, elmi nəzəri məqalələr yazmış, bədii tərcümə sahəsində qələmini sınamışdır. A.Şaiqin yaradıcılğı xalqın ziddiyyətli və yaxın mürəkkəb tarixi keçmişinin bədii salnaməsidir. Onun yaradıcılığının birinci mərhələsi 1917-ci ilin inqilabından əvvələ, ikinci mərhələsi isə Sovet dövrünə düşür. Hər iki mərhələdə poeziya və nəsrin müxtəlif janrlarında gözəl sənət nümunələri yaradan A.Şaiqin əsərləri dövrün ədəbi prosesinin ancaq məzmununa, ruhuna, xarakterinə yox, eyni zamanda inkişaf meyllərinə ciddi təsir göstərmişdir. A.Şaiqin nəsri Azərbaycan bədii nəsrini mövzu, janr, tematika, problematika baxımından zənginləşdirmiş, milli epik ənənənin, bədii təhkiyənin istiqamətinə və inkişafına təkan vermişdir. Yazıçının bədii irsini yüksək qiymətləndirən M.Hüseyn onun nəsr tarixindəki yeri haqqında danışarkən yazırdı ki, A.Şaiq “...lirik nəsrimizin təməl daşını qoymuşdur”. A.Şaiqin yaradıcılığı, eyni zamanda Azərbaycan ədəbiyyatında realizm və romantizm metodunun tarixi inkişaf mərhələlərini və spesifik cəhətlərini öyrənmək baxımından da əhəmiyyətlidir.Görkəmli ədib romantizm metodu ilə yaradıcılığa başlamış, realizmə meyl etməsinə baxmayaraq, uzun müddət romantizmin nəzəri-estetik prinsiplərinə sadiq qalmışdır. Ədib keçmiş sovet dövründə realizm yaradıcılıq metodunda da gözəl nəsr nümunələri yaratmışdır. Lakin yazıçının bu dövrdə yaratdığı nəsr əsərlərində romantik ruh özünü göstərir.

Abdulla Şaiq 1881-ci ilin fevralın 24-də Tiflisdə Axund Mustafa Talıbzadənin ailəsində dünyaya göz açmışdır. A.Şaiqin valideynləri Borçalının Sarvan kəndindən idilər. Atası Axund Mustafa dövrünün sayılan, seçilən nüfuzlu ziyalılarından olmuşdur. A.Şaiq 7 yaşında məktəbə getmiş, 4 il oxumuş, fars, rus və ərəb dillərini öyrənmişdir.1893-cü ildə anası Mehri xanım Şaiqi qardaşı ilə Xorasana aparmış, orada yaşadıqları 6 il müddətində o, fars dilini mükəmməl öyrənmiş, rus yazıçısı Krılovun bir çox təmsillərini fars dilinə tərcümə etmişdir. Qürbətdə çox qalmayan Mehri xanım 1900-cü ildə oğulları ilə Tiflisə qayıdır. Bir müddət burada yaşadıqdan sonra böyük qardaşı ilə həmin ilin payızında Bakıya köçür, imtahan verib müəllimlik hüququ alır. A.Şaiq ədəbi-pedaqoji fəaliyyətə də bu illərdə başlayır, 6 sinifli məktəblərin birində müəllimlik edir. Atası vəfat etdikdən sonra ailənin ağır yükü A.Şaiqin öhdəsinə düşür. Görkəmli sənətkar 1902-1904-cü illərdə Bakıda yeddinci rus-tatar məktəbində, 1904-1906-ci illər Sabunçuda altısinifli məktəbdə, sonralarsa üçüncü kişi gimnaziyasında, realist məktəbdə, APİdə və digər tədris ocaqlarında pedaqoji fəaliyyətlə məşğul olur.

A.Şaiq Bakının ictimai-siyasi, ədəbi-mədəni mühitində fəal iştirak edir. M.Ə.Sabir, N.Nərimanov, A.Səhhət, S.Qənizadə, M.Hadi, H.Cavidlə tanışlığı dostluğa çevrilir. Ədib rus və Avropa ədəbiyyatını mütəmadi oxumaqla kifayətlənmir, həm də bədii tərcümələr edir. 1906-1907-ci illərdə ilk mətbu şeiri “Laylay” “Dəbistan” jurnalında nəşr olunur. Silsilə uşaq şeirləri qələmə alır, müəllimlər qurultayında proqram komissiyasına üzv seçilir. Ədib “Molla Nəsrəddin”in bağlanmasına Stavropoldan etiraz teleqramı göndərir. 1908-ci ildə A.Şaiqin Tiflisdə “İkinci il”dərsliyi çapdan çıxır. Fəal yaradıcılıq axtarışlarını davam etdirən sənətkar “Məktub yetişmədi”, “Hürriyyət pərisinə”, “Yad
et” və s. kimi klassik əsərlərini yazır. M.Fətəlinin, H.B.Zərdabinin, M.Ə.Sabirin, Mirzə Cəlilin əxlaqi dərk və təlqin etmələrini A.Şaiq də ədəbi və ictimai fəaliyyətində davam etdirdi. Onun əsas məramı doğma xalqının maariflənməsi və ictimai-milli şüurun yüksəldilməsi olmuşdur. XX əsrin əvvəllərində Bakı fəhlələrinin acınacaqlı həyatı yeni yaranacaq bədii əsərlərinə zəngin material verirdi. 

O, neft mədənlərində çörək pulu üçün gecə-gündüz çalışan insanların əzabını, ağrısını, kənd zəhmətkeşlərinin faciəvi həyatını öz dərdi kimi duyur və yaşayırdı. Dözülməz insan ağrıacısı onun hekayə, povest, romanları ilə yanaşı poeziya və dramaturgiyasında yüksək poetik səviyyədə əksini tapmışdır. “Məktub yetişmədi” hekayəsində, “Əsrimizin qəhrəmanları” və “Araz” romanlarında sözügedən məsələnin təsvirinə üstünlük vermişdir. A.Şaiq ictimai fəaliyyətində olduğu kimi, bədii yaradıcılığında da doğma xalqının, vətəninin zülmdən, cəhalətdən, nadanlıqdan qurtarmasına, maariflənməsinə, azadlığa nail olmasına, milli-bəşəri dəyərlərlə yaşamasına kömək etməyə çalışmışdır. Onun məfkurəsi, idealı ömrünün sonuna qədər, akademik M.İbrahimov demişkən “...bəzən dumanlanmasına baxmayaraq, Şaiqin varlığına hakim olmuş, ürəyinin dərinlərində yaşamış bədii təfəkküründən heç vaxt ayrılmamışdır”. Yazışı Azərbaycanın ağır, dözülməz vəziyyətini, çarizmdən və onun ağır müstəmləkə siyasətindən çəkdiyi əzab və işgəncələri görmüş, müşahidə etmiş və bütün bunları şeirlərində, hekayə, roman, pyes və poemalarında təsvir etmişdir. Görkəmli ədib həmvətənlərinin faicəsini öz agrısı kimi yana-yana, lirik–psixoloji ahəngdə təsvir etmişdir. Ədibin “Araz” romanı XX əsrin əvvəllərində mürəkkəb inqilabi hadisələrə, Bakı fəhlələrinin azadlıq mübarizəsinə həsr olunmuşdur. Yazıçı romanı 1930-cu ildə yazmağa başlamış, əsərdən “İki şam ağacı” adlı bir parçanı “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirmiş, 1937-ci ildə əsəri tamamlayıb, nəşriyyata təqdim etmişdir. “Araz” romanı 1940-ci ildə işıq üzü görmüşdür. Abdulla Şaiq 1911-ci ildə mövzusu Borçalı həyatından alınmış “Dursun” povestini yazmışdır. 1912-ci ildə nəşr olunan bu əsər uzun müddət “Bədbəxt ailə” romanı kimi tanınmışdır. 1933-cü ildə isə ədibin özü əsər üzərində cüzi düzəlişlər aparmış və onu “Dursun” adlandırmışdır. A.Şaiqin hekayələri, povest və romanları da Azərbaycan bədii nəsrinin yaranması və inkişafında mühüm rol oynamışdır. O, əsərlərinin mövzusundan asılı olmayaraq həmişə xalqın, zamanın ən aktual, gərəkli problemlərinə toxunmuş, cəmiyyətin inkişafına və saflaşdırılmasına, pak duyğular, qabaqcıl ideyalar təbliğ etməyə çalışmışdı. Bu baxımdan “Xasay” povesti xüsusi maraq doğurur. “İki müztərib, yaxud əzab və vicdan” romanını, “Qarakils xatirəsi” hekayəsini nəzərə almasaq, “Xasay” povesti Şaiqin sevgi mövzusunda yazılmış yeganə nəsr əsəridir. Əsər təkcə Şaiqin yaradıcılığında yox, bütövlükdə Azərbaycan klassik nəsrində lirik-dramatik və psixoloji dramda yazılmış ilk nümunələrdəndir. “Köç” əsəri onun nəsr yaradıcılığında özünəməxsus yer tutan qiymətli əsərlərdən biridir. A.Şaiqin ilk dram əsəri 1909-cu ildə yazdığı “Gözəl bahar” pyesidir. Onun “İki familyanın məhvi”, “Ədhəm”, “Şair və qadın”, “İdeal və insanlıq” kimi dərin məzmunlu, aktual ideyalı poemaları da xüsusi maraq doğurur. Son yüz ildə cox az azərbaycanlı tapmaq olar ki, A.Şaiqin əsərləri ilə böyüyüb ərsəyə gəlməsin,
indinin özündə də körpələr də, kiçik yaşlı uşaqlar da dili topuq vura-vura “Keçi”, “Dovşan” və s. şeirləri əzbər deyirlər, yaşlılar isə uşaqlıq illərini xatırlayırlar. 1906-cı ildə o, “Cəfər və Bətiri” iqtibas etmiş sonra isə “Tülki həccə gedir”, “Yaxşı arxa”, “Tıq-tıq xanım” adlı mənzum hekayələrini qələmə almışdır. Fidanların psixologiyasını yaxşı bilən həssas sənətkar həm də onların sevimli dramaturqu olmuş, “Nüşabə”, “Danışan kukla”, “İntiqamçı xoruz”, “Çoban”, “Xəbərçi kağız”, “Aldanmış ulduzlar”, “İldırım”,
“Ana”, “Xasay”, “Vətən”, “Eloğlu”, “Bir saatlıq xəlifə” kimi dram əsərlərini yazmışdır. Digər əsərlərində olduğu kimi, o, pyeslərində də balaca tamaşaçılarını vətəni sevməyə, xeyirxahlığa, düzlüyə, mərdliyə qorxmazlığa çağırır. Vətənpərvərlik, düşmənə nifrət bu pyeslərin leytmotivini təşkil edir. Şaiqin uşaqlar üçün yazdığı əsərlər öz təbiiliyi, psixoloji dərinliyi, dilinin axıcılığı, obrazların həyatiliyi ilə hələ yüz illər sonra da neçə-neçə nəslin sevə-sevə oxuyacaqları əsərlərdir. “Xoruz”, “Keçi”. “Uşaq və dovşan” və
s. dediklərimizə parlaq nümunədir. Nasir, şair, dramaturq, tərcüməçi, pedaqoq A.Şaiq yaradıcılığı boyu ədəbiyyatımızın nəzəri məsələləri ilə də ciddi məşğul olmuş, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif, M.Fətəli, H.Hadi, A.Səhhət, M.Ə.Sabir yaradıcılığı haqqında dəyərli mülahizələr söyləmiş, Hüseyn Cavid ilə birlikdə dərslik kimi “Ədəbiyyatın poetikası”nı yazmışdır. O, “Uşaq çeşməyi” (1907), “Uşaq gözlüyü” (1910), “Gülşəni-ədəbiyyat” (1910), “Milli qiraət” (1919), “Gülzar” (1912) kimi dərsliklər yazıb ictimaiyyətə təqdim etmişdir. Ədib Azərbaycan müəllimlərinin I-II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüşdür.

Sənətkarın latın qrafikasında ilk seçilmiş əsərlərinə onun əsərləri ilə yanaşı, müəyyən səbəblərdən qadağan olunmuş yeni bədii nümunələri də salınmışdır. “Arazdan Turana”, “Vətən”, “Vətənin yanıq səsi”, “İntizar qarşısında”, “Yeni ay doğarkən”, “İki mücahid”, “Ülkər” və s. bu kimi əsərlər XXI əsrin oxucularında onun irsinə güclü meyli oyadacaq. Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə “Arazdan Turana” (2003) kitabında yazır: “...məlum səbəblər üzündən Azərbaycan oxucusunun diqqətindən kənarda qalan bu kimi əsərlərində türkün ümumiləşmiş, mübariz, mifik surəti, vətən sevgisi, döyüşgənliyi, qüdrəti, türk qadınının paklığı, ucalığı tərənnüm olunur, türkün hələ indiyə qədər (yəni 1920-ci illərə qədər) poeaziyamızda açılmayan sifətləri, mübarizliyi, fədakarlığı canlandırılır”.

Ədəbiyyat nümunələrini dilimizə çevirən mahir sənətkar, iki seçki keçmiş SSRİ Ali Sovetinin deputatı, görkəmli ictimai-siyasi xadim, el ağsaqqalı və nümunəvi pedaqoq, dövlət mükafatları ilə, orden və medallarla təltif olunan, “Əməkdar İncəsənət Xadimi” adına layiq görülən görkəmli Azərbaycan ədibi bütün şüurlu həyatını xalqına xidmət edən nadir şəxsiyyətlərdən olmuşdur. Abdulla Şaiq 24 iyun 1959-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xalq Cumhuriyyətinin 100 illik yubileyi ərəfəsində işıq üzü görən “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasında Cümhuriyyət dövründə müəyyən hissələri yazılmış “Əsrimizin qəhrəmanları” romanı da təhlil edilibdir. Böyük ədibin nəsr yaradıcılığı bütövlükdə sistemli şəkildə ilk dəfə bu monoqrafiyada təhlil olunubdur. 

BABA BABAYEV

 

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur