Go proqramlaşdırma dili 2007-ci ildə Robert Griesemer, Rob Pike və Ken Thompson tərəfindən yazılmağa başlanılıb. Yeni bir dilin istifadəyə verilmə səbəbi Google-un daxili sistemlərini daha sürətli, etibarlı və səmərəli etmək hesab olunurdu. Google-un yeni bir proqramlaşdırma dili çıxarmaqdakı əsas məqsədi başqa dillərdəki uğurlu tərəfləri götürüb, uğursuz tərəfləri yenidən təhlil edərək bir dil formalaşdırmaq idi. Bu proqramlaşdırma dili ilk dəfə 2009-cu ildə bazara çıxarılıb.  Go, open source (açıq qaynaq) bir proqramlaşdırma dilidir.

Go proqramlaşdırma dilini bir çox yerdə "golang" olaraq görürük. Bunun səbəbi axtarış sistemlərində "go" sözünün daha geniş yayılması hesab olunur. Proqramçıların axtardığı hər hansı bir nəticəni daha tez tapmaq üçün, axtarış sistemlərində golang yazaraq bunu etməsi daha tez nəticə verir. Buna göre bu dilə, Golang-da deyilir. Bu dilin simvolu sevimli sincab (Gopher) hesab olunur və bu dildə kod yazan proqramçılar Gopher adlandırılır.

Go proqramlaşdırma dilinin rəsmi səhifəsinə buradan baxa bilərsiz.

Bəs niyə Golang öyrənməliyik?

1. Öyrənilməsi rahat bir dildir. Sadecə 25 ədəd açar söz istifadə edilib.

2. Go dili yüksək sürətli və təhlükəsizdir.

3. Əvvəlki versiyalarını dəstəkləyir. Yəni ki, ən axırıncı versiyada yazılmış hər hansı bir kod heç bir problem olmadan ən birinci versiyada işləyir.

4. Concurrency (Parellelik). Go dili, goroutine istifadə edərək kanallar arası keçidi daha təhlükəsiz və sürətli şəkildə həyata keçirir.

5. Əməliyyat sistemlərindən asılı deyil. İstənilən kompüter və əməliyyat sistemində problemsiz işləyir.

6. Veb servis yazmaq üçün ən yaxşı proqramlaşdırma dillərindən biridir.

7. Açıq qaynaq yazılmış dildir.

8. Statik tipli proqramlaşdırma dilidir.

Golang-ın öz daxili qanunları var və onlara riayət olunmadıqda proqramçı xəta ilə qarşılaşır. Belə bir nümunəyə baxaq:

 

Birinci şəkildə hər şey qaydasındadır. Ancaq sistem mötərizəni aşağıya saldıqda (ikinci şəkildə olduğu kimi) bu zaman proqram bizə xəta verəcək. Bu onu göstərirki, biz kod yazan zaman dilin standartlarına uyğun kod yazmalıyıq.

Go proqramlaşdırma dili günümüzdə bir çox şirkətlər tərəfindən aktiv şəkildə istifadə olunur. Bunlara misal olaraq aşağıdakı nümunələri göstərə bilərik.

  • Google
  • Amazon
  • Meta
  • Microsoft
  • Twitter
  • Netflix
  • Uber
  • PayPal

"Go"-dan istifadə edən digər şirkətlərə buradan baxa bilərsiniz.