gurcustanda-azliqlar-onlarin-inteqrasiyasinin-bas-tutmasi-ucun-ne-etmek-lazimdir
Müəllif: Publisist.az /Tarix: 2021-07-20 /Oxunma Sayı: 453

Gürcüstanda azlıqlar – onların inteqrasiyasının baş tutması üçün nə etmək lazımdır?

Hələ sovet dövründən xarakterik olan millətçi yanaşmalar Gürcüstanın etnik azlıqlarını təcrid edib. Əgər onların ölkənin siyasi, iqtisadi və mədəni həyatına inteqrasiyası baş versə, bu, uğurlu dövlət quruculuğu üçün mühüm əhəmiyyət daşıyacaq.

Bu məqalə “Gürcüstanın gələcəyi” silsiləsinin beş məqaləsindən dördüncüsüdür. Layihəni Carnegie Europe və Levan Mikeladze Fondu Gürcüstan cəmiyyətində mübahisəli məsələləri təhlil etmək məqsədilə aparır.

Bu tədqiqatın müəllifləri: Tbilisidə “Azad Universitet”in elmi işçisi Rusudan Amirecibi və Tbilisi Dövlət Universitetinin dosenti və Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzinin sədr müavini Kaxa Qabuniyadır.

Bu silsilədə əvvəlki məqalələr:

Gürcüstan çoxdilli və çoxmillətli ölkədir. 2014-cü il siyahıya alınmasına əsasən,  etnik gürcülər ölkə əhalisinin 87 faizini, digər etnik qruplar isə ümumilikdə 13 faizini təşkil edir.

Bu qrupda azərbaycanlılar Gürcüstan əhalisinin 6 faizindən artığını, ermənilər isə 5 faizə qədərini təşkil edirlər.

Sovet etnolinqvistik siyasəti ağır irs qoyub: etnik gürcülərə və etnik azlıqlara özlərini vahid milli dövlətin üzvləri kimi görmək çətindir.

Gürcüstandakı azlıqların ölkənin siyasi, iqtisadi və mədəni həyatına inteqrasiyası uğurlu dövlət quruculuğu üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dillərə münasibətdə, təhsil və iqtisadi inkişafa yanaşmada dövlət siyasətinin dəyişməsini tələb edəcək.

Həmçinin bu, azlıqlar sırasından olan həmvətənləri ilə çox da tanış olmayan bir çox etnik gürcünün baxışlarının da dəyişməsini tələb edəcək.

Müasir Gürcüstanda azlıqlar

Sovet İttifaqında etnik mənsubiyyət institutlaşdırılmışdı. İosif Stalinin idarıəçiliyi zamanında bir növ “titullu millətlər” formalaşmışdı – gürcülər, ermənilər, ruslar və sairə.

Onlar yalnız Sovet İttifaqına daxil olan 15 respublikanın adını formalaşdırmamışdılar, eyni zamanda faktiki olaraq bu quruluşlara öz mülkləri kimi baxır və digər millətləri diskriminasiyaya uğradırdılar.

Dil etnomillətçi siyasətin mərkəzi komponenti idi və burada əhalinin çox hissəsilə müqayisədə azlıqların haqları az idi.

Sovet İttifaqı dağılandan sonra on beş respublika müstəqil dövlət oldu. Yeni müstəqil Gürcüstan yeni milli vətandaş kimliyinin quruculuğu problemilə üzləşdi.

Amma Gürcüstan sakinləri avtomatik Gürcüstan vətəndaşlığı alsalar da azlıqlar dövlətin həyatında tam mənada iştirak edə bilmirdilər.

Müasir Gürcüstanın azlıqları çox müxtəlifdir. Onlar eyni zamanda ruslar, yunanlar, yezidlər, assuriyalılar, yəhudilər və ukraynalılardır.

Kistlər – Şimal Qafqaz çeçenlərinin etnik qohumları Kaxeti regionunun şərqi hissəsində yaşayırlar, amma region əhalisinin cəmi yeddi faizini təşkil edirlər.

Gürcüstanın azlıqların çox sayda və kompakt yaşadığı dörd regionu xüsusi diqqət tələb edir: AbxaziyaCənubi Osetiya; əsas əhalisi azərbaycanlılar olan Kvemo Kartli; əhalisinin əksər hissəsi ermənilər olan Samtsxe-Cavaxetiya.

Kvemo Kartli Azərbaycamla, Samtsxe-Cavaxetiya Ermənistanla sərhəddə yerləşir, orada yaşayan azərbaycanlıların və ermənilərin statusinu siyasiləşdirir.

Ölkədə gürcü icmasının yarısı potensial separatmılıq təhlükəsi və azlıqların Gürcüstan dövlətinə qarşı loyal olmaması haqda danışır.

Azlıqlar isə öz növbələrində gürcülərin onları assimilyasiya etmək cəhdində etnik kimlikləri üçün təhlükə görürlər. Assimilyasiya qorxusu, xüsusən erməni icmasında, həmçinin etnik gürcülər tərəfindən dəstəyin olmaması bu azlıqları tarixi vətənlərindən dəstək axtarmağa vadar edir.

Gürcüstan pasportlarının olmasına baxmayaraq, bu iki regionda bir çox azərbaycanlılar və ermənilər özlərini müvafiq olaraq Azərbaycan və Ermənistan vətəndaşı kimi hiss edirlər.

Bundan başqa, Samtsxe-Cavaxetiyada yayda mövsümi işlərdə çalışmaq üçün Rusiyaya gedir. Nəticədə region əhalisinin böyük hissəsinin hən Gürcüstan, həm də Rusiya pasportu var, çoxları üstəlik Ermənistan pasportuna da sahibdir.

Bununla belə, çoxsaylı tədqiqatlar və sorğular təsdiqləyib ki, azlıqlar hətta özlərini dövlətdən kənarlaşmış hiss etsələr də Gürcüstanın loyal vətəndaşları olmağa çalışırlar və bu ölkəni öz vətənləri kimi qəbul edirlər.

2009-cu il tədqiqatında “Gürcüstan vətəndaşı olmaq nə deməkdir?” sualına azərbaycanlıların (84 faiz) və ermənilərin (87 faiz) böyük əksəriyyəti “Vətəndə yaşamaq” cavabını verib.

Amma Gürcüstanın dövlətçilik və siyasi həyatında fəal iştirak edirlərmi sualının cavabında isə azərbaycanlılardan demək olar ki, heç kim müsbət cavab verməyib. Etnik ermənilər arasında isə yüksək siyasi fəallıq olub.

Azlıqların dövlətə qarşı yüksək loyallıq səviyyəsini 2020-ci ilin sentyabrında Carnegie Europe və Levan Mikeladze Fondunun sifarişi ilə “Gürcüstanın gələcəyi üçün” layihəsi çərçivəsində Qafqaz Tədqiqat Resursları Mərkəzi (CRRC) tərəfindən aparılan tədqiqatın nəticələri də təsdiqləyib.

  • Respondentlərin ancaq 16 faizi bildirib ki, onların etnik mənsubiyyəti Gürcüstan vətəndaşlığından daha mühümdür.
  • Sorğu edilənlərin 67 faizi Gürcüstan vətəndşalığını daha mühüm amil kimi seçib.
  • Gürcüstan əhalisinin 15 faizi isə bildirib ki, hər iki kimlik onlar üçün eyni dərəcədə mühümdür.

Etnik zəmində millətçiliyin möhkəmliyi

Həm azlıqlar, həm də etnik gürcülər arasında etno-millətçi tendensiyalar güclüdür. Üstəlik çoxluğun və azlığın unikallığı bir çox cəhətdən uzaq keçmişdə əsası qoyulan etno-ərazi iddiaları ilə və ya Sovet İttifaqında tədris olunan tarixlə bağlıdır.

Gürcü icmasının bir hissəsi azərbaycanlıların demoqrafik sayının artması tendensiyasından narahatdır. Bu, sovet dövrü naartivinin davamıdır, o zaman gürcü millətçilər müsəlmanların ilhaqı təhlükəsi haqda bildirirdilər.

Ermənilərə gəlincə, Gürcüstan cəmiyyətində onların Gürcüstan ərazilərinə və mədəni irsinə iddialarından çəkinənlər var.

CRRC-nin sorğusu göstərir ki, müasir əhalidə ümumilikdə Gürcüstan vətəndaşlığına mənsubluğa görə fəxr hissi möhkəmlənib. Demək olar ki, bütün Gürcüstan sakinləri bildiriblər ki, Gürcüstan vətəndaşı olduqları üçün fəxr edirlər.

Bununla belə, vətəndaşlığın etnik konsepsiyası hələ də güclüdür: sorğu edilənlərin yarısı hesab edir ki, Gürcüstan vətəndaşları pravoslav xristian olmalıdır – erməniləri, azərbaycanlıları və kistləri bütünlüklə istisna edən kateqoriya – 30 faizlik azlıq isə hesab edir ki, yalnız etnik gürcülər pravoslav olmalıdır və vətəndaşlıq almalıdır.

Çoxları dili də Gürcüstan vətəndaşlığının əsas atributlarından biri hesab edir. Sorğuda iştirak edənlərin 92 faizi hesab edir ki, Gürcüstan vətəndaşları gürcü dilində danışmalıdır. 94 faiz eyni zamanda hesab edir ki, dövlət xidmətində işləmək istəyən etnik azlıqların nümayəndələri gürcü dilini bilməyə borcludur.

Gürcüstanda etno-millətçiliyin dəyişməz gücü həm sovet totalitarizminin irsi, həm də XIX əsrdə Gürcüstan Rusiya imperiyasının koloniyası olduğu zaman yaranan və 1980-ci illərin sonlarında milli azadlıq mübarizəsi zamanı bərpa olunan gürcü milli ənənələri ilə bağlı ola bilər. Bu intellektual ənənə gürcü kimliyinin təməlində dayanan üç kombinə olunmuş komponenti – vətən, dil və dini vurğulayır.

Sorğu həmçinin gürcülərin azlıqlara münasibətdə ziddiyyətli baxışlarını da ortaya çıxarıb. Bu baxışları cəmiyyətin 1990-cı illərin əvvəllərində başlayan Abxaziya və Cənubi Osetiya münaqişələrinə münasibəti prizmasından görmək mümkündür. Münaqişələr azlıqların ayrılmasının və düşmən obrazının formalaşdırılmasının fəlakətli nəticələrinin ola biləcəyini nümayiş etdirdi. Respondentlərin 69 faizi abxazlara və osetinlərə tolerant münasibət göstərib, amma eyni zamanda 47 faiz etnik azlıqları potensial təhlükə kimi görüb (3-cü Diaqrama bax).

Müasir Gürcüstanda amerikalı sosioloq Milton Bennetin “mədəniyyətlərarası həssaslıq” adlandırdığı – digər qrupların mədəniyyəti və problemlərinə dair bilgilər aşağı səviyyədədir. Tədqiqatlar göstərir ki, bu, bütün növ azlıqlara aiddir. Bennetin mədəniyyətlərarası həssaslıq modelinə əsasən, etnik gürcülər əsasən etno-mərkəzçi fazadadır, onlar digər insanlarla aradakı fərqlilikləri minimallaşdırırlar və əksərən azlıqları öz dövlətlərinin tamhüquqlu üzvləri kimi qəbul etmirlər.

Din fərqliliyin daha bir göstəricisidir. Tarixən Gürcüstanda hesab edilirdi ki, din etnik kimliyi müəyyənləşdirir. Erməni apostol və ya Qriqoryan kilsəsində xaç suyuna salınmış etnik gürcülər erməni, Gürcüstanın cənubundakı katolik gürcülər isə “fransız” hesab edilirdi. Bütün müsəlmanlar mənşələrindən – Azərbaycan, Gürcüstan, İran və ya Türkiyə – asılı olmayaraq tatar sayılırdı.

Müasir Gürcüstanda əhalinin 83 faizi Gürcüstan Pravoslav Kilsəsinə aiddir. Ermənilərin əksəriyyəti Erməni Apostol Kilsəsinə aid olduqları halda, azərbaycanlılar və az sayda gürcülər islama itaət edirlər. Amma müsəlmanların etnik mənsubiyyəti əsasən əhəmiyyət kəsb etmir; İslamın gürcü və qeyri-gürcü təmsilçiləri diskriminasiyaya məruz qalıb, əsasən də pravoslav xristian gürcülər tərəfindən.

Gürcüstanda qüvvədə olan qanunvericilik dini və müqəddəs binaların inşasına loyal yanaşır. Bununla belə yerli hakimiyyət orqanları ayrıseçkilik əsasında dini qruplara inşaat icazəsi vermir və ya ləngidir.

Bundan fərqli olaraq Gürcüstan Pravoslav Kilsəsi Gürcüstanda konstitusiyaya müvafiq olaraq xüsusi statusa sahibdir. Kilsə adətən digər dini icmalarla müqayisədə üstünlüklərə sahibdir və sonuncular bunu bərabərsizlik kimi dəyərləndirirlər. Təbii ki, bu cür qeyri-bərabər yanaşma dünyəvi mühitin yaranmasına gətirib çıxarmır və müvafiq olaraq azlıqların inteqrasiyasına mane olur.

Hökumətin azlıqlara münasibətdə siyasəti: niyyət və reallıq

Hökumətin bu istiqamətdə iş aparıldığı haqda dəfələrlə bəyanat səsləndirməsinə baxmayaraq, etnik azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyası çox ləng gedir. Gürcüstan son iyirmi ildə demokratik dövlət quruculuğu istiqamətində inkişafa nail olsa da, möhkəm demokratik institutların təməli hələ də zəifdir.

Azlıqların icmalarının dövlətin siyasi institutlarına etibar etməməsi və bu institutların zəifliyi ayrıseçkiliyə və təcridə gətirib çıxarır. CRRC-nin sorğusu da göstərib ki, gürcülərin çoxu qadınların və etik azlıqların milli parlamentdə kifayət qədər təmsil edilmədiyini düşünmür (4-cü Diaqrama bax).

Yəqin ki, hökumət qarşısında dayanan ən vacib məsələ azlıqların mədəni irsini qorumaqdan və onları Gürcüstanın mədəniyyət məkanına tam inteqrasiya etdirməkdən ibarətdir. Təhsil və Elm Nazirliyi etnik azlıqların mədəni irsinin qorunmasına və təbliğ edilməsinə istiqamətlənən bir neçə təcrübi layihə maliyyələşdirir və həyata keçirir. Amma gürcülərin azlıqların mədəniyyəti və ənənələri ilə tanışlığına daha az diqqət ayrılır.

2005-ci ildə Tbilisi etnik azlıqların vətəndaş inteqrasiyasına institusional yanaşma hazırlayıb. Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqda Çərçivə Konvensiyasına müvafiq olaraq Gürcüstan azlıqların etnik kimliklərinə hörmət və onların hüquqlarının həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması siyasətini hazırlayıb.

2009-cu ildə hökumət Tplerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyasını, eyni zamanda 2009-2014-cü illərdə vətəndaş inteqrasiyasına dövlətin yanaşmasını müəyyən edən fəaliyyət planını dərc edib. 2015-ci ildə isə nazirlər Vətəndaş Bərabərliyi və İnteqrasiya üzrə Dövlət Strategiyasını, həmçinin 2015-2020-ci illər üçün fəaliyyət planını təsdiqləyiblər.

Hazırda hökumət 2021-2030-cu illər üzrə fəaliyyət planı üzərində çalışır. Bu fəaliyyət planları ölkənin vətəndaş inteqrasiyası siyasətinin mühüm alətlərindən biridir.

Gürcüstanda demokratik institutlar o dərəcədə inkişaf etməyib ki, qanunvericilik çox vaxt yalnız kağız üzərində qalır, qanunların həyata keçirilməsini təmin edən mexanizmlər isə zəifdir və ya ümumiyyətlə mövcud deyil.

Müvafiq olaraq, hətta əgər qanun ideal olsa da, onun həyata keçirilməsi sual altında qalır. Vətəndaş cəmiyyəti tərəfindən monitorinqə ehtiyac var ki, bu proseslərdə əskiklikləri izləmək, tövsiyələr hazırlamaq və müvafiq orqanlarla işləmək mümkün olsun.

Dil siyasəti

Dil siyasəti effektiv inteqrasiya üçün həlledici əhəmiyyət daşıyır. Gürcüstan azlıqlarının üzvləri çox vaxt gürcü dilində pis danışırlar, onların öz dilləri isə ictimai həyatda ancaq qismən qəbul edilir.

Linqvistik bölmələr sovet dövrünə bənzəyir. Sovet İttifaqının dil siyasətindən müdafiə aləti kimi kiçik xalqlar öz kimliyinin formalaşmasında prioriteti dilə verirdilər. Sovet İttifaqı dini qəbul etmədiyi üçün isə dil daha böyük əhəmiyyət qazanırdı.

Gürcü dilinin respublika dili kimi statusu Gürcüstan konstitusiyasında 1978-ci ildə təsbit edilsə də, rus dili hüquq, elm və millətlərarası münasibətlərin aləti kimi tanınıb. Bu, indi də etnik azlıqların yaşadığı rayonlarda insanların gürcü dilini aşağı səviyyədə bilmələrində özünü göstərir.

Gürcüstanın etnik azlıqları üçün təklif olunan dil siyasətləri arasında CRRC-nin sorğusunda iştirak edən gürcülərdən ən çox reytinq qazanan azlıqların dillərində dövlət xidmətlərinin təqdim edilməsi olub (5-ci Diaqrama bax).

Bununla belə, respondentlər azlıqların dillərində küçə işarələrinin hazırlanması və bəzi məhkəmə işlərinin bu dillərdə aparılması ideyasına daha şübhəylə yanaşıblar.

Dil qrupları hökumət tərəfindən daha böyük diqqət tələb edir. Hazırda gürcü dilində olmayan 208 dövlət məktəbi , o cümlədən də tədris dili rus, erməni və Azərbaycan dilində olan məktəblərdə 89 qeyri-gürcüdilli seksiya var. Bu qeyri-gürcüdilli məktəblərdə və seksiyalarda ümumilikdə 52 000-ə qədər şagird təhsil alır.

Əsas problem qeyri-gürcüdilli məktəblərdə ixtisaslı müəllimlərin olmamasıdır. Sovet İttifaqı dağılandan sonra Gürcüstanın ali məktəblərində bu məktəblər üçün müəllimlərin hazırlanması üzrə proqram praktiki olaraq yoxdur. Nəticədə müəllimlərin orta yaş həddi çox yüksəkdir: 60 faizindən çoxu pensiya yaşındadır.

Kifayət qədər dərsliklərin tərcümə olunmaması ilə bir arada bu, qeyri-gürcüdilli dövlət məktəblərində təhsilin keyfiyyətində mənfi təsir edir.

Yerli və beynəlxalq sorğular gürcüdilli olmayan məktəblərin məzunları arasında gürcü dili dilgisinin çox zəif olduğunu göstərir və hökumət bu problemi təcili həll etməlidir.

2006-cı ildən Təhsil Nazirliyi qeyri-gürcüdilli məktəblərdə ikinci dil kii gürcü dilinin tədris edilməsi üzrə müxtəlif layihələr həyata keçirir. Amma bu layihələrin uğur göstəriciləri çox aşağıdır.

Bu layihələr arasında bir istisnanı qeyd etmək lazımdır: 2010-cu ildən Gürcüstan hökumətinin apardığı 1+4 proqramı kimi də tanınan müsbət əməllər siyasəti. Bu proqram çərçivəsində gürcü dilində danışmayan tələbələr üçün kvota ayrılır və onları bir il müddətində gürcü dilini öyrənəcəkləri şərtilə imtahansız ali məktəblərə qəbul edirlər və yalnız bundan sonra onlar dördillik bakalavr proqramının tədrisinə keçirlər.

Proqram bir neçə müsbət nəticə verib, Gürcüstanın ali təhsil müəssisələrində azlıqların aldığı təhsilin keyfiyyətini artırıb.

Bu müəssisələrə etibar yüksəlib və bu gənclərin ali təhsil aldıqdan sonra Gürcüstanda iş tapacaqlarına ümid var. Təhsilini gürcü dilində davam etdirə biləcək gənclərin də sayı artıb.

Azlıqlara doğma dil bilgilərini yoxlamaq üçün ümumi test verməyə imkan yaradan qanundakı dəyişikliklər gənclərə ali təhsil almaq üçün daha çox motivasiya verib. Gürcü dilində danışmayan əhali bu dəyişikliklər haqda daha çox informasiya alıb. Artıq Gürcüstanın ali məktəblərində təhsil alan proqramın uğurlu iştirakçıları ilə bağlı nümunələr də var.

Azlıqların dillərini saxlamaqla gürcü dilinin effektiv tədrisini təmin etmək üçün Təhsil Nazirliyi çoxdilli təhsilin islahatlarına başlayıb ki, monodilli tədbir modelini əvəz etsin və qeyri-gürcüdilli məktəblərdə gürcü dili əlavə tədris dili kimi proqrama daxil edilsin.

Amma tətbiq prosesində müxtəlif problemlər yarandı – çevik olmayan tədris proqramı, qrafiklər bağlı problemlər və az maaş məktəblərin yeni modellərə adaptasiyasını çətinləşdirir. Çoxdilli təhsil modelinin tətbiqi riyaziyyat və təbiət elmləri kimi dərslərə dil və predmet inteqrasiyasını nəzərdə tutur.

Bu da dərslərin qrafikində dəyişikliklərə və tədris proqramlarında düzəlişlərə gətirib çıxarır ki, bu da müəllimlərdən əlavə səy tələb edib. Pedaqoqları lazımi səviyyədə motivasiya etmək və maraqlandırmaq üçün dövlət onları əməkhaqlarını artırmalıdır.

Dövlət, görünür ki, hələ bu dəyişikliklərə hazır deyil, baxmayaraq ki, pilot layihələr formasında ilk addımlar atılır.

Sosial-iqtisadi məsələlər

Sosial-iqtisadi problemlər də Gürcüstanın etnik azlıqlarının toqquşduğu qeyri-bərabərlikdə həlledici rol oynayır.

Gürcüstan qanunları nominal olaraq bütün vətəndaşların sosial-iqtisadi bərabərliyini qorusa da, azlıqların nümayəndələri hələ də iqtisadi hüquqlarının təmin edilməsi və sosial xidmətlərin tam əldə etməkdə böyük maneələrlə qarşılaşırlar.

Kvemo Kartli və Samtsxe-Cavaxetiyada iqtisadi fəallıq paytaxt Tbilisi ilə müqayisədə çox zəifdir. Kvemo Kartli və Samtsxe-Cavaxetiya əsasən kəndtəsərrüfatı regionlarıdır və birlikdə Gürcüstanın bütün kartof məhsulunun yarısından çoxunu istehsal edir.

Buğda və qarğıdalı Kvemo Kartlinin düzənlik yerlərində becərilir və hər iki regionda eyni zamanda maldarlıqla məşğul olurlar.

Gürcüstan hökuməti etnik azlıqların milli iqtisadiyyata inteqrasiyasına yönəlmiş sosial-iqtisadi proqramların reallaşdırılmasına başlayıb. Amma indiyə qədər əsas vurğu informasiya kampaniyalarına, məsələn, Kaxeti, Kvemo Kartli və Samtsxe-Cavaxetiyada kəndtəsərrüfatı kooperativlərinin dəstəklənməsi üzrə müxtəlif dövlət proqramlarla bağlı etnik azlıqlara tövsiyələrin verilməsinə edilirdi.

Hökumət həmçinin regionlarda yaşayan gənclərin inkişafının dəstəklənməsi və məşğulluq imkanlarının genişləndirilməsi üzrə tədbirlər də görüb. İdman və Gənclərlə İş Nazirliyi gənnclərin sahibkarlıq potensialının inkişafı Proqramı çərçivəsində Regional Sahibkarlıq Məktəbini təsis edib.

Kvemo Kartlidə qadınlar üçün şirkəti nücə qurmaq və necə inkişaf etdirmək haqda 2018-ci il tədris kursu onlar tərəfindən fərdi bizneslə məşğul olmaq üçün stimul kimi qəbul edilib. Təəssüf ki, bu, dəstək tədbirlərinin cari limitidir və onu düzəltmək lazımdır.

İşsizlik Gürcüstanın etnik azlıqları arasında problem olaraq qalır. Onlar bir çox sahələrdə, o cümlədən dövlət xidmətində işədüzəlmə zamanı problemlərlə qarşılaşırlar.

Etnik azlıqlardan olan gənclərin dövlət idarəçiliyinə çıxışını genişləndirmək üçün 2017-ci ildə Gürcüstan hökuməti etnik azlıqlardan olan tələbələrə dövlət orqanlarında staj keçərək müvafiq təcrübə qazanmaq və peşəkar bacarıqlarını artırmaq üçün imkan yaradıb.

Zurab Jvaniyanın 2006-cı ildə Kutaisidə açılan İctimai Fikir Məktəbi bütün Gürcüstanda dövlət qulluqçuları üçün qısamüddətli və uzunmüddətli peşəkar təhsil proqramları təqdim edir.

Amma məktəbin məzunları çox vaxt nəzərdən qaçır və iş gürcü dilini pis bilən və ya ümumiyyətlə bilməyən və peşəkar vərdişlərə sahib olmayan digər namizədlərə təklif olunur.

Yekun: prioritetlər necə olmalıdır?

Gürcüstanın etnik azlıqları ölkəni öz vətənləri adlandırırlar və bildirirlər ki, onlar ümumi prinsip kimi Gürcüstan dövlətçiliyi ideyasına yad deyillər. bu müsbət bəyandır, amma azlıqların ictimai və siyasi sahələrdə iştirakı hədsiz məhdud olaraq qalır.

Gürcüstandakı azlıqların qalan cəmiyyətə yadlaşdırılması qarşılıqlı ticari-iqtisadi münasibətlər üçün imkanların məhdud olması ilə daha da dərinləşir, Gürcüstanda etnik qruplar arasında münasibətlər bir çox hallarda sovet dövründə formalaşmış qrup xurafatları və stereotipləri ilə müəyyən olunur.  

Gürcüstanda vətəndaş millətinin uğurlu quruculuğu azlıqların ölkənin siyasi, iqtisadi və mədəni həyatına inteqrasiyasını nəzərdə tutur. Bu, həmçinin azlıqlar sırasından olan həmvətənləri ilə az təmas edən və ya heç etməyən və hələ də onlara qarşı qərəzli olan çox sayda etnik gürcülərin münasibənin dəyişməsini tələb edir.

Vəziyyətin yaxşılaşdırılması üçün bir neçə həlledici sahədə dövlət siyasətinin dəyişməsi vacibdir.

Gürcü dili və azlıqların dillərinin daşıyıcıları arasındakı dil baryeri çox vaxt etnik azlıqların yadlaşdırılmasının əsas amili kimi dəyələndirilir. Gürcü dilini bilmək mühüm ünsiyyət vasitəsi və peşəkar inkişaf üçün vacib amildir, hərçənd sadəcə dil bilmək etmo-təcridi aradan qaldırmaq üçün yetərli deyil.

Təhsil sistemi gürcü dilini etnik azlıqlar üçün əlçatan etməli və eyni zamanda azlıqların dilinin qorunmasını təmin etməlidir.

Bunun üçün dövlət yerli personalın potensialından maksimum yararlanmalı, gürcü dilinin tədrisinin və müəllimlərin ixtisasının yüksəldilməsinin dəstəklənməsi üçün təhsil proqramları təklif etməlidir. Ümumi təhsil sistemibütün Gürcüstan vətəndaşlarının tərbiyələndirilməsini təmin etməli, bir qrupa digəri üzərində üstünlük verməməlidir.

Möhkəm demokratik institutların inkişafı da çox vacibdir. Gürcüstan dövlətin hər bir insanın maraqlarını nəzərə aldığı və meritokratiya prinsiplərinin daha yaxşı qorunduğu mühit yaratmalıdır. Bununla yanaşı yerli özünüidarə sistemi inkişaf etdirilməli və möhkəmlənməlidir. Bu, vətəndaşları yerli siyasətdə iştiraka sövq edəcək, o cümlədən də onların mədəni kimliyinin müdafiəsinə kömək edəcək.

Təhsil və mədəniyyət nazirlikləri beynəlxalq donorların və qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə Gürcüstanın tarixi inkişafında azlıqların müsbət və təsirli rolunu əks etdirən beynəlxalq təhsil layihələrini dəstəkləməlidirlər.

Azlıqların kompakt yaşadığı regionlarda bu regionlar üçün xarakterik olan sahə və sektorların inkişafını təmin etmək vacibdir.

Bu, kəndtəsərrüfatı sektorunda fərdi təşəbbüslərin inkişafını, Kvemo Kartli və Samtsxe-Cavaxetiya aqrar regionlarında kəndtəsərrüfatı məhsullarının emalı üzrə müəssisələrin sayının artırılmasını əhatə edir.

Həmçinin iş yerlərinin yaradılması və iqtisadi fəallığı stimullaşdırılması üçün bu regionlarda sənaye mərkəzlərinin inkişaf etdirilməsi tövsiyə olunur.

Təhsil və mədəniyyət nazirlikləri yenə də beynəlxalq donorlar və QHT-lərlə birlikdə çoxluq icmasının azlıqların mədəniyyəti, ənənələri və dəyərləri haqda məlulatlılığını artırmaq üçün ictimaiyyətlə əlaqələr üzrə geniş kampaniya başlatmalıdırlar. Bu, yadlaşmanın qarşısını almağa və cəmiyyətin müxtəlif mədəniyyətlərə qarşı daha həssas olmasına kömək edər.

Nəhayət, dövlətin azlıqlara münasibətdə strategiyanın hazırlanması üzrə praktiki addımların atılmasına daha çox diqqət yettirməsi vacibdir ki, onların Gürcüstanın siyasi və ictimai həyatında tam və bərabər iştirakını təmin etmək mümkün olsun.


Karnegi dövlət siyasəti məsələləri üzrə institusional mövqe tutmur. Burada təqdim olunan baxışlar müəllifə (müəlliflərə) aiddir və Karneginin, onun əməkdaşlarının və ya qəyyumlarının nəzər nöqtəsini əks etdirməyə bilər.

 

 

Kaxa Qabuniya

Rusudan Amirecibi 

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur