xalq-yazicisi-kamal-abdullanin-yaradiciligina-hesr-olunan-kitab-cap-olunub
Müəllif: Publisist.az /Tarix: 2024-08-29 /Oxunma Sayı: 98

Xalq yazıçısı Kamal Abdullanın yaradıcılığına həsr olunan kitab çap olunub

Professor Niyazi Mehdinin Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığına həsr etdiyi “Kamal Abdullanın diskursları... Bildirdiklərindən bilinənlərə” adlı kitabı çap olunub. Yeni nəşrdə professor Niyazi Mehdinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Kamal Abdullanın son 30 ildə qələmə aldığı elmi-bədii əsərləri haqqında olan məqalələr və şərhləri toplanıb.


Nəşriyyat kitabı belə təqdim edib: “Kamal Abdullanın çoxcildlik əsərləri, - bu öygünü indi söyləmək olar, çünki Vaqif İbrahimoğlu, Rəhman Bədəlov, Aydın Talıbzadə, Ramiz Rövşən kimi parlaq adamların imzaları onun haqqında heyranlığı doğrulayır, - Azərbaycan mentalitetinin, elminin və bədiyyatının ortaya çıxardığı yeni ideyaların, yanaşımların qaynağıdır. Təqdim olunan kitabda Niyazi Mehdi Kamal Abdullanın təkcə Azərbaycan üçün yox, dünya elminə və mədəniyyətinə verdiyi yetənəkləri açmağa çalışmışdır”.


“Qanun” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru və son sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, redaktoru  filologiya üzrə fəlsəfə doktoru Toğrul Mehdidir. Kitab “Kamal Abdullanın araşdırmalarında bildirilənlər və bilinənlər”, “Kamal Abdullanın bədii mətnlərinin semantik dalğalarından” və «Между самыми близкими точками всегда есть третья точка» fəsillərindən ibarətdir.


Kitabın müəllifi “Ön söz”də yazır: “İndi bizdəki ədəbiyyatşünas yazılarda “diskurs” termini artıq dəbə minmişdir. Onu ilk dəfə mən poststrukturalistlərən götürərək “Yarımçıq əlyazma”nı anlayıb anlatmaq üçün işlətmişdim. Bu, mənim nəyi götürməyimə örnəkdir, hərçənd, Kamalı  nədənsə bu termin tutmamışdır. Məni isə tutmuşdu modernlik aurasına görə, çünki nə üçünsə məhz postmodernistlər və poststrukturalistlər onu işləkləşdirmişdilər... Mən “Yarımçıq əlyazma” ilə bağlı mətn yerinə “diskurs” işlədəndə bu çaları qabartdım. İndi isə oxuduğunuz kitabın başlığına çıxaranda Kamal Abdulla düşüncəsinin sıxılmış, enerji dağarcığına çevrilmiş deyimlərdə bildirilməsini nəzərdə tuturam. Bu yerdə Kamal diskursları ilə bağlı bildirmə və bilinmə sözlərini də anladım. Diskursla onu aydıran müəllif hansısa mənanı bildirir. Ancaq bu diskurslardan həm də elə gizli mənalar bilinir ki, heç söyləyənin də ağlına gəlmir. Bu anlamda yazılarım həm Kamalın diskurslarının bildirdiklərini açır, həm də bildirdiklərindən bilinənləri açıqlayır. “O olmasaydı, mən belə olmazdım” diskursundan itələnərək bunu deməliyəm: Kamal Abdullanın elmə və sənətə verdikləri olmasaydı, mənim də onları yozmaq əsasında tapdığım nəsnələr olmazdı”.


“Son söz”ün müəllifi dosent Maral Yaqubova isə təqdim edilən kitabın elmi-nəzəri məziyyətlərini xarakterizə edərkən yazır: “Kitaba filosof Niyazi Mehdinin yazar və alim Kamal Abdullanın əsərləri haqda fərqli zaman, məkan və situasiyada yazdığı mətnləri (əslində refleksiyaları) daxildir. Kitab həmin refleksiyaları bir-birinə elə hörüb birləşdirir ki, yeni və bitkin bir mətn alınır. Filosofun illər boyunca yazar-alimin başqa-başqa mətnlərinə verdiyi suallar və cavabları bu yeni mətndə təkcə konseptual görk qazanmır, həm də filosofun düşüncə narrativləri ilə yazar-alimin düşüncə narrativlərinin “dialoq”unu yaradır”.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur