EKZİSTENSİAL ƏDƏBİYYATDAN TEATRA -1 ci hissə
XIX əsrin ortalarında meydana gələn və XX əsrdə formalaşan ekzistensializmi, dövrünün ən təsirli cərəyanlarından saymaq olar. Təməli azadlığa dayanan ekzistensializm, insanin öz dəyərlərini özünün meydana gətirə, gələcəyini yenə özünün qura biləcəyini müdafiə edən bir fəlsəfi cərəyandır. Cərəyan sırf fəlsəfə üzrə ilk dəfə Soren Kyerkeqor, Fridrix Nitsşe, Edmund Husserl kimi filosoflar tərəfindən işlənmişdir. Jan-Pol Sartr “ekzistensializm humanizmdir” adlı məqaləsində ekzistensializmi iki qrupa ayrır:
1.İdealist ekzistensialistlər- Soren Kyerkeqor, Karl Yaspers, Qabriel Marsel 2. Ateist ekzistensialistlər- Fridri Nitsşe, Martin Haydeger, Jan-Pol Sart və Alber Kamyu.
Cərəyanın iki qrupa bölünməsində ən əhəmiyyətli səbəb, eyni vaxtda filosofların “Tanrının varlığına” istiqamətli yanaşmalarıdır: Dini ekzistensialistlər, mövcudolmanı tanrıya yönəlmə kimi, ateist ekzsitensialistlər isə mövcudolmanı ancaq tanrının olmamasıyla mümkün olacağını iddia edərək əsas fərqi ortaya qoyurdular. Cərəyana müəyyən bir tərif vermək olduqca çətindir. Çünki ekzistensial sayılan mütəfəkkirlərin özlərinin aralarında belə razılaşdıqları ortaq prinsiplər azdır, hətta yox dərəcəsindədir. Eyni dövrdə yaşamış eyni siyasi çətinliklərə ortaq olmuşlar və təbii olaraq düşüncələri eyni olmasa belə, bənzər istiqamətdə olduğu üçün bir fəlsəfi cərəyan altında birləşmişlər. Cərəyanın nümayəndələri arasındakı fikir ayrılıqlarına baxmayaraq, filosof və yazarların ortaq çıxış nöqtəsi kimi fərdiyyətçiliklərini və insanın varlığına verdikləri əhəmiyyəti göstərmək olar.
Ekzistensializm bir çox ölkələrdə ilk zamanlar gəlib keçici bir cərəyan kimi tanındı. Lakin Jan Pol Sartrın “Varlıq və Heçlik” kitabında cərəyana aid olan terminlərə açıqlıq gətirməsi ilə ekzistensializmin daha çox fəlsəfi fikri ifadə etdiyi aydın oldu. Müxtəlif qənaət ayrılıqları ilə demək olar ki, fəlsəfənin heç dəyişməyən rəftarı hər bir insana kainatdakı etibarlı yerini vermək vəzifəsi olmuşdur. İnsanın mənliyini tanıması mövcudolma probleminin araşdırılmasından ayrılmaz. Yəni fəlsəfənin əsas vəzifəsi olaraq bunlardan birini yerinə yetirməklə, var olmanı nəzərdən qoymaq olmaz. XIX əsrin ekzistensial filosofu sayılan Soren Kyerkeqor Hegelçiliyin rəğbətdə olduğu bir dövrdə yaşamasına baxmayaraq, spekulyativ fəlsəfəyə etiraz etmişdir. İnanc və ağıl arasındakı ziddiyəti dərk edən Kyerkeqorun özünə xas fərdi baxış bucağı olmuşdur. “Qorxu və Titrəmə” əsərində açıq şəkildə Hegelə zidd olan Kyerkeqor, spekulyativ fəlsəfədən fərqli olaraq var olmanın mərkəzi hesab edilən xalis düşüncəni mücərrəd olduğunu bildirmiş və fərdi var olmanın mərkəzi olaraq qəbul etmişdir. Belə ki O, “fərdi əsas sayar, cəmiyyəti xor görər. Ona görə də, fərdin varlığını qoruması üçün cəmiyyətdən, bərabərlikdən uzaq olmasını, fərdin ancaq təklik, boğuntu və umidsizlik içində meydana çıxıb dərinləşdiyini bildirir.”(jpsV, s11). Məlumdur ki, ekzistensializmin kökünü araşdırdıqda daha çox fərd ilə qarşılaşırıq. Belə nəticəyə gəlmək olur ki, var olma probleminin xalis düşüncə və yalnız zehnin gücüylə anlaşılmayacağı tezisini əsas götürmüşdür. Bununla belə ağlın varlığa bağlılığı dərəcəsinidə inkar etməmişdir. Buradan aydın olur ki, ekzistensializm ənənəvi fəlsəfəyə bir reaksiya olaraq yaranmışdır. Ekzistensializmin tarixini araşdıran Valter Kaufmann, Fyodor Dostoyevskinin “Yeraltından Qeydlər” əsərini əsas götürərək, cərəyanın başlanğıcı kimi Soren Kyerkeqor və Fyodor Dostoyevskini qarşılaşdırır. “ Kyerkeqor qarşımıza fərdi qoyar, Dostoyevski isə bir dünya. İkisidə son dərəcə narahat edicidir, amma bu narahatlıq Dostoyevskidə böyük hüdudsuzluqdan, Kyerkeqorda isə darlıqdan irəli gəlir. Əgər kimsə Kyerkeqoru oxuduqdan sonra, Dostoyevskini oxumağa cəhd etsə, balaca otaqda yaşadıqdan sonra, gözlənilmədən okeyanın ortasındakı bir qayığa atılan bir insan kimi özünü itirər” (vkfmn; 14). Göründüyü kimi Kaufmann öz kitabında ekzistensializmin tarixini Fyodor Dostoyevskdən götürmüşdür. Bu və basqa mənbələrdəndə məlum olur ki, Kyerkeqor fərdi əsas götürməklə sırf fəlsəfə üzrə ekzistensializmin ilk filosofu sayılır. Ədəbiyyatda isə, ekzistensializmin təsirləri ilk olaraq Fyodor Dostoyevskinin “Yeraltından Qeydlər” əsərində özünü göstərir.
Kyerkeqordan sonra ekzistensializm Almanyada məşhurlaşır. Beləliklə cərəyan Nitsşenin marağına səbəb olur. İlkin meyaralara görə Nitsşeni Kyerkeqordan sonra ekzistensial filosof adlandırmaq olar. Lakin ekzistensializm haqqında daha konkret danışsaq: Kyerkeqor ekzistensializmi tanıtmışdır. Yasperin əsas əsərlərindən biri ekzistensializmdən bəhs edir(“Düşüncə və Varlıq”) və bundan daha kiçik həcmdə “Ekzistensial fəlsəfə” adlı kitab yazmışdır. Haydegerin “Varlıq və Zaman” adlı kitabı cərəyanın başlıca əsərlərindəndir. Sarta gəldikdə isə onu ən böyük ekzistensial filosof və yazar adlandırmaq olar. Beləki O, ekzistensializmin nümayəndəsi olduğunu özü qəbul etmişdir. Sadaladığımız bu filosofların əsərlərində qarşımıza çıxan uğursuzluq, qorxu və ölüm motivlərini ekzistensializmin xüsusiyyətləri kimi qəbul etsək, Nitsşeni artıq bu cərəyana aid etmək fikri dəqiqliyini itirir. Əsərlərində ölüm və qorxudan daha çox diqqəti XIX əsrdə məşhur olan zülm, qəzəb, əxlaqsızlıq və riyakarlıq mövzularına yönəldən Nitsşe, bununla yanaşı öz yazılarında amor fati( taleyə sevgi) ifadəsini tez-tez işlətmişdir. İfadə insanın həyatında ortaya çıxan hadisələrin və halların qəbul edilməsi ilə xarakterizə edilir. Ekzistensial fikrə yaxın olan bu ifadəyə və Valter Kaufmanın fikrinə nəzər salsaq: “ Nitsşe ekzistensializm cərəyanında mərkəzi bir yerə sahibdir. Yaspers, Haydeger və Sart onsuz düşünülə bilməz. Kamyunun “Sizif haqqında mif” əsəridə qismən Nitsşenin əks-sədası kimi səslənir. Eyni zamanda Kamyu əlavə olaraq Nitsşedən yazmışdır. Yaspers onun haqqında iki kitab yazmış və onu, müzakirə etmişdir. Haydeger yazılarında Nitsşeni Yasperdən daha əhəmiyyətli olduğunu bildirmişdir.”(vk, 21-22) demək olarki , Nitsşe Alman ekzistensializminin nümayəndəsidir.
Fəlsəfənin ən qabaqcıl filosoflarından biri olan Karl Yaspers, xarakter etibarı ilə ekzistensialist fəlsəfəyə daxil edilir. Kyerkeqor və Nitsşe tərəfindən toxumları əkilən ekzistensializm cərayanı müstəqil şəkildə ad verilərək Yaspersin əsərlərində işlənir. “Ekzistensiya” termini ilk dəfə Yasperin əsərində qarşımıza çıxır. Buna baxmayaraq Yaspers özünü bu cərəyana nümayəndə saymamışdır. Buna səbəb, Yaspersin özünün əlavə bir düşüncə məktəbi yaratmaq istəməsidir. Rocer Rene bu məktəbi belə ifadə edir “Hegel rasiyonal sistemin nümayəndəsidir, Kyerkeqor paradoksal xristiyanlığın nümayəndəsidir, Nitsşe isə humanizmin nümayəndəsidir. Onları birləşdirmək su və alovu birləşdirmək kimidir. Belə olduğu halda Yaspersin fəlsəfəsini “parçalanmış” fəlsəfə adlandırmalıyıq. Onun fəlsəfəsi, ekzistensial və rasionaldır”(Rrekdrs;45) . Özündən əvvəl yaşamış olan Kyerkeqor və Nitsşedən nə qədər təsirlənmiş olsada, onlar üçün əhəmiyyətli olan bəzi fikirlər, Yaspers üçün heçdə əhəmiyyətli deyil. Kyerkeqor ilə Nitsşenin aralarındakı fərqlər, onların ortaq noqtələrinə nisbətən Yaspersi daha az maraqlandırmışdır. Bu fərqlər Kyerkeqorda “Məcburi Xristianlıq” və Nitsşedə isə “məcburi Xristiyanlıqla mübarizə” olmuşdur. Bu mövzuda Nitsşenin fikirlərini absurd sayan Yaspers, Kyerkeqorun spekulyativ fəlsəfəyə zidd olan fikirlərinə əhəmiyyət verməmişdir. Cərəyanın nümunəvi əsərlərindən olan və ekzistensial metafizik janırında yazılan “ Düşüncə və Varlıq” əsərinin təməl fikri, Kyerkeqorun ekzistensial fəlsəfədə xalis düşüncəyə mücərrəd baxışına qarşıdır. Əsərdə “düşüncə” və “varlığın” düşmən yox dost olduqlarını və qarşılıqlı olaraq bir –birlərinin inkişafına kömək etdiklərini bildirən Yaspers eyni zamanda, fərdin mövcud olmasından da danışmışdır.
Birinci dünya müharibəsindən sonra Almanyada yayılan cərəyan, ikinci dünya müharibəsi illərində Fransada yayılmağa başlayır. Alman ekzistensialistlərindən fərqli olaraq Fransız ekzistensialistləri xalis fəlsəfədən uzaqlaşaraq cərəyanı qismən ədəbiyyat və teatra tətbiq etdilər. Demək olar ki, Fransız ekzistensializminin müəyyənedici xüsusiyyəti: ədəbiyyatla fəlsəfə arasında körpü rolunu oynamasıdır.