Aqşin Yenisey. Kəlləmayallaq
Adəti idi; əsəbiləşəndə dişlərini əlinə götürüb danışırdı; bu vaxt iki ağzı olurdu; biri əlində susan dişli, o biri sifətində üyüdüb-tökən dişsiz pəltək ağzı. Yenə dişləri əlində idi Məhəmmədhəsənin, deməli, yenə cin atına minmişdi. Yeniyetmə oğlu isə, sanki, onun əsəbi-əsəbi verdiyi öyüd-nəsihətini qulaqardına vurmaq, ələ salmaq üçün həyətin ortasında avaralanan, qarnizonda döyüş yolu gözləyə-gözləyə qalıb tənbəlləşmiş, lazımsızlıq yükünün ağırlığı altında yanlarını basa-basa yeriyən ağ paltarlı rus kazakları kimi var-gəl edən qaz alayının arasında əlləri üstə gəzişirdi; kəlləmayalaq…
Yox, bu şəkildə alınmayacaq, gərək, lap başdan danışım.
“Məhəmmədhəsən əminin arvadı doğur!”
“Məhəmmədhəsən əminin arvadı doğur!”
Kələ-kötür boy-buxunlu uşaqlar, az qala, yarım əsr idi kəndin ortasında patriarxal ənənəyə uyğun olaraq doğan arvadın özünün deyil, ərinin adını bağırdığı bu xəbərlə doğub-əmizdirmək işini qatlayıb taxçaya qoyaraq arxayınlığa çıxan arvadların üstünə götürülürdülər. Doğan arvad idi, ad Məhəmmədhəsənin, çünki doğan arvad onun arvadıydı və artıq onun evində adi bir öhdəliyə çevrilmiş, əslində isə yaradılışın bir parçası olan bu iş onun heç yerdə açıb-ağartmadığı zəhmətinin bəhrəsi idi. Öz əməyini gözə soxmaq kişiyə yaraşmaz! Xalq, onsuz da, hər şeyi görür və bilirdi, indi kəndin ortasında car çəkilən “Məhəmmədhəsən əminin arvadı doğur!” harayı da xalqın kişi zəhmətinə verdiyi dəyərin göstəricisi idi.
“Uşaq tərs gəlir, imam haqqı, daldalı doğulur… Allah, özün əl yetir! – doğuş heyətinə rəhbərlik edən arvad başını doğan pasiyentinin üstünə örtdüyü mələfənın altından çıxarıb dedi. – Birinci dəfədi, daldalı doğulan uşaq görürəm. – Və yenidən başını mələfənin altına soxdu. – Əkəninin beli qırılsın, Dərəbəy!” – Mələfənin altında duanı qarğışla tamamladı. Dərəbəy? Bu hardan çıxdı? Heç kim bilmədi. Qan-tər içində olan mələfənin altında uşağa ad qoyuldu: Dərəbəy! O Dərəbəy, bu Dərəbəy! Pıtraq kimi yapışdı uşağın üstünə.
Məhəmmədhəsən əminin yeddi qızı vardı; hamısı da göyçək Fatma! Təndirdə oturub, əlində ayaqqabı tayı qapılarını döyəcək marksist şahzadənin yolunu gözləyirdilər. Yeddi qızdan sonra bir oğlu oldu, amma uşaq dünyaya niyə dal-dala gəldi, onu heç allah da bilmədi. Kitab açdılar, yerin altından da, üstündən də xəbər verən o boyda kitabdan cırt deyə bir kəlmə çıxmadı; Məhəmmədhəsən kitaba hirsləndi: “Yığışdırın o kitabı, ziyanlıq vurmasın, xeyri lazım deyil!” Cindara getdilər, cindar pinkoda düşdü; Məhəmmədhəsən əsəbindən güldü: “Bacı, heç nə demirəm, pox olsun sən görən işin içinə!” Yalqız və dar qapıdan bir “Niva”ya doluşub şəhərdə Rusiyadan gəlmiş ekstrasensin qəbuluna düşdülər, boşuna yüz səksən üç manat verdilər; Məhəmmədhəsənin səbri tükəndi “Pul ver, dərdini dinləyim, tfu, sənin dünya sifətinə!” İrandan gələn mollanın da əlindən-götündən bir iş gəlmədi. Hətta “oğlum olsa, qurban kəsəcəyəm” deyib boyun olduğu toğlunu da kəsməyə gətirəndə bıçaq altına getməmək üçün dirənən heyvanın piyli dalına əsəbindən bir təpik ilişdirdi Məhəmmədhəsən. Dalına təpik vurularaq verilən qurban qəbul olunarmı, olunmaz! Özünə hörmət edən hansı tanrı belə alçaldılmış qurbanı qəbul edər? Bunun bir bəlası olacaq; bütün kənd bu təpiyə görə yuxarıdan göndəriləcək o bəlanın yolunu gözləməyə başladı. Hətta bəzi ailələr qorxudan qurbanın ətindən yemədilər, gecə aparıb təmiz bir yerdə basdırdılar ki, xətasından-bəlasından uzaq olsunlar.
Qış gəlincə səbəbi bilinməz qalan dal-dala doğulmaq məsələsi uşağın alın yazısı olaraq ailə tarixçəsinə qeyd olundu və söhbət Xızır peyğəmbər kimi qar altında qaldı. Həm də yeddi qızdan sonra dal-dala, böyürrəmə, hər nə isə doğulan oğlandan sonra Məhəmmədhəsən əkməyə tövbə etdi, arvadı da avtomatik olaraq doğmağa. Qonşunun kişisindən doğmayacaqdı ha!
Dərəbəy isə böyüməyində idi; dal-dala süründü, dal-dala iməklədi, hamı bir-birinə ürək-dirək verdi ki, əşi, yeriyəndə düzələcək, yeriyəndə düzəlməsə də evlənəndə yüz faiz düzələcək. Evlənmək bə nə üçündür? Gör ölkədə nə qədər maymaq, gicbəsər, avara evlənib adam olub adamlara qoşulub. Arvad dediyin dəzgah kimi bir şeydi, əyri-üyrü, zırrama bir kişini bu başından soxursan, o başından cəhrə ipi kimi düppələmdüz bir şey çıxır. Düzdür, kişiliyindən bir xeyli qəttələnir, “zato” daha əvvəlki heyvərədən əsər-əlamət qalmır.
Amma…
Bir gün Məhəmmədhəsənin arvadı, Dərəbəyin anası evin ortasında xəmir tabağı ilə süpürləşəndə fikir verdi ki, uşaq ayaqlarını divara söykəyib əlləri üstə qalxmağa cəhd edir. “Meymun doğmuşam nədi? – öz-özünə quşqulandı, – əlləri qalıb, ayaqları ilə niyə divara dırmaşır, bu xarabanın oğlu?”
Arvad bir saatdır altına yıxıb özdələdiyi tabağın üstündən qalxıb əli xəmirli-xəmirli şığıdı həyətdə təkcənə oturub tüstülənə-tüstülənə fikrə getməyə vərdiş etmiş ərini çağırmağa. Məhəmmədhəsən yenə həmişəki yerində eşşəklə qabaq-qənşər oturub tütün ovurdu; hər ikisi yenə fikir çəkirdilər; eşşək bu, Məhəmmədhəsən o biri dünyanın fikrini. Hər ikisi həmişəki kimi bir-birinin üzünə deyil, yerə baxa-baxa susurdu; eşşəyin dərdi, deyəsən, daha ağır idi, qabağına bir vedrə araq qoysan, birnəfəsə içərdi yəqin ki. Eşşəklə sahibini illərdir bu vəziyyətdə görən kəndlilər dedi-qodu yaymışdılar ki, guya, Məhəmmədhəsənin başı xarab olub, eşşəklə söhbət edir. Hamını da maraq götürmüşdü ki, görəsən, onlar xəlvətə çəkilib nə barədə danışırlar, kimin qeybətini qırırlar, kimin kürkünü yamayırlar? Görəsən, Məhəmmədhəsən eşşəyə nə deyir və eşşək ona nə cavab verir? Hətta eşşəyə qibtə edən olmasa da, Məhəmmədhəsənin paxıllığını çəkən var idi ki, bəxtəvər başına, eşşəyin də ən ağıllısı, dilli-dilavəri ona rast gəlib, yoxsa bizim eşşəklər, ağnayıb, anqırmaqdan başqa bir poxa dərman deyillər. Məhəmmədhəsənin bəxti onda gətirmişdi ki, eşşək də özü kimi erkək idi, yoxsa elin çuval ağzını yummaq olmazdı.
“Dərəbəy divara dırmaşır!” – Heç vaxt adını çəkməyən arvadının həyəcanlı səsinə fikirdən ayıldı Məhəmmədhəsən, eşşək də düşüncələrinə ara verdi, əngini var gücü ilə açıb əsnədi, balıqqulağı boyda olan dişlərini göstərməklə baş verən hadisəyə özünün ziyalı, üzr istəyirəm, eşşək mövqeyini bildirdi.
“Əlləri ilə, ayaqları ilə?” – Məhəmmədhəsən ümidsiz bir yorğunluqla soruşdu.
“Gəl, özün bax” – arvad sözünü deyib arxasını çevirib getdi, Məhəmmədhəsən arvadın, eşşək Məhəmmədhəsənin dalına düşüb uşağa baxmağa getdilər.
Dərəbəy ayaqlarını divara söykəyib əlləri üstə yeriyirdi; Məhəmmədhəsən bir neçə dəfə arvadının və başını qapıdan evin içinə soxmuş eşşəyinin gözlərinin qabağında uşağı düzünə çevirsə də, Dərəbəy atasının əlindən qurtulan kimi yenidən qıvrılıb tərs çevrilir, divarda kəlləmayallaq dayanırdı. Bu, onun xoşuna gəlirdi. Axırda Məhəmmədhəsən yenə əsəbiləşdi, bu dəfə protez dişlərini çıxarıb arvadına verdi ki, saxlasın, özü isə bəxtini söyə-söyə uşağı zorla ayaqüstə çevirib kəlləmayallaq dayanmağa qoymadı. Dərəbəy ağlayıb özünü öldürdü. Nəhayət, təngə gələn ata ondan əl çəkdi və uşaq kiriyib yenidən sevincək halda divarda kəlləmayallaq dayandı.
“Həkimə göstərmək lazımdı!” “Mirnəcəf ağanın ocağına aparmaq lazımdır”, “Onun əlacı İrandadır”, “Sən oğlun olduğu üçün kəsdiyin qurbanlıq toğlunun dalına təpik vur, sonra da de ki, uşaq kəlləmayallaq yeriyir!” “Bu yaşda uşaq əkərlər, ay Məhəmmədhəsən, allahına şükür elə, Səfərağanın arvadı kimi siçovul doğmadı arvadın!” “Namaz qılma, oruc tutma, allahı saya salma, sonra da gileylən ki, uşağım kəlləmayallaq yeriyir, yeriyəcək də!” “Günah arvaddadır, zalımın qızı, görürsən kişinin gözünün xırı yoxdu, özün bir az əlli tərpən də, əh!” – Dərəbəyin kəlləmayallaq yeridyi söhbəti yayılandan sonra kənddə hər ağızdan bir avaz gəldi. Hər zurna öz havasını çaldı.
Amma olan olmuşdu!
Heç bir il keçmədi ki, kəndin itoynadan gəncləri kəlləmayallaq yeriyən balaca Dərəbəyin görüntüləri ilə sosial şəbəkələrdə “like” yarışına girdilər. Bu görüntülər interneti başına götürdü; saytlar, telekanallar “Azərbaycanda kəlləmayallaq yeriyən uşaq doğulub”, “Kəlləmayallaq yeriyən uşaq: Azərbaycan şokda!”, “Kəlləmayallaq yeriyən uşağın görüntüsü rekord qırdı” və bu kimi demokratik reytinq gətirən başlıqlarla Dərəbəy üçün dünyanı simgələyən uçuq daxmadakı varlığını xalqa müjdələdilər. Dərəbəyin sosial şəbəkələrdə izlənmə sayı son illər reytinqlərin şahı olan “Vətəndaşın içinə girən cin çıxmaq istəmir”i geridə qoydu.
Necə deyərlər, kəlləmayallaqlıq maymaqlığı toza basdı.
Ticari qorxusunun kürəyini xalqın yetim-yesirə acımaqdan ötrü sino gedən dini-mənəvi duyğularına söykəmək, piştaxtasını məmur təpiyindən qorumaq üçün fürsət axtaran, əl tutub bal yalamaq üçün altdan-altdan ölkədə vələmyesirlərin bol olmasını arzulayan xeyirxah tacir-möminlər dərhal qarışqa kimi “şikəst uşaq” şirəsinə yığışdılar və biri o birinin belinə çıxıb uşağın müalicəsinə lazım olan xərci öz boynuna götürdüyünü telefonla çəkdikləri canlı yayımlarla xalqa bəyan etdilər. Məlum oldu ki, ölkədə bu cür nadir xəstəliklərdən başı çıxan həkim yoxdu. Balaca Dərəbəy müalicə adı ilə əlləri üstə yeriyə-yeriyə İrandan girib Turandan çıxdı, İzrailin, Almaniyanın xəstəxanalarını kəlləmayallaq halda ayaqdan saldı, hər dəfə atası Məhəmmədhəsən onu xarici ölkələrdə əlindən deyil, ayağından tutub həkimə aparanda rəngbərəng yad millətlərin içində tər tökdü, o da rəng verib rəng aldı, bir növ, beynəlmiləlləşdi, amma ümidini itirmədi, ta orientalizm tərbiyəsi almış alman həkimlər gülümsəyərək onun kəlləmayallaq oğlu ilə şəkillər çəkdirib sosial şəbəkələrdə paylaşana qədər. Onun dərdinə gülən xristian həkimlərin bu davranışını Məhəmmədhəsən həm də bütün müsəlman dünyasına olan lağlağı münasibət kimi qəbul etdi. Bu, isə onun qırmızı xətti idi: oğlundan keçərdi, inancından yox! Odur ki, uşağı qoltuğuna vurub, dişləri cibində, Almaniyaya daş qoyanın atabatasını söyə-söyə evə qayıtdı. Həm də biryolluq!
Qapının biri bağlananda o biri açılır. Xoşbəxtliyin bədbəxtliyə çevrilməsi an məsələsi olduğu kimi, bədbəxtliyin də xoşbəxtliyə çevrilməsi eyni sürətlə baş verir. Həyat bu qədər axmaq gözlənilməzlik üzərində qurulub.
Kirli bizneslərinə allahdan bərəkət, xalqdan hörmət, hökumətdən minnət uman və buna görə də müalicəyə yardım edən tacir-möminlərin pulunu əcnəbi həkimlər Hippokrat andını pozmadan yeyəndən sonra növbə insan faciələrini şöhrətə və komforta çevirən yaradıcı adamlara çatdı. Youtuberlər, vloggerlər, bloggerlər, həvəskar rejissorlar növbəyə düzülüb Məhəmmədhəsənə pul təklif edərək Dərəbəyi çəkmək, danışdırmaq, dünyaya tanıtmaq istədiklərini bildirdilər; dərdli ata ürəyi buna razı olmadı, amma kasıb ata cibi ağzını açıb gözünü yumdu. Nəhayət, cib ürəyi razı saldı; beləliklə, kəlləmayallaq uşaq evə pul gətirməyə başladı, həm də bu evdə heç vaxt heç kimin yuxusuna belə girməyən məbləğdə.
Məhəmmədhəsənin və ailəsinin həyatı alt-üst oldu; evdən yad, həm də sırtıq şəhər adamlarının ayağı kəsilmirdi; youtuberlər, vloggerlər, bloggerlər günlərlə, bəzən həftələrlə onlarla eyni otaqda yatırdılar ki, Dərəbəyin heç bir hərəkətini gözdən qaçırmasınlar. Hətta bir səhər Məhəmmədhəsən ayılıb görəndə ki, gecə səhərəcən böyründə tıs vurub yatdığı adam arvadı deyil, bir həftədir onun yorğanına şərik olan saç-saqqalı vlogger gədədir, bərk dilxor oldu, amma çəkiliş üçün bir ətək pul almışdı deyə üstünü vurmadı. Onsuz da, arvadla haqq-hesabı bağlamışdı.
Vlogger gədə kamerasını ən uyğun perspektivdən yorğan-döşəkdə də kəlləmayallaq yatan Dərəbəyin üstünə tuşlayandan sonra o müdhiş anı qaçırmamaq üçün Məlikməmməd kimi barmağını kəsib yarasına duz bassa da yuxuya qalib gələ bilməmişdi, fərqinə varmadan Məhəmmədhəsənlə arvadının böyrünə dürtülüb yatmışdı. Yaxşı ki, qızlar o biri otaqda yatırdılar, bu kinomatoqrafik həngamələri görmürdülər. Məhəmmədhəsəni ən çox əsəbiləşdirən şəhərdən gələnlərin uşaqla yanaşı, eşşəyə də dinclik verməmələri idi; yazıq eşşəkdən biri düşüb o biri minirdi. Şərq müdriklərindən biri haradasa onlara demişdi ki, eşşəyə minənin bəxti açılır, bununla da Şərq eşşəklərini zibilə salmışdı. Çünki Şərqdə padşahlardan başqa bəxti açıq olan adam yox idi. Yazıq eşşəklər milyonlarla insanın bəxtini açmalıydılar. “Eşşək minməklə bəxt açılsaydı onda gərək Məhəmmədhəsənın indi kərpici də qızıldan olaydı, üç yaşından eşşəyin belində idi!” – Şəhərdən gələn ali təhsilli qonaqlarının cahilliyinə baxıb düşündüyü yerdə birdən ağlına gəldi ki, eşşəyə minməyi də pullu etsin və bu işi arvada tapşırsın. Çünki bir youtuberin yanına salıb gətirdiyi və gecələr utanmadan Məhəmmədhəsənin ailəsi ilə birlikdə yatdıqları otaqda, guya, gizlincə altdan-altdan qayırdığı dalşalvar, genyaxa xanım bütün günü həyətdə eşşəyin üstündən düşüb altına girirdi ki, yazıq eşşəyin dal ayaqlarının arasına qısılmış tısbağasını qıdıqlayıb qınından çıxmağa sulandırsın və uzunluğunu ölçsün. Hərdən yolçunu əliboş qaytarmağın günah olduğunu anlayan eşşək bütün var-yoxunu çıxarıb ortaya qoyanda qız gözlərini əlindəki mavi rəngli bez metrölçənə bərəldərək Məhəmmədhəsənin, arvadının və eşşəyin qulağı eşidə-eşidə həyətin ortasında bayquş kimi qəhqəhə çəkib sevgilisi youtuberə çığırırdı: “43 santimetr, Akuş, boyunuzu yerə soxum, siz də özünüzə kişi deyirsiniz!” Eşşək bu sözlərdən hiss etdirmədən qürrələnsə də yazıq Məhəmmədhəsənlə arvadı utandıqlarından bilmirdilər başlarını həyətdə hansı deşiyə soxsunlar.
Dərəbəyin üstünə yağan bərəkət ailəni xilas etdi; tezliklə böyük şirkətlər kəlləmayallaq uşağı özlərinin reklam çarxlarına çəkmək üçün növbəyə düzüldülər. Məhəmmədhəsən hər dəfə basa-basa o boyda yol gəlməkdən bezən şirkət, firma menecerlərinin təkidi ilə Dərəbəyin bank hesabından pul çəkib şəhərdən hamam-tualeti içində olmayan bir həyət evi aldı və artıq bütün ölkədə məşhur olan kəlləmayallaq uşağı evdə qarımağa başlayan yeddi bacısı ilə birlikdə paytaxta köçürdü; özü, arvadı və eşşəyi kənddə qaldılar.
Məhəmmədhəsəndə şəhər həyatına siftədən nifrət vardı; bu nifrət onda əsgərliyə gedəndə şəhərdə bir gecə qaldığı qohumunun bina evində ayaqyolunu evin içində görüb, evin içinə sıçmağa utandığından sancı içində qıvrıla-qıvrıla səhərə qədər dözməyə qərar versə də, iradəsinin xəyanəti nəticəsində hamı yatandan sonra qəfildən gurultu ilə şalvarı doldurub gecə-səhərəcən hamamda düşdüyü poxdan çıxmağa çalışdığı gün yaranmışdı. İki gündən sonra əsgərliyə, rus imperiyasını qorumaq üçün Yaponiya ilə sərhədə yola düşəcək yeniyetmə Məhəmmədhəsən həmin gün utandığından elə bir sinir böhranı keçirmişdi ki, ev sahibi şəhər mədəniyyətinin boyunu yerə soxuduğu kəndli gəncə sakitləşdirici iynə vurmaq üçün “Təcili yardım”a zəng vurası olmuşdu. Odu-budu, Məhəmmədhəsən şəhər tərəfə baxmırdı. Hərdənbir paytaxta yolu düşəndə də ac gedib, ac qayıdırdı ki, qəfil qarınağrısına yaxalanmasın. Bakının timsalında sivilizasiyadan zəhləsi gedirdi. Hətta evdə dörd-beş qozqıran alət olsa da, həmişə qozu həyətdə Robinzon kimi daşla sındırıb yeyirdi. Öz evində belə mədəniyyətin süniliyindən əti çimçəşirdi. O, ibtidai sadəliyi mədəni insanlardan fərqli olaraq nostalgiya, xiffət hissi kimi yaşamaq istəmirdi. O, elə ibtidailiyi, lap elə vəhşiliyi vəhşiliyin, ibtidailiyin özü kimi yaşayırdı. Russonun onu tanımaq şansı olsaydı, başına dönərdi. Onun üçün həmişə zamanın bir halı vardı: keçmiş! Vəssalam! Ona indi və gələcək zaman zad lazım deyildi. Hətta oğlunun video görüntülərinə də qızlarının telefonunda bir-iki dəfə baxandan sonra, sanki, bir az müasirləşdiyindən şübhələnib özünə xəyanət etməmək üçün bu işin başını buraxmışdı. Onu kəndə bağlayan da bu qədim inad idi: keçmişə sədaqət; öz həyətində də olsa, quzunu əliylə şaqqalayıb, xoruzu qovaraq ovlayıb, qozu daşla sındırıb yemək…
Təməli möcüzə ilə qoyulan, taleyi sensasiyanın əlində olan hazırkı sivilizasiya üçün kəlləmayallaq Dərəbəy tanrının lütfü idi; tezliklə bütün firmalar, fabriklər öz məhsullarının qutusunu onun şəkilləri ilə bəzədilər; kafelərin, restoranların, alış-veriş mərkəzlərinin açılışı Dərəbəysiz olmadı. Dərəbəyin kəlləmayallaq şəkilləri avtobusların üstündə bir əli üstündə dayanıb digər əlində tutduğu çürbəcür ayın-oyun reklamları ilə şəhərin küçələrini dolaşdı. Onun kəlləmayallaqlığı bütün ölkə iqtisadiyyatını silkələdi, bankları dirçəltdi.
Bütün xalq ona “çörək ağacı” kimi baxırdı, mediadakı ləqəblərindən biri də “çörək verən oğlan” idi, heç vaxt yerə dəyməyən ayağı o qədər düşərli idi ki, artıq vaxtilə dünyanın ən zəngin ölkəsi sayılan Fransada olduğu kimi çörək tapmayanda tort yeyirdi millət. Əlləri üstə tədbirdən-tədbirə, görüşdən-görüşə, açılışdan-açılışa yürüyən, yürüyə-yürüyə hiss olunmadan gəlib ərgənlik yaşına çatan Dərəbəy bütün bacılarını şəhərin ən varlı ailələrinə gəlin köçürdü. Çünki hər kəs onun bank hesabı ilə qohum olmaq istəyirdi, ən çox da qızlarını varlı adamlar üçün böyüdən ailələr. Bu cür ailələr isə minlərlə, milyonlarla idi; onların gözündə kəlləmayallaq Dərəbəy həm “çörək ağacı”, həm də “Ağ atlı oğlan” idi; sadəcə, atsız zühur etmişdi.
Qızını Dərəbəyə ərə vermək istəyən analar hər yerdə onun izini axtarırdılar; hətta telekanalların birində evlilik proqramına dəvət olunan Dərəbəyə görə bir-birinə girən iki ailə onu canlı yayımda studiyanın ortasında kəlləmayallaq halda hərəsi bir ayağından tutub o tərəf-bu tərəfə o qədər dartdılar ki, axırda yazıq yeniyetmənin şalvarının paçası zart deyə ortadan çırıldı. Yaxşı ki, bədbəxtin özünü iki yerə şaqqalamadılar. Dərəbəyi bölüşə bilməyən təkcə onun pulunu kürəkən gözündə görən ailələr deyildi; iqtidar və müxalifət düşərgələrində də onun şöhrətini öz aralarında görmək üçün pıçapıçlar gedirdi; iqtidar düşərgəsi tərifləyərək, müxalifət cəbhəsi söyüb tənqid edərək Dərəbəyi özünün siyasi tələsinə salmaq istəyirdi. Başqa bir dedi-qodu isə Dərəbəyin özünün partiya yaratmaq istədiyi haqqında gəzib-dolaşırdı, əlbəttə ki, bu partiyanın arxasında ölkə sərvətlərini ələ keçirmək istəyən maraqlı, gizli güclərin olduğunu da xalq haradansa öyrənmişdi.
Hətta Dərəbəyi Rusiyanın, İranın, Qərbin adamı adlandıranlar da vardı. Siyasi düşərgədə onun kəlləmayallaq yeriməsinə şübhə edənlər də tapılırdı; guya, ölkəni ələ keçirmək istəyən xarici qüvvələr kəlləmayallaq yeriməsi üçün ona uzun müddət gizli poliqonlarda təlim keçmişdilər. Hər ehtimal Dərəbəyə gələcək vəzifələrin xətrinə indidən yaltaqlanan, “qa” deyəndə ət, “qu” deyəndə su gətirən bir xeyli adam növbəyə düzülmüşdü. Dərəbəy isə pəltək idi; o, hər iki siyasi düşərgəyə kəlləmayallaq yeriyən şöhrət müqəvvası kimi lazım idi. Çünki Dərəbəy əlləri üstə harada dayanırdısa, xalq o səmtə baxırdı. Siyasət də din kimi gücə çevrilmək üçün populyar olmağa məcburdur, buna görə də hər iki siyasi düşərgə oturmuşdu Dərəbəyin şöhrətinin elçi daşının üstündə. O, iqtidar düşərgəsinə hakimiyyət piramidasını qoruyan Sfinks kimi lazım idi, müxlifət düşərgəsi isə onu hakimiyyət bəxş edən Humayun quşu kimi öz çiyinlərində təsəvvür edirdi.
Amma o, şəhərə köçəndə atasının verdiyi öyüdü qulağında sırğa eləmişdi. Atası onu yola salanda əyilib qulağına ərklə demişdi: “Eşitsəm ki, şəhərdə var-dövlət görüb qudurmusan, daha gözün ayağının altını görmür, südümü sənə halal etməyəcəyəm!” Atasının önündə kəlləmayallaq dayanan Dərəbəy bu sözlərə içində gülmüşdü, çünki onun gözü heç vaxt ayağının altını görməyəcəkdi.
Dərəbəy bütün bu baş verənlərdən xəbərsiz halda ayaqlarını havada yelləyə-yelləyə bir tədbirin qapısından girib, o biri tədbirin bacasından düşürdü. Bircə dərdi vardı; şəkil çəkdirəndə məşhur adamlar kimi əlini cibinə qoymaq! Amma bacarmırdı, çünki başı üstə təkəlli çox dayana bilmirdi; fotoqraflar da hamısı tənbəl Əhməd; özlərini tarazlayana qədər Dərəbəy bir əli cibində dombalaq aşıb yıxılırdı onunla yan-yana tarixə düşmək istəyən fanatının üstünə.
Gözlənilməzlik tez dəbə minir; çünki hər kəs havayı şöhrət axtarır, hər kəs gözləyir ki, ortalıqda bir meymun peyda olsun, tez qaçıb onunla şəkil çəkdirsin. Dərəbəy indi həmin meymun idi; müftə şöhrət meymunu.
Ancaq bu şöhrətin ömrü uzun çəkmədi; bir gün xəbər yayıldı ki, kənddə arvadla tək qalan Məhəmmədhəsənin əli, daha doğrusu şeyi, yəni gənclik eşqi dinc durmayıb, daha bir oğlu olub. Amma uşağın hörümçək kimi üç əli, üç ayağı var. Bütün gözlər, kameralar, mikrofonlar, şirkət menecerləri, sosial şəbəkə aktivistləri, youtuberlər, vloggerlər, bloggerlər, partiya sözçüləri kəlləmayalaq Dərəbəyi unudub “hörümçək” qardaşının “toruna düşməyə” tələsdilər.
Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı…