reqemsal-jurnalistikaya-dogru-proqrami-fealiyyetine-start-verib
Müəllif: Publisist.az /Tarix: 2021-07-14 /Oxunma Sayı: 511

“Rəqəmsal Jurnalistikaya doğru” proqramı fəaliyyətinə start verib

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramı fəaliyyətinə start verib. Proqrama informasiya agentlikləri, qəzetlər və informasiya portallarından 22 iştirakçı qatılıb.

22 iyul - Milli Mətbuat Gününə həsr olunan proqramın ilk günündə iştirakçılar üçün “Ənənəvi Mediadan Rəqəmsal Mediaya” və “Medianın Əsasları” mövzularında vörkşoplar təşkil olunub. İnteraktiv formatda davam edən proqram çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Vörkşoplar 16 iyul tarixinədək davam edəcək. Növbəti mərhələdə proqram iştirakçıları mükafat fondu 2200 AZN təşkil edən müsabiqədə iştirak edəcəklər. Həmçinin, proqramı uğurla başa vuran bütün iştirakçılar xüsusi sertifikatla təltif olunacaqlar.

Proqramda həmçinin, sosial medianın jurnalistikada istifadəsi, blogerliyin əsasları, qlobal rəqəmsallaşmada Azərbaycan, elektron hökumət layihələri, start-up fəaliyyəti, süni intellekt və s. kimi maraqlı mövzular yer alacaq.

Proqramın ilk iki dalğası 2020-ci ildə reallaşdırılıb və böyük marağa səbəb olub. “Rəqəmsal Jurnalistikaya doğru” proqramlarının keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri nümayəndələri və blogerlərin İKT, elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlılığını daha da artırmaq, eləcə də elektron xidmətlər sahəsində əhalinin bilgilərini daha da genişləndirməkdir.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur