Horatsi və onun normativ dram nəzəriyyəsi
Romada poetik nəzəriyyə və dramatik sənətin prinsipləri Kvint Horatsi Flakın yaradıcılığında əks olunub. Onun baxışları “Pizonlara namə” və yaxud “Poeziya sənəti”, yaxud lap qısa şəkildə “Poetika” adlanan əsərdə əks olunub. Şeirlə yazılmış bu traktatda Horatsi poeziya yaradıcılığının ümumi prinsipləri ilə yanaşı həmçinin dram əsərinin kompozisiyasını müəyyənləşdirən qaydaları necə anladığını göstərir. Onu bu əsəri yazmağa Aristotel, Neobtolem və digər yunan nəzəriyyəçiləri ilhamlandırır. Amma Horatsi onların yazdıqlarını öz dövrünün Roma teatrına uyğun şəkildə şərh edirdi. Roma ədəbiyyatı tarixindən məlumdur ki, respublika dövrünün sonu imperiyanın ilk illərində pyeslər heç cür səhnədə qərarlaşa bilmirdi. Tamaşaçıları kobud əyləncələr daha çox maraqlandırırdı: mimlər, sirk, qladiator döyüşləri.
Horatsi isə istəyirdi ki, səhnədə ciddi dramaturgiya yer alsın. Buna görə də o, poeziya sənətində dram sənətinə daha çox yer ayırır. Bu əsərdə bildirirdi ki, poeziyaya əyləncə kimi yanaşmır. Ədəbiyyat insanın dünya qavrayışını müəyyənləşdirən mənəvi həyatın tərkib hissəsidir. Onun incəsənətə münasibətini fəlsəfə adlandırmaq olar. Bu mənada hətta Aristotel Horatsidən geri qalır. Horatsi peşəkar filosof olmadığına görə öz yaradıcılığını fikrin poeziyası kimi dəyərləndirə biləcəyimiz formaya salmışdır. Ona görə də poeziyada başlıca qənaət bundan ibarətdir: “Düzgün yazmaq istəyirsənsə, düzgün fikirləş. Bunu hələ Sokrat məktəbi öyrədir. Düşünülmüş predmetin ardınca nitq özü gələcək.” O, düşünür ki, predmetin məntiqi bədii ifadə və məntiqini diqtə edir. Əgər Horatsinin yazdıqları tədqiqat kimi qəbul olunmursa, Aristotel yazdığı poetikasını özündən əvvəlki dramaturgiyaya istinadən yerinə yetirib. Horatsinin isə bu təcrübəyə, Roma pyeslərinə istinad etmək imkanı olmayıb. O, keçmişdə olanları deyil, əslində necə olmalıdır haqqında yazıb. Yaradıcılığın qaydalarını göstərdiyinə görə Horatsinin poetikasını “normativ” adlandırırlar. Əgər Roma o dövrdə qədim yunan tragediyalarından fərqli tragediyalar təqdim etsə idi, Horatsinin normativ poetikası məhdud xarakterli olardı. Yəni bu dövrdə Plavt və Terensinin komediyaları mövcud idi və ayrıca Roma tragediyası deyilən istiqamət yaranmamışdı.
Horatsi müasirləri qarşısında bütöv bir ədəbi proqram irəli sürür. Onun traktatı bir növ manifest , məqsədi isə ədəbiyyatı daha yüksək səviyyəyə qaldırmaq idi. Horatsi düşünürdü ki, yunan klassiklərinin əsərləri yüksək dəyərləndirilməlidir. Bununla belə yazıçılar bu əsərləri kor-koranə təqlid etməməlidirlər. Ədəbi nümunələr sənətkarlığın öyrənilməsi üçün istifadə oluna bilər. Ədəbi nümunələr sənətkarlığın öyrənilməsi üçün istifadə oluna bilər, ancaq yaradıcılığın mənbəyi gerçəklikdir. O, düşünürdü ki, heç bir qafiyə gözəlliyi boşluğunu ört-basdır edə bilməz. Əsər bədii dəyərdən məhrumdursa, amma həyat qanunlarını düzgün əks etdirirsə, bu gözəl amma boş şeirdən daha məqsədəuyğundur. Tragediyanın məqsədi ibrətamizliyindədir. Bu o demək deyil ki, sujet öz-özlüyündə ibrətamiz olmalı və əxlaqdan kənara çıxmamalıdır. Bu cür ibrətamiz sözlər xora həvalə olunmalıdır. Pyes əxlaq normalarından kənara çıxan hadisələri göstərə bilər, amma bu zaman daim tamaşaçıya əxlaqın köklərinin nədən ibarət olduğunu xatırladacaqlar.
Poeziya, həmçinin dramaturgiya yalnız ağıla deyil, həmçinin tamaşaçının hisslərinə də sirayət edir. Tamaşanın sujeti dramaturji əsərin əyləncəli hissəsini təşkil edir. Eyni zamanda o həm də, əxlaqi başlanğıcı qərarlaşdıraraq fayda gətirir. Horatsi deyir ki, yazıçının 3 imkanı var: əyləncə və ya ibrətamiz məqsədlə yazmaq, ya da hər ikisindən istifadə edərək yazmaq. Horatsiyə görə 3-cü məhz ədəbi normanı təşkil edir. Horatsinin irəli sürdüyü başlıca prinsip məhz əyləncə və faydalılığın cəmindən ibarətdir. Horatsinin bədii təsvirin gerçəkliyə uyğun olmasına dair qənaəti də prinsipial əhəmiyyət daşıyır. Bu fikir nümunəvi formada verilməsə də, konkret şəkildə deyilir ki, dram əsərində insanlar uyğunluğa riayət olunmaqla təsvir olunmalıdır. Daha sonra Horatsi müxtəlif yaş dövrlərinə xas xarakteristikanı əks etdirməyə başlayır.
Horatsinin fikirləri öz dövrünə kimi yığılmış bədii təcrübəni ümumiləşdirir. Bu düşüncələr tipikləşdirmə prinsipinin ilk ifadələrindəndir. Amma o, şairlərin yaradıcı fantaziyasını sıxışdırmır və onların yeni obrazlar yaratmasına dəstək olur. Məsələ bundadır ki, Horatsi yunan nümunələrinə əsaslanmağı düzgün sayır. Deməli, dramaturqları da məlum sujet və xarakterlərdən istifadə etməyə çağırır. Ancaq o, düşünürdü ki, dramaturq səhnədə özündən qabaq rast gəlinməyən obrazı işləyərsə, o, mütləq ardıcıl olmalıdır. Nəticədə obraz ümumiləşmiş əhəmiyyət qazanır. Horatsi düşünür ki, dramatikliyin mühüm şərtlərindən biri əməl hərəkət xəttinin əyaniliyi və canlı konkretliyidir. Dramaturqun qarşısında iki imkan var: hadisələri göstərmək, yaxud onun haqqında personajların dilindən danışmaq. Hansının düz olduğunu isə təcrübə göstərir.
“Qulağa təsir edənlər qəlbimizə daha az toxunur. Tamaşaçı gözləri ilə gördüyünü isə daha təsirli sayır.” Bu heç də o demək deyil ki, səhnədə hər şeyi göstərmək lazımdır. Bəzən əyanilik, bu gün bizim deyə biləcəyimiz kimi naturalizm anti-estetik effekt verə bilər. Horatsi müəyyən məqamların səhnədə göstərilməsinin əleyhinə çıxır. Horatsinin misal çəkdiyi(Medeya, Atrey) iki cür olur.
- Hər cür qəddarlıqlar.
- Səhnədə göstərmək qeyri-mümkün fantastik hallar.
Estetik effektin qorunması üçün həmin o hadisələr ki, dramaturji əsərdə təsvir olunması qeyri estetikdir. Ancaq sujet üçün mühüm əhəmiyyətə malikdir, hər hansı personajın dilindən söylənilə bilər. Aristotel kimi o da düşünürdü ki, hadisələr daxili qanunauyğunluğa əsasən inkişaf etməlidir. Düyünün açəlması zahiri hadisələrlər bağlı olmayıb təbii şəkildə öz həllinə çatmalıdır.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur