uc-defe-aile-quran-barat-sekinskaya-her-ayriliginda-qizina-sadece-hazirlas-kocuruk-deyib
Müəllif: Samirə Behbudqızı /Tarix: 2024-06-29 /Oxunma Sayı: 158

Üç dəfə ailə quran Barat Şəkinskaya hər ayrılığında qızına sadəcə... "hazırlaş, köçürük" deyib

Barat Şəkinskayanın qızı Solmaz Həmzəyevanın Milli.Az xəbər portalına müsahibəsi

Zaman o zamanlar idi ki, Çexovun "insan hər cəhətdən gözəl olmalıdı" fikri bərqərarlığa çox yaxın idi (hətta ictimai-siyasi ab-havadakı boğanağa baxmayaraq, ya da bəlkə elə o atmosferə sinə gərmək istəyərək) - istedadlı insanlara kömək etməyə hazır olanlara, qadın gözəlliyini görməyi və dəyərləndirməyi bacaranlara daha tez-tez rast gəlinirdi. Səhnəmizin təkrarsız Dezdemonası olan Barat Şəkinskayanın da həyat və yaradıcılıq yolu bütün çətinliklərə baxmayaraq, həmin zamana təsadüf etmişdi.
Bəs bu Azərbaycan səhnəsinin əsrarəngiz Dezdemonası kimdir belə? Azərbaycanlılar demiş, hardandır, əsli kimdir, kimlərdəndir?

Barat Həbib qızı Şəkinskaya bəy qızıdır. 28 iyun 1914-cü ildə Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb, 1923-cü ildə ailəsi Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik keyfiyyətlərinə görə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Sonuncu dəfə uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub.
Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. "Görüş" (1955), "O olmasın, bu olsun" (1956), "Qızmar Günəş Altında" (1957), "Kölgələr Sürünür" (1958), "Qəribə Əhvalat" (1960), "Telefonçu Qız" (1962), "Azərbaycan Teatrının Ustaları" (1966), "Evin Kişisi (1978), "Onun Bəlalı Sevgisi" (1980), "Üzeyir Ömrü" (1981) filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir.
Xalq artisti (1949) Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib.

Üç evliliyindən üç övladı olub Barat xanımın. İlk dəfə çox erkən - 16 yaşında ailə quran (1931) Baratın Mir İbrahim Həmzəyevlə izdivacından qızı dünyaya gəlir - Solmaz Həmzəyeva. Aktrisanın böyük qızı Solmaz xanım ömrünün əlli ilini Azərbaycan Televiziyasının gənclər redaksiyasında rejissor vəzifəsində çalışıb. 

Barat Şəkinskaya ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur (1936), bu nikahdan qızı olur - Rövşanə Bədəlbəyli.

Üçüncü və sonuncu evliliyi teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu dünyaya gəlir - Elçin. Rəssam və kino aktyoru Elçin Məmmədovu hamı tanıyır - "Dədə Qorqud" filmində Qaraca Çoban, "7 oğul istərəm" filmində Mirpaşa və s. rolları canlandırmış istedadlı aktyor, anasının sənətini uğurla davam etdirdi. 

Aktrisanın böyük qızı, 50 il Az TV-nin gənclər redaksiyasında rejissor işləmiş Solmaz Həmzəyeva Milli.Az xəbər portalının əməkdaşı ilə söhbətində anasının özəlliklərindən, cəmiyyətə çox az məlum olan keyfiyyətlərindən danışdı.


Barat xanım İmam Mustafayevdən xahişindən sonra şəhid anasına ev verildi


- Anam həmişə əlaqələrindən istifadə edib heç tanımadığı adamlara kömək edirdi. Bir dəfə bir məclisdə şəhid anası ilə tanış olur. Öyrənir ki, qadının evi yoxdu. Deyir, mən mütləq sənə kömək eləyəcəm, tez bir vaxtda təzə evə köçəcəksən, elə şey olar ki, şəhid anasının özünün ev-eşiyi olmasın? Belə vaxtlarda müraciət elədiyi adam ya İmam Mustafayev idi (İmam Mustafayev 1954-59-cu illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub, sonralar EA-nın Genetika və Seleksiya İnstitutunda şöbə müdiri vəzifələrində çalışıb - red.), ya da Azərbaycan Televiziyasının o vaxtkı rəhbəri Babək Hüseynoğlu. Əlbəttə, quruluş dəyişmişdi, mənim anamın, İmam Mustafayevin xahişinə məhəl qoymayanlar tapıla bilərdi. Amma anam İmam Mustafayevə zəng eləyəndən sonra həmin qadına ev verildi.


"Mircəfər Bağırov onun bütün premyeralarına gəlirdi"


- Barat xanımın yaradıcılıq fəaliyyətinə başladığı dövr keçən əsrin 30-cu illərinə təsadüf edib. Bəs o dövrün siyasi rəhbərləri belə təmtəraqlı soyadı olan aktrisanı necə qəbul edirdilər?

- Yəqin artıq çoxları bilir ki, Barat xanım ömrü boyu nə xan nəslindən olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib. Anamın ailəsinin əsli Qarabağ xanı İbrahim xanın şəcərəsinə bağlıdı. Ana babam Həbib xan isə Sisyan bölgəsinin Şəki mahalındandı. Bu mahalı babama həmin yerlərin xanı bağışlayıbmış. Sovet hökuməti qurulanda babam Arazın o tayına köçüb. Amma bəxti gətirdiyindən bu faktlar anama irad tutulmayıb. Hətta cəmi-cümlətanı 23 yaşı olanda "Azərbaycan SSR-in əməkdar artisti" fəxri adına layiq görülüb. Mircəfər Bağırov bir aktrisa kimi onu çox yüksək qiymətləndirirdi. Bütün premyeralarına gəlirdi. Çoxları kimi o da əvvəl-əvvəl elə bilirmiş ki, anam şəkilidi, ona görə soyadı Şəkinskayadı.

- Barat xanım əks cinsin nümayəndələrinin diqqətini cəlb edən, amma bununla belə qadınlarda paxıllıq hissi oyatmayan xanımlardan idi. Buna, onun Leyla Bədirbəyli, Nəcibə Məlikova kimi gözəllik etalonlarımıza çevrilmiş aktrisalarla dostluq etməyi də dəlalət edir. Nə əlavə edə bilərsiz bu qənaətlərə - bir qadın kimi Barat xanımın davranışı necə idi, siz ondan nələri nümunə götürmüsünüz?

- Doğru qənaətdir. Anam demək olar ki, elə bütün aktrisalarla dostluq edirdi. Hökümə Qurbanova, Fatma Qədri, Əminə Sultanova. Biz uşaqlar arasında da çox böyük mehribançılıq var idi. Anam qastrola gedəndə məni Əminə Sultanovagildə qoyurdu, onun yoldaşı da teatrın aktyoru idi - Əjdər Sultanov. Fatma Qədri ilə birlikdə bir fransız müəlliməsi tutmuşdular ki, həm Fatma xalanın qızına, həm də mənə gözəl ədalar öyrətsin. Onların evi Kitab pasajının üstündə idi. Mən gedirdim ora, həmin müəllimə ikimizlə birlikdə məşğul olurdu. Ümumiyyətlə, o vaxtlar insanlar daha istiqanlı idilər. Anamdan bir qadın kimi nələri öyrənməyimə gəlincə isə deyə bilərəm ki, iş yerində məni bir çətinliyi olan adama görə rəhbərliyin yanına xahişə gedən, mehribançılıq yaratmağa çalışan insan kimi tanıyırdılar. Bu isə anamdan gələn xasiyyətdi. O da teatrda həmkarları ilə xeyirxah münasibətdə olub həmişə. Doğrudur, onun səsi, zahiri görünüşü heyranedici idi. Amma mən anamda bəzi gözəl qadınlara xas olan işvəli-nazlı hərəkətlər, nə bilim, hansısa komplekslər görmədim. Kinorejissorlardan çox təkliflər alırdı, hər dəfə də deyirdi ki, axı neynirsiz məni çəkib, mən ya tatarlara oxşayıram, ya da malakanlara. Düşünürəm ki, bu xasiyyətinin ona köməyi oldu.


Fotoqrafın naşılığı ucbatından Barat xanım gözlərindən oldu


Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi.
Amma çox küsəyən idi. Lakin üzə vurmurdu. Ümumiyyətlə, hansısa səhv hərəkətimizin üstündə bizi danlamazdı. Əvvəldən bir dəfə fikrini, məsləhətini bildirirdi, vəssalam. Küsəndə isə situasiyadan asılı olmayaraq, gözləyirdi ki, birinci qarşı tərəf onu danışdırsın, heç üzrxahlıq da etməsin, elə zəng edib salamlaşmağı kifayət idi, o adamla elə danışırdı ki, elə bil heç nə baş verməyib.


"Ən çətin xörəkləri bacarıqla bişirirdi: ölümündən 2 gün əvvəl dolma büküb süfrə açmışdı"


- Yaradılıcılıq yolu məhsuldar olan aktrisaların evdarlıq işlərinə vaxt tapması çətin olur. Yəqin Barat xanım da belə idi.

- Bəli, elədi. Bizim evdə həmişə Azərbaycanın bəzi rayonlarından Bakıda mövsümi işləməyə gələn malakan qızları olurdu. Onların işgüzarlığına, evdarlığına söz ola bilməzdi - çox səliqəli, təmizkar idilər. Amma teatrdan çıxandan sonra anamda kulinar istedadı üzə çıxdı. Ən çətin xörəkləri bacarıqla bişirirdi. Özü də hansısa xörəyin bir komponenti olmasaydı, o xörəyi hazırlamazdı - gərək hər şey qayda-qanunla olaydı. Ev işləri ilə elə məşğul olurdu ki, elə bil ömrü boyu evdar qadın olub. Sizə bir hadisə danışım. Vəfatından ikicə gün əvvəl idi. Azərbaycan Televiziyası onun haqqında veriliş hazırlamalı idi. Zəng elədim ki, filan saatda çəkiliş qrupu ilə gəlirik. İnanırsız, gəlib gördük ki, əti çəkib, yarpaq dolması büküb 6-7 nəfərlik süfrə açıb. (Solmaz xanım qəhərdən boğula-boğula əlavə edir). Ananın yerini heç kim verə bilməz. Adamın neçə yaşı olur-olsun, ana ona həmişə lazımdı.

- Solmaz xanım, siz Barat xanımın böyük qızısınız, yəqin sizinlə daha çox dərdləşib. Ən çox nə barədə danışırdı? Özünün taleyi, yaradıcı insanların ailə həyatının dayanıqlı olmaması barədə nə deyirdi?

- Yox, dediyim kimi, bir məsələ barədə çox danışmağı sevməzdi. Mənim atam - Gəncə Teatrının rejissoru Mir İbrahim Həmzəyevlə çox gənc ikən ailə qurmuşdular. Amma atamın ona xəyanət etdiyini bilən kimi ondan ayrılmışdı. Anam Şəmsi Bədəlbəyli ilə ailə qurana qədər atam ümid edirdi ki, münasibətlərini bərpa edə bilər. Amma anam yeni ailə qurandan sonra atam Naxçıvana çıxıb getdi. Mərhum Heydər Əliyev də onun dram dərnəyinin üzvü olub, bir dəfə bu barədə ulu öndərimiz özü də danışmışdı.
Mən televiziyada işləməyə başlayanda xaricə səfərə getməyə yenicə imkan yaranırdı. Bunun üçün hər iki valideynin icazəsi olmalı idi. Mən atamdan icazə məktubu alanda onu da yazmışdı ki, səfərlə bağlı bir çətinliyim olsa, Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev adlı şəxsə müraciət edim.    


"Öz atamla ilk dəfə doqquz yaşım olanda görüşmüşəm"


- Atanızla elə balaca vaxtdan əlaqəniz var idi?

- Yox, mən o vaxt çox balaca olduğum üçün Şəmsi Bədəlbəyliyə ata deyirdim. Öz atamla isə birinci dəfə doqquz yaşım olanda görüşmüşəm - həmin vaxt Gəncədə idik. Dayım Süleyman Hacıyev Gəncə Teatrının baş rəssamı idi. Lojada yanımızda bir kişi də oturmuşdu. Dayım dedi ki, bu, sənin atandı. Bundan sonra onunla ünsiyyətimiz başladı. Barat xanım ailə həyatının yalnız qarşılıqlı sevgi əsasında qurulmasını istəyən və könlünü verdiyi kişinin həyatında yeganə qadın olmaqdan savayı qeyri bir variantı qəbul etməyən qadınlardan idi. Üç dəfə ailə qurub, hər nikahdan da bir övladı var - Şəmsi Bədəyli ilə izdivacdan olan qızı Rövşanə, o, Amerikada yaşayır, Mehdi Məmmədovla nikahından olan oğlu Elçin isə anamızın vəfatından az sonra çox erkən dünyasını dəyişdi. Şəmsi Bədəlbəylidən də, Mehdi Məmmədovdan da ayrılanda anam heç nə danışmırdı, bircə mənə deyirdi ki, hazırlaş, köçürük.

Uşaqlıq, yeniyetməlik yaddaşımda evdə dava olması xatirəsi yoxdu. Anam uşaqlarının atalarının bir şəxsiyyət kimi dəyərlərini heç vaxt unutmurdu. Hətta onların başqa nikahdan olan övladları ilə də ünsiyyət yaratmağı bacarırdı. Belə münasibətin nəticəsidir ki, Teatr Xadimləri İttifaqında anamın xatirəsinə həsr olunmuş tədbirdə görkəmli pianoçu, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (Şəmsi Bədəlbəylinin digər nikahdan olan oğlu) də iştirak edib, Barat xanıma ithaf etdiyi prelüdü ifa etdi.

Bunlar, B.Şəkinskayanın ilk övladının onun haqqında xatirələri idi. Sənətə böyük ehtiramı olan Barat Şəkinskayanın elə bu məhəbbətinə görə səhnəni tərk etdiyi deyilir. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".

Samirə Behbudqızı

Milli.az 

Paylaş: