taxta-aktyorlara-genis-yol-vermeli
Müəllif: Publisist.az /Tarix: 2021-02-13 /Oxunma Sayı: 575

Taxta Aktyorlara Geniş Yol Verməli

Bəbirli yoldaşın kukla teatrına kömək münasibətilə.

    Son zamanda Şuralar İttifaqında teatr sənətinin yeni bir hissəsi geniş meydan açmağa başlamışdır. O da kukla (oyuncaq) teatrıdır. Əsasən, bu teatr yeni deyildir. Bu teatrın qədim bir tarixi vardır. Taxta aktyorlardan ibarət teatr həmən bütün məmləkətlərdə qədimdən bəri davam etməkdədir. 1904-cü ildə Misirdə aparılan qazıntılar əsnasında miladdan 16 əsr əvvələ aid kukla truppası tapılmışdır.

    Ən çox kukla teatrı Şərqdə və Qərbdə məşhurdur. Hindistanda bu teatr qəhrəman Vyubuşaq adını, Rusiyada Petruşka, Çində Kvo, Yaponiyada – Ninigs Çükay, Türkiyədə Qaragöz, İtaliyada Pulçinello, Fransada – Polişinel, Almanyada – Hansvurts, Kasperle, İngiltərədə - Panqer teatrı, İranda – Kaçal Pəhlavan, Türküstanda – Pəhləvani Keçəl, Tunisdə - Qaraquş adını daşımışdır.

     Bu vaxta qədər heç bir teatr kukla teatrı kimi xalq arasında məşhur olmamış və kütləvi şəkil almamışdır. Çünki bu teatr yüngül olduğundan asancasına hər yerə dasşına bilər. Onun aktyorları taxtalardan qayırma  və xırda olduğundan bir çamadana və ya kisəyə yerləşir. Bu teatrın tamaşasını hər yerdə: meydançada, məktəbdə, klub binalarında və başqa yerlərdə göstərmək olar. Bu teatr qədimdən bəri xalqın və əməkçi kütləsinin malı olduğundan, həmişə onun fikirlərini ifa etmiş, zalım və istismarçılara qarşı protesto etmişdi. Qaragözlərin, Petruşkaların, Keçəl Pəhləvanların gülünc hala saldığı molların, keşişlərin, şahların, sultanların və çarların, saray adamlarının, tacirlərin və varləların sayı az deyildir.

    Hazırda bu teatr yenə canlanmaqdadır. Gərək bizdə və gərəksə xarici ölkələrdə bu teatrlardan təbliğat aləti kimi ciddi istifadə olunur.
   Yalnız kiçik Çexoslovakiyada 1000-ə qədər xalq kukla teatrı vardır. Bundan əlavə məktəblər və maarif cəmiyyətləri yanında 200-ə qədər kukla teatrı tamaşa vermişdir. Bu göstərir ki, kukla teatrından necə geniş miqyasda istifadə olunur.

       Kukla teatrı Yaponiyada çox irəli getmişdir. Burada kuklalar insanın üçdə dörd hissəsi boydadır. Müxtəlif mexanizm ilə bu taxta aktyorlar canlı aktyorlar kimi oynayırlar.

    Şuralar ölkəsində  dəxi kukla teatrına çox ciddi əhəmiyyət verilir. Hazırda Leninqrad İşçi Gənclər Teatrı və Moskvada Çoçuq Tamaşaçıları Teatrı yanında kukla teatrları vardır.
Bu vaxta qədər Azərbaycanda belə bir şey yox idi. İndi bu işə iqdam olunmuşdur. Türk Bədaye Teatrının gənc aktyolarından Bəbirli yoldaş bir kukla teatrı truppası düzəltmişdir. Bu taxta aktyorlar çox ciddi, həvəslə və ustacasına qayrılmışdır. Bu, aktyorlar olduqca çevik hərəkət edə bilirlər.
  Bu teatrın yalnız Bakıda deyil, bütün Azırbaycan dairə və kəndlərində böyük müvəffəqiyyət qazanacağı şübhəsizdir. Firqə və hökümətimizin tapşırıqlarını təbliğ etmək və siyasətimizi kütlə içərisində yaymaq işində bu kimi teatrların böyük rol oynayacağını kimsə inkar edə bilməz. Bu yaxşı işə ciddi kömək etmək və bu işi canlandırmaq lazımdır.
    Bu teatrı qüvvətləndirmək, repertuarını canlandırmaq və artırmaq ilə ona teatrlarda  və klublarda çıxışda bulunmak üçün imkan vermək lazımdır.
     Birinci növbədə, Türk Bədaye Teatrı müdriyyəti və kollektivi öz aktyorlarının bu faydalı təşəbbüsünə kömək etməli və onu öz hamiliyinə almalıdır. Ali Siyasi Maarif İdarəsi, Bakı Xalq Maarif Şöbəsi bu işə fikir verməli və təşviqat məqsədi ilə istifadə etməlidir.  

Cəfər Cabbarlı  

Qobustan jurnalı №1, Bakı: 1970.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur