novruz-ensiklopediyasi-su-cersenbesi
Müəllif: Publisist.az /Tarix: 2021-02-23 /Oxunma Sayı: 1802

Novruz ensiklopediyası. Su Çərşənbəsi

Su çərşənbəsi boz ayın dörd çərşənbəsindən birinə verilən adlardan biridir. Su həyatdır. Su dirilikdir. Bu çərşənbəni azərbaycanlılar əzizləyə-əzizləyə, böyük təmtəraqla, bayram kimi qarşılayırlar. Su Tanrının insanlara bəxş etdiyi ən böyük və əvəzsiz nemətdir.

Əski inamlarda su sağlamlığın, təmizliyin, paklığın rəmzidir. Su çərşənbəsi günü səhər ertədən üz tutarlar axar suyun üstünə, çillə kəsdirər, niyyət eyləyib suyun üstündən tullanar və bu sözləri deyərlər: “Ağırlığımı su götürsün”.

Bu çərşənbədə hamı bulaqda, axar çayda əl-üz yuyur, bir-birinin üstünə su çiləyirlər. Bu mübarək sudu, - deyirlər. Təzə sudan gətirib evə, həyət-bacaya, mal-qaranın üstünə səpirlər. Deyirlər, belədə il ruzulu olar, bərəkət artar. Qucaqda körpələri, hətta qocaları, xəstələri də su üstündən hoppandırırlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun.

Bulaq başında, arx kənarında, çay qırağında suya çağıran, onun müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyurlar. Əski etiqadlara görə, su çərşənbəsi günü bir anlıq “təzə suya” qovuşanlar, azar – bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar, günahlarını su yuyub aparar.

Ulularımız arzu və niyyətlərini, dərdlərini suya söyləmiş, su ilə fala baxmışlar. Səfərə çıxanın, uzaq-uzaq  ellərə yol alanın ardınca-arxasınca su atırlar ki, Tanrı köməyi olsun. “Yolu aydın, uğurlu olsun, salamat qayıdasan səfərdən”, - deyirlər.

Azərbaycanda ən qədim and su ilə bağlı olub. And içəndə belə deyirlər: “Su haqqı!”, “Axar suya and olsun!”. Azərbaycan xalqı suyun qüdrətinə inanır və dua edəndə “Su qədər ömrün olsun!” – deyirlər.

 

Novruz Ensiklopediyası. Şərq-Qərb/Bakı. 2008

http://khatai.cls.az/front/files/libraries/13/books/386588035.pdf

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur