teatrda-oten-esrin-80-ci-illerinden-baslayan-tenezzul-hele-davam-edir
Müəllif: Samirə Behbudqızı /Tarix: 2024-09-11 /Oxunma Sayı: 72

“Teatrda ötən əsrin 80-ci illərindən başlayan tənəzzül hələ davam edir”

İsrafil İsrafilov: “Niyə başqa sahələrə qəbul balı 600-700-dür, aktyorluğa qəbul isə 150? Məgər aktyorun intellekti, erudisiyası olmamalıdır?”

 

Yeni teatr mövsümünün açılışı ərəfəsindəyik. Bəri başdan teatr sənətimizə teatralları sevindirən sənət bayramı, səhnə əsəri adlana biləcək tamaşalar və tamaşaçı sayının artmasını arzulayırıq. Bütün bunlar isə müvafiq iş şəraiti, yaradıcılıq ab-havası tələb edən məsələlərdir. “Müvafiq iş şəraiti”, “yaradıcılıq ab-havası” – əslində, bunlar son dərəcə geniş anlayışlardır və incələməyə lüzum yoxdur, deyə düşünsək də, hər halda, üzərində dayanılmalı məqamlar var...

Çağdaş dövrümüzün görkəmli teatr nəzəriyyəçilərindən biri, Mədəniyyət Nazirliyi nəzdində dövlət sifarişi ilə qoyulan tamaşaların Ekspert şurasının sədri, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovla söhbətimiz də bu xüsusda görüləcək işlərin çoxluğunu bir daha xatırlatdı.

 

– İsrafil müəllim, teatr tənqidçisi olaraq teatrımızın bugünkü mənzərəsi sizə nə “deyir”?

– Azərbaycan teatrı sırf yaradıcılıq, sənət axtarışları və bunlara yaradılmış şərait baxımından tənəzzül dövrünü yaşayır. Bu tənəzzül 80-ci illərdən başladı, teatr sənətimiz səmtini itirdi. Bunun bir neçə səbəbi var – ictimai-siyasi quruluşda başlayan sapınmalar, görkəmli teatr xadimlərinin dünyasını dəyişməsi, aktyorlar arasında nəsil dəyişilməsinə hazırlıqlı olmamağımız, əvvəlki aktyorları əvəz edə biləcək yeni aktyor nəslinin yetişdirilməməsi. Bunların hər biri çox ciddi səbəbdir. Aktyor nəsilləri arasında uçurumun yaranmasının qarşısını almaq elə də çətin məsələ deyil. Yetər ki, yersiz qısqanclıq olmasın. Müxtəlif teatrlar arasında aktyor, rejissor mübadilələri olmalıdır. Bundan əlavə, dünya teatr prosesinə inteqrasiyaya tam ciddiyyəti ilə yanaşmaq lazımdır. Bu olmasa, yaradıcılıq tapıntılarından danışmaq mümkün deyil.

 

– Teatr tariximizdə qürur duya biləcəyimiz adlar, sənət səhifələri az deyil. Uzun illər bu sahədə pedaqoji fəaliyyəti olan alim kimi necə düşünürsünüz, o səhifələrin davamını “yaza” biləcək sənətkarların yetişməsi və özünü ifadə etməsi üçün nə lazımdır?

– Əvvəla, onu deyim ki, hər xalqın bəxtinə 150 illik teatr tarixi yazılmayıb. Biz bunun qədrini bilmirik. Bu 150 illik tarixin şərəfli adları olan, teatr sənətimizin yaranmasında fövqəladə xidmətlər göstərmiş sənətkarlarımız var ki, onların məzarı yoxdur. Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb üçün rəmzi məzar yaradılması ideyam var idi. Amma bu ideya əks-səda doğurmadı. Biz çalışmalıyıq ki, gənc nəsil səhnə sənəti tarixində dərin iz qoyub getmiş Adil İsgəndərovun, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Vaqif İbrahimoğlunun, Hüseynağa Atakişiyevin və digər istedadlı, bacarıqlı rejissorlarımızın, adlarından ibarət siyahı daha uzun olan gözəl aktyorlarımızın irsi haqqında məlumatlı olsun. Astronomiyada belə bir hal var: hər hansı bir ulduz sönəndən dörd il sonra onun işığı gəlməkdə davam edir. Sənətkarlar da belədir – dünyalarını dəyişəndən illər sonra onların da ziyası saçmaqda davam edir. Əlbəttə, yaxşı olar ki, onların adları əbədiləsdirilsin, yubileyləri layiqli şəkildə qeyd edilsin, festivalların keçirilməsi intensivləşsin. MDB-nin bir çox respublikalarında mənzərə məhz bu cürdür. Bizim onlardan yalnız teatr sənətinə əhəmiyyət vermək cəhətimiz əskikdir.

Fövqəladə istedad sahibi olan sənət adamlarını Allah digər bəndələrindən bir az daha artıq sevdiyinə görə onlara müstəsna istedad verib, bu dünyaya göndərib ki, digər insanlar onlardan muğayat olsunlar, onların qədrini bilsinlər. Kimsə vəfat edəndə biz deyirik ki, filankəs ömrünü sənə bağışladı. Biz, mədəniyyət xadimləri hansı yaş nəslinə mənsub olmağımızdan asılı olmayaraq dünyasını dəyişmiş sənət fədailərimizin müstəqim və ya məcazi mənada davamçılarıyıq, onlar ömürlərini bizə bağışlayıblar.  Lev Tolstoy demişkən, ömür Allahın insana bəxş etdiyi böyük mükafatdır, onu Allaha layiq yaşamaq lazımdır. Bunu unutmaq olmaz. Ömür boyda qənimətə etinasız yanaşıb, ömrünü bizə bağışlamış kəslərin ruhuna, qoyub getdikləri irsə dönük çıxmaq düzgün deyil. Teatr çox böyük təsir gücünə malik bir incəsənət növüdür. Teatr mədəniyyətin, cəmiyyətin bütövlükdə halını əks etdirməyə qadirdir. Çünki teatr ideoloji bir məkandır, məfhumdur. Biz teatrın bu xassəsindən azərbaycançılıq məfkurəsini yaratmaq naminə istifadə etməliyik.

 

– Nə etməliyik ki, buna nail olaq?

– Hər şey ondan başlayır ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul balı 150-dir. Bu nə deməkdir? Niyə başqa sahələrə qəbul balı 600-700-dür, aktyorluğa qəbul isə 150? Məgər aktyorun intellekti, erudisiyası olmamalıdır? Özü də aktyorluğa qəbul bir mərhələdə aparılmamalıdır. 150 illik teatr tarixi olan bir ölkə üçün normal hal sayıla bilməz. Avropada, Rusiyada, Gürcüstanda aktyorluq ixtisasına qəbul bir neçə mərhələdə aparılır, mərhələlərin hər birində abituriyentin ayrı-ayrı bacarıqları yoxlanılır. Teatr menecmenti tamam ayrı bir ixtisasdır, teatrın texniki heyətinin üzvü olmaq da həmçinin. Bu ixtisasları oxuyub öyrənmədən həmin vəzifələrdə çalışmaq geriyə addım atmağa bərabərdir.

Bu xüsusda Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında sıx əlaqənin olmasını istərdim. Bu əlaqə çox zəifdir. Mədəniyyət sahəsinin korlanmasının ekoloji problemlərini Elm və Təhsil Nazirliyi yaradır. Nəticədə ADMİU-nun diplomu ilə taksi sürücüluyünü peşə seçənlər çoxalır. Son 10-20 ildə yüzlərlə aktyor, rejissor, teatrşünas  məzunumuz olub. Hanı onlar? Sənətdə nə qədər hissəsi qalıb? Bütün bunlar azmış kimi, Tədris Teatrının binasını da söküblər. Tələbələr məcbur qalıb burda (ADMİU-nun tədris binasında – red.) növbəli şəkildə məşq edirlər. Məşq üçün yararsız olan adi bir məkanda.

Azərbaycanın coğrafi mövqe baxımından müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşdiyini unutmamalıyıq. Bu o deməkdir ki, dünyanın mütərəqqi teatr cərəyanlarını tətbiq edərək milli teatr ənənələrimizə uyğun səhnə əsərləri qoyulmalıdır. Azərbaycanın bir tərəqqipərvər dövlət, bir müstəqil respublika olaraq dünya miqyasında tanıdılması istiqamətində çox böyük işlər görülür. Mədəniyyətimiz də bu işlərin miqyası ilə ayaqlaşmalıdır.

Samirə Behbudqızı

Mənbə: https://www.medeniyyet.az/ 

Paylaş: