Xocalı Soyqırımı. Tarixin Unudulmaz Qətliamı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə, bəşəriyyət tarixinə qanlı bir faciə kimi yazıldı. Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törətdi. Nəticədə 613 nəfər qətlə yetirildi, onların 106-sı qadın, 63-ü isə uşaq idi. 487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü və 150-dən çox insanın taleyi bu günədək naməlum olaraq qalır.
Xocalı Dağlıq Qarabağın mərkəzində yerləşən strateji bir şəhər idi. Burada Azərbaycanın yeganə hava limanı yerləşirdi ki, bu da şəhərin işğal olunmasını Ermənistan üçün önəmli edirdi. Xocalının 1992-ci ilin fevralında işğal edilməsi, bölgədə ermənilərin tam nəzarəti ələ keçirməsinə və daha geniş miqyaslı işğal planlarını həyata keçirməsinə şərait yaratdı.
Fevralın 25-dən 26-na keçən gecə Xocalı dörd tərəfdən mühasirəyə alındı. Şəhərin əhalisi əvvəlcədən blokadaya alınmış, su, ərzaq və elektrik enerjisi kəsilmişdi. Mülki əhali donmamaq və həyatda qalmaq üçün meşələrə və dağlara üz tutdu. Lakin erməni silahlıları onları yollarda gülləbaran etdilər. Əsir götürülən azərbaycanlılar misli görünməmiş işgəncələrə məruz qaldılar. İnsanların başları kəsildi, diri-diri yandırıldı, hamilə qadınlar xüsusi qəddarlıqla öldürüldü.
Xocalı soyqırımının şahidi olan və bu dəhşətli hadisələri dünya ictimaiyyətinə çatdıran ən önəmli şəxslərdən biri tanınmış jurnalist və müharibə müxbiri Çingiz Mustafayev olmuşdur. O, Xocalıya daxil olaraq, kameraya aldığı görüntülərlə faciənin miqyasını bütün dünyaya göstərdi. Onun çəkdiyi kadrlar erməni silahlılarının törətdiyi insanlığa sığmayan cinayətlərin təkzibedilməz sübutu oldu. Çingiz Mustafayevin jurnalist fədakarlığı sayəsində Xocalıda baş verənlər beynəlxalq mediaya sızdırıldı və Azərbaycan həqiqətləri dünyaya yayıldı.
Lakin Çingiz Mustafayev Qarabağ müharibəsi zamanı öz peşə borcunu yerinə yetirərkən 1992-ci il iyunun 15-də Ağdam rayonunda qəhrəmancasına şəhid oldu. O, Azərbaycanın milli qəhrəmanı adına layiq görüldü və bu gün də jurnalistika sahəsində fədakarlıq rəmzi olaraq xatırlanır.
Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən şahid ifadələri və jurnalistlərin reportajları ilə təsdiqlənmişdir. Məsələn, "Sunday Times" qəzeti 1992-ci il mart ayında dəhşətli qətliamı təsvir edərək, insanlara qarşı törədilmiş amansızlıqları dünyaya çatdırdı. Lakin beynəlxalq təşkilatlar, xüsusilə BMT və digər nüfuzlu qurumlar bu faciəyə yetərli hüquqi qiymət vermədilər.
Hazırda Xocalı soyqırımı Pakistan, Türkiyə, Çexiya, Meksika və bir sıra digər ölkələr tərəfindən rəsmən soyqırımı kimi tanınmışdır. Azərbaycan dövləti bu faciənin beynəlxalq səviyyədə tanınması üçün ardıcıl iş aparır.
Xocalı soyqırımı, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin faciəsidir. Bu hadisə bir daha sübut edir ki, münaqişələrin sülh yolu ilə həlli ən prioritet məsələ olmalıdır. Bu faciənin unudulmaması, günahsız qurbanların xatirəsinin daim yaşadılması üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Xocalı şəhidlərinin ruhu qarşısında baş əyirik və ədalətin bərqərar olması üçün mübarizəmizi davam etdirməliyik.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur