rejissor-namiq-agayevin-60-illik-yubileyi-qeyd-olunacaq
Müəllif: Publisist.az /Tarix: 2022-10-26 /Oxunma Sayı: 568

Rejissor Namiq Ağayevin 60 illik yubileyi qeyd olunacaq

Oktyabrın 28-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tanınmış rejissor, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsində çalışmış istedadlı səhnə xadimi Namiq Ağayevin 60 illik yubiley gecəsi keçiriləcək.
Gecədə kuklaçı rejissorun sənət yoluna nəzər salınacaq, quruluş verdiyi tamaşalardan səhnəciklər nümayiş olunacaq.
Xatırladaq ki, yaradıcılığa başladığı ilk vaxtlardan fərqli üslubu və quruluşları ilə seçilən Namiq Ağayev Kuka teatrı tarixində xüsusi yeri olan rejissorlardandır.
Təsadüfi deyil ki, teatrın baş rejissoru kimi fəaliyyət göstərdiyi illərdə (1987-1993) bir-birindən maraqlı səhnə işlərinə imza atıb, teatral eksperimentləri ilə daim seçilib.
Quruluş müəllifi olduğu “Bakı həyatının rekviyemi”, “Qar qızı”, “Yeddi gözəl”, “Əhmədin ları xoruzu”, “Oxaq və Əhməd”, “Göy saqqal”, “Xəlifə və hacıleylək”, “Məlikməmməd”, “Keçəlin toyu”, “Son əhvalat”, “Bülbül” kimi tamaşalar ilə Rusiya, İran, Türkiyə, İtaliya, Yunanıstan, İngiltərə, Polşa və s. ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib, teatra müxtəlif mükafatlar qazandırıb.
1993-2001-ci illərdə Türkiyədə yaşayıb, oradakı dövlət və şəhər teatırlarında tamaşalara quruluş verib.
2002-ci ildən fəaliyyətini televiziya rejissoru kimi davam etdirən N. Ağayev kino sahəsində də özünü sınayıb və bir sıra uğurlu işlərə imza atıb.
Uzun illərdən sonra teatr ilə əməkdaşlığa başlayan rejissor hazırda repertuarda olan “Qara balığın nağılı” (S. Behrəngi) tamaşasını hazırlayıb. Rejissor ilə yaradıcı əməkdaşlıq bundan sonra da davam edəcək.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur