Jan-Lui Barro - "Teatr haqqında düşüncələr" (davamı)
I. Bizim daxilimizdə teatr necə yaranır
Yöndəmsiz bədən hərəkətləri, qışqırıqlar, nəğmələr, rəqslər, rəsmlər, maskalar, heykəltəraşlığın ilk cəhdləri, çoxrəngli boyama və xüsusi ətirləndirmə, təbilin, zınqrovların, üçlülərin, qurudulmuş balqabaqdan düzəldilmiş oyuncaqların və ya sadəcə bir-birinə toxunan bədənlərin səsi altında oxunan ovsunlar, haldan çıxma, ehtizaz, trans vəziyyətləri - bütün bunlar ədəbiyyata heç bir aidiyyatı olmayan sırf i n s a n l a bağlı təzahürlər idi.
Məhz bu yamsılama və canlandırma ilə bağlı hərəkətlərdə teatrın ilkinliyini görmək mümkündür.
Lakin teatrın bizim daxilimizdə doğulması necə baş verir və o, həyatı canına çəkərək nəyi ifadə etməyə çalışır?
Bizə təsir qüvvəsinə malik ola bilən hər bir incəsənət növü hər hansı duyğumuza məmnunluq bəxş etmiş olur. Eşitmə qabiliyyətindən məhrum olarıqsa rəngkarlığa maraq göstərərik, görmə qabiliyyətindən məhrum olarıqsa meylimizi musiqiyə salarıq. Konsert zalında musiqi dinləyərkən biz hərdən gözlərimizi qapadırıq ki, ifanı daha yaxşı eşidək. Yaradıcı şəxsin incəsənətin dili ilə "danışdırdığı" həyatı biz bəlli anlamda seçim imkanı kimi qavrayırıq və o bizim yalnız bir müəyyən duyğumuza təsir edir.
Halbuki real həyatda biz ətraf aləmi bütün hiss orqanlarımızla, bədənimizin hər bir hüceyrəsilə qavrayırıq. Varlığımızın elə bir hissəciyi yoxdur ki, nəyisə hiss etməsin, elə bir sinirdən məhrum deyilik ki, hər hansı qıcıqlanmaya cavabsız qalsın.
Lakin xarici aləmlə təmasda olarkən biz həm də öz daxili həyatımızı duyub hiss edirik: damarlarımızdan axan qanı, ağız boşluğumuzu nəm saxlayan ağız suyunu, oynaqlarımızın xırçıltısını, nəfəsimizin sədasını və s. və i.a.
Əgər biz bir anlıq donuqlaşıb "bizdən xaricdəki" və "bizim daxilimizdəki bütün varlığımızı saran, gerçəkliyimizin hər anını dolduran bu mübarizəyə qulaq kəsilsək; əgər bütün diqqətimizi toplayıb dərindən fərqinə varsaq, çox çəkmədən bu çoxsəslilik, bütün bu uzaqdan qopub gələn təkanlar və zərbələr, görmə qabiliyyətimizin
üfüqünün sərhədlərindən kənarda əks-səda verən sükutun səsini eşidərik, bu səs irəliləyən indinin, bu günün səssiz addımlarının yüngül, xəfif meh təsirini bağışlayar bizə.
Klodel deyirdi ki, ulduzlar cingildəyirlər; o, ulduzlu səmanı asiman çayniki adlandırırdı.
İndiki hal səssizliyi, sözsüzlüyü ehtizaza gətirərək irəliləyir. Zaman axır, bu gün hərəkət edir, həyat keçib gedir, səssizlik çırpınır. Və biz də çırpınırıq, dəhşətdən çırpınırıq ki, bu qaçhaqaç, bu qovhaqov, bu fasiləsiz həyəcan, bu h ə r ə k ə t dönməzdir və sonda bizi ölüm gözləyir...
Teatr özünün mənşəyinə görə yekzaman incəsənət növüdür, o hazırkı vaxt kəsiyinin vahid anında bizim bütün hisslərimizə - eşitmə, görmə, duyma qabiliyyətimizə, hər bir sinir damarımıza, bütün qavrama və instinkt aparatımıza - təsir göstərir. Mahiyyətinə görə teatr d u y m a s ə n ə t i d i r. Teatr - bu günə, bu ana və deməli gerçəkliyə və onun bütün qatlarına aid sənətdir, orta əsrlərin təbirincə desək, "cəhənnəmdən tutmuş səmayadək", Plutonun yeraltı hökmranlığından kəhkəşanadək. Yaşadığımız anların hər birində yerin mərkəzindən baş alıb fəzada yox olan şaquli xəttdəki nöqtələrin sayı qədər gerçəklik mövcuddur. Teatr - tam anlamı ilə gerçəklik sənətidir. Bu sənət ölüm ayağındadır. Buna görə bizim teatrın emblemində öküz başı təsvir edilib. Bu yaxınlarda Monterlan mənə dedi: "Nəhayət ki öküz döyüşünün dərin mənasını anladım. Bu ki insan taleyidir... sadəcə, insan rolunu öküz oynayır! O həyatı əks etdirən incəsənətin təzahürüdür".
Beləliklə, teatr rəssamı həyatı eyni zamanda bu günün və "bir növ susqunluğun" içərisindən keçərək qavrayır. Daha sonra o həyatı hissələrə bölür və nəhayətdə yenidən qurur.
Bəs onun həyatı hissələrə bölməsi necə baş verir?
Bu gün - ani qığılcımdı, biz isə - onun əksi. Gah ölərək, gah yenidən doğularaq o daim h ə r ə k ə t d ə d i r. Varolmasını davam etdirərək bu gün özünü qoruyub-saxlamaqdan ötrü mübarizə aparır, hər şeyi özündə cəmləşdirməyə və yolunun üstündəki maneələri dəf etməyə çalışaraq n ö v b ə l i ş ə k i l d ə hərəkətdən hərəkətsizliyə k e ç i r. Bu hərəkətdən şövqə gələrək o dəyişikliklərin belə xassəsinə baxmayaraq, özünün dəyişməz ritmini saxlayan zamanın amansız axarına tabe olur.
Və rəssam həyatı müşahidə edəndə onu h ə r ə k ə t adlana biləcək, q a r ş ı l ı q l ı ə l a q ə n i doğura biləcək, r i t m d ə özünü ifadə edəcək hər bir nəsnə heyrətə gətirir.
Rəssam gerçək, sirayətedici və hissiyyatlı həyata o qədər yaxındır ki, reallığı canlandırmaq aləti seçərkən o həyatın zəif əks-sədası olan abstrakt tərz, iki ölçü sənəti - rəngkarlıq və ya həcmli heykəltəraşlığı seçə bilər. Ona ən yaxın olanı musiqidir, amma o da həyatla təmasda olarkən duyduğumuz dərin hissləri çatdıra bilmir.
Rus dilindən tərcümə etdi: Samirə Behbudqızı