absurd-teatr-insan-ile-dunya-bir-birine-yaddir
Müəllif: Publisist.az /Tarix: 2021-02-02 /Oxunma Sayı: 1375

“Absurd Teatr”- İnsan ilə dünya bir-birinə yaddır

Tanrısız insanın yalnızlığı və laqeydliyi ilə fərqli mədəniyyətlərə sahib insan kütlələrinin meydana gətirdiyi mədəni xaos, XlX, XX əsrlərdə baş verən və insan təbiətini təhdid edən tarixi hadisələr absurd hərəkatın, teatrın meydana
gəlməsinə səbəb oldu. Dünya Müharibələrindən sonra ortaya çıxan pessimizm ilə Mövcudluq (Ekzistensializm) və Heçlik (Nihilizm) cərəyanlarının təsiri altında formalaşan Absurd (tr. Uyumsuz) teatrın əsasında dünya-insan anlaşılmazlığı durur; insanın istək və arzuları, dünyanın buna cavabsız qalması və məntiqsiz duruşu,
insan istəyir, dünya isə bu istəklərə qarşı kardır.
İlk dəfə Martin Esslin (The Theatre of the Absurd, 1961) yazarların və səhnə əsərlərinin ortaq xüsusiyyətlərini “Absurd Teatr” adı altında ifadə etmişdir. Esslin tərəfindən absurdistlər sinifinə aid edilən yazarların (S.Bekket, E.İonesko, A.Adamov, H.Pinter) ortaq maraq dairələri, dünya görüşləri, sənət anlayışları, ortaq tarixi, mədəni, ideoloji görüşləri ; əsərlərində isə ortaq tematik və texniki xüsusiyyətlər mövcuddur.
İlkin 1940-cı illərdə meydana çıxan, 1950-ci illərin sonu 60-cı illərin əvvələrində populyarlaşan 60-cı illərin ikinci yarısından sonra öz əhəmiyyətini itirən absurd teatr cərəyanı Fransada ortaya çıxmışdır. Bu dövrlərdə hərəkatın qabaqcıl nümayəndələri Parisə köç edən əcnəbilər idi. (Bekket-İrlandiya, İonesko-Rumıniya , Adamov-Rusiya, Arrabal-İspaniya). ‘Mənə elə gəlir ki, mənim teatrım insanın özünün ortaya töküb, anlamağa
çalışmağıdır.’ -deyən Ejen İonesko ‘Daz Müğənni Qadın’, ‘Dərs’, ‘Stullar’, ‘Kərgədan’, ‘Vəzifə qurbanları’ və başqa əsərləri ilə XX əsrə damğa vurmuş, “Absurd teatrın atası” adlandırılmışdır. İonesko “Absurd teatrın gələcəyi varmı?” adlı essesində hətta Şekspiri bu teatrın “böyük sələfi” hesab edir və Şekspir qəhrəmanının dediyi
bu məşhur sözləri  yada salır:

“Dünya – bir idiotun danışdığı və düşüncədən, hansısa mənadan tamam məhrum olan, başdan-başa hay-küydən və qeyzdən ibarət bir tarixdir”.

Doğurdan da, Şekspir qəhrəmanının dünyaya belə bir münasibəti elə “Absurd teatr”ın məramıdır və yəqin, bu da simptomatik bir göstəricidir ki, İonesko həmin məqalədəki sələf axtarışlarında gedib Edipə çıxır, onu “absurd qəhrəman” kimi səciyyələndirir. Ancaq qədim yunan mifologiyasında (və Sofoklun məşhur faciəsində) Edip mövzusu ilə “Absurd teatr”ın məramı arasında mühüm bir fərq var və İonesko həmin fərqi dəqiq görür: “Edip qanunları qeyri-şüuri olaraq pozurdu və buna görə də cəzalandırıldı. Ancaq qanunlar və normalar mövcud idi… Mənim qəhrəmanlarım isə (“Stullar” pyesini nəzərdə tutur) heç bir qanun və norma olmayan qaydasız və transsendental anlayışlarsız bir dünyada itib-batırlar”.

Ejen Ionesko ilə birlikdə Absurd teatrın yaradıcılarından biri Samuel Bekketdir. İlk posmodernistlərdən hesab olunan Bekket ‘Qodotun intizarında’ (Waiting for Godot, 1952), ‘Kreppin sonuncu plyonkası’, ‘Oyunun sonu’, ‘Xoşbəxt günlər’, ‘Nəfəs’ kimi pyeslərlə absurd teatrda yeni bir cığır açdı.
Artur Adamov, Edvard Albi, Cin Genet, Harold Pinter, Fernando Arrabal və Tom Stoppard Absurd teatrda öz sözünü demiş digər mühüm yazıçılardandır.
Absurd teatr insan mövcudluğunun mənasızlığını və bu mövcudluğa məntiqi yanaşmanın lazımsızlığını ifadə edir. İnsana təqdim olunan bütün həqiqətlər əslində uydurmadır. Absurd teatrın əsas məqsədi isə bu uydurmalara son qoyub insanlara öz faciələrini dərk etdirməkdir, başqa sözlə absurd teatr yalançı obrazçılığa bir etirazdır. İnsan bu dünyada tənha və kimsəsizdir. Dünya anlaşılmaz və dərk olunmaz bir xaos topu, insam isə burada qorxu və qayğı ilə yaşamağa məcbur qoyulmuş varlıqdır. Qısacası, insan ilə dünya yaddır. Absurd teatr isə bu “yadlığı” səhnəyə əks etdirməyə çalışır. Yəni absurd yazarlar insan ilə dünya arasındakı xaosu olduğu kimi ifadə etməyin ən düzgün vasitəsi kimi absurd olanı absurd , məntiqdən kənar olanı məhz səhnədə məntiqi sistemdən kənar göstərmək olduğunu vurğulayır.
Absurd teatrın əsas mövzuları; insanın ölümə məhkum olması, həyatın mənasızlığı, yadlaşma, laqeydlik, qorxu və qayğı yüklü dünya, fərdi və kütlə mübarizələri. Absurd əsərlərin demək olar ki, hamısında insanın ölümlü olduğu və həyatın mənasızlığı vurğulanır. İnsan ölümlüdür və bir gün öləcək. Bu halda, yaşamaq və bir şeylər əldə etməyə çalışmaq mənasızdır.

Samuel Bekketin ‘Xoşbəxt günlər’ (The Happy Days) adlı əsərində Vinni get-gedə torpağa daha çox batmağa başlayır. Birinci pərdədə belinə qədər, ikincidə isə boğazına qədər torpağa batır, hətta başını belə hərəkət etdirə bilmir. Buna baxmayaraq, torpağa batmış olduğuna və hətta getdikcə daha da batmasına vecsizdir-ölüm insana yavaş-yavaş yaxınlaşır, insan torpağa daha çox batır və daha sonra torpaq onu tamamilə udur.

Tədasüfi deyil ki, əsərdə hadisələr Günəşin heç batmadığı, bilinməyən bir zaman və üfüqə qədər uzanan boş bir sahədə baş verir. Əsərdə iki obraz vardır. İlk baxışda bir-birləri ilə danışdıqları düşünülür, həqiqətdə isə sadəcə öz-özlərinə danışırlar və vaxtlarını keçirmək üçün nəsə edirlər. Bununla da yazıçı ‘İnsanın həyatın ağır yükünə ancaq öz-özünü aldadaraq dözə biləcəyi’ düşüncəsini ifadə etmişdir. Həyat mənasızdır və mənasız olan həyatın yükü daha da ağırdır. Oyunun ikinci pərdəsində də bununla bağlı bir parça diqqəti çəkir: Vinni: …mən həmişə …(susur)…həmişə bir saniyə ilə gələcək başqa bir saniyə arasında heç bir fərqin olçadığını düşünürdüm, düşünürdüm deyirəm , (susur). Həmişə öz-özümə…
Winnie, dəyişməyəcəksən , deyirdim, bax da, bir saniyə ilə gələcək başqa saniyə arasında tək bir fərq belə yoxdur.

Ölümün mütləqliyi və həyatın mənasızlığının təsvir olunduğu digər bir əsər isə E.İonesko’nun ‘Stullar’( The Chairs) əsəridir. Əsərdə həyatlarının sonuna gələn iki yaşlı insanın faciəsi təsvir olunur. Yetmiş beş illik evli olan ər və arvad bu yaşlarına qədər əldə etdikləri həyat təcrübələrini gələcək nəsillərə ötürmək üçün bir məclis təşkil edir və bu məclisə bir çox qonaqlar dəvət edirlər. Qonaqlar yavaş-yavaş gəlməyə başlayır. Lakin tamaşaçılar qonaqları görmür. Gələn qonaqların görünməzliyi qoca ər və arvadın planet üzərindəki son iki insan olduğunu ifadə edir.

Ər və arvad qonaqları qarşılayır və onlarla söhbət eləməyə başlayırlar. Otaq getdikcə dolur və yeni stullar gətirilir. Bir müddət sonra otaq qonaqlarla(stullarla) ağzına qədər dolur və hətta addım atacaq yer qalmır. Məclisin son qonağı yaşlı adamın həyat hekayəsin danışacaq bir natiqdir. Lakin o, xəyali obraz deyil. Natiq yaşlı adamın həyat təcrübəsini danışmağa başlayanda, ər-arvad özlərini otağın pəncərəsindən dənizə atırlar. Natiq danışmağa başlayır, mənasız səslər çıxarır.
Məlum olur ki, o, kar və dilsizdir. Əsərdə iki yaşlı insanın yaşadıqlarını hekayə kimi də olsa təkrar eşitməyə dözə bilməməsi və həyatın mənasızlığındansa ölümü üstün tutması təsvir olunub.

Absurd teatrın digər mühüm xüsusiyyəti yadlaşma, əlaqəsizlik və ünsiyyətsizlikdir . Yadlaşma üç istiqamətdə özünü göstərir; insanın özünə, başqalarına və dünyaya yadlaşması. İnsanların bir-biri ilə olan münasibətləri və dünya ilə olan əlaqəsi süni və qurmadır. Gerçək əlaqə və münasibət mümkün deyil. Hər kəsin müxtəlif mənliyi var. Bu müxtəlif mənliklər heç bir zaman və məkan daxilində uyğun deyil. Bir-birindən fərqli olmaq, bir-birinə yad olmaq deməkdir. Deməli yadlaşma insanda doğuşdan və təbiətən var.

Samuel Bekketin demək olar ki, bütün əsərlərində bu mövzu var. ‘Qodotun intizarında’ əsərində bütün obrazların bir-birinə süni bağlarla bağlı olduqlarını görürük. Vladimir və Estragon şüurlu şəkildə ünsiyyət qura bilmirlər. Pozzu ilə köləsi Laki arasında ünsiyyət söz ilə deyil, Pozzonun əlindəki Lakinin boynuna bağlı iplədir.

Oyunun sonu’ əsərində Nag ilə Nel zibil qutusunda qalmış ana və atadır. Göründüyü kimi əsərlərinin heç birində normal ünsiyyət səhnəsi təsvir olunmamışdır.

“Oyunun Sonu”

Ejen İonesko ‘Keçəl müğənni’ əsərində isə dilin ünsiyyət vasitəsi kimi yetərsizliyi üzərində durur; mənasız səslər, qəlibləşmiş sözlər, məntiqsiz ardıcıllıqlar.

Mrs. Smith: Öhö, Öhö(Səssizlik)
Mrs. Martin: Öhö, Öhö, Öhö(Səssizlik)
Mrs. Martin: Həə, Belə(Səssizlik)
Mr. Smith: Hamımız Soyuqlamışıq(Səssizlik)
Mrs. Smith: Amma Hava Soyuq Deyil(Səssizlik)
Mr. Martin: Havada Külək Yoxdu(Səssizlik)
Mr. Smith: Hə, Nəysə(Səssizlik)
Mrs. Smith: Of, Of, Of, Of (Səssizlik)

Absurd tearın digər əsas mövzularından biri insanın dünyaya olan inamsızlığıdır. Dünya başdan-başa xaoslarla doludur. İnsan isə burada yaşama atılan qorxu, qayğı yüklü, yalnız varlıqdır. Dünya hər an insanı təhdid edir. Bu təhdid isə dünyanın maddi mövcudluğundan, dövlətlərin idarə formasından, insanlar arasında sosial-iqdisadi, etik, ideoloji və s. səbəblərdən qaynaqlanır. Baş verən təbii fəlakətlər, insanları kütləvi şəkildə bir heç uğrunda məhv edən totalitar rejimlər, sosial əlaqələri məhdudlaşdıran təbəqələşmə dünyanı yaşanması mümkün olmayan bir yer halına gətirmişdir. Bütün bunlara görə insan dünyaya güvənmir və ondan qaçmağa çalışır. Lakin burada əsil söz sahibi dünyadır.

Qorxu, qayğı, güvənsizlik Harol Pinterin yaradıcılığında daha dərin işlənmişdir. Onun qəhrəmanları daim qaçış halındadır. Lakin nədən və kimdən qaçdıqları bilinmir. ‘Ad günü’ əsərinin qəhrəmanı olan Stənli bir pansiyona sığınmışdır. Yaşlı ər və arvadın işlətdiyi pansiyonun tək müştərisi odur. İçinə qapanıq və yalnız birisi olan Stənlinin heç kimlə ünsiyyəti yoxdur, hətta xüsusi ilə ünsiyyətdən qaçır. Stənli kimdir, nə üçün bu pansiyona sığınmışdır, niyə və nədən qaçır?. Bu sualların tam cavabı yoxdur. Hətta otağa gəlib onu döyərək yuxarı mərtəbəyə aparanların kim olduğu və ona nə etdikləri də bilinmir. Stənli qurbandır. Kimin? Dünyanın…

Bilinməyən qüvvənin(cəmiyyətin) təsiri altına düşmüş insanın acınacaqlı vəziyyəti və onun daima bir savaş içərisində olduğu təsvir olunur. Bütün cəhdlərinə baxmayaraq Stənli də mafiyanın bir üzvü olur. Mafiya zorba kütlənin simvoludur. Stənli bir fərd kimi kütlə ilə mübarizə aparır. Lakin kütləyə bənzəyir və ona tabe olur.

Fernando Arrabalın ‘İki işgəncə’ əsərində bir-birinə zidd əxlaq qanunları, sosial normaların insanın həyatını xaosa çevirməsindən bəhs olunur. Maurikenin anası atasına işgəncələr etdirir. O, isə nə edəcəyini bilmir. Ya atasının tərəfini tutub onu işgəncədən xilas edəcək, ya da bu işgəncəyə səssiz qalıb, anasının sevimli oğlu olmağa davam edəcəkdi.Əvvəlcə atasına edilən işgəncələrə qarşı gəlir. Yanında atasına işgəncələr edilərkən o, anası və qardaşı ilə dava eləyir. Anası Françöze isə ‘müqqəddəs’ qadın ədası ilə oğluna əxlaq dərsi verir. Əsərin sonunda atası
işgəncələrlə öldürülür. O, isə sakitləşdirilir və qardaşı ilə anasının yanında qalır. Əsərdə Françöze otaqdan ərinin çığırtı və inləmələrini eşidəndə deyir:

… Cəzanı etiraz etmədən qəbul et. Bu səni sakitləşdirəcək. Günahlarına görə peşmanlıq duy və bir daha eyni səhvləri etməməyə söz ver.

Sözləri müqqəddəs bir qadının nəsihətlərini xatırladır. Etdikləri isə tam bir vəhşilikdir. Maurike isə bu əxlaq normalarının insan həyatını məhv etdiyini düşünən, lakin daha sonra bu düşüncə tərzini dəyişərək anasına təslim olan bir obrazdır.

Arrabal bu əsərdə insan yaşamının mənasızlığını təsvir etmiş, ancaq hər hansı bir çıxış yolu irəli sürməmişdir. Bu, absurd yazarların əsas səciyyəvi xüsusiyyətidir. Onlar əsərlərində hər hansı bir yaşam xüsusiyyətini tənqid edir, lakin xilas yolu göstərmirlər; yalnızca mövcud vəziyyətin adsurdluğunu təsvir edirlər. Absurd teatr yaradıcılığına görə bütün situasiyalar yumoristik və faciəvidir.

Kiməsə nifrət etməyin mənası yoxdur, amma nifrət edirsən. Absurd teatrda bir tərəfdən dünyaya heyranlıq ifadə edilsə də, digər tərəfdən bu reallığın anlaşılmazlığından danışılır. Sanki sən körpə uşaqsan və dünya sənin üçün
izaholunmazdır. İndiyə qədər insanlar dünyanı müxtəlif şəkildə izah ediblər. Amma hələ də sualımıza cavab tapa bilmirik. Burda bir absurdluq var. Əlbəttə, elə dünya özü də başdan-ayağa bir absurd teatr deyilmi?

Müəllif: Fizzə Qasımzadə

Redaktor: Ziya Mehti

Mənbələr:

THE THEATRE OF THE ABSURD : THE WEST AND THE EAST

Theater of the Absurd: Definition & Characteristics

Theatre of the Absurd (Britannica)

http://www.theatrehistory.com

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur