ispaniyada-romantizmin-dahisi-espronseda
Müəllif: Sənan Cabbarlı /Tarix: 2022-06-27 /Oxunma Sayı: 817

İspaniyada romantizmin dahisi-Espronseda.

     Espronseda İspan ədəbiyyatının romantizm dövrünə bəxş etdiyi əsas şairlərdəndir. Esproneda qısa və üsyankar bir ömür sürmüş, inqilabçı və üsyankar ruhlu yazıçıdır.1808 -ci ildə İspaniya ordusunda polkovnik ailəsində anadan olub.  Şair və Fransız maarifçiliyinin pərəstişkarı Alberto Lisztin rəhbərlik etdiyi San Mateo Kollecində təhsil almışdır. Ümumən desək fransız romantizmi İspan romantizminin yaranmasında böyük rol oynamışdır. Romantik duyumu Espronsedanın kiçik yaşlarından şeir yazmağa sövq edir. Hələ kollecdə oxuyarkən, antik Roma sərkərdələrinə tabe olmayan bir İspan şəhərinin adını daşıyan Numaniyalıların gizli cəmiyyətinə qatılır. Amma cəmiyyət hər kəsə açıq təşkilat idi. Buna baxmayaraq Espronseda, Guadalajara’dakı bir monastırda tutulur və həbs edilir. Həbsdə olarkən İberlilərin vətən azadlığı uğrunda mübarizəsini tərənnüm etdiyi “Pelayo” (EI Pelayo) poemasını yazır.Sonralar Espronseda həbsdən qurtularaq Portuqaliyaya qaçır. Lissabonda, evli olan gənc qadınla, general qızı Teresa ilə tanış olur. Onunla birlikdə Espronseda Londona yola düşür.  Londonda qalması, Espronseda yaradıcılığının istiqamətini dəyişən Bayron şeirləri ilə tanışlığının başlanğıcı olur. Azadlıq mübarizəsi qəhrəmanı olan Espronseda nəinki öz xalqının mənafeyini müdafiə edirdi hətta Polşaların rus avtokratiyasına qarşı mübarizəsinə dərindən rəğbət bəsləyirdi və bu mübarizədə iştirak etmək istəyirdi. Bu xüsusiyyəti bizə Bayronu xatırlatmaya bilməz.1830 -cu ildə Espronseda Paris inqilabının iyul barrikadalarında vuruşmağa yollanır. Bundan sonra o və bir qrup mühacir İspaniyaya sızmaq və orada üsyan qaldırmaq cəhdi edirlər.  Amma bu cəhd uğursuzluqla başa çatır.

     Aministiya, Espronseda’nın İspaniyaya qayıtmasına icazə verir. Burjua-demokratik müxalifətin lideri, jurnalist və millət vəkili olur. Ömrünün sonuna qədər Espronseda inqilabi inancına sadiq qalır. Espronseda 1842 -ci ildə 34 yaşında anadangəlmə boğaz xəstəliyindən ölür.Onun cəsədinin qalıqları 1902-ci ildə İspaniya fəxri Panteonuna köçürülür.
     Öz xüsusiyyətləri ilə Espronseda Romantik şairə xas olduğunu göstərir. Bayron kimi, Espronseda da yaşadığı dövrdə xalqların zülmkarlığa qarşı mübarizəsinə, vətənin azadlığı uğrunda mübarizəyə həsr olunmuş siyasi şeirlər yaradır. Amma İspan xalqının mübarizəsi onun maraqlarının əsas mərkəzində qalır. Espronsedanın dünyagörüşünü anlamaq üçün onun tarixi mövzuda yazdığı şeir, “2 May” (EI dos de mayo), çox vacibdir.  2 May 1808, Madrid sakinlərinin Napoleon əleyhinə üsyan günüdür. Bu şeirdə fransızlara qarşı milli azadlıq müharibəsinin tam bir konsepsiyası hazırlanmışdır. Espronseda burada kral sarayına, kraliçaya və sevgilisinə hörmətsizliklər edir. İspan müqavimətinin hərəkətverici qüvvəsi olaraq xalqla onlara qarşı çıxır.

     Dediyim kimi Espronseda digər xalqların mübarizələrinə də öz əsərlərində çox toxunur. Onun ən məşhur iki əsəri “Salamankalı tələbə” (El estudiante de Salamanca, 1839) və yarımçıq qalmış “Dünya iblisi” (El diablo mundo, 1840) idi. Vətənpərvərlik, azadlıq müharibəsi mövzusu “Yunan vətənpərvər mürtədin qızı ilə vidalaşması” (Despedida del Patriota Griego del la Hija del apástata) romantik balladasında öz əksini tapmışdı. Baladın qəhrəmanını, atası onu yunanlara xəyanət edərək türklərin tərəfinə keçdiyi üçün sevgilisindən ayırır. Sevgilisi əzablara və ayrılığa dözmür. Özü də döyüşdə ölür.
     Maraqlı məqamlardan biridə budur ki, vətən Müharibəsi haqqında düşüncələrdən ilhamlanan “Kazak mahnısı” (El canto del Cosaco) şeirinin epiqrafı Atillanın sözləridir. Atillanın, “Atım addımladığı yerdə ot bitmir” ifadəsi şeirin əsas idarəedici qüvvəsidir. Romadakı qədim almanlar kimi, kazaklar da Avropaya hücum etdilər. Espronseda, kazakların sağlamlığına və ibtidai gücünə heyran qalır. Ancaq təcavüzkar hücumlarında Polşanın şərəf və azadlığını məhv edirlər. Muzdlu və əhəmiyyətsiz Avropa sivilizasiyası mövzusu Espronseda poeziyasında əhəmiyyətli bir mövzudur.                 Qəhrəmanlıq dövrlərinin keçdiyi, zamanların mənasız və əhəmiyyətsiz gəldiyi, müasir insanların özlərinin əhəmiyyətsiz və mənasız olduğu düşüncəsi “Napoleonun küllərinin köçürülməsi üçün” (A la traslacion de la cenisas de Napoleon) adlı şeirində güclü ifadə olunur. Şeir 1841-ci ildə yazılmışdır. İspaniya tarixinə nəzər yetirsək Napoleon İspan xalqının düşməni olmuşdur.İspanlar ona qarşı vətənpərvərlik müharibəsi aparmışdılar və bu, Espronsedanın dərin rəğbətini oyadırdı. Ancaq indi Napoleona münasibəti dəyişmək məcburiyyətində idi. Dövrünün müasirləri Stendal və Beranger, Heyne kimi, Espronseda Napoleonu böyük inqilabın varisi və qəhrəmanlıq dövrünün əsas nümayəndəsi kimi görür.

Yazar, Filoloq (İspan dili və ədəbiyyatı)
Sənan Cabbar 



Paylaş:

  1. Azərbaycan Dillər Universiteti Filologiya (İspan dili və ədəbiyyatı)