kukla-teatrinin-tesekkul-tarixi-kukla-tedqiqat-obyekti-kimi
Müəllif: Jovhar Kheyrulla /Tarix: 2021-02-26 /Oxunma Sayı: 800

Kukla Teatrının təşəkkül tarixi. Kukla tədqiqat obyekti kimi

Kukla tədqiqat obyekti kimi

Kukla insan həyatı və mədəniyyətində mühüm yer tutan, humanitar elmlərdə nəzəriyyəçi və tədqiqatçıların diqqət etdiyi mədəni fenomen, universal ünsiyyət vasitəçisidir. Biz kukla anlayışını analiz edərkən onun sosial və mədəni mahiyyətini, insanla qarşılıqlı münasibətini predmet kimi götürürük. Kukla tədqiqat obyektinə çevrilərkən istənilən antromorf və zoomorf fiqurlar nəzərdə tutulur. Bura ritual və mərasimlərdə, şərti oyun formalarında insani funksiyalar icra edən, həmçinin uşaq oyuncağı kimi istifadə olunan kuklalar daxildir. Bir sıra tədqiqatçılar da eynilə kuklanın kukla-oyuncaq və kukla-obraz olması barədə nəzəriyyələrə söykənərək araşdırmalar aparmışlar.  Kukla istər sənət əsəri, istərsə də oyun, ritual, mifoloji təzahür formalarında canlı insanla münasibətdə olmaq kimi spesifikliyə malikdir.

 Kuklanın tarixi yaşı demək olar ki, bəşəriyyətin yaşı ilə eynidir. İnsan yarandığı dövrdən bu günə qədər oyun instiktləri onu təqib etməkdədir. Yohan Höyzinqa “Homo Ludens” adlı əsərində insanın doğuşdan oyuna meyil göstərməsini fərqli aspektlərdə açıqlayır. Bu aspektlər sırasında kultroloji aspekt və hətta oyunun kultrologiyadan daha qədimi köklərə sahib olması vurğulanır. “Bəzi nəzəriyyəçilərə görə, canlı varlıq oyun oynarkən doğuşdan gələn təqlid hisslərinin hökmü altındadır və rahatlama, zövq ehtiyacını təmin edir” [39; s. 16]. İnsan oyun oynarkən hər hansı fiqur ilə oyunun qaydaları çərçivəsində xəyalında tutduğu obraz qismində davranır. Tarixən istifadə olunan bu oyun vasitəsi sırasında kuklaya mühüm yer verilib. Lakin, digər əşyalardan fərqli olaraq, kukla həm canlıdır, həm cansız. Kukla əşya və insan arasında qərarlaşır. Kuklanı oyunumuza daxil edərək canlandıra və eyni zamanda istənilən an onu oyundan kənarlaşdıra bilirik.

Min illər boyu müxtəlif formalarda meydana çıxan kukla müasir dövrə qədər uzun inkişaf yolu keçmiş və yeni-yeni funksiya və özəlliklər əldə etmişdir. Yarandığı dövrdən kukla sosial həyatın bir parçası olaraq istər gündəlik məişət hadisələrində, istərsə də kultroloji aspektdə mühüm rol oynamış, uşaq oyuncaqlarının isə ayrılmaz hissəsinə çevrilmişdir.

Kuklanın insanlıq üçün ilkin təyinatlarından biri ondan müalicə üsulu kimi istifadə edilməsidir. Qədim zamanlardan bu üsul cəmiyyətdə “kuklaterapiya” kimi tanınmışdı. Belə ki, hinduların kuna qəbiləsi xəstə birisini sağlamlığa qovuşdurmaq üçün yumşaq balzam ağacından kukla oyur və ətrafına düzürdülər. Xəstənin vəziyyətinin ağırlığından asılı olaraq kuklaların sayı artırdı. Digər buna bənzər kuklaterapiyaya Yaponiyada rast gəlmək mümkün idi. Burada kukla xəstə sahibinin üzərində gəzdirildikdən sonra kağızdan hazırlanmış gəmiyə otuzdurulur və suya buraxılırdı. Kağız gəmi islandıqca xəstənin bütün ağrı-acıları canından çıxmış hesab edilirdi [bax: 32].

 Kukla elementi müxtəlif zaman və məkanlarda, müxtəlif xalqarın adət-ənənəsi fonunda fərqli mahiyyət daşıyıcısı idi. Məsələn, bəşəriyyətin ilkin çağlarında bu gün kukla adlandıra biləcəyimiz müqəddəs bütlər var idi ki, kuklanın ritualdan teatra qədər keçdiyi yolda çox mürəkkəb inkişafından xəbər verirdi. Allahların şərəfinə təşkil olunmuş dini mərasimlər zamanı insanlar onların büt və fiqurlarını istifadə etməyə başlamışdılar. Kahinlər bu fiqurları çiyinlərinə alıb fiqurun əllərini hərəkət etdirərək izdihamın içi ilə yürüyürdülər. Tarixən meydan estetikasında bu cür nümayişlərə kifayət qədər rast gəlmək mümkündür. Məhz bu nümayişlər zamanla özündə teatral elementləri möhkəmləndirdikcə cəmiyyəti kukla teatrı anlayışı istiqamətində aparırdı.

Ritual, ənənəvi mərasimlər zamanı dini kukla misteriyaları da  nümayiş olunurdu. Bu misteriyaların vətəni Misir hesab olunsa da, digər ölkələrə, eləcə də ilk əvvəl Yunanıstana sirayət edə bilmişdi. 1904-cü ildə Misirdə aparılan qazıntılar zamanı Osiris və İsidaya həsr olunmuş b.e.ə. XVI əsr misteriya tamaşası nümayiş etdirən teatr qalıqlarının izi tapılmışdır. Bu mərhumla birgə torpağa tapşırılmış mücrü içərisində tamaşa idi.

Misteriyalar zamanı istifadə olunan kuklalar vaxt keçdikcə dini-sakral əhəmmiyyətini itirmiş və daha çox insanların zövqünə, əyləncəsinə xidmət edərək teatral elementlər qazanmışdır. Kuklanın estetik qavrayışı və  kukla tamaşaları üzərində çalışan polşalı nəzəriyyəçi Henri Yurkovski “Kuklaçılığın işarələr sistemi” məqaləsində qeyd edir ki, kukla Avropada XVII əsrə qədər varlığı ilə diqqət çəkməmiş, canlı teatra sadəcə forma əlvanlığı qatmaqdan başqa bir iş görməmişdir [50, s. 48]. O, Avropa kukla teatrının ilk ciddi nümunəsinin məhz XVII əsrdə olmasına əmin idi. Bundan əvvəl bir çox kukla göstəriləri mövcud olsa da, H.Yurkovski bunu tamaşa yox, kuklalarla oyun adlandırmışdı. Bu mənada XVII əsrə qədər kukla tamaşaları bir çox ünsürlərdən məhrum idi, dramatik əsasdan isə söhbət gedə bilməzdi.

Orta əsrlərdən başlayaraq avropa ölkələrində mahiyyətcə dini xarakterli milad misteriyaları mühüm yer tutmağa başlamışdı. Uzun illər boyu onun səhnə tərtibatı və mətn fərqliliyi ilə seçilən geniş çeşidləri meydana gəlmişdi. Slavyan ölkələrində bu misteriyalar əsasən iki və ya bir neçə mərtəbəli kiçik yeşiklərdə ifa olunan teatr forması idi. Əsasında dini motivli sujetlər dayanan bu tamaşalara Ukraynada vertep, Belorusiyada batleyka, Polşada şopkanı misal göstərmək olar.

XX əsrə doğru elə bir zaman yetişdi ki, kukla estetikası üzərinə düşünən, kuklanın teatral xarakteristikasını vurğulayan və kukla teatr tarixini yazıya alan bir sıra tarixçi və tədqiqatçılar ortaya çıxdı. Bu gün dünyada kukla teatrı sahəsində tədqiqat əsərlərinin  işlənməsi məhz bu mənbələrə istinadən mümkündür. Rus tarixçisi Qoldovski italyan Mari Antonio Lupini kukla tarixinin “babası” adlandırırdı. Çünki “o, ilk dəfə 1720- ci ildə Aristotel, Apuley, Herodot, Ksenofon, Horatsi və s. nəzəriyyəçilərin görüşlərindən çıxış edərək məlumatlar toplamış və nəşr etdirmişdir” [32. s. 181]. Lupinin topladığı məlumatlar fransız alimi Şarl Manyanın 1852-ci ildə yazılan “Avropada marionet tarixi” kitabı üçün əvəzsiz mənbə rolunu oynadı. Daha sonralar Ernest Mendronun “Marionetlər və ginyollar” (1900),  Pyetro Ferrininin “Burattini tarixi” (1902) kitabları kukla teatr sənəti istiqamətində yazılan dəyərli kitablar hesab olunur.

  XIX əsrin sonları, XX əsrin əvvəllərində artıq kuklanın özünəməxsus özəllikləri vurğulanır və mövzu üzərində bir sıra nəzəriyyəçilər və tədqiqatçılar çalışır. R. Pruşke, R.Pişel, V.Peretts, C.Speyt, H.Yurkovski bu və ya digər şəkildə həyatlarını kukla sənətinin tədqiqatına həsr etmişdilər.

Kukla teatrının ilk yaranma tarixi dəqiq olmadığına görə bir qisim tarixçilər Çini, digərləri isə Hindistanı onun vətəni sayırdı. Çində kukla teatrının yaranma başlanğıcı e.ə. 206-220 ci illərdə mövcud olmuş Xan sülaləsi dövrünə təsadüf edir. Kölgə teatrının yaranması isə Tan sülaləsi dövrü üçün xarakterik olduğu vurğulanır. Le-Tsı adlı Çin mütəffəkkiri  bildirirdi ki, e.ə 1000 ci ildə bir məharətli usta samandan və lak çəkilmiş ağacdan  rəqs edən və hətta oxuya bilən kukla hazırlamışdı.

Kukla sanskritcə “nutrika”, “duxitrika”, “puttali”, “puttalinka” – qızcığaz anlamını verir. Burada puttali və puttalinka yerli əhalinin ləhcəsindən gəlmə ifadədir. Hindistanda kuklalar dəri, ağac və fil sümüyündən hazırlanırdı. Hind qızları oyunlarında bu kukalalardan istifadə edirdilər. Hətta qırılan hər bir kukla qızların göz yaşları ilə nəticələndiyi üçün Hindistanda buna uyğun atalar sözü yaranmışdı. Onlar öz səhvi ucabtından  bədbəxtliyə düçar olmuş insan haqqında deyirdilər ki, o, öz kuklasını qırıb ağlayır.

Alman kukla teatr tarixçisi Rixard Pişel XX əsrin əvvəllərində Hindistanda kukla teatrının dram sənətinin sələfi olması faktını irəli sürmüşdür. Pişelin bu fikri ilə bir sıra hind tədqiqatçıları da razılaşmış, hətta “Şri Devilal Samar təsdiq etmişdi ki, hind draması öz yaranışını kukla teatrına borcludur” [32. s. 175]. Çünki ilkin başlanğıcdan burada kukla və maska teatr ənənəsi mövcud olmuş daha sonra isə dramatik sənət meydana gəlmişdir. Bu fikrin ən tutarlı sübutu teatrda baş aktyora verilən sutradxara adının izahıdır ki, mənası əlində ipləri tutan anlamına gəlir. Hindistan üçün yalnız bir iplə idarə olunan sadə marionetlər xarakterik idi. Hind kukla sənətinin 2000 ilə yaxın yaşı var. Burada kuklalar istər tarixən, istərsə də müasir dövrdə iplərlə idarə olunmaqdadır.

Hər bir ölkənin milli mənəvi dəyərləri, adət ənənəsindən, ərazisi üçün xarakterik mədəniyyətindən asılı olaraq kukla tamaşalarında istifadə etdiyi və üstünlük verdiyi əsas kuklalar, oyun texnikaları fərqli ola bilir. Tədqiqatçılar dünyada mövcud kukla növlərinin təsnifatını verərkən onları iki qrupa ayırır: üst kuklalar və döşəmə kuklalar. Təsnifatın bu cür aparılması kuklanın səhnədən hansı hündürlükdə, hansı məsafədə idarə olunmasına əsaslanır. Eyni zamanda bu iki qrup da özlüyündə müxtəlif kukla növlərinə ayrılır. Üst kuklalar qrupuna əlcək və mil kukla növləri aiddir ki, kuklaçı-aktyor tərəfindən şirma üstündən idarə olunur.

Bir çox tədqiqatçılar belə düşünürlər ki, bugünkü mənada kukla teatrının yaranıb kök salmasında məhz əlcək kuklaları rol oynamışdır. Belə ki, kuklalar ilk dəfə məhz İntibah dövründə əlcək kukla obrazları vasitəsilə desakrallaşmış və tetral əhəmiyyət qazanmışdır. Bu obrazlar sırasında Petruşka (Rusiya), Pulçinello (İtaliya), Polişinel, Ginyol (Fransa), Don Kristobal (İspaniya), Hansvurst (Almaniya), Vityaz Laslo (Macarıstan), Panç (İngiltərə) yer alır. Bir sıra fərqli xüsusiyyətlərə malik olsalar da, əsas etibarilə eyniyyət təşkiledən bu obrazları qısa şəkildə belə təsvir etmək olar: ritual ənənələrə və hakim dairələrə qarşı radikal mövqe sərgiylən obraz kobud, qaba, dələduz eyni zamanda ironik zarafatcıl, cəsarətli və kimsəyə məğlub olmayan qəhrəmandır. O, hətta ölümü də üstələyir. Xalqın ümumi xarakterik xüsusiyyətlərinin tipikləşdiyi obraz onların ən sevimli qəhrəmanı olmuş və müasir dövrə qədər qorunub saxlanmışdır.

Yuxarıda adı çəkilən obrazların əksəriyyəti əlcək kukla texnikası ilə idarə olunurdu. Meydan, küçə, bazar önündə sərgilənən tamaşaların göstərilməsi üçün ilk əvvəl aktyorlar kəmərinə qumaş parça bərkidir və tamaşa zamanı onu boyu hündürlüyünə qaldıraraq şirma yaradırdı. Bu texnikanın eynisinə qədim Azərbaycan ərazisində də rast gəlinirdi. Daha sonralar isə bu üsulu yüngül, daşınabilən konstruksiyadan hazırlanmış teatr maketləri əvəz etdi. Şirma Azərbaycan kukla sənətində gərdək, pərdə sözləri ilə əvəz olunub tamaşaçı və aktyor arasında arakəsməni ifadə edirdi. Şirma araxında gizlənən aktyor əlcək kuklanı ələ geyinərək heç bir yardımçı vasitə olmadan idarə edirdi. Əlcək kuklanın gövdəsi olmur və başı birbaşa kostyuma birləşdirilir. Kuklaçı aktyor kuklanı əlinə geyindiyi zaman kukla bədənə və qollara sahib olur. Yəni burada kukla bədəni aktyorun əlidir. Kuklanın başına bərkidilmiş kostyumun ölçüləri kuklaçının əlinin böyüklüyündən və idarəolunma texnikasından asılı olaraq dəyişir. Burada əlcək kuklanın idarəolunma texnikası olduqca müxtəlifdir. Bir neçə  üsula nəzər salaq:

  • Şəhadət barmağı kuklanın başına, baş və orta barmaq qollara keçirilir, adsız və çeçələ barmaq ovuca qatlanır.
  • Şəhadət və orta barmaq başa, baş barmaq bir qola, çeçələ və adsız barmaq digər qola keçirilir.
  • Şəhadət və orta barmaq başa, baş və çeçələ barmaq qollara keçirilir, adsız barmaq ovuca qatlanır.
  • Baş və çeçələ barmaq qollara, şəhadət barmağı başa keçirilir, orta və adsız barmaq ovuca qatlanır.

Əlcək kukla texnikasında bu cür üsulların siyahısını artırmaq mümkündür. Hətta burada iki əlin də istifadə olunduğu texnikalara rast gəlmək olur. Ən çox diqqət çəkən məqam isə bir əldə qrup halında kuklaların idarə olunmasıdır. Bu zaman əl barmaqları ən az 3, ən çox isə 5 obrazı göstərir. Bu tip kuklalara ən çox kamera tamaşalarında rast gəlinir.

 Əlcək kuklanın başı 8-10 sm ölçüsündə hazırlanır. Burada ölçünün artırılması və ya kiçildilməsi mümkünsüzdür, çünki birbaşa olaraq kuklanın vizual görünüşünü eybəcərləşdirir. Kuklanın başı əsasən papye-maşedən, həmçinin ağacdan, parçadan və pambıqdan hazırlanır. Ağacdan hazırlanmış baş digər üsullara nisbətən daha mürəkkəbdir, buna görə də başın ağacdan yonulmasında peşəkar usta əməyi tələb olunur. Ağac başlara nadir hallarda müraciət olunur.

Kuklanın bu növündən tamaşalar əksərən bağça yaşlı uşaqlar üçün hazırlanır. Peşəkar teatr sənətində əlcək kukla növünə yeni nəfəs verən, onun inkişafına şərait yaradan rus rejissoru Sergey Obraztsov olmuşdur. Məhz ilk dəfə o, kukla və aktyoru tərəfmüqabili olaraq peşəkar teatra çıxarır.

Üst kukla təsnifatına əlcək  kukla ilə yanaşı mil kuklalar da daxildir. Kuklanın bu növü ən çox yayılan və daha çox istifadə olunan növüdür. O, öz adını kuklaları idarə emək üçün onlara bərkidilən millərdən alır.

Mil kukla növü İndoneziyanın Yava adasında daha qədim zamanlardan mövcud olsa da, Avropada professional şəkildə ilk dəfə XX əsrdə avstriyalı rejissor Riçard Teşner tərəfindən yaradılmışdı. O, 45 sm hündürlükdə daxilinə millər bərkidilmiş orijinal üst kukla növləri işləyib hazırlamışdı. Hazırda bu texnika dünya üzrə istifadə olunmaqdadır. Hətta bu gün Azərbaycan kukla teatrları da istifadə üçün əlverişliliyinə görə daha çox mil kuklalara müraciət edirlər. Mil kuklaların  oyun texnikası tamaşanın struktur bütövlüyünü daha rahat təmin etmək, vizuallığını yüksəltmək üçün səmərəlidir. Məsələn,  mil kuklalar marionetlər qədər çətin idarə olunmur, əlcək kuklalar qədər hərəkət məhdudiyyətli deyil, planşet kukla kimi aktyor-kukla münasibətlərini ön plana çıxarmır.

Mil kuklaların qurulmasında əsas mərhələ metal və taxtadan möhkəm çiyinlərin hazırlanmasıdır. Hər iki çiyin arasında dəlik açılır və bu dəliyə kuklanın başı yerləşdirilir. Üç hissədən ibarət olan qollar çiyinlərə bərkidilir və kostyum altında gizlədilir. Qolun bilək hissəsindən isə aktyorun əlləri hərəkətə gətirməsi üçün mil pərçimlənir. Əsasən kuklaya millərin bərkidilməsi obrazdan və onun rahat idarə olunmasında asılı olaraq dəyişir. Ənənəvi mil kuklaların hündürlüyü 60 sm-dən 80 sm-ə qədər ola bilir. Mil kuklaların başına hərəkətliliyini təmin etmək üçün mexanizm yerləşdirilir. Qapit adlanan bu mexanizm ilə kukla başını yuxarı-aşağı, sağa-sola döndərə, ağzını, gözünü açıb yuma bilər. Kuklanın başını idarə edən qapitin yarı hissəsi çiyinlərdən aşağıya doğru uzanır ki, bu hissəni aktyor əlində tutur. Kuklaya geydirilmiş kostyum onun bədəninin olmadığını gizlədir.

Tədqiqatçıların böldükləri kukla növlərinin ikinci təsnifatı “döşəmə kuklalar” adlanır. Buraya ilk növbədə marionetlər və adamboyu kuklalar aiddir. Adamboyu kuklalar kuklaçı aktyorla eyni səviyyədə, yəni eyni (aktyordan nisbətən kiçik və böyük olması da istisna deyil) hündürlükdə olan kuklalardır. Aktyor bu növ kuklaları idarə edən zaman şirmadan istifadə etmir. Səhnə tərtibatına uyğun kostyumda kuklanın arxasında duraraq onu idarə edir. Əksərən bu geyim qara rəngli olur, lakin mümkündür ki, əgər dekorda meşə, çəmənlik təsvir olunubsa aktyor diqqət cəlb etməmək üçün yaşıl rəngdən istifadə etsin. Bu kuklaların dünya teatr sənətində istifadə olunan digər adı “planşet kuklalar” dır.

  Dünyada mövcud teatral kuklaları hər hansı təsnifata aid etmək onun bəlli xarakteristikasına, istifadə qaydasına görə dəyişir. Bu məsələ nə qədər rahat olsa da, qarışıq texnikalarla rastlaşdıqda bir o qədər çətinləşir. Burada qeyd etmək istədiyim Yaponiyanın qədim tarixə, ənənəvi köklərə malik “Bunraku” kuklalarıdır. Bunraku əsasən planşet kuklalara aid edilir, həmçinin tamaşada biz kuklaların ən çox havada idarə edildiyinin şahidi oluruq. Əslinə baxsaq, bütün planşet kuklaların iştirak etdiyi tamaşalarda səhnə döşəməsi ilə yanaşı səhnə fəzasından da istifadə olunur. Bu üsul tamaşaya daha çox məkan genişliyi, oyun-ifa sərbəstliyi verir. Hətta, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bu üsula davamlı olaraq müraciət olunur.

  Tədqiqatda adları keçən müxtəlif çeşidli kuklalar arasında marionet – ipli kuklalar ən unikal, dünyada kuklaçılıq sənətinin başlanğıcını qoyan, insan obrazını daha real təsvir edən kukla növləridir. İnsanabənzərlik marionetlərin daha çox diqqətçəkən, onları tamaşaçıya sevdirən xüsusiyyətləridir.

  Marionet kuklalar çox qədim ənənəyə malik, özündə həm oyun, həm də teatral elementləri ehtiva edən kukla növüdür. Marionet kukla tamaşaları üçün aktyor və tamaşaçı arasında arakəsmə – yəni şirma səhnə tərtibatına nisbətdə onun yuxarısında qurulur. Belə ki, aktyorlar kuklaları yuxarıdan iplərlə idarə edir. XX əsrə qədər mövcud olan marionetlər quruluşuna görə iki yerə bölünürdü: sadə – bir və ya iki iplə idarə olunanlar; mürəkkəb – çoxsaylı iplərlə idarə olunanlar. Müasir dövr üçün səciyyəvi olan mürəkkəb quruluşlu kuklaların başına, ayaqlarına, əllərinə, bədəninə bərkidilən iplərin digər başı vaqa adlı mexanizmə keçirilir. Vaqa kuklaçı-aktyorun kuklanı rahat idarə etməsi üçün hazırlanmışdır. Bütün bədən üzvləri ayrı-ayrılıqda tərpənən marionet kuklaların idarəsi kifayət qədər çətin prosesdir. İplərin bir birinə dolaşmaması və  kuklanın hərəkət etdirilməsi prosesinin sürətləndirilməsi üçün ip toplusu vaqaya bərkidilir. Marionet kuklalar əksərən səhnədə vizuallığın təmin edilməsi məqsədilə 30, 40, 50 sm ölçülərində hazırlanır. Bu səbəbdən kuklalar vaqa ilə birlikdə ağır çəkiyə sahib olur ki, idarə etməni mürəkkəbləşdirir. Marionet kuklalar digər kukla növlərindən fərqli olaraq kuklaçı-aktyordan professional oyun üslubu tələb edir. Cansız kuklanı tamaşa zamanı canlandırmaq, onu ifadəli etmək üçün kuklaçı-aktyor uzun illərini məşqlərə sərf edir, onun bütün hərəkətldərini ən xırda nüanslarına qədər incələyib öyrənməli olur.

  Hələ qədim Misirdə Osirisin şərəfinə təşkil olunmuş bayramlarda marionet kuklalardan nümayişlərdə istifadə edilirdi. Uzun müddət dini bayramların ayrılmaz hissəsi olan marionetlər tədricən bu xüsusiyyətlərini itirərək ev ziyafətlərinə, küçə teatrlarına keçid alır. Zənginlərin evlərində məskunlaşan marionetlər ev sahibi öldüyü zaman onun axirət dünyası üçün yanında dəfn edilirdi.

  Marionetlər ilk dəfə məhz XVI əsrdə desakrallaşaraq tamaşaçı önündə öz kultorloji əhəmiyyətini vurğulamışdı. Bu kukla Pulçinello obrazı vasitəsilə meydana çıxdı. Lakin daha sonralar biz Pulçinellonun şöhrət qazanaraq tələbatın artması səbəbindən əlcək kukla ilə əvəzləndiyini müşahidə edirik.

  Azərbaycanda isə ipli kuklalardan istifadəyə Bakı Marionet Teatrı ilə yanaşı Abdulla Şaiq adına Kukla Teatrında, eyni zamanda bölgələrdə fəaliyyət göstərən kukla teatrlarında da rast gəlirik. İpli kuklalar qədim Azərbaycan ərazisində “kosagəlin” adı ilə tanınırdı. Növbəti yarımfəsldə bu mövzuya ətraflı toxunacağıq.

AZƏRBAYCANDA KUKLA TEATRININ İNKİŞAF TENDENSİYALARI/ Magistr dissertasiyası. Bakı. 2020

Paylaş: