novruz-bahar-bayrami
Müəllif: Publisist.az /Tarix: 2021-03-18 /Oxunma Sayı: 976

Novruz Bahar Bayramı

Gözəl bayramlar arasında Novruz bayramının  özünəmüxsus yeri vardır. Bahar təbiətin ən gözəl çağıdır. Bütün canlı təbiətin dirçəldiyi, gözəllik rəmzi, həyat rəmzi olan yaşıllıqların oyandığı, sanki bütün təbiətin, bütün aləmin dilə gəldiyi, coşduğu sevindiyi çağ.

Novruz bayramının ən gğzəl xüsusiyyətlərindən birisi hər şeydə, evdə - eşikdə, məişətdə, hər bir yerdə təzələşmənin, yeniləşmənin tələb olunmasıdır.  Hər bir adam hər bir ev, hər bir ailə yeni ilə başdan ayağa təzə daxil olmaq istəyir. Odur ki, evdə, gündəlik həyatda, xüsusən məişətdə olan şeylər təmizlənir, divarlar, həyət-baca ağardılır, paltar yuyulur, xalça- palaz, yorğan – döşək havaya çıxarılıb sərilir, toz – torpaqdan təmizlənir.

Xalq arasında, el içində xoş arzular, gözəl istək və diləkləri tərənnüm edən bayatılar oxunur:

                  Novruz, novruz bahara,

                  Güllər, güllər bahara,

                  Bağçamızda gül olsun,

                  Gül olsun bülbül olsun.

                  Novruz gəlir, yaz gəlir,

                  Nəğmə gəlir, saz gəlir.

                  Bağçalarda gül olsun,

                  Gül üstə bülbül olsun.

 

Bayrama hazırlıq, bayramqabağı şənliklər Novruza hələ təxminən bir ay qalmış başlanır. 

Məlumdur ki, kiçik çillə fevralın 20-də qurtarır. Bundan sonra Novruza qədər davam edən aya “boz ay” və ya “ala çillə” deyillir. Bu ay ərzində, yəni 4 həftə müddətində hər çərşənbə axşamı həyət və küçələrdə tonqal qalanır, üstündən tullanırlar. Dörd dəfə olması müqəddəs sayılan ünsürlər – su, od, hava və torpaq ilə bağlıdır. Tonqalın üstündən tullananlar “ağırlığım get, qada – balam get” deyirlər, arzu və istəklərini bildirirlər.

Süfrəni müxtəlif şirniyyatlar qoyulmuş xonça ilə bəzəyir, şamlar yandırırlar. Şadlığın şənliyin zirvəsi ilin axırıncı çərşənbə axşamı sayılır. Tonqal üzərindən tullananlar sonra bayram xonçası başına toplaşır, şənlik edirlər. Novruzla bağlı olan nəğmələr oxuyurlar. Bu nəğmələr iş, məişət, konkret sahə və vəziyyətlə əlaqədar olur və çox cəhətli, müxtəlif olmaları ilə seçilir:

Xonçaya qoydum çırağı

Rövşən eyləsin bucağı

İşıqlandırsın otağı

Çünki yetişib firuz

Xoş keçəcəkdir Novruz

 

Folklor və Novruz. Bayram və onunla bağlı olan məsələlərin xalq yaradıcılığında inikası. Azərbaycan folklorunda Novruz-bahar bayramı və onunla bağlı olan məsələlər öz geniş əksini tapmışdır. Klassik irsimizdə Bahar bayramının təsviri qədim bir tarixə malikdir. Hələ eramızdan əvvəl, islam dininin yaranmasından yüzillərlə qabaq Bahar bayramı və onunla bağlı hadisələr xalq yaradıcılığında, yazılı mənbələrdə, xüsusən əsatir, əfsanə və nağıllarda, “Avesta” kimi qədim mədəniyyət abidəsində öz geniş əksini tapmışdır.

Novruz bayramı mərasimlərindən elələri var ki, onlar məhz bizim diyarda-Azərbaycanda, məhz bizim xalqla, bizim millətdə -azərilərdə icra olunur. Bunlar “Xıdır-xıdır”  və “Qodu-qodu” və “Kosa-kosa” mərasimləridir. “Xıdır” haqqındakı nəğmələr əkinçiliklə, yaşıllıqla, yağış arzusu ilə bağlıdır. Bahar yağıntılı olduqda torpağın bərəkəti artır, məhsul da bol olur.

Xıdır İlyas, Xıdır İlyas,

Bitdi çiçək, gəldi yaz.

Xanım ayağa dursana,

Yük dibinə varsana,

Boşqabı doldursana,

Xıdırı  yola salsana.

“Qodu-qodu” mərasimi isə həddən ziyadə yağıntının olması ilə bağlıdır. Odur ki, Günəşli günlər arzu edən adamlar “Qodu-qodu” mərasimində günəşin rəmzi olan gəlincik düzəldir, onu bəzəyir, küçələrə, həyətlərə çıxıb evləri qapı-qapı gəzir, şən tamaşalar, oyunlar düzəldilir, nəğmə oxuyur, hədiyyə toplayırlar...

Qodu qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan keçəndə

Qırmızı günü gördünmü?

Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək.

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

 

Davamı  var..

 

Qasımzadı Fuad Feyzulla oğlu

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur