rusiya-nuve-silahindan-istifade-ede-bilermi
Müəllif: Publisist.az /Tarix: 2022-03-07 /Oxunma Sayı: 517

Rusiya nüvə silahından istifadə edə bilərmi?

Rus ordusunun qonşu ölkənin ərazisinə hərbi müdaxiləsi ilə başlayan Rusiya-Ukrayna müharibəsi artıq 9-cu gündür davam edir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın və Avropa Birliyi dövlətlərinin çoxsaylı sankiyalarına baxmayaraq müharibəni davam etdirməkdə israrlı görünür.

O, hələ müharibənin ilk günlərində nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr etmişdi.

Bu, Rusiyanın Strateji Raket Qüvvələrinin işə düşməsi üçün ən yüksək hazırlıq səviyyəsi hesab olunur.

Hərbi ekspert Ruslan İmamquliyev deyir ki, Rusiyanın nüvə silahını hazır vəziyyətə gətirilməsi ilə bağlı vurduğu ehyam indiki mərhələ üçün çox tez idi.

“Rusiyanın bu müharibədə nüvə silahından istifadə etməsinə gərək yoxdur. Onun ordusu, resursları yetərlidir. Ancaq döyüşlərin gedişatı onu göstərir ki, hesaba qatılmamış bir çox məqam var, rus generalları çıxılmaz vəziyyətdə qalıblar”.

Hansı dövlətlərin nə qədər nüvə silahı ehtiyatı var və bu nə dərəcədə təhlükəlidir?

İlk dəfə Amerika Birləşmiş Ştatları 1945-ci ilin iyulunda nüvə sınaq partlayışını həyata keçirdi və elə həmin ilin avqustunda da Yaponiyanın Xirosima, Naqasaki şəhərlərinə iki atom bombası atdı.

Xirosimada partlayış zamanı və onun törətdiyi fəsadlar nəticəsində 140000 insanın öldüyü təxmin edilir, Naqasaki üçün oxşar qiymətləndirmə 74000 nəfərdir. Bu rəqəmləri 1946-cı ilin fevralında ABŞ ordusunun Yaponiyadakı qərargahı açıqlayıb, amma ondan sonrakı dövrdə şüa xəstəliyindən və partlayışlar zamanı şüalanmanın digər təsirlərindən ölənlərin sayı nəzərə alınmayıb.

Həmin hadisədən sonra ABŞ-ın nüvə silahı üzərində inhisar yaradacağı gözlənilsə də, atom bombasının yaradılmasının sirləri, texnologiyası yayılmağa başladı. Bu da ABŞ və SSRİ arasındakı nüvə silahlanma yarışının başlanğıc nöqtəsi oldu.

İndi beş dövlət Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ rəsmi şəkildə nüvə silahına malikdir. Nüvə Silahlarının Yayılmaması haqqında (NPT) müqavilə bu dövlətlərin nüvə arsenallarını tanıyır, lakin NPT-nin VI maddəsinə əsasən onlar bu cür silahları əbədi olaraq saxlamamalıdırlar.

Əksər hökumətlər öz nüvə arsenalı ilə bağlı məlumatları məxfi saxladığından hansı ölkənin nə qədər nüvə resursuna malik olması sadəcə təxminlərə əsaslanır.

Çinin ümumilkdə 350 döyüş başlığına sahib olduğu bildirilir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Çinin 2027-ci ildə 700, 2030-cu ilə qədər 1000-ə qədər nüvə başlığına sahib olacağı gözlənilir.

Rusiyanın 527 qitələrarası ballistik raketə, sualtı qayıqlardan buraxılan ballistik raketlər və strateji bombardmançı təyyarələrdə yerləşdirilən 1458 strateji döyüş başlığına sahib olduğu deyilir.

Nüvə silahı olan dövlətlər

Amerika Elm Adamları Federasiyasının (FAS) təxminlərinə görəsə, Rusiyanın hərbi anbarında 2021-ci ilin yanvarına qədər təxminən 4497 ​​nüvə başlığı olub, eyni zamanda sıradan çıxarılmalı olan 1760 əlavə döyüş başlığı var.

Fransanın ümumilikdə 290, Böyük Britaniyanın 225 strateji döyüş başlığına sahib olduğu bildirilir. Bundan əlavə, Böyük Britaniya nüvə mühərrikli ballistik raket sualtı qayığına malikdir.

ABŞ-a gəlincə, onun 665 qitələrarası ballistik raketi, sualtı qayıqlardan buraxılan ballistik raketləri və strateji bombardmançı təyyarələrdə yerləşdirilən 1389 strateji nüvə başlığı, altı NATO bazasında yerləşdirilən 100 B-61 nüvə cazibə bombası olduğu deyilir. ABŞ-ın 230 B-61 ehtiyatının olduğu da təxmin edilir.

Dövlət Departamenti 2020-ci ilin sentyabrına kimi ABŞ-ın “aktiv” və “qeyri-aktiv” döyüş başlıqlarının ümumi sayının 3750 olduğunu bildirib. Ancaq siyahıya istismardan çıxmış döyüş başlıqları və sökülməsi gözlənilən silahlar daxil deyil.

FAS təxmin edir ki, 2021-ci ildə Birləşmiş Ştatların ümumilikdə 5550 döyüş başlığı olmaqla, sökülməyi gözləyən 1750 döyüş başlığı var.

1991-ci ildə Sovet İttifaqı dağıldıqda Belarus, Qazaxıstan və Ukrayna onun nüvə silahlarını miras alsalar da, bir neçə il sonra “mirası” Rusiyaya qaytardılar və nüvə silahı olmayan dövlətlər kimi NPT-yə qoşuldular.

Cənubi Afrika Respublikası gizli şəkildə bu sahəni inkişaf etdirsə də, sonradan kiçik sayda nüvə başlıqlarını ləğv etdi, 1991-ci ildə NPT-yə qoşuldu.

İraq 1991-ci il Fars Körfəzi Müharibəsindən əvvəl aktiv nüvə silahı proqramına malik idi, amma BMT müfəttişlərinin nəzarəti altında onu ləğv etmək məcburiyyətində qaldı. 2003-cü ilin martında ABŞ-ın İraqa müdaxiləsi və ölkə lideri Səddam Hüseynin ələ keçirilməsindən sonra Bağdad nüvə silahı axtarışına son qoydu.

Şimali Koreya 2003-cü ilin yanvarında müqavilədən çıxdığını elan edib və o vaxtdan bəri qabaqcıl nüvə silahlarını sınaqdan keçirir.

İran və Suriyanın müqavilənin şərtlərini pozaraq gizli şəkildə nüvə silahı əldə etməyə çalışdığı  ehtimal olunur. Liviyanın da belə bir niyyəti olsa da, 2003-cü ilin dekabrında həmin  cəhdlərindən könüllü imtina edib.

Argentina, Braziliya, Cənubi Koreya və Tayvan da nüvə silahı proqramlarını dayandıran ölkələr siyahısındadır.

Hindistan, İsrail və Pakistan NPT müqaviləsini imzalamayan dövlətlərdir və onlar nüvə arsenallarına sahibdirlər. 

Hansı halda nüvə silahından istifadə oluna bilər?

Hərbi ekspert R. İmamquliyev deyir ki, nüvə silahı onun atıldığı ölkə ilə yanaşı ətrafındakı geniş bir çevrəyə zərər verir.

Ruslan Imamquliyev

Onun sözlərinə görə, nüvə silahının tətbiqi ən son anda, qarşı tərəf təhdid yaratdığı halda mümkün ola bilər.

“Ukraynanın nüvə silahı tətbiq etmək imkanı yoxdur. 1994-cü ildə Ukraynanın əlindəki nüvə resurslarının ləğvində Rusiya, İngiltərə, ABŞ iştirak ediblər. Hətta bunun “qarantiyası” kimi Ukraynanın toxunulmazlığına dair müqavilə imzalayıblar. Ancaq belə görünür ki, daha əvvəlki illərdə Rusiya  Ukraynanın müstəqilliyinə xələl gətirəcək addımlar atıb”.

R.İmamquliyev Rusiyanın nüvə silahlarının gözlənilən qədər yaxşı vəziyyətdə olmamasını da ehtimal edir: “Əvvəllər Rusiyanın “İsgəndər” raket kompleksinə qorxuducu silah kimi baxılırdı. Amma Azərbaycan-Ermənistan arasındakı 44 günlük müharibədə onların raket komplekslərinin imkanlarının hansı səviyyədə olduğunu bəlli oldu. Düşünürəm ki, nüvə silahı ilə bağlı da bənzər ssenarinin yaşanması mümkündür. Yaxud da elə bir problem çıxar ki, onlar istsələr də, ondan istifadə edə bilməzlər”.

Hərbi ekspert Heydər Mirzənin qənatinə görə, Rusiyanın müharibədə strateji nüvə silahlarından istifadə etməsi nəinki Ukrayna, hətta Qafqaz üçün də təhlükə yarada bilər: “Nüvə silahları insanlıq üçün ən təhlükəli, dağıdıcı silahlar hesab olunur. Arada Böyük Qafqaz dağ silsiləsi olmasına baxmayaraq külək radiasiyanı, zərərli maddələri ətrafa yayacaq”.

Mənbə: https://toplum.tv/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur