Postmodernizm, kinayə, həzz
Postmodernizm anlayışı, əsasən, iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışıqlığından ibarət müasir vəziyyəti; moderndən «sonra» deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm – ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü-özünü əks və ifadə edir, qapanır. Hər şeyə şübhə edilir və eyni zamanda bu şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya-mətn yaradılır, özü də bir yox, çoxlu dünyalar.
Obyektiv reallıq virtual dünyayla əvəzlənir. Orteqa i-Qasset, J. Derridanın fəlsəfəsinə dayanan postmodernizm «təmiz» fəlsəfəni inkar edir, şeir, film, nəsrə hopmuş «dağınıq» fəlsəfəni qəbul edir. Bu fəlsəfədə həqiqət «iz»lə, mahiyyət oyun və təsadüflə, məntiq anarxiyayla, müəyyənlik anlaşılmazlıqla, janr mətnlə, yaratma və sintez dekonstruksiya və destruksiya ilə əvəzlənir. Modernizmə xas metafizika, transsendentallıq, inam qəbul edilmir. Kinayə, batin, immanentlik, özündəyetərlik səciyyəvi cəhətləridir.
Postmodernizm poetikasını sənət növləri, janrlar və qavrayış tərzlərinin sinkretikliyi, müəllif kateqoriyasının silinməsi, ilkin mənbənin əhəmiyyətsizləşməsi, fraqmentarlıq, irreallıq, quramalıq, mərasimilik, məntiqsizlik, mətn-söyləmin aqrammatikliyi fərqləndirir. Fövqəlmətnlik (intertekstlik), sitatçılıq (senton-sitatlardan ibarət mətn), mətnin «ikinciliyi» (simulakr-mənbəsiz nüsxə, nüsxənin nüsxəsi), irrasionallıq (şizoanaliz) və s. postmodern poetikasında üstünlük təşkil edir. U.Ekonun «Qızılgülün adı», Ezra Paundun «İnanc rəmzi» romanları, A.Tarkovskinin «Güzgü» filmi görkəmli postmodern nümunələri hesab olunur.
Hazırda Rusiyada gecikməklə vüsətlənmiş və birmənalı qarşılanmayan postmodern nümayəndələri V. Yerofeyev, V. Pelevin, Viktor Yerofeyev, V.Sorokin, V.Şarov, D.Qalkovski, T.Tolstaya və başqalarıdır.
XX–XXI əsrlərin qovşağında artıq postmoderndən sonrakı yaradıcılıq formalarının axtarışı aktuallaşıb. Eyni zamanda postmodernin yeganə hakim üsul olmadığı aydınlaşıb. Postmodernizmin yaradıcılarından olan U.Ekonun «Qızılgülün adı» romanına qeydlərindən verdiyimiz hissə postmodern haqqında ilkin canlı mülahizələr kimi maraq kəsb edir.
1965-ci ildən bu günə iki fikir tam aydınlaşıb (34 yazıçı və 9 tənqidçidən ibarət İtaliya neoavanqardistlərinin «63 qrupu»nun 1965-ci ildə Palermodakı görüşü nəzərdə tutulur. – A.H.). Süjeti digər süjetlərin nəqlində də tapmaq olar və nəql, nəql olunan süjetin özündən daha az barışdırıcı ola bilər. Deməli, qiyamçı, kifayət qədər problematik və yenə də xoşagələn roman yazmaq olar.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur