JAN-LUİ BARRO. "TEATR HAQQINDA DÜŞÜNCƏLƏR" On üç il sonra (davamı)
Bizim qənaətimizə görə teatr həyatın daha dərin ifadəsini özündə ehtiva edir, həyat isə bizə həmişə özünün ən bihuşedici mürəkkəbliyində görünüb, bizə elə gəlirdi ki, birinci növbədə truppanın fəaliyyətinə daha çox müxtəliflik gətirməliyik.
Bütün anlamlarda teatra inam və dürüstlüklə xidmət etmək, lakin hər zaman və hər yerdə mükəmməlliyə can atmaq - canfəşanlıqlarımızın əsasını bax, bu təşkil edir.
Və bu qənaət bu günədək dəyişməz olaraq qalmaqdadır və özünü tamamilə doğruldub. Biz əminik ki, teatr fəaliyyətimizi mümkün qədər əlvanlaşdırmağa çalışmaqla doğru addım atırıq. Qüvvələrimizi melodram və vodevildə sınayanda əminliyimiz daha da artdı; və bir halda ki, bu barədə söhbət düşdü bizim məmnunluğumuz bu siyahını yalnız unudulmaqda olan operetta janrı ilə məhdudlaşmayaraq yeni və hələ ki müəyyən bir təyinatını tapmamış "şou", revyu janrları və qədim janrlardan biri olan varyete (yeri gəlmişkən, Marinya teatrındakı "Ekspromt" varyeteni çox xatırladırdı) janrı ilə dolğunlaşdırmağa çox şad olarıq.
Lakin hərtərəfli olduğumuza görə qınağa da tuş gəlmişik. Qınayanlar hansı xəttə sadiqliyimizin aydın olmadığını irad tuturdular. Bu çox az sayda iradlardan biridir və biz bu irada cavab verməyə hazırıq. Bizim fəaliyyət xəttimiz aydındır: bu xətlərdən ibarət kürədir.
Bəli, mənim dediyimdə yanlışlıq yoxdur: yuxarıda qeyd etdiyim irad isə əsassız iradlardan biridir, ümumiyyətlə iradların əksəriyyətinin üstündən ötürük.
Teatr ab-havasına qaynayıb-qarışdıqca təəccübümüz azalmaq bilmir: necə olub ki, biz hələ də davam gətiririk? Biz qeyri-teatr sahələrinə aid meydanlarda tamamilə istedadsızıq, halbuki əksər həmkarlarımızın bu mənada hazırlığı kifayət qədər yaxşı səviyyədədir.
Yenicə yaratdığımız truppamızı açılış gününə yetişdirmək üçün müvafiq enerji sərf edilməli idi. İlk növbədə bizim maddi imkanlarımız məhdud idi: biz bir nəfər də olsun sərmayəçi, xeyriyyəçi və ya bu sahənin inkişafında maraqlı olan bir şəxs tapmağa müvəffəq olmadıq. Mən bilirəm ki, "kompanyonum" Madlen Reno pulla bağlı söhbətləri eşitmək belə istəmir, bu da anlaşılandır, çünki belə mətləblərin təfsilatına varmaq kifayət qədər ədəbsizlikdir; amma "kim nə deyir, desin" bəzi hallarda gerçək vəziyyətdən bəhs etmək heç də əhəmiyyətsiz iş deyil. Budur, ilkin kapitalımızın mənzərəsi belədir. Kinofilmə görə aldığımız məbləğdən beş min franka yaxın pərdələr üçün ayırdıq; bundan başqa bizim daha beş min frank ehtiyatda saxladığımız pulumuz var idi. Vəssalam! "Hamlet"in tamaşaya qoyulması bizə bir milyon 200 minə başa gəldi, "Yalan vədlər"lə "Batist"i təxminən səkkiz yüz minə ərsəyə gətirə bildik. Məşqlərin keçirilməsi, montaj və hazırlıq işlərinə sərf edilən daha beş yüz mini bura əlavə edin və siz görəcəksiniz ki, bizim maaliyyəmiz heç cari xərclərə belə çatmazdı. Xoşbəxtlikdən kifayət etməyən məbləği tamaşaçılar verdi və buna görə biz onlara minnətdarlığımızı bildiririk.
O vaxtdan bizim gəmimiz gah günəşli, gah da tutqun havalarda üzməkdədir. Lakin biz hələ bir dəfə də olsun sərmayəmizin məbləğini dəyişməmişik. Qısası, oyuna buraxdığımız milyon bu vaxta qədər Ayın fazaları ritmində "dövr edir". Nə deyirsiniz deyin bizim bu günədək mövcud olmağımız tamaşaçıların diqqəti, tərəfdaşlığı və xoş niyyətli tənqidi sayəsində mümkün olub. Mövcudluğumuza görə bu gündəlik və öləziməyən mübadiləyə borcluyuq. Paris bizi ayağa qaldırdı və biz bunu heç vaxt unutmayacağıq. Bu təfərrüatlarda mən tərəfdən hər hansı xırdaçı mənfəətbazlığa və ya öyünməyə yol verildiyini düşünməyə heç bir zəmin yoxdur. Mən sadəcə olaraq məsələnin nə yerdə olması barədə yazıram və bunda gənclər üçün faydalı nümunə olduğunu görürəm: nə olur olsun arzularına çatmağa can atmalısan...
Digər çətinlik: teatrla razılaşmadır. Bütün Paris teatrları arasında Marinya teatrı bizi artıq çoxdan cəlb edirdi. O əlahiddə mövqedə olması ilə müstəqilliyimizin obrazı təəssüratını doğururdu. O, tamamilə yaşıllıqlar içində idi. Biz isə təbiəti çox sevirik. O parlaq tərzə malik deyildi və onun özünün siması yox idi.
Lakin hamı bilir ki, bir truppada birləşən aktyorlar üçün ən çətin mərhələ teatr tapmaqdır. İndi bu məsələ daha da çətinləşib; günlərin bir günü bizim sevimli teatrımız teatr sahəsində bərqərar olmuş yeni qaydalar ucbatından teatr binasından başqa hara gəldi sığınmaq məcburiyyətində qalacaq - bu günlərin uzaqda olmadığını aydın görürəm.
O vaxt Marinya teatrının direktoru vəzifəzində Leon Volterrini Simona Volterri əvəz etdi. O, bizim təklifimizlə razı idi. Leon Volterri da əleyhinə deyildi. Amma teatr müqaviləni kiminlə imzalayacaq?. "Uçan lələk" adlanan və bəlli hüquqlara malik olan operetta ilə, yoxsa bizimlə?. Biz artıq iyul ayında aktyorları truppamıza dəvət etmişdik.
"Mədəniyyət/Culture"
Rus dilindən tərcümə etdi Samirə BEHBUDQIZI