sadelovh-realizmin-esas-tezisleri-ve-skeptisizm-ucun-netice
Müəllif: Anar Cəfərov /Tarix: 2023-05-10 /Oxunma Sayı: 612

Sadəlövh realizmin əsas tezisləri və skeptisizm üçün nəticə

Qavrayışımız bizə dünyaya birbaşa çıxış imkanı verirmi? Obyektləri və onların xüsusiyyətlərini əslən olduqları kimi qavraya bilirikmi? Yoxsa obyektləri qavramaq üçün onlarla aramızdakı təzahürlərə möhtacıq? Bu suallar fəlsəfənin əsas suallarındandır və onlara cavab olaraq fəlsəfədə müxtəlif istiqamətləri fərqləndirmək olar. Sadəlövh realizm bu suallara cavab olaraq formalaşmış, çağdaş fəlsəfədə mühüm yer alan istiqamətlərdəndir.[1] Bu yazıda biz sadəlövh realizmin əsas tezislərini nəzərdən keçirəcəyik. Həmçinin onların, qavrayış əsaslı inamlarımızın tutarlı olmasına şübhəli yanaşan skeptisizmin əsas arqumentini necə bloklamış olduğunu göstərməyə çalışacağıq.

Əsas tezislər 

Sadəlövh realizmin çıxış nöqtəsi çox sadədir. Sadəlövh realistlər düşünürlər ki, zehnimizdən kənar və ondan asılı olmayan, maddi obyektlərdən ibarət xarici dünya var və biz obyektləri, yaxud onların rəng, forması da daxil olmaqla, digər xüsusiyyətlərini qavrayışımız vasitəsilə dərk edə bilərik. (Qavrayış dedikdə, burada gerçəkliyin hiss orqanlarımız vasitəsilə dərki nəzərdə tutulur.) Sadəlövh realistlərə görə, qavrayışımız bizə dünyanı birbaşa, yəni obyektləri olduğu kimi qavramaq imkanı verir və bu səbəbdən qavrayış vasitəsilə hasil olunan fikirlər əsaslandırılmışdır (justified).

Əslində, bu fikirlərə sahib olmaq üçün xüsusi hazırlığa malik filosof olmağa ehtiyac yoxdur. Elə əksəriyyətimiz gündəlik həyat nümunələri əsasında həmin fikirlərin üzərinə asanlıqla gəlib çıxa bilirik. Məsələn, otaqda stolumuzun üstündəki ağ kağıza baxmaqla əksəriyyətimiz inanırıq ki, o, yuxu obyektlərindən fərqli olaraq zehnimizdən kənar xarici məkanda yerləşir; və biz üzümüzü kənara çevirsək və ya otaqdan çölə çıxsaq belə ağ kağız mövcudluğunu və ağlığa, düzbucaqlı formaya malik olma kimi xüsusiyyətlərini saxlayacaq – yəni kağız və ya onun xüsusiyyətlərinin mövcudluğu zehnimizdən asılı deyil. Biz həmçinin inanırıq ki, həmin kağıza baxmaqla onun rənginin və formasının necə olduğunu bilə bilərik və əgər görməmizdə heç bir problem yoxdursa, ona baxmaqla kağız ağ rəngdədir və ya kağız düzbucaqlı formadadır kimi formalaşdırdığımız inamlarımız da əsaslandırılmış olacaq. Beləliklə, yuxarıda söylənilənlərə əsasən deyə bilərik ki, sadəlövh realizm adi gündəlik düşüncəyə çox yaxındır.

Bununla belə, unutmaq lazım deyil ki, elə gündəlik həyatda bizə rast gələn çoxsaylı nümunələrdən məlumdur ki, qavrayışımız bizi həm də yanılda bilir. İlluziya və hallusinasiya halları belə yanılmalara tipik nümunələrdir. Məhz bu tip nümunələr əsasında isə bir çox filosoflar belə nəticəyə gəlirlər ki, qavrayışımız bizə xarici dünyaya birbaşa çıxış imkanı vermir, çünki zehnimizdən kənar xarici dünya olsa belə, onunla yanıldıcı ola bilən təzahürlər vasitəsilə əlaqələnirik; və bu səbəbdən qavrayışımızdan hasil olunan inamlar əsaslandırılmış olmaya bilər ki, bu da skeptisizm üçün şərait yaradar.[2] Gündəlik düşüncədən fərqli olaraq, sadəlövh realizm əsasən bu fəlsəfi problemlərə reaksiya olaraq ortaya çıxıb; öz tezis və arqumentlərini qavrayışın fəlsəfi problemlərinə qarşılıq əsasında formalaşdırıb. Sadəlövh realistlər belə düşünürlər ki, əgər təzahürlərin – ki, onlar yanıldıcı ola bilir – zehnimizlə obyektlər arasında vasitəçi olmadığını, yəni zehnimizin obyektlərə birbaşa çıxışının olduğunu iddia etsək, onda qavrayışın epistemik problemlərinə və skeptiklərə qalib gəlmiş olarıq.

Sadəlövh realizmin mərkəzində dayanan tezisləri yığcam olaraq aşağıdakı cür ifadə etmək olar:

Tezis 1: Qavrayış yaşantıları subyektin adi xarici obyektlərə birbaşa əlaqəsidir.

Tezis 2: İlluziya/hallusinasiya halı ilə müvafiq doğrulanan hal fərqli fenomenoloji keyfiyyətlərə və ya yaşantı növünə malikdir.

Gəlin ilk olaraq Tezis 1-i yaxından anlamağa çalışaq, daha sonra isə Tezis 2-yə fokuslanarıq.

Qavrayışın birbaşalılığı və ya Tezis 1-in izahı 

Məlumdur ki, dünyanı dərk edən subyektlər olaraq biz onunla inam, xatırlama, təxəyyül, arzu və s. kimi digər müxtəlif mental vəziyyətlərlə əlaqələnirik. Qavrayışın mental vəziyyət və ya yaşantı olaraq əsas özünəməxsus cəhətlərindən biri budur ki, o, subyekti xarici obyektlərlə – ən azı digər növ mental vəziyyətlərlə müqayisədə – birbaşa əlaqələndirir, çünki qavrayış aktı zamanı qavranılan obyekt subyektin qarşısında olur. Bunu anlamaq üçün gəlin qavrayışı digər bir yaşantı növü olan xatırlama ilə qarşılaşdıraq. Biz bilirik ki, hər hansı bir obyekti və ya hadisəni xatırlamaq üçün onun subyektin gözü qarşısında olmağına (təbii ki, əgər söhbət qavrayışın görmə modusundan gedirsə) ehtiyac yoxdur. Məsələn, kompyuterinizi xatırlamaq üçün onu canlı olaraq görməyinizə gərək qalmır, onu kompyuteriniz olmayan başqa otaqda gözünüzü yumaraq da xatırlaya bilərsiniz. Lakin həmin kompyuteri qavramaq və ya görmək üçün onun sizin görmə sahənizdə birbaşa iştirakına ehtiyac vardır. Başqa sözlə, xatırlama aktında yaşanan təsəvvür sizi təsəvvür obyekti olan kompyuterlə dolayı əlaqələndirdiyi halda, qavrayış yaşantısı zamanı bu dolayılıq aradan qalxır – yəni qavrayış yaşantıları zamanı xarici obyektlər zehnimizə birbaşa təqdim edilir.

Diqqət edin ki, qavrayışı izah edən bütün nəzəriyyələr heç də bu fikirdə deyillər ki, qavrayış zamanı obyektlə dolayı əlaqələnmə tam aradan qalxır. Məsələn, hissi verilənlər nəzəriyyəsinə (sense-data theory) əsasən, qavrayış yaşantısı zamanı qavranılan obyekt subyektin qarşısında olsa da, subyekt qavramaqla obyektlə yenə də hissi verilənlər (yaxud təzahürlər) vasitəsilə əlaqələnir. Məsələn, hissi verilən nəzəriyyəsinə görə, ağ top gördükdə ağ topun təzahürü və ya müvafiq hissi verilən bizimlə ağ topun özü arasında onu qavramaqda vasitəçi rolunu oynayır. Həmçinin bu nəzəriyyəyə əsasən, hissi verilənin vizual yaşantını təşkil etməsi üçün ağ topun özünün görmə sahəsində iştirakına zəruri ehtiyac yoxdur, çünki elə hallar ola bilər ki, ağ top olmaya-olmaya biz həmin vizual yaşantını eynilə yaşamış olaq (hallusinasiya hallarını xatırlayaq). Sadəlövh realistlər isə belə hesab edirlər ki, qavrayış zamanı subyektlə obyekt arasında hissi verilən (və ya əgər söhbət intensionallıq nəzəriyyəsindən gedirsə, intensional məzmun) kimi heç bir əlaqələndiriciyə ehtiyac yoxdur. Başqa sözlə, sadəlövh realistlər qavrayış hallarını təzahür və ya hissi verilən kimi dünya ilə qavrayan subyekt arasında dünyanı subyektin zehnində təmsil edən vasitələrlə izah etməyə ehtiyac görmürlər; çünki – nə qədər qəribə səslənsə də – sadəlövh realistlər belə düşünürlər ki, qavrama zamanı qavrayış yaşantıları qismən müvafiq obyektin xüsusiyyətlərindən təşkil olunur. Eyni misal əsasında izah etsək, ağ topu gördükdə görmə yaşantısı topun ağlığından qismən təşkil olunur. Yəni obyektin müvafiq xüsusiyyətinin özü qavrayışda birbaşa iştirak edir. Bu baxımdan, qavrayış, əslində, sadəlövh realistlərə görə, dünyanın müəyyən aspekt və ya xüsusiyyətlərinin birbaşa fərqində olmalıdır; bir subyekt üçün qavrayış prosesində olmaq onun dünya ilə bu şəkildə birbaşa əlaqələnməsi deməkdir.

Pis və müvafiq yaxşı halın fərqli fenomenoloji keyfiyyətə malik olması və ya Tezis 2-nin izahı 

Göründüyü kimi, Tezis 2 həm psixi problemlər zamanı, həm də gündəlik həyatda vaxtaşırı rast gəlinən illuziya və hallusinasiya hallarına istinad edir, sonuncuların müvafiq doğrulanan hallardan fərqli bir fenomenoloji keyfiyyətə malik olduğunu vurğulayır. Fenomenoloji keyfiyyət dedikdə, burada yaşantıların subyekt tərəfindən müxtəlif cür yaşanması nəzərdə tutulur. Məsələn, alma yedikdə müəyyən bir tam yaşantısı yaşayırıq – ki, bu da, məsələn, armud yedikdə yaşanan tam yaşantısından fərqlidir. Və ya qırmızı top gördükdə spesifik görmə yaşantısı yaşayırıq ki, bu da ağ top gördükdə yaşanan görmə yaşantısından fərqlidir. Yəni bu yaşantıların hamısı fərqli fenomenoloji keyfiyyətlərə malikdir – başqa sözlə, onlar eyni növdən olan yaşantı deyil.

Qəribə səslənsə də, Tezis 2 göstərir ki, sadəlövh realistlər eyni şeyi illuziya/hallusinasiya halı (bundan sonra pis hallar deyə istinad ediləcək) ilə müvafiq doğrulanan hal (bundan sonra yaxşı hallar deyə istinad ediləcək) haqqında da düşünürlər. Məsələn, onlar belə hesab edirlər ki, ağ top görməklə (yaxşı hal) ağ top haqqında hallusinasiya yaşamaq (pis hal) fərqli fenomenoloji keyfiyyətə malik, fərqli növ yaşantılardır – baxmayaraq ki, subyekt onların hər ikisini eyni növ yaşantı kimi qəbul edə bilər.

Tezis 2-yə, əslində, Tezis 1-in məntiqi davamı kimi baxmaq olar. Tezis 1 qeyd edir ki, yaxşı halda obyekt birbaşa qavranılır və ya obyekt qavrayışı qismən təşkil edir ki, bu da hallusinasiya kimi pis hallara aid deyil. Tezis 2 bu fərqliliyi fenomenoloji müstəviyə daşıyır; qeyd edilir ki, yaxşı halda obyektin və ya onun xüsusiyyətlərinin qavrayış yaşantısının təşkilində qismən iştirak etməsi onun fenomenoloji keyfiyyətinə də təsir etmiş olur və yaşantı müvafiq pis haldan fərqli olan bir keyfiyyət alır.

Diqqət edin ki, əslində, bu baxış skeptisizmə meylli ənənəvi baxışın əleyhinədir. Ənənəvi baxışa əsasən, pis halla müvafiq yaxşı hal eyni fenomenoloji keyfiyyətə malikdir. Sadəlövh realistlərə görə isə, subyekt özü fərqləndirə bilməsə belə, məsələn, ağ top görməklə ağ top haqqında hallusinasiya yaşamaq fərqli növ yaşantılardır. Ağ topu gördükdə top özü vizual yaşantının təşkilində qismən iştirakçı olur və biz onu birbaşa qavrayırıq, müvafiq hallusinasiya halında isə, aydındır ki, belə deyil. Bu səbəbdən, subyekt fərqində olmasa belə, ağ top görmək yaşantısı ilə ağ top haqqındakı hallusinasiya fərqli fenomenoloji keyfiyyətlərə malikdir.

Sadəlövh realizm skeptisizmə cavab kimi

Sadəlövh realizmin yuxarıda haqqında bəhs etdiyimiz əsas tezislərinin əhəmiyyəti, əgər doğrudursa, ondadır ki, onlar mümkün skeptik nəticəni bloklayır. Qısa xatırlatma etsək, skeptiklər iddia edirlər ki, qavrayış əsasında formalaşdırdığımız inamların əsası yoxdur, çünki onlar bizi vaxtaşırı yanıldır (pis hallar) və çox zaman biz bunun fərqində olmuruq; digər tərəfdən, yaxşı hallarda da bizə təqdim edilən gerçəklik deyil, yanıldıcı ola bilən təzahürlərdir; deməli, biz gerçəkliyi deyil, təzahürləri qavrayırıq və gerçəkliyin özünün necəliyinə birbaşa çıxışımız yoxdur. Buradan isə belə çıxır ki, qavrayış əsasında formalaşdırdığımız, gerçəklik haqqında olan inamlarımızın əsası yoxdur və ya onların doğrululuğuna şübhə ilə yanaşmağa əsas vardır.

Bu skeptik nəticənin əsasında pis hallarla yaxşı halların fenomenoloji olaraq eyniləşdirilməsi dayanır. Çünki onları məhz fenomenoloji olaraq eyniləşdirdikdə, məlum olur ki, həm pis, həm də müvafiq yaxşı hala eyni izah verilməlidir. Hər ikisinə eyni izah verdikdə isə belə məlum olur ki, pis halda xarici obyekt ümumiyyətlə və ya birbaşa təqdim edilmədiyindən, yaxşı halda da o, subyektə birbaşa təqdim edilmir; subyekt yaxşı halda da birbaşa olaraq obyekti deyil, təzahürləri qavrayır. Yuxarıda qeyd etdiyimiz kimi, obyektlərin yerinə təzahürləri qavradığımızı söyləmək isə skeptisizm üçün ayaqyeridir, çünki təzahürlər bizi vaxtaşırı yanıldır və çox zaman biz bunun fərqində olmuruq. Yəni yaxşı hallara əsaslanaraq da biz deyə bilmirik ki, dünya haqqındakı inamlarımız əsaslıdır.

Pis və müvafiq yaxşı halı fenomenoloji olaraq eyniləşdirmədikdə isə – necə ki, Tezis 2 bunu qeyd edir – skeptik nəticəyə gedən yol bağlanmış olur. Çünki fenomenoloji fərqlilik fərqli izah tələb edir; və həmin fərqli izaha əsasən isə pis hallarda biz yanılmış olsaq da, yaxşı hallarda – Tezis 1-i xatırlayaq –  biz dünya ilə birbaşa əlaqələnirik; o mənada ki, qavranılan obyekt qavrayışı qismən təşkil etmiş olur. Birbaşalıq və ya qavranılan obyektin qavrayış yaşantısını qismən təşkil etməsindən isə belə çıxır ki, qavrayış əsasında formalaşdırdığımız inamlar da etibarlıdır. Məsələn, ağ top gördükdə top ağdır inamı hasil etməyimiz ona görə yaxşı əsaslandırılıb ki, top özü qavrayışımızın təşkilində qismən iştirak edir, yəni obyekt qavrayışa təzahürlərsiz verilir və inam da qavrayışdan birbaşa hasil olur.

Beləliklə, hiss verilənlər və digər oxşar nəzəriyyələrdən fərqli olaraq, sadəlövh realizmə görə, obyektin heç bir halda subyektə birbaşa təqdim edilmədiyini düşünmək doğru deyil; subyekt ən azı yaxşı halda obyekti birbaşa qavrayır. Buradan isə belə çıxır ki, qavrayış əsasında formalaşdırdığımız xarici obyektlər haqqındakı inamlarımız tutarlıdır, çünki fundamentdə dayanan yaxşı hallar tutarlıdır və skeptisizm üçün bu baxımdan ayaq yeri yoxdur.

Növbəti yazılarımızda sadəlövh realizmin üzləşdiyi problemlərə də nəzər salacağıq.

 

Qeydlər və istinadlar:

[1] Bax: Brewer, Bill, 2011, Perception and its Objects, Oxford: Oxford University Press; Campbell, John, 2002, Reference and Consciousness, Oxford: Oxford University Press; Martin, M.G.F., 1992, Perception, Concepts and Memory, reprinted in: Y. Gunther (ed.), Essays in  Non-Conceptual Content, Cambridge: MIT Press, 237-250: Martin, M.G.F., 2002a, The Transparency of Experience, Mind and Language, 17: 376–425; Martin, M.G.F., 2008, The Limits of Self-Awareness, in: A. Byrne and H. Logue (eds.), Disjunctivism: Contemporary Readings, Cambridge: MIT Press, 271-317; Soteriou, Matthew, 2014, Disjunctivism, London: Routledge.

[2] Daha ətraflı məlumat üçün bax: Cəfərov, Anar, 2022, Xarici dünya mövcuddurmu? Bakı Araşdırmalar İnstitutu, https://bakuresearchinstitute.org/xarici-dunya-movcuddurmu/

Cəfərov, Anar, 2023, Qarayışın problemləri və skeptisizm, Bakı Araşdırmalar İnstitutu,

https://bakuresearchinstitute.org/qavrayisin-problemleri-ve-skeptisizm/

Paylaş:

  1. Almaniyanın Heydelberq Universitetinin doktorantura məzunu, fəlsəfə doktorudur. Hazırda Xəzər Universitetində müəllim işləyir.