jan-lui-barro-teatr-haqqinda-dusunceler-on-uc-il-sonra-davami
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-08-01 /Oxunma Sayı: 473

JAN LUİ BARRO. “TEATR HAQQINDA DÜŞÜNCƏLƏR” On üç il sonra (Davamı)

 

On üç il sonra

(Davamı)

Mən Jak Desayi və Andre Brüno ilə bağlanmış ilk iki müqavilənin şərtlərini həyəcanla xatırlayıram. Biz yoldaşlarımızı sentyabrın ilk tarixlərində topladıq. Madlenlə mən əlbəttə ki, bir qədər təəccüblənmiş və eyni zamanda sevinmişdik ki, onların hamısı təyin edilmiş vaxtda dəqiqliklə bir araya gəlmişdilər. Tam bir ay məşq etdik, baxmayaraq ki, hələ teatrımız yox idi. Əlbəttə ki, bu barədə heç kim heç nə bilmirdi. Lakin oktyabrın 17-nə təyin edilmiş truppanın yaranması günü ərəfəsində Marinyanın direktoru Simon Volterra ilə müqavilə artıq imzalanmışdı. Bu, oktyabrın 10-da baş vermişdi.

Bir dəfə daim qıcıqlı əhvalda olan Jule ilə bir söhbətimiz olmuşdu. O dostlarını qıcıqlandıraraq demişdi: “Marinya? Pis teatrdır. Həddindən artıq böyükdür. Yerləşdiyi məkan uğurlu seçilməyib. Ağaclar çoxdur. Nə ilə açılırsınız? – “Hamletlə” - Əla. Bir həftə. Bəs sonra? – “Yalan etiraflar”. - Üç gün. Darıxdırıcılıq. Daha nə? - Salakrunun pyesi. - Süjet? - Müqavimət hərəkatı. - Bədbəxt! Üç gün. Daha nə? Kafkanın “Proses”i...”. Buna cavabını artıq xatırlamıram, lakin onun mavi gözlərinin halımıza acıyan ifadəsi indiyədək yaddaşımda qalıb. Onun başqa bir çox mühüm qeydi də yadımdadır: “Zal boş qalanda sən tənəzzülün də nə olduğunu biləcəksən, dolu olanda uğurun da “dadını dadacaqsan”. Lakin sən daha bir təzahürlə də üz-üzə qalacaqsan – bu. uğurlu pyes olmasına baxmayaraq, tamaşaçıların seyrəkliyi və əksinə, ortabab bir tamaşaya bütün biletlərin satılması halıdır. Bu təzahürü fasiləsiz sağa-sola hərəkət edən əşya ilə müqayisə etmək olar. Həmin anlardan daha ağır nəsə ola bilməz, idrak bunu anlamaqdan imtina edir. İlk baxışda hər şey tamamilə izaholunmaz görünür”. Bu qeyd özündə dərin məna gizlədir. Doğrudan da belə hallar olur: tamaşa uğurla oynanılır və buna görə təbii, ümidlisən ki, zal ağzınadək dolu olacaq; lakin heç də gözlənilən kimi olmur. Və onda özünü itirilmiş kimi hiss edirsən. Nə baş verir?. Doğrudanmı tamaşaçı bizdən üz döndərib? Doğrudanmı o bizdən tamamilə soyuyub?. Bu çox ağır və üzücü bir hissdir. Və birdən heç bir əlahiddə səbəb olmadan zal yenidən dopdoludur. Yox, tamaşaçılar əvvəlkitək bizə bağlıdırlar, sadəcə, yəqin həmin vaxt nəsə başqa bir işlə məşğul olmaq istəyiblər! Parisdəki on üç teatr mövsümü ərzində biz əlli dörd pyes göstərdik, onlardan on üçü klassik, otuz yeddisi müasir, üçü pantomim və biri varyete üslubunda ekspromtdur. Beləliklə, quruluşların yetmiş beş faizi müasir, iyirmi beş faizi isə klassik repertuarın payına düşür. Müasir pyeslərin otuz yeddi quruluşundan iyirmisi sözün əsl mənasında premyera xassəli olub. Biz on nəfər köhnə müəllifin yaradıcılığından bəhrələndik: Esxil, Şekspir, Lope de Veqa, Bon Conson, Molyer, Marivo, Müsse, Pol Feval, Feydo və Çexov. Biz iyirmidən çox müasir müəllifin əsərini tamaşaya qoymuşuq: Marsel Aşar, Jan Anuy, Ferdinand Brükner, Alber Kamyu, Pol Klodel, Moris Klavel, Jan Kokto, Anri de Monterlan, Andre Obe, Jan Prover, Arman Salakru, Jan Jirodu, Jül Romen, Jorj Növe, Krommelink, Uto Betti, Jorj Şeade, Jak Botye, Jül Süpervyel, Kristofer Fran və başqaları. Tamaşaya qoyulmuş əlli dörd pyesdən on dördü böyük uğur qazanmışdı: onlar yüz dəfədən çox oynanıldılar və mövcudluğumuz üçün vəsaitə malik olmağımıza şərait yaratdılar (Marinya teatrında yüz tamaşa oynamaq yüz min nəfərdən çox tamaşaçı deməkdir): iyirmi altı pyes uğur qazanmışdı: onlardan bəziləri yüz dəfəyədək oynanılmışdı, bir qismi mətbuatda çox yüksək qiymətləndirilmişdi, digər qismi isə tamaşaya qoyulmaq xərcini tamamilə çıxarmışdı; altı quruluş yalnız müəyyən dərəcədə alınmışdı; onlar haqqındakı fikirlər haçalanırdı, bilet satışı isə orta həddə idi: və nəhayət beş pyes tamamilə müvəffəqiyyətsizliyə uğradı - mətbuat onları tənqid atəşinə tutdu, tamaşaçıların dayağı isə həmin tamaşaları uzun müddət oynamağa imkan verməyəcək qədər zəif idi. Bütün bu haqq-hesabdan hansı nəticəyə gəlmək olar? Bir tərəfdən təəccüblü deyil ki, zamanın sınağından çıxmış klassik pyes tamaşaçıda daha böyük etibar doğurur, nəinki müasir ədiblərin əsərləri. Tamaşaçı əvvəldən bilir ki, söhbət nədən gedir və bu barədə nə fikirləşmək lazımdır, çünki qənaət artıq açıqlanıb.

Əgər quruluşçu rejissor klassik pyesə yeni nəfəs verməyə və eyni zamanda ənənəyə sadiq qalmağa müyəssər olursa, şübhə etməyə yer qalmır ki, tamaşaçılar üçün bu əsərə baxmaq xoş və xeyirli olacaq.

Digər tərəfdən yeni pyeslərin əlli faizi uğurlu idi, hətta çox uğurlu idi. Pyesin yaranmasının, başqa sözlə, “tamaşaçıların gözləri qarşısında” canlı məxluqun yaranmasının hansı risklə müşayiət olunduğunu  nəzərə alsaq, bu heç də pis orta rəqəm deyil. Görünür, burada tamaşaçıları Klodel və Kafkanın, Anuy və Salakrunun əsərlərində olduğu kimi onların özünəxas və çeşidli estetikası deyil, hərəkətliliyi, durğunluqdan uzaqlığı cəlb edirdi.

Məncə, ürəyinə yatan əsəri tamaşaya qoymalısan. Bu məqamda bütün ömrü boyunca bir dənə də olsun vodevilə quruluş verməyən Stanislavskinin təəssüfünü xatırlayıram.

Qeyd etmək lazımdır ki, vaxtaşırı müasir əsərlərə üz tutmaq heç də pis olmaz. Biz hesab edirik ki, kiminsə dayağı sayəsində son yarım əsr ərzində yazılmış önəmli pyesləri zaman-zaman bərpa etmək xeyirli, vacib və ləyaqətli işdir. Onlardan bütöv bir repertuar tərtib etmək olar ki o da öz növbəsində müasir milli teatrın əsasını təşkil edə bilər.

Həqiqətən də, biz yalnız təəssüf edə bilərik ki, dünyasını dəyişmiş və hələ bu həyatda olan müəlliflərin “Qozbel”dən tutmuş “Bağlı qapılar arxasında”ya kimi şedevrlərini müntəzəm şəkildə səhnədə görmək imkanından məhrumuq. Bu siyahıya “Ubu-kral”, “Qızıl kəllə”, “Qadın xəyanəti görmüş böyük ürəkli kişi”, “Volsone”, “Aydan gəlmiş Jan”, “Məni böyük məhəbbət gözləyir”, “Böyük barmaq boyda oğlan”, “Zarafat xatirinə”, “Milçəklər”, “Naməlum şəxsə qarşı iddia”, “Cəhənnəm maşını”, Jirodunun, Klodelin və başqalarının əsərləri.

İflasa uğrayan tamaşalara gəlincə isə bunun məhz ilk dəfə tamaşaya qoyulan əsərlərin qisməti olmasında təəccüblü heç nə yoxdur. Mən onların heç birinə görə xəcalət hissi duymuram, ikisinə isə hətta bir müddət sonra qayıdacağam. Klassik əsərlə iflasa uğrasaydım, utanc hissi qaçılmaz olardı! Belə isə, mən deyə bilmərəm ki, “Məhəbbətlə zarafat etmək olmaz”ın quruluşundan tam razıyam; rejissorluq fəaliyyətimdə bu ən xoşagəlməz xatirələrdən biridir. Və bunda yeganə günahkar mən özüməm. Qoy bu quruluş mənə yaxşı bir dərs olsun.

Və sonda... Tamaşaya qoyduğumuz əsərlərin üçdə dördü müasir əsərdir və yalnız dörddə biri klassikdir. Əlli dörd pyesin ikisi əcnəbi müəllifə aiddir. Bu heç də o demək deyil ki, biz xarici ədəbiyyata az diqqət ayırırıq. Bunun izahı yalnız şəraitin diktəsi ilə – ilin yarısı Parisdə, qalan ayları isə ölkə xaricində uzunmüddətli turnedə olmağımızla əlaqədardır. Buna görə əsasən fransız teatrına müraciət edirik.

Rus dilindən tərcümə: Samirə Behbudqızı

Paylaş: