Səməd Vurğun "Acı xatirələr" poemasından...
Qurban bayramıydı, gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə, üstümdən bir çovğun əsdi.
Atam oturmuşdu qapımızda tək,
Ömrünün ixtiyar və düşkün çağı,
Zoğal müştüyünü tüstülədərək;
Yenə tökülmüşdü qaşı-qabağı.
Nəydi düşündürən o yazıqları?
Evdə nə ocaq var, nə isti qazan...
Hamıya "gülməzdi" ömrün rüzgarı
Deyin yanılmasın tarixi yazan!
Bir tərəfdə bayram, bir tərəfdə yas!..
Böylə keçinmişdir dilsiz əsrlər,
Şairim, könülün duyduğunu yaz!
Odur bu dünyada ən böyük əsər.
O gün qonşumuzun oğlu başına
Qoymuşdu bir qara, buxara papaq;
Qüruru sığmazdı uşaq yaşına.
Yanımdan keçirdi tərs-tərs baxaraq.
Mənsə sallamışdım yerə burnumu
Baxıb köynəyimin yamaqlığına,
Deyirdim: "Dünyanın vəfası bumu?
Hamını almayır öz qılığına".
"Uşaq əziz gündə sınmasın", - deyə
Anam cehizliyi yorğan üzündən
Mənə üst köynəyi tikdi hədiyyə.
Mən də iki dəfə öpdüm üzündən.
Ah, mehriban ana! Ah, əziz ana!
O gündən bəridir həsrətəm sana!..
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur