ƏSA Teatrı beynəlxalq teatr festivalında ölkəmizi təmsil edəcək
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Türkiyənin İzmir şəhərində keçirilən “10-cu Beynəlxalq İzmir Teatr Festivalı”nda Azərbaycanı təmsil edəcək.
Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub. Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində teatrın sənətçiləri Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər.
Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edəcək. ƏSA Teatrının kollektivi dekabrın 10-da İzmir Sənət Mərkəzində səhnəsində çıxış edəcək.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur