xavier-marias-qualta-hekaye
Müəllif: Publisist.az /Tarix: 2021-10-08 /Oxunma Sayı: 382

Xavier Marias. Qualta - HEKAYƏ

Mən otuz yaşımadək sakit, ləyaqətli və tərcümeyi-halıma uyğun ömür yaşamışam. Heç vaxt ağlıma gəlməzdi ki, yeniyetməlik dövründə oxuduğum kitabların unudulmuş obrazları həm mənim, həm də başqalarının həyatından gəlib-keçəcək. Düzdür, gənclik dövründə başa gələn təsadüfi ad bənzərliyinin yaratdığı ani kimlik böhranları barədə eşitmişdim (məsələn, dostum Rafa Zarza başqa bir Rafa Zarza ilə tanış edildikdə öz kimliyindən şübhə duymuşdu). Lakin mən nə qansız Uilyam Uilsona, nə Dorian Qreyin dramsız bir portretinə, nə də Haydı yenə də bir Cekl olan Cekla çevrilməyi gözləmirdim.

Onun adı Xavier de Qualta idi, adından da görüldüyü kimi katalan idi və mənim işlədiyim şirkətin Barselonadakı ofisində işləyirdi. Vəzifəsinin (yüksək) səlahiyyətləri eynilə mənim paytaxtdakı vəzifəmə bənzəyirdi. Biz şirkətin Madriddə baş tutan şam yeməyində tanış olmuşduq. Görüş həm iş, həm dostluq münasibətlərinin yaxşılaşdırılması məqsədi daşıdığı üçün ikimiz də həyat yoldaşlarımızla gəlmişdik.

Adımızın ancaq ilk  hissəsi üst-üstə düşürdü (mənim adım Xavier Santin idi), ancaq qalan hər şeyimiz tamamilə eyniydi. Ofisiant onlara bizim masanı göstərib kənara çəkiləndən sonra onun məni görməsi ilə üzündə yaranan heyrət ifadəsini (şübhəsiz ki, mənim sifətim də o vəziyyətdə idi) hələ də xatırlayıram. Qualta və mən fiziki cəhətdən lap filmlərdəki əkizlər kimi bənzər idik, amma məsələ bununla bitmirdi: biz eyni anda eyni hərəkətləri edir, eyni sözləri istifadə edirdik (necə deyərlər, bir ağızdan danışırdıq), əlimizi şərab şüşəsinə (Reyn şərabı), yaxud mineral suya (qazsız), alnımıza, yaxud çay qaşığına,   çörəyə eyni vaxtda aparır, çəngəli fondünün dibinə birgə batırırdıq.

Toqquşmamaq qeyri-mümkün idi. Özü də başlarımız təkcə görünüşcə bənzəmirdi, biz həm də eyni anda eyni şeyi düşünürdük. Elə bil, canlanmış güzgü qarşısında şam yeməyi yeyirdim. Yəqin bir çox məsələ barədə eyni fikirdə olduğumuzu deməyə ehtiyac yoxdur, üstəlik, onun haqqında çox şey öyrənməməyə çalışsam da (bu vəziyyət ürəyimi elə bulandırır, başımı elə gicəlləndirirdi ki), məlum olmuşdu ki, həm peşə, həm də həyat yollarımız paralel şəkildə irəliləyirmiş.

Təbii ki, həyat yoldaşlarımız da, biz də bu qeyri-adi bənzərliyə laqeyd qala bilmədik və başlanğıcda bir balaca şərh də verdik (“Bu, qeyri-adi haldır”, deyirdilər yoldaşlarımız. “Hə, qeyri-adidir”, deyirdik biz). Dördümüz də bu anormal vəziyyətdən sıxılmışdıq, lakin bu şam yeməyinin bizi bir araya gətirən şirkətin mənfəətinə xidmət etdiyini bildiyimiz üçün ilkin təəccübümüzü bir kənara qoyub bu diqqətəlayiq faktın üstündən keçdik və yalandan təbii davranmağa başladıq. Biz dostlaşmaqdan daha çox iş barədə danışmağa meyilli idik.

Yeganə bənzəməyən xüsusiyyətimiz həyat yoldaşlarımız idi (əslində, onlar bizim bir hissəmiz deyildilər, biz də onların). Vulqar səslənsə də, deməliyəm ki, mənim yoldaşım daş kimiydi, Qualtanınki isə xırda-mırda qız idi, bəzənmiş ölü milçəyə bənzəyirdi və əzəmətli ərinin uğurlarına həyəcanlanmaqdan o tərəfə keçə bilmirdi.

Amma əsas məsələ bənzərliyin özü deyildi (onu üstələyən şeylər var idi). Mən heç vaxt özümü görməmişdim. Demək istəyirəm ki, fotolar hərəkətsizdir, güzgüdə isə həmişə tərsinə əks olunuruq (məsələn, mən Keri Qrant kimi sağdan tağ ayırıram, amma güzgüdə tağım Klark Qeybl kimi solda görünür); özümü televiziyada, ya da videoda da görməmişdim, çünki nə məşhur idim, nə də kameralara həvəsim vardı. Buna görə Qualta sayəsində ilk dəfə idi ki, özümü danışanda, hərəkət edəndə, jestlər edəndə, duruxanda, güləndə, yana dönəndə, ağzımı salfetlə təmizləyəndə, burnumu siləndə gördüm. Bu mənim ilk və tam təcəssümüm idi, adətən belə imkan məşhurlara və videosu olanlara nəsib olur.

Və mən özümə nifrət etdim. Yəni özümün eynisi olan Qualtaya nifrət etdim. Bu baxımlı kataloniyalı bəy mənə heç cəlbedici gəlmədi (hərçənd arvadım – o isə çox cəlbedici qadın idi – evdə söhbətləşərkən onun cazibədar kişi olduğunu demişdi, yəqin ki, bir az da mənim qürurumu oxşamaq üçün), üstəlik, məncə, danışığı süni, özü həddindən artıq səliqəli idi, hökm verərkən göylə gedir, əl-qol hərəkətlərinə diqqət edir, xarizması ilə öyünür (merkantil xarizmasını deyirəm), utanmadan sağçı fikirlərini səsləndirir (təbii ki, ikimiz də eyni partiyaya səs vermişdik), lüğət ehtiyatını məharətlə istifadə edir və iş məsələlərində vicdansız davrana bilirdi. Hətta ikimiz də öz şəhərlərimizin ən mühafizəkar futbol komandalarına üzv idik: o, “Espanyol”u, mən “Atleti”ni seçmişdim. Qualtada özümü gördüm. Qualtanın ürəkbulandırıcı, hər yola əl atmağa hazır, ağzı-burnu qırılası biri olduğunu gördüm. Dediyim kimi, tərəddüdsüz özümə nifrət etdim. Həmin gecədən etibarən – fikirlərimi arvadımla bölüşməyə ehtiyac duymadan – dəyişməyə başladım. Məsələ təkcə Barselonada eynilə mənə bənzəyən birinin olması və bu vəziyyətə nifrət etməyim deyildi. Mən bu məxluqun həyatın hər sahəsində hər an mənimlə eyni şeyləri etdiyini, düşündüyünü və dediyini təsəvvür edəndə qorxurdum. Bilirdim ki, iş rejimimiz eynidir, o da mənim kimi arvadı ilə yaşayır, uşaqları yoxdur. Mənim həyatımı yaşamağı üçün heç bir maneəsi yox idi. “Deməli, mən nəsə eləyəndə, bir addım atanda, hər dəfə kiməsə əlimi uzadanda, bir söz deyəndə, bir məktub diqtə edəndə, nəsə düşünəndə, arvadımı öpəndə Qualta da eynisini eləyir, addım atır, əlini uzadır, nəsə deyir, diqtə edir, düşünür, arvadını öpür. Ola bilməz.” deyə düşünürdüm.

Bu xoşagəlməz görüş bəs deyilmiş kimi bir də dörd ay sonra Amerikada təsis olunmuş şirkətimizin ölkəmizdə fəaliyyətə başlamasının beş illiyi münasibətilə keçirilən möhtəşəm yubiley tədbirində yenidən qarşılaşacağımızı bilirdim. Bu vaxt ərzində xarici görünüşümü dəyişdirmək əsas məqsədimə çevrildi: çətinliklə olsa da, bığ buraxdım; həmişə taxdığım qalstukları eleqant yaylıqlarla əvəzlədim; siqaret çəkməyə başladım (ingilis tütünü); hətta saçımın keçəlləşən hissələrini yapon saç transplantları ilə örtdüm (bu isə nə Qualtanın, nə də əvvəlki mənin heç vaxt cəsarət etməyəcəyi qədər zərif və zənənə hərəkət idi). Davranışlarıma gəldikdə isə, artıq yüksək səslə danışırdım; həm özüm, həm də Qualta üçün əziz olan “maraq faktorlarının cəmi” və “bilinməyən biznes dinamikası” kimi ifadələrdən istifadə etmirdim; şam yeməklərində qadınlara şərab süzməyi, paltolarını geyinməyə kömək etməyi tərgitmişdim; bəzən ağzıma gələni danışırdım.

Dörd ay sonra Barselonadakı tədbirdə nazik bığ buraxmış, saçları da yadımda qalandan daha çox görünən Qualta ilə qarşılaşdım; o, JPS siqaretlərini bir-birinin ardınca calayırdı və boynuna qalstuk əvəzinə “kəpənək” bağlamışdı; güləndə əllərini yanlarına çırpır, camaatı dirsəyi ilə dürtür və danışanda tez-tez “canın yanmasın” deyirdi. Dəyişməyən tək şey ona olan nifrətim idi. Həmin gecə mən də “kəpənək” taxmışdım.

O andan etibarən ikrah doğuran şəxsiyyətə çevrilmə prosesim başladı. Qualta kimi özündənrazı, düzgün, rəsmi və sentimental (həmçinin mömin) adamın baş qoşmayacağı macəralar axtarırdım, onun Barselonada heç vaxt getməyəcəyi, mənimlə eyni şeyləri edə bilməyəcəyi yerləri gəzirdim.

Ofisə gec gəlib tez çıxmağa başlamışdım, katibələrimi danlayır, boş məsələlərə görə özümdən çıxırdım, tabeliyimdə olan əməkdaşları tez-tez təhqir edirdim, üstəlik, Qualta kimi ayıq-sayıq və mükəmməliyyətçi birinin heç vaxt yol verməyəcəyi səhvlər edirdim. İşdə vəziyyət beləydi. Arvadıma gəldikdə, (otuz yaşımadək) ona həmişə hədsiz hörmət və heyranlıq bəsləmişəm, indi isə onu yavaş-yavaş dilə tutaraq dəxilsiz vaxtlarda və dəxilsiz yerlərdə sevişməyə razı salmışdım (“Yəqin Qualta buna ürək eləməzdi” – gecənin bir vaxtı Prinsipe de Verqarada bir köşkün damında sevişəndə belə düşünmüşdüm), üstəlik, bir neçə ay əvvəl (üçüncü şəxslərdən) eşitsəydik, cinsi pozuntu və cinsi zorakılıq hesab edəcəyimiz seksual oyunlarla da məşğul olmağa başlamışdıq. O gözəllik abidəsi və mən təbiətə zidd hoqqalardan çıxırdıq.

Üç ay sonra Qualta ilə yeni görüşü səbirsizliklə gözləyirdim, artıq onun mənə heç bənzəməyəcəyindən əmin idim. Amma görüşməyə bir bəhanə yaranmırdı. Odur ki, bir həftəsonu özüm təşəbbüs göstərərək Barselonaya yollandım, uzaqdan da olsa, onu izləyib şəxsiyyətində, xasiyyətində baş verən mümkün dəyişikliləri görmək istəyirdim. Daha doğrusu, gördüyüm tədbirlərin effektivliyini yoxlamaq istəyirdim.

Şənbə və bazar günü ümumilikdə on səkkiz saatımı Qualtanın evinə baxan kafedə keçirdim və onun çölə çıxmağını gözlədim. Amma onu görə bilmədim. Məğlubiyyətimi qəbul edib Madridə qayıtmaqla nəyin bahasına olur-olsun onun evinə baş çəkmək arasında tərəddüd etməyə başlamışdım ki, ölü milçəyin qapıdan çıxdığını gördüm. Bu dəfə qadın yaxşı geyinməmişdi. Sanki artıq ərinin uğurları onu süni şəkildə gözəlləşdirməyə yetmirdi, ya da ancaq xüsusi günlərə bəs edirdi.  Amma məni gizləyən qaranlıqda yanımdan gəlib-keçən qadın Madriddə və Barselonada qarşılaşdığımdan daha təlaşlı görünürdü. Səbəbi çox sadə idi və bu orijinal fikirlərimin, gördüyüm tədbirlərin faydasız olduğunu anlamağıma kifayət etmişdi: onun üzündən şəhvət və əxlaqsızlıq yağırdı. Nə qədər fərqli olsalar da, o da mənim gözəllik abidəm kimi azca çaş (cəlbedici), təlaşlı və bulanıq gözlərə sahib idi.

Madridə qayıdanda əmin idim ki, Qualta da bura gəlib mənim evimin qarşısındakı “La Orotava” kafesində oturaraq saatlarla evdən çıxmağımı gözlədiyi üçün bütün həftəsonu onu görə bilməmişdim və mən Barselonada olduğum üçün o da öz istəyinə nail ola bilməmişdi. Bu vəziyyətdən qaçış yox idi.

Artıq inamımı itirsəm də, yenə bir neçə cəhd elədim. Dəyişikliyi tamamlamaq üçün xırda detallar əlavə etdim. Məsələn, “Real Madrid”ə azarkeşlik etməyə başladım, məncə, heç bir “Espanyol” tərəfdarı “Barsa”ya qəbul edilməzdi; şəhərkənarı barlarda anis və kazaya – bu içkilərdən zəhləm gedirdi – içirdim,  Qualta kimi nərmənazik adam bu cür qurbanlar verə bilməzdi; bir də camaatın içində Papanı təhqir etmişdim, rəqibim o qədər ifrat katolik idi ki, belə bir şeyi dəqiq cəsarəti çatmazdı. Amma əslində heç nədən əmin deyildim və yəqin heç vaxt əmin ola bilməyəcəkdim.

Qualtanı tanıyandan il yarım sonra şirkətdəki karyera inkişafım tamam dayanmışdı. Hələ burada işləsəm də, yaxın həftələrin birində qovulacağımı (təbii ki, kompensasiya ilə) bilirəm. Arvadım isə – ya bu pozğun həyat tərzindən bezdiyinə görə, ya da fantaziyam yeni əxlaqsızlıqlar tapmağa bəs eləmədiyinə görə – heç bir izahat vermədən məni tərk etmişdi. Görəsən ölü milçək də Qualta ilə belə rəftar edə bilərdimi? Görəsən onun da şirkətdəki vəziyyəti mənimki qədər pis idimi? Bunu öyrənə bilməyəcəyəm, çünki artıq ona fikir verməməyə çalışıram. Amma işdir birdən Qualta ilə yenidən görüşəsi olsam, iki ehtimal var və hər ikisi dəhşətlidir, bixəbər qalmaq bundan yaxşıdır. Ya indiki mənə çox bənzəyən (yöndəmsiz, mənəviyyatsız, laqeyd, əxlaqsız, kafir və azğın) biri ilə qarşılaşacağam və ona hələ də Xavyer de Qualtanı ilk gördüyüm günki kimi nifrət edəcəyəm, ya da ikinci, daha pis ehtimal yaşanacaq: tanıdığım dəyişməz, nəzakətli, lovğa, sadiq və qalib Qualta ilə qarşılaşacağam. Əgər belə bir şey olsa, bunun ağrısına dözə bilmərəm və beynimdə yalnız bir sual dolaşar: əgər ikimizdən biri təslim olmalı və öz tərcümeyi-halından imtina etməliydisə, niyə bu mən oldum?

 

İspancadan tərcümə edən: İlahə Əkbər

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur