zadi-smit-yazici-ugursuzlugu-haqqinda
Müəllif: Publisist.az /Tarix: 2021-11-06 /Oxunma Sayı: 459

Zadi Smit – Yazıçı uğursuzluğu haqqında...

Mənbə: Zadie Smith, “Fail better” essay for Guardian, January 13, 2007

 

1. Klayv haqqında hekayət

İstəyirəm ki, Klayv adında bir gənc haqqında düşünəsiniz. Klayv tanış ədəbi missiya qarşısındadır: o, mükəmməl roman yazmaq istəyir. Klayv yaxşı hazırlanmışdır. O ağıllı və məlumatlıdır: o, müasir ədəbiyyatı öyrənmişdir; həmkarlarının harada səhv etdiyini bilir; o, ciddi ədəbi nəzəriyyəni az oxumayıb. Klayv özünün misilsiz sözlər evini yaratmağa hazırdır. Bəlkə də, Klayv hətta romanları öyrənir, onları parçalara bölür və yenidən toparlayır. Əgər yazıçılıq bir sənətdirsə, o zaman o, bütün bacarıqlara, hər bir alətə sahibdir. Klayv hazırdır. O, mənzilində ehtiyat otağı təmizləyir, erqonomik kreslo sifariş edir və Microsoft Word-in təmiz səhifəsinin qarşısında oturur. Havada platonik romanın ideal planı uçuşur- təkcə  lazımdır ki, onu göylərdən gerçəkliyə gətirsin. Klayv həyəcanlıdır. O işə başlayır.

Üç il keçir. Necəsə Klayvın bütün səylərinə baxmayaraq, onun yaratdığı roman kompüteri üzərində qıcıqlandırıcı şəkildə üzən ideal roman deyil. Daha çox boş bir çərçivə, kölgənin kölgəsidir. Xəyaldan reala keçiddə  öz mükəmməllik aurasını itirib; onun şəkli pozulmuşdur, tanınmazdır. Nə isə işə mane olurdu, ifadə eləməyin demək olar ki, mümkün olmadığı nə isə. Məsələn, Klayvın əsərində mərkəzi yer tutan Amerika siyasətində korrupsiya mövzusu üçün bu qədər vacib olan Mariya Qomezin – Latın Amerikası dövlətinin iqtisadçısı surətinin yaradılmasından söhbət gedəndə o gördü ki, ona sadəcə “düzgün sözlər” və ya “iqtisadçılar haqqında bilik”dən daha çox şey lazımdır. Mariya Qomez onun şişirdilmiş Amerika xəyalları haqqında nöqteyi-nəzərini effektiv şəkildə sübut edir, lakin canlı insan olaraq onun ümid etdiyi kimi xüsusilə inandırıcı deyil. Klayv hətta onun ipək bluzunun altına, karandaş yubkasının altına girə bilmədi – nəinki dərisinin altına! Sonra onun nikahını təsvir etməyə çalışanda fərqinə vardı ki, Mariyanın məxsusi nikahından yazmaq əvəzinə o, hiyləgərliklə və aforistik şəkildə böyük N hərfli “Nikah”dan yazmaq istəyir. Öz evliliyini düşünərək Mariyanın ailə vəziyyəti haqqında danışmaq olduqca mürəkkəb tapşırıq kimi göründü, axı nikah haqqında istədiyini yazsa, həyat yoldaşı Karina nəyinsə yanlış olduğundan şübhələnəcək. Klayv, bu cür minlərlə güzəştə getməli oldu. Romanda qüsurlar yarandı, onların günahı dil və üslub deyil… amma nədir? Müəllif özü? Bu düşüncə bir an üçün onu narahat edir. Və sonra başqa, daha qaranlıq bir fikir gəlir. Əgər o, bu romanın yazarı deyil, sadəcə bir oxucu olsaydı, bu romanın uğursuz olduğunu düşünərdi?

Klayv belə cəfəngiyatlar haqqında uzun müddət düşünmür. Onun kitabı agent tapır, agent nəşriyyat tapır, roman dünyaya çıxır. Oxucular onu isti qarşılayır. Görünür ki, Klayvın kitabı ədəbiyyat kimi qoxur, ədəbiyyata bənzəyir və bəlkə, hətta ara-sıra ədəbiyyat kimi hiss edilir və bir müddət sonra Klayv romanının əvvəllər onda doğurduğu qəribə yalan hissini, hətta özünə-xəyanət hissini unudur. Klayv yalnız romanın sadiq fanatına deyil, həm də onun ən böyük müdafiəçisinə çevrilir. Əgər tənqidçi burada hədsiz mübaliğə, orada çox bər-bəzəkli dil olduğunu göstərirsə Klayv izah edir ki, hər şey elə belə də düşünülmüşdü. Bütün bunlar müəyyən bir effektə nail olmaq üçün edilmişdi. Əslində Klayv belə tənqidə qarşı deyil: bu cür iradlar əvvəllər duyduğu romanının yalnız yaxşı deyil, həm də doğru olmadığı hissi ilə müqayisədə səthidir. Heç kim onu bu qədər böyük cinayətdə günahlandırmır. Tənqidçilər, tənqid etdikləri zaman, romanın boyağı və üz kağızından, pis bir məcazdan, yorucu bir razvyazkadan danışırlar və əmindirlər ki, növbəti dəfə o, bu kiçik səhvləri düzəldəcək. O ki qaldı Mariya Qomezə hər kəs razılaşır ki, o karandaş yubkada korrupsiyalaşmış Latın Amerikası dövləti iqtisadçısını təsəvvür etdiyimiz kimidir. Klayv məmnundur və bəraət qazanmışdır. O, romanın davamı üzərində işləməyə başlayır.

Bu Klayv haqqında hekayətin sonudur. Onun məqsədi bir tənqidçinin lazımlı səthiliyi və bir yazarın təbii yalançılığı arasında bir yerdə, ədəbi müvəffəqiyyət və ya uğursuzluğu necə qiymətləndirməyimiz haqqında gerçəyin itdiyini göstərmək idi.

2. Sənət sənətkarını tələb edir

Yazıçıları öz işləri haqqında açıq danışmağa məcbur etmək çox çətindir, xüsusilə də onlardan təkcə yazıçı deyil, həm də məhsul satan tacir olmağı tələb edən ədəbi bazarda. Sualı şəxsiyyətsizləşdirmək həmişə asandır. Bu yazı hazırlığında bir çox yazıçılara (anonimliyin saxlanacağını söz verərək)  sualla müraciət etdim: onlar öz işlərini necə qiymətləndirirlər? Onlardan fitrən analitika və fəlsəfəyə meyilli olan biri suala sualla cavab verdi. Daha doğrusu, mənim sualımdan doğan suallar silsiləsi göndərdi:

“Tənqidçiləri unutsaq, öz yazınızda nəyin yanlış olduğunu düşünürsünüz? Kitabı yazmazdan əvvəl onun barəsində nə düşünürdünüz? Ən yaxşı ümidləriniz nə idi? Siz nədən məyus oldunuz? ” Bu sualların cavablarından biz müəyyən bir məyusluqlar xəritəsi tərtib edə bilərik.

Məyusluqlar xəritəsi! Nabokov bunu pis roman üçün yaxşı bir ad hesab edərdi.Bu ad altında mənim təsəvvürümə yazıçıların yaşadığı bir ölkə gəlir. Uzaq sahildə əllərində ideal romanları ilə ümid dolu müəlliflər dayanıb. Bizim sahillərimizdən yüzlərlə bərələr və ya Coysun adlandırdığı kimi, “məyusluqlar körpüləri” yola düşür. Çox yazıçılar suya atlayaraq müvəffəqiyyət yolunda o ki var islanır. Ancaq yazıçının yolda islanıb-islanmaması tənqidçiləri və oxucuları qayğılandırmır. Onları yalnız yazıçıların əllərindəki islanmış romanın özü maraqlandırır. Kitab yazanlar üçün, yolu sonuna qədər qət etmək vacibdir. Bir yazıçı təkcə yaxşı yazmaq deyil, həm də yaxşı yazan bir insan olmaq istəyir. Yaxşı yazmaq üçün nə lazımdır? Hansı şəxsi keyfiyyətlərə ehtiyac var?  Pis yazıçının nəyi əskikdir? Bir çox insan məşğuliyyətlərində şəxsiyyət və qabiliyyətlər arasında əlaqə qurmaq utandırıcı deyildir. Niyə yazıçıların şəxsi keyfiyyətlərini təhlil etmirik?

Mənim təcrübəmə görə bir yazıçı digərləri ilə görüşəndə və söhbət onların nəsrinin müxtəlif üslublarının tənqidinə çevriləndə siz tənqidçilərin dilindən fərqlənən bir dil eşidirsiniz. Yazıçı heç vaxt deməz ki,”mənim tədqiqatımda dərinlik çatmırdı”, ya da “mən Kasablankanın Tunisdə olduğunu fikirləşirdim”, ya da “oh, mən qadınlıq anlayışını maddiləşdirirəm”… ya da onlar bu məsələləri vacib hesab etmirlər. Yazıçıları narahat edən, yazdıqlarının onların şəxsiyyətini nə qədər açdığı və ya əksinə nə qədər gizlətdiyidir. Onlar hiss edirlər ki, pis mətni etik kompromislər yaradır. Romanın ilkin obrazı və final görünüşü arasında yazar özü dayanır: səthi, aldadıcı, məhdud, qorxaq, güzəştə meyilli bir fiqur. Bax, buna görə də yazıçılıq sənəti ustaya meydan oxuyur. Mükəmməl icra öz-özlüyündə romanı dahiyanə etmir. Bunu Klayv kimi gənc yazıçılar üçün anlamaq çətindir. İxtisaslaşmış mebel ustası sizə keyfiyyətli dolab düzəldər və təcrübəli pinəçi ayaqqabınızı ustalıqla yamayar, lakin təcrübəli yazıçı çox nadir hallarda yaxşı kitab yazar – və demək olar ki, heç vaxt dahiyanə əsər yazmaz. Dahiyanə əsər yazmaq üçün bir az naşı olmaq, səhvlər etmək, öz natamam ruhunu işə qoymaq lazımdır. Ruhumuz və yazdığımız romanlar arasındakı əlaqə haqqında nadir hallarda danışırıq. Biz qəbul etmirik ki, yaxşı kitab müəllifdən özünü ona tam həsr etməsini tələb edir. Biz romanları üzərində bizə uzaq olan sözlərlə oynadığımız meydança kimi təsəvvür etməyi xoşlayırıq. Bax buna görə də ictimai təsəvvürdə  “Mən həqiqəti demirəm” etirafı Ceyms Frey üçün uğursuzluq deməkdirsə, Con Apdayk üçün bu etirafın heç bir əhəmiyyəti yoxdur. Biz nadir hallarda qəbul edirik ki, romanlar heç də bizdən uzaq deyil. Yazıçıların ən maraqlı səhvləri bunlardır: yazıçılar özlərinə necə xəyanət edirlər? İfadə edilməsi çətin olan amma gülməli fərdi mövzular,… onları seminarlarda qaldırmırlar, lakin bu onların yoxluğunu göstərmir. Və onlar ədəbiyyata təsir etməkdə davam edirlər.

3. Yazıçı nələri bilir…

Onun bilmədiyindən başlayaq. Yazıçının öz işinin keyfiyyəti haqqında heç bir məlumatı yoxdur! Çox vaxt yazıçılar, təəssüf ki, öz istedadlarının təbiəti ilə əlaqədar fərziyyələrlə yaşayırlar. Lakin yazıçıların professorlar və tənqidçilərdən fərqli bilikləri var. Bəzən buna qulaq asmağa dəyər. Təcrübəçinin fikirləri, xoşbəxtlikdən və ya bədbəxtlikdən, unikal ola bilər. Bunu biz Virciniya Vulf, Ayris Merdok, Roland Bart tənqidində görürük. Onların tənqidlərini şəxsiyyət və nəsr arasında əlaqə qurma qabiliyyəti birləşdirir. Bu müəlliflərin tənqidi əsərləri nə tərcümeyi-hala və ya əxlaq normalarına dəqiq riayət edilməsinə əsaslanmırdı. Onlar “yalnız yaxşı bir insan yaxşı kitab yazır” və ya “insanın həyatını bilmək lazımdır ki, onun əsərini anlayasan” kimi ümumiləşmiş fikirlər səsləndirmirdilər. Ancaq onlar yazıçının yaradıcılığı haqqında danışanda onun şəxsiyyəti üzərindən də xətt çəkmirdilər. Müəllifin üslubunda onlar şəxsiyyətin ifadəsini, onun ən canlı təzahürünü görürlər. Yazıçının şəxsiyyəti onun həyat tərzidir: deməli mətnlərdə də o, özünü göstərəcəkdir. Üslubu bu terminlərdə başa düşəndə, siz onu sadəcə sintaksisin mürəkkəb bir oyunu, ədəbiyyat tortu üzərində göz qamaşdıran krem, dil üzərində sehrbazlıq nəticəsi hesab etmirsiniz. Əksinə, üslub fərdi zərurət olaraq, insan şüurunun yeganə mümkün ifadəçisi kimi görünür. Üslub- yazıçının öz həqiqətini söyləmək vasitəsidir. Və müəllifin müvəffəqiyyəti və ya uğursuzluğu təkcə səhifədəki sözlərin zərifliyindən deyil, həm də Aristotelin emosional təhsil adlandırdığı şüurun təkmilliyindən asılıdır.

4. Ənənə və fərdi istedad

Bir dəqiqəlik dayanaraq T.S.Eliota, tənqidçi-yazarların ən görkəmlisinə müraciət edək. Özünün 1919-cu ilin məşhur  “Ənənə və fərdi istedad” adlı essesində Eliot yazıda fərdi şüur, şəxsiyyət ideyasının özünü məhv etdi. O iddia edirdi ki, belə bir şey demək olar ki, olmayıb, nə olubsa da maraqsız olub. Eliot üçün yazıçı işində ən fərdi və müvəffəqiyyətli aspektlər məhz əvvəlki nəsillərin ənənələrinə sadiq olanlar idi. Şair və onun şəxsiyyəti əhəmiyyətli deyildi, poeziya hər şey idi və poeziya yalnız ədəbiyyat tarixi prizmasından başa düşülə bilərdi. Bu esse elə bir yüksək kilsə üslubunda, elə bir danılmaz amiranəliklə yazılmışdır ki, hətta əgər sizin yazıçı kimi bütün emosional təcrübəniz əks olsa belə, buna inanmamaqdan çəkinirsiniz. “Poeziya,-Eliot yazır,- hisslərin üzə çıxarılması deyil, hisslərdən qaçışdır; bu şəxsiyyətin ifadəsi deyil, şəxsiyyətdən qaçışdır.”  Eliot yazır: “Bir sənətçinin tərəqqisi, davamlı fədakarlıqdır, şəxsiyyətin davamlı yoxa çıxmasıdır.” Pafoslu ümumiləşdirmələrin arxasında şəxsi, ağrılı təcrübəni gizlətmək asandır.Təəccüblü deyildir ki, Eliot şairi və poeziyanı (özü və poeziyası) ayırmaq istəyirdi. Onun həyatının mürəkkəb axarını və qalmaqallı meyillərini yada salmaq kifayətdir ki, müşahidəçiləri özəl həyatından uzaqlaşdırmaq istəyini başa düşəsiniz. Şəxsi həyatının toxunulmazlığı Eliotu o qədər narahat edirdi ki, bu onun terminologiyasına da təsir edirdi: bütün esse boyu fərz edilir ki, şəxsiyyət sadəcə öz həyatının bioqrafik faktlarıdır, lakin bu dar düşüncədir. Şəxsiyyət  tarixlər və faktlar toplusundan daha geniş bir məfhumdur, bu, bizim yaşamaq yolumuzdur. Əsərlər haqqında danışanda onların yaradılma üslublarını da unutmaq olmaz.

Eliot şairi və poeziyanı qarışdırmamağa çalışırdı, amma heç bir şair öz poeziyasını onun qədər şəxsi xarakteri, inancları ilə birləşdirməmişdir. Hətta onun ənənəyə olan sevgisi – Miltonu Molyerdən, Bartı Bartelmdən üstün tutması – iradəsi xilafına olsa da,  onun çox şəxsi meyillərini ələ verir.

Şübhə yoxdur ki, Eliotun essedəki “metafizikanın və mistisizmin sərhədində dayanmaq” vədi “poeziya ilə maraqlanan və bunun üçün məsuliyyət daşıyanlar”ın məxsusi göstəricisidir . O, yaradıcılıq haqqında ədəbiyyatın böyük simaları qarşısında özümüzü rüsvay etmədən nəyi deyə bilib-bilməyəcəyimizin dəqiq və məqbul sərhədini qoyur. Eliot səmimi olaraq yazıçılığı və tənqidi bir elmə çevirmək istəyirdi. O, cəsarətlə yazıçını “oksigen və kükürd dioksidli bir kameraya yerləşdirilən incə platin parçası” ilə müqayisə edirdi. Bu analogiya tənqidçiləri sevindirdi. Bu onlara ənənələrə daxil olan, yaradıcılıq prosesini başa çatdıran və heç bir tənqidçinin onu tapmaması üçün arxasınca heç bir iz qoymayan yazıçı-katalizator obrazına inanmağa icazə verirdi.  Eliotun analogiyası tənqidçilərə uzun müddət arzusunda olduqları şeirlərin radikal qiymətləndirilməsi hüququnu verdi. Yazıçılar üçün Eliotun sözləri təəssüf ki, balıqçı toru kimi xidmət etdi. Bədii ədəbiyyat texnologiya sənayesi deyil, yazıçılar yaradıcılıqlarında öz həyatlarını da, ənənələri də  istifadə edirlər. Eliotun məsləhət gördüyü kimi, artıq sizə qədər yazılmışları öyrənmək çox vacibdir, lakin özünüzü və şəxsiyyətinizi inkişaf etdirmək də eyni dərəcədə vacibdir. İnsan platin deyil, o hər yerdə izlər qoyur. Və Eliotun bundan danışmaq istəməməsi, o demək deyil ki, izlər mövcud deyil.

5. Nəsrin xəyanəti

Müəllifin özünü yazdığına və deməli, şəxsi inkişafın ədəbi müvəffəqiyyətdə və ya uğursuzluqda rolu olmasına dair fikrə qayıdaq. Bu utancverici gerçək professoru və ya tənqidçini qayğılandırmalı deyil, ancaq təbiidir ki, yazıçıların özləri üçün bu xüsusi bir əhəmiyyət daşıyır. Adam Zaqaevskinin özü haqqında danışan şeiri:

O,  kiçik və görünməzdir, avqust

cırcıraması kimi. Bütün cırtdanlar kimi

o da parlaq paltarlarda,

bayram etməyi xoşlayır. O qranit və

qatı yarı həqiqətlər arasındadır.

O, hətta plastır altına,

bandaja da yerləşər. Nə gömrükçülər,

nə də onların itləri

onu tapa bilməz.

Himnlər, ittifaqlar arasında

o gizlədir, özünü.

Mənim üçün yazıçılıq həmişə həmin ələkeçməz, çox yönlü özün açıqlanması demək idi, baxmayaraq ki, Zaqaevskinin sözlərinə görə, onun tam açıqlanması ximerik mümkünsüzlükdür. Təcrübəmiz haqqında həqiqətin hamısını çatdırmaq mümkün deyil. Bunun nə demək olduğunu anlamaq da çətindir, baxmayaraq ki, Platon forma ideyasına aludə olduğu kimi biz də bu fikirlərə qapılmışıq.Yazdığımız zaman, həqiqəti açmaq ideyası bizdən əl çəkmir və bunun imkansızlığı bizə əzab verir. Müəllif özündən soruşur: hansı yarı-həqiqətlə o yaşamağa davam edə bilər? Hansı ittifaqlar daha möhkəmdir? Cavablar yazıçıları eksperimentallara və realist adlandırılanlara, zarafatcıllara və ümidsizlərə, şairlər və romanistlərə ayırır. Müəllif özündən soruşur: hansı forma dünyanı ən yaxşı şəkildə,  mənə şəxsən gördüyüm kimi çatdırar? Bu, yarım-həqiqətləri törədən bütün kompromislərin, razılaşmaların başlanğıcıdır. Ona görə də, öz mətnini oxuduqda, müəllif Prufrokun sevgi mahnısında deyilənlərin eynisini hiss edir: “Yaxşı, bu nədir? Bu heç mən nəzərdə tutduqlarım deyil” Yazılanlardan  xəyanət, iflas qoxusu gəlir.

6.Yazmaq-özündən imtina etməkdir?

Daha bir yazıçı “Siz yazıçının iflasını necə təsvir edərdiniz?” sualını belə cavablandırmışdı:

Bir dəfə Çennaida məktəb auditoriyasında bir şagird mənə sual verdi: “Cənab, siz niyə, oxucunu qane etməyə çalışırsınız?” Mən iflası belə müəyyənləşdirirəm – Haydeggerin “Das Mann,” adlandırdığı kəslərə, özünüz və özlüyünüzü  qiymətləndirərək yazarkən çiyniniz üzərindən boylanan və mühakimələrinizi təhrif edən naməlum “Onlar”a həsr olunmuş işlər.

Mənim kimi bir romanist, postmoderndən sonra yetkinləşmiş hər bir yazıçı kimi, təbiidir ki, mənlik konsepsiyasına, xüsusilə “kultural orijinallığa” şübhə ilə yanaşır- axı nəhayətində, necə həqiqətdə olduğundan daha çox və ya daha az orijinal olmaq olar? Bizi öyrədiblər ki, orijinallıq ədəbiyyat üçün sonuncu bir şeydir. Bəs onda bir yazıçı kimi öz müvəffəqiyyətsizliyimizi izah edəndə ən güclü hissin- ən dərin, ən real “Öz”ə xəyanət hissi olması faktı ilə necə barışmalı?

Bu çox təşəxxüslü səslənir: bəlkə öz səsimizin ən sadə ədəbi xəyanətindən, tənqidçinin sevimlisi: klişedən başlayaq? Bu “onlar” üçün seçdiyimiz dil deyilsə, bəs nədir? Bizə qədər çoxları tərəfindən işlədilmiş və köhnəldilmiş, özümüzü ifadə etmək üçün istifadə edilməli olan səmimi düşüncələrdən yayındıran sözlər? Klişe ilə siz ümumi bir anlayışa gətirib çıxardınız, ən qısa yolu göstərdiniz, həqiqi və qeyri-adi olanla risk etmədiniz, yenə də xoşagələn və tanış olanı təqdim etdiniz. Bu estetik və etik iflasdır: sadə sözlərlə desək, siz yalan dediniz. Yazıçılar uğursuzluqları qəbul edəndə kiçik şeyləri etiraf etməyi sevirlər. Məsələn, mənim hər bir romanımda qəhrəman bir şey üçün “pul kisəsində eşələnirdi”, çünki mən çox tənbəl, düşüncəsiz idim və ağlıma gəlmirdi ki, “pul kisəsini” köhnə daimi dostu “eşələnmək”dən ayırım. Pul kisəsində eşələnmək  cümlə üzərindən lunatik kimi gözübağlı keçməkdir- kifayət qədər kiçik özünə xəyanətdir,  lakin yenə də xəyanətdir. Bəlkə də mən məhz ona görə yazıram ki, həyat boyu yuxuda gəzməyim. Bir cümlənin sizi səksəndirdiyini qəbul etmək asandır, bir çox yazıçıların abzaslar, qəhrəmanlar və hətta kitablar üzərindən gözübağlı keçməsi gerçəyi ilə üz-üzə gəlmək isə daha çətindir. Mənlik əskikliyi bu yazarlar üçün doğru diaqnozdur.

 

7. Yazıçıların vəzifələri varmı?

Orijinallıq və xəyanət haqqında söhbətlər müəlliflərin də, oxucuların da üzərinə düşən öhdəliklər məsələsini doğurur. Ədəbiyyatda yazıçıların vəzifələri, onların hansılar olduğu və necə pozula bildiyi haqqında nadir hallarda danışılır. Vəzifə o qədər də ədəbi termin deyil. Gəlin müəllifin vəzifələrindən oxucu, ədəbiyyatın istehlakçısı nöqteyi-nəzərindən danışaq. Gəlin istehlakçının istəkləri haqqında danışaq. Bu ölçü ilə yazıçıların vəzifəsi oxucuları məmnun etmək və buna çalışmaqdır.Və bu vəzifənin müxtəlif altkateqoriyaları var: anlaşıqlı olmaq vəzifəsi, maraqlı və ağıllı olmaq, ancaq heç vaxt qəsdən gizlətməmək, orta oxucunu fikrində tutaraq yazmaq, zövqlü olmaq. Bundan əlavə, müasir  yazıçı oxucuları əyləndirməlidir. Vəzifələrin bu siyahısına etina etməyənlər, şöhrətdən imtina edir və tənqidçilərin gülüş hədəfi olurlar. Gözlənilən süjet dönüşlərinə əsaslanan, qəhrəmanları teleserialların adət edilmiş dilində danışan həyəcanlı romanlar həmişə populyar olacaq. Hal-hazırda ədəbiyyatdan mürəkkəblik tələb edilmir. Oxucular, görünür ki, “təmsil olunmaq” istəyirlər,  buna görə də bədii ədəbiyyat konkret deyil, ümumi olmalıdır. Müasir bədii ədəbiyyat bazarında yazıçı əyləndirməlidir və tanınan olmalıdır; bunların yoxluğu uğursuzluğa və oxucular tərəfindən rədd edilməyə gətirib çıxarır.

Şəxsən mən əyləndirən və sevindirən, anlaşıqlı, maraqlı və ağıllı, müəllifi zövqlü olan, qəsdən oxucunu dolaşdırmayan kitablara qarşı deyiləm- lakin bu, mənim fikrimcə, bədii ədəbiyyat üçün kifayət deyil. Əgər hətta kitab bu sadalanan keyfiyyətlərə malik deyilsə belə, o, mənim üçün vacib olan yeganə ədəbi vəzifəni yerinə yetirməlidir. Mən əminəm ki, yazıçının yalnız bir vəzifəsi var: özünü və dünyanı gördüyü kimi ifadə etmək. Əgər bu kobud və qeyri-dəqiq səslənirsə, üzr istəyirəm.Yazıçılıq elm deyildir və mən sizinlə kompüterim arxasında oturub inadla təsvir etməyə çalışdığım (hələ də nail ola bilmədiyim) yeganə terminlərlə danışıram.

Mən yazarkən dünyadakı həyat tərzimi ifadə etməyə çalışıram. Bu, ilk növbədə, lazımsız olanların aradan qaldırılması prosesidir: siz ölü dili, ehkamları, özünüzünkü olmayan həqiqətləri, devizləri, sloqanları, patriotik yalanları, tarixi mifləri çıxaran kimi- inanmadığınız və sizin olmayan bütün bu şeyləri çıxaran kimi, şəxsi konsepsiyanızın həqiqətinə yaxınlaşırsınız. Mənim roman oxuyanda axtardığım budur: bir insanın həqiqəti, onun bədii dilinin imkan verdiyi qədər. Düzgün şəkildə yerinə yetirilən bu yeganə vəzifə, mürəkkəb, fərqli nəticələr doğurur. Bu, bir avtobioqrafiya yazacaqsınız demək deyil, buna baxmayaraq, bəzi yazıçılar oxucunun şəxsi həqiqət arzusunu hər zaman səhvən traktat, ya nitq və ya incəliklə maskalanmış özlərinin qəhrəmanı olduğu memuar yazmaq üçün özünəməxsus işarə kimi qəbul edəcəklər. Bədii həqiqət  avtobioqrafik deyil, perspektiv məsələsidir. Bu, elə bir şeydir ki, yaxşı yazırsınızsa, ondan qurtula bilməzsiniz; bu, sizin etdiyiniz hər şeyin içindən keçən təbiətinizin özlük nişanəsidir. Bu şüurun danışdığı dildir.

8. Biz bir-birimiz olmağı rədd edirik

Böyük roman- nə qədər yaşamağınızdan, nə qədər insanı sevməyinizdən asılı olmayaraq, heç vaxt bilməyəcəyiniz metafizik hadisənin göstəricisidir: sizinkindən fərqlənən şüur vasitəsilə dünya təcrübəsi. Vacib deyil ki, bu şüur qonaq otağında və ya İnternet şəbəkələrindədir; vacib deyil ki, o öz qəhrəmanı olaraq Doritonun küncünü və ya burjua ailəsinin cazibədar böyük qızını seçir; vacib deyil ki,  o öz yazısında “e” hərfindən istifadə etmir və ya iki min səhifədə beş qitəni ələk-vələk edir. Böyük romanları birləşdirən-təcrübəni formalaşdıran və bizi həyatımızın lunatizmindən oyadaraq diqqətli olmağa vadar edən individual tərzdir. Və bədii ədəbiyyatın böyük sevinci bu prosesin rəngarəngliyidir: Ceyn Ostinin nəsri Edit Uortonun nəsrindən tamamilə fərqli bir şəkildə və fərqli şeylərə diqqəti cəlb edir; Filip Rotun bizi yuxudan oyandırmaq istədiyi gerçəklik  Pinçon nöqteyi-nəzərindən hələ də yuxu sayılır.

Böyük bir roman, ətraf mühitin sizə nə qədər yad olmasından asılı olmayaraq, sizdən reallıq haqqında böyük bilgilər tələb edir. Bu, həmçinin sizi çox tanış gələn şeylərdə gizlənən radikal bənzərsizliyi qəbul etməyə məcbur edə bilər. Buna görə də təcrübəli oxucu bilir ki, Corc Sonders Lev Tolstoy kimi realistdir, Henri Ceyms isə bir eksperimentator kimi Jorj Perekdən heç də geri qalmır. Böyük üslub “dünya” və “mən” arasındakı qovuşuqda yaranır və bədii ədəbiyyatın gücü ondadır ki, bu kəsişmə hər kəsdə özünəməxsusdur. Yazıçı o vaxt uğursuzluğa düçar olur ki, bu kəsişmə bizim tələblərimizə uyğunlaşdırılır, ümumiləşdirilir, bizə artıq televizorda dəfələrlə gördüyümüzə oxşar dünya təklif edir. Pis yazı heç nə etmir, heç bir şeyi dəyişdirmir, heç bir emosiya vermir, yeni neyron əlaqələri qurmur. Biz kitabı dünya haqqında onun birinci səhifəsini açdığımız andakı eyni fikirlər və təsəvvürlərlə  bağlayırıq. Ancaq böyük yazı- böyük yazı sizi öz xəyalatına tabe olmağa məcbur edir. Siz səhəri Çexovu oxumaqla keçirirsiniz və günorta qonşuluqda gəzərkən ətraf Çexov dünyasına çevrilib; ofisiant qadın absurd zarafatlar edir, it küçədə rəqs edir.

9. Mükəmməl roman arzusu yazıçıları dəli edir

Yazıçıları təqib edən bir arzu var: mükəmməl roman haqqında arzu. Bu arzu ancaq xaos və əzab-əziyyətə səbəb olur. İdeal roman arzusunda ideal bir şəkildə öz şəxsiyyətini açmaq ümidi yaşayır. Amerikada müəllifin şəxsiyyəti cəmiyyətlə elə sıx əlaqələnmişdir ki, onların böyük roman arzusu “Böyük amerikan romanı” adlanır və yalnız bir şəxsin deyil, bütün millətin ruhunun aşkar edilməsini tələb edir. Bununla belə, düşünürəm ki, prinsip eynidir: Atlantik okeanın hər iki tərəfində biz təcrübənin həqiqətini mükəmməl bir şəkildə söyləyən roman xəyal edirik. Bu nəinki öz-özlüyündə mümkün deyil, hətta ideala maksimal yaxınlaşmaya belə nail olmaq alınmayacaq. Bunun səbəbi odur ki, barəsində danışdığım vəzifə- şəxsi konsepsiyanın həqiqətini dəqiq çatdırmaq- ən tələbkar vəzifələrdəndir. Əgər hər otuz ildə insanlar şikayət edirlərsə ki, yalnız bir neçə əla roman çap olunub, bu ona görədir ki, böyük romanlar doğrudan da az idi. Bədii ədəbiyyatda dahilər həmişə çox nadir olub və həmişə də çox nadir olacaq. Bizim bu qeyri-təkmil dünyamızda, qeyri-mükəmməl dilimizlə, özümüz haqqındakı qeyri-müəyyən, sürüşkən, aldadıcı biliyimizi nəzərə almaqla şəxsiyyət konsepsiyası haqqında həqiqəti demək üçün doğrudan da, elə bir dərəcədə estetik və etik baxımdan təmiz dahi lazımdır ki, bu fikirdən adamın gözləri yaşarır.

Ancaq buna görə kədərlənməyə dəyməz. Əgər doğrudursa ki, mükəmməl romanlar nadirdir, onda bu da doğrudur ki, bizim ədəbi kanon adlandırdığımız əslində ikinci-dərəcəli romanlardan ibarət şərəfli uğursuzluqlar mirasıdır. İstənilən müəllif bu siyahıya daxil olmaqdan qürur duymalıdır, necə ki, hər bir oxucu o əsərləri oxuduğu üçün özünü şanslı hesab edir. Sevdiyimiz kitablar müvəffəqiyyət deyil, cəhdlər nümunəsidir. İncəsənət cəhddədir, o ətrafda olanların daxili prizmamızdan keçərək anlaşılmasından doğulur. İncəsənət böyük bir intellektual və emosional əmək tələb edir. Bu həm də oxucunun vəzifəsidir. Mən artıq bunu qeyd eləmişəm?

10. Oxuculara qeyd: roman ikiistiqamətli hərəkəti olan küçədir

Roman hər iki tərəfdən bərabər əməyin tələb olunduğu iki istiqamətli hərəkəti olan küçədir. Düzgün yerinə yetirilən oxuma, yazı yazmaq qədər çətindir- mən buna, həqiqətən, inanıram. Oxumağı televiziya seyr etmək kimi passiv bir fəaliyyətlə müqayisə edənlərə gəldikdə isə, onlar yalnız oxumağı və oxucuları alçaldırlar. Daha dəqiq analogiya budur ki, həvəskar musiqiçi notlarını stendə yerləşdirir və çalmağa hazırlaşır. O, bu musiqi parçasını çalmaq üçün özünün çətinliklə qazanılmış bacarıqlarını işə salmalıdır. Bacarıq nə qədər çoxdursa, onun bəstəkara və bəstəkarın ona verdiyi də, o qədər çoxdur.

Bu “oxumağın” indi nadir hallarda  eşitdiyimiz konsepsiyasıdır. Yenə də siz oxuduqda, kitabla vaxt keçirdikdə səylərinizin qarşılığını görürsünüz. Oxu bacarıq və sənətdir və yaxşı oxucular bacarıqları ilə fəxr etməli və sadə bir səbəbə görə onu inkişaf etdirməkdən çəkinməməlidirlər: yazıçıların onlara ehtiyacı var. İdeal yazıçıya reaksiya vermək üçün ideal oxucu lazımdır, elə bir tip oxucu ki, öz şüurundan tamamilə fərqlənən bir şüurun şəklini ağlına buraxacaq dərəcədə açıq olsun. İdeal oxucu yazarın üslubuna alışır, onun itirilmiş əkizinə çevrilir.

Dediyim odur ki, oxucunun istedadı olmalıdır. Əslində bir çox istedadları, çünki ən istedadlı oxucu da ədəbiyyat torpağının böyük qismini çətin ərazi sayacaq. Aramızda neçə adam dünyanı Kafkanın hiss etdiyi kimi, bir kənddən digərinə getmək üçün həddən artıq təhrif olunmuş şəkildə görə bilər? Və ya dünyanı isimlərsiz təsəvvür edə bilər, necə ki Borxes edirdi? Dikkens kimi hissi baxımdan comərd olmağı və ya dini inancı Qrem Qrin kimi ciddi qəbul etməyi arzulayan neçə nəfər var? Bizdən hansımızda Zora Nil Herstonda olan sevinc qabiliyyəti və ya Duqlas Kuplandda gələcəyi görməyə ürək var? Kimdə Floberin ən incə nüansına ağlayacaq qədər zərafət və ya Devid Foster Uollesin qarışıq təkrarlanan düşüncə spirallarını təqib edəcək səbir və iradə var? Yazmaq üçün tələb olunan bacarıqlar oxumaq üçün də tələb edilir. Yazıçılar oxucuları nə qədər məyus edirsə, oxucular da yazıçıları o qədər məyus edir. Oxucunun uğursuzluğu o köhnə yarı-həqiqətdə gizlənir ki, romanda özlərini oxuyurlar, yazıçı isə onların dünyanı görmə şəklinin doğru olduğunu sübut edir. Bu, əlbəttə, bədii ədəbiyyatın edə biləcəyi çox şeydən biridir, amma bu daha dərin bir sehri olan fokusçunun kələyidir. Daha yaxşı oxucu və yazıçı olmaq üçün bir-birimizdən bir qədər çox tələb etməliyik.

İngilis dilindən tərcümə edən: Günay Rzalı

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur