2115-qatari-yaxud-olumu-gozlemek-qaydalari
Müəllif: Samirə Behbudqızı /Tarix: 2024-07-02 /Oxunma Sayı: 169

"21:15 QATARI", YAXUD ÖLÜMÜ GÖZLƏMƏK QAYDALARI

Gəlin, unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti beyin cərrahliğidir. (“21:15 qatarı" pyesinin Birinci Kişi qəhrəmanı: "Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil, (əli ilə başını göstərib) bununla, daha doğrusu, bunun içindəki ilə, ən qiymətli bədən üzvümüzlə, ən qiymətli olduğuna görə də ən az işlətdiyimizlə...ruhən və cismən var olmaq üçün göstərdiyimiz cəhdin səbəbi və mexanizmi ilə bağlıdır”). Dramaturqluq T.Orbayın hobbisidir. Ona görə konkret olaraq, "21:15 qatarı" pyesinin qəhrəmanlarının beyinlərini çox işlətmələri, pyesin əsas hərəkətverici qüvvəsinin düşüncə və bu düşüncələrin sözlə ifadəsi olması təbiidir.   

"21:15 qatarına yük götürmürlər"

Basqa sözlə, insan axirət dünyasına özü ilə heç nə aparmır. 2002-ci ildə qələmə alınmış birpərdəli pyes boyunca əsas personajlar olan Birinci Kişi, Qadın və Vağzal Məmuru bilavasitə ölüm barəsində birbaşa ifadələrlə  danışmırlar. Demək olar ki... Bircə səhnədə Kişi insanların beton-dəmir qutular adlandırdığı ev, idarə, nəqliyyat vasitələri labirintinin sonunda taxta qutuda torpağa gömüləcəklərini söyləyir. Və bir də ən azı iki dəfə 21:15 qatarının yük goturmədiyini, başqa sözlə, ölüm qatarını gözləməyin qaydalarını Qadina anlatmağa çalışanda bunu vurğulayır. "YUĞ" Dövlət Teatrının baş rejissoru Mikayıl Mikayılovun ekzistensial oyun janrında qurduğu tamaşada kulli-ixtiyar aktyorlara verilib. Əgər rejissorun "Medeya. Sekvensiya-01" tamaşası, subyektiv təəssüratdan çıxış etsək, rejissor benefisidirsə, "21:15 qatarı" aktyorların hər birinin ayrılıqda benefisindən "toxunmuş" bir səhnə əsəridir. Qadın obrazını canlandıran Gülzar Qurbanova, Birinci Kişi rolunda çıxış edən Məmmədsəfa Qasımov, Vağzal Məmurunu oynayan Fərhad İsrafilov özləri aktyor olduqlarını unutduqları üçün tamaşaçıya da bunu unutdura bilirlər. Ümumiyyətlə, tamaşanın dekorasiya, əlbisə, işıq, tüstü və digər effektlər həlli çox ustalıqla qurulduğundan rejissor yozumu ilə vəhdət təşkil edir. Süjetin əsas epizodu olan 21:15 qatarının, başqa sözlə, ölümün perrona yaxınlaşması, Birinci Kişini alıb aparmasi elə dəqiq, qədərində tükürpədici detal və effektlərlə çatdırılır ki, səhnə əsərinin adi bir otaqda oynanılması (“Yuğ” teatrının tamaşaları hələ də Kukla teatrının otaqlarından birində oynanılır) yaddan çıxır. Eyni təəssürat bütün tamasa boyunca davam etməkdəydi, zatən.

Niyə məhz 21:15 radəsi?

Pyesinin adı ilə bağlı açıqlamalarında T.Orbay "iyirmi bir on beş" kəlmələrinin düzülüşünün türkcə çox qulagayatimli səsləndiyini söyləyir. Razılaşmamaq mümkün deyil - bu söz birləşməsi nəinki qulagayatımlıdır, rəqəmlərin düzülüşündəki harmoniya da göz qabağındadır. Göz qabağında demişkən, müəllif  21:15 radəsinin  saat əqrəbini ortadan iki yerə bölməsini də pyesinə ad seçməkdə əhəmiyyətli amil olduğunu deyir. Və əlavə edir ki, əlbəttə, 18:00 da saat əqrəbini tən yarıya bölür, amma yuxarıda qeyd edildiyi kimi "iyirmi bir on beş" daha gözəl səsləndiyi üçün seçilib. Pyesin adındakı saat radəsinin daha bir yozumu da bu ola bilər ki, söhbət qatar reysindən getdiyinə görə saat əqrəbini üfüqi şəkildə tən bölən saat radəsi ad olaraq secilib, personajlar vağzalda deyil, hava limanında bir araya gəlsəydilər, saat əqrəbini şaquli şəkildə ortadan bölən 18:00 ad olaraq seçilə bilərdi. Bəlkə də müəllif bu məqama fikir verərək pyesinə ad seçib, bəlkə də seçim şüuraltı olaraq baş verib.



Vağzalda yuğlama 

"Yuğ" teatrının tamaşasında 21:15 qatarının gələcəyi vağzal dekorasiyasının detallarına nəzər salanda həm gerçək vağzal atmosferinə xas məkan görmək mümkündür, həm də məchul, məcazi bir şərait. Aktyorların səhnəyə ilk olaraq neon məftilləri ilə işıqlandırılmış maskalarda çıxmaları bu məchulluğu və məcaziliyi daha da artırır. Və bir də  keçən əsrin telefon əlaqəsi sifariş edilən məntəqələrindəki kabinələri xatirladan üç ədəd kabinə. Aktyorlar tamasa boyunca bu kabinələrə daxil olub replika, monoloq və dialoqlarının bəzilərini ordan  söyləyirlər - ekzistensializmə, mövcudluq fəlsəfəsinə dayaqlanan rejissor yozumunun təzahürlərindən biri - "hal olaraq hər birimizin özünün platformamızın, qutumuzun, görünməyən virtual məkanlarımızın, o qutularda gizlənib özümüzə fərqli rollar,  maskalar düşünüb icad etməyimizin, hərdən o maskaların içində özümüzü tapa bilməməyimizin, tənhalığa yuvarlanmagımızın səhnə həlli.  İnsan  mövcudluğunun unikallığı fəlsəfəsi olan ekzistensializm bədii materialdan qaynaqlanıb tamaşanın janrı kimi seçilərək bu fəlsəfənin bütün yanaşmalarında yuğlanır.  


Fədakar sevgi hekayəsi

Yox, "21:15 qatarı"nı belə bir hekayə adlandırmaq mümkün deyil. Amma o da aşkardır ki, hər zaman 21:15 radəsini göstərən vağzal saatının altında bir-birini tapmış Kişi ilə Qadının həyatlarında böyük bir əsl sevgi boşluğu vardır. Baxmayaraq ki, hər ikisi sevilməyə layiq, sevməyi bacaran insan təəssüratı yaradırlar. Pyesin Birinci Kişi qəhrəmanı süjet boyunca qulaqcıq taxıb opera sənətinin "incilərindən" biri olan A. Dvorjakin qarşılıqlı fədakarlıqdan, sonsuz olduğu üçün ölməz sevgidən - su pərisi ilə adi insanın, şahzadə oğlanın məhəbbət əhvalatından bəhs edən "Su pərisi" operasını dinləyir. Qadına da dinləməyi təklif edəndə Qadın musiqini anlamayacagından qorxduğunu deyir. Kişi musiqidə anlamağın deyil, duyub-hiss etməyin, musiqinin gücünə aludə olub başqa bir aləmə düşə bilməyin əsas olduğunu söyləyir. Amma Qadın Su pərisinin ariyasında bəhs edilən aydınlıq yaz gecəsi əvəzinə "dənə-dənə qar yağdıran bəmbəyaz qış gecəsi" aləminə düşür…Anlaşılandır: az bir vaxtdan sonra 21:15 qatarı, və ya ölüm Birinci Kişini alıb aparacaq və Qadının üstünə qar dənələri yağmağa başlayacaq. 

Belə bir mövcudluqda sevgisizlik, sevgini tapanda dünyanı dəyişmək, ölümünü "doğru-dürüst, necə lazımdısa, o cür gözləmək, etdiyin hər bir işdən zövq almağı və ən əsası bu zövqü başqası ilə bölüşməyi bacarmaq" haqqında hekayə....           

 

Samirə Behbudqızı

"Ədəbiyyat" qəzeti.

 

Paylaş: