hothold-efraim-lessinq-heyat-ve-yaradiciligi
Müəllif: Publisist.az /Tarix: 2021-04-28 /Oxunma Sayı: 704

Hothold Efraim Lessinq həyat və yaradıcılığı

Lessinq Saksoniyanın Kaments şəhərində keşiş ailəsində anadan olmuşdu. Şairin anası da dindar mühitində böyüdüyündən Lessinq hələ uşaq ikən, dinin insan şəxsiyyəti üzərindəki məhvedici təzyiqini hiss etmişdi.

Lessinq 12 yaşında ikən Meysendəki knyazlara məxsus məktəbdə oxumalı olur. Köhnə monsatrda yerləşən bu məktəbdə ilahiyyatdan , qədim dillərin öyrədilməsindən başqa çox məhdud dairədə riyaziyyat və təbitşünaslıqdan da məlumat verilirdi.

Şair Meysen məktəbinin proqramını bir il vaxtından əvvəl bitirir. Atasının təkidi ilə Leyptsiq universitetinin ilahiyyat fakültəsinə daxil olur. Böyük ticarət və mədəniyyət şəhəri sayılan Leyptsiqin qaynar həyatı  Lessinqin dünyagörüşünə müsbət təsir göstərir.

1747-48-ci illərdə Lessinqin jurnallarda epiqrammaları, qəsidələri, pyesləri və başqa şeirləri çap olundu. Həmin ilk əsərlər içərisində “Demon və ya həqiqi dostluq” məzhəkəsi daha çox diqqəti cəlb edir.

1740-cı ildə hakimiyyəti ələ alan II Fridrix Sileziya və başqa knyazlıqları işğal etməyə cəhd edir. Prussiya qoşunları qonşu knyazlıqların iqtisadiyyatına böyük zərbə vurur.

Belə bir şəraitdə Lessinq  jurnalistliyə başlayır. Lessinqin  jurnalist fəaliyyəti Almaniya üçün əvəzedilməz əhəmiyyətə malik idi. Lessinq öz müstəqil jurnalistik fəaliyyətində heç bir knyaza və ya saray əyanlarına arxalanmırdı. Lessinq Almaniyada ilk peşəkar yazıçı və müstəqil fəaliyyət göstərən jurnalist idi. O, 1749-1755-ci illərdə “Berlin qəzeti” ilə əməkdaşlıq etdi. Eyni zamanda  təhsilini tamamlamağı  unutmadı.

1753-55-ci illərdə Lessinq yaradıcılığının ilk məhsulu olan əsərlərini 6 cildddə nəşr etdirir. Buraya müəllifin gənclik şeirləri, nəsr əsərləri və dramları daxildir. Həmin illərdə Lessinq Almaniyada yazıçı kimi tanınmaqla, gələcəyin istedadlı tənqidçisi kimi də şöhrətlənmişdi.

Lessinq ədəbi fəaliyyətində qələmini bütün janrlarda yoxlayır. O gəncliyin coşqun ehtirası ilə şeir, hekayə, dram əsərləri yazmaqla kifayətlənmir, jurnalistik fəaliyyətini genişləndirir, publisist və ədəbi-tənqidi məqalələr yazır, əsər tərcümə edir. Lessinq də bütün maarifçilər kimi hərtərəfli fəaliyyət göstərir. Elmin məhdud sahəsində eşələnməyi sevmir, fəlsəfə, təbabət, yeni verilmiş tamaşalar, ilahiyyat, alman dilinin təmizliyi, ədəbiyyatın mövzusu və müxtəlif sahələrə aid mətbuatda çıxış edir. Maarifçilik ideyalarını təbliğ edərək, ədəbiyyatı, məktəbi katolik kilsəsinin təsirindən qurtarmaq, poeziyanı dünyəvi məsələlər uğrunda mübarizə etmək üçün yeni məzmuna doğru istiqamətləndirməyi tələb edir.  

Lessinq öz tənqidi məqalələrində yalnız ədəbiyyat məsələlərindən bəhs etmirdi, o da başqa maarifçilər kimi dövrün tələbindən doğan ictimai-siyasi fəlsəfi məsələlərə toxunurdu. Lessinq insanlar arasındakı ictimai fərqlə heç cür razılaşa bilmirdi.

Lessinq Volter, Monteskyu, Didro, Russo və başqa  maarifçilərin ideyalarını Almaniyada yaymağa başlayır. 1751-ci ildən başlayaraq Lessinq Volterin tarixə aid əsərlərini alman dilinə tərcümə edir və “Foss qəzetində” Volterin tarixi əsərlərinə dair rəylər yazır. Lessinq teatrın tərbiyəvi əhəmiyyətinə qiymət verir və teatrın insana qüvvətli təsirini göstərirdi.

Lessinq həyəcanla yazırdı: “Bizdə teatr yoxdur, aktyor yoxdur, bizdə həmçinin tamaşaçı da yoxdur. Fransızlar böyük və daimi teatra malik olduqları halda, alman aktyorları canbazlıq edirlər.

Alman teatrını belə kədərli  vəziyyətdən qurtarmaq üçün, Lessinq bir-birinin ardınca bir sıra teatr jurnalları, kitabları və məqalələr nəşr etdirir.

Bunlardan biri “Hamburq dramaturgiyası”dır. “Hamburq dramaturgiyası” nə.r olunduğu zaman jurnal kimi nəzərdə tutulmuşdu. Lakin buraya daxil olan 100-dən artıq məqalənin əhatə etdiyi mövzuların ardıcıllığı  və məsələlərin aktuallığı nəticəsində  dramaturgiyaya aid elmi-nəzəri bir kitab kimi oxucuların diqqətini cəlb etdi.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur