bertolt-brextin-epik-teatri-ve-serqde-dastanciliq-eneneleri
Müəllif: Publisist.az /Tarix: 2024-05-08 /Oxunma Sayı: 152

Bertolt Brextin Epik Teatrı və Şərqdə Dastançılıq Ənənələri

   Bertolt Brextin erkən pyesləri etirazdan doğurdu. 1918-ci ilin ilkin redaksiyasında “Baal” pyesi sıravi burjuaya əziz olan hər şeyə qarşı etiraz mücəssəməsi idi. Pyesin asosial qəhrəmanı şair Baal Fransua Viyona sevgi etirafı kimi qəbul oluna bilər. Burada hər şey epitaja yönəlib. Daha sonra bu pyes anti-ekspressionist xarakter alır. Ekspressionistlərin “İnsan xeyirxahlar” tezisi “Gecə təbilləri” pyesində polemik xarakter qazanır. Brext növbəti pyeslərində alman teatrlarının naturalistik repertuarı ilə polemikaya girir. 1920-ci illərin ortasından o, epik dram(qeyri-aristotelsayağı) nəzəriyyəsini işləyir. Brext yazırdı: “Naturalizm teatra hər detalında sosial incəlikləri təsvir edən, müstəsna zərif portretlər yaratmaq imkanı verir. Naturalistlərin maddi mühiti insanın ictimai davranışına təsirini aşırı dəyərləndirdikləri məlum olduqda “interyerə” maraq itir. Daha geniş fon əhəmiyyət kəsb etməyə başlayır. Bu fonun dəyişkənliyi və ziddiyyətli təsirini göstərə bilmək lazım idi.” Düzdür Brext “Baal”ı özünün ilk epik dramı adlandırırdı. Ancaq epik teatr prinsipləri tədricən formalaşaraq xarakter baxımından dəyişirdi.

  Brext səhnədə əsil hadisə təqdim etməyin vasitələrini axtarırdı. Düzdür, o bu vasitələri tapdığına əmin deyildi. O müasir insana kömək etməyin yalnız bir vasitəsini görürdü: ətraf mühitin dəyişdiyini göstərmək və öz gücü çərçivəsində onun qanunlarını öyrənmək. “Yumrubaşlar və Sivribaşlar” pyesindən başlayaraq o parabola janrına müraciət edir. Həyatının son dövründə “Turandot yaxud Ağardıcılar konqresi” pyesi üzərində işləyərkən qeyd edirdi ki, ictimai problemlərin yabancılaşdırılması üçün alleqorik təşbehlər hələ də, ən uğurlu vasitə sayılır. Brext bir sıra pyeslərindəki hadisələri Çinə, Hindistana, orta əsr Gürcüstanına köçürür. İlya Fradkin dramaturqun bu marağı haqqında yazırdı: “Bu cür ekzotik mühitdə tanış və adət edilmiş məişət zəncirlərindən azad olunmuş pyesin fəlsəfi ideyası asanlıqla ümumbəşəri məna qazanır.” Brext özü parabola tipli pyeslərin üstünlüyün onun bütün məhdudiyyətlərinə rəğmən “bütün digər formalardan daha hiyləgər” olmasında görürdü: Parabola öz mücərrədliyində konkretdir. O mahiyyəti aşkarlayır və heç bir digər formanın bacarmadığı tərzdə həqiqəti eleqantcasına təqdim edir.

  Epik teatrın nəzəriyyəsi müəllifin öz təyinatına görə səhnə və tamaşaçı zalı arasındakı münasibətləri öz predmeti kimi qəbul edir. Həyatının sonuna kimi daim yeni prinsipləri inkişaf etsə də, 30-cu illərin 2-ci yarısında formulə olunmuş məqamlar dəyişilməz qalır. Brextə görə Aristotelsayağı dramaturgiya elə qurulub ki, buradakı bütün əməllər fəlakətə doğru yönəlib. Deməli bu cür pyeslərdə yalnız zavyazka tamaşaçıda maraq oyadır. Bu cür dramaturgiyaya əsaslanan tamaşa naturalistik teatrda səhnədə baş verənlərin illuziyasını yaradaraq tamaşaçıda maraq oyadır və səhnədəkilərlə eyni vaxtda eyni yaşantıları yaşamağa məcbur edir. Bunun üçün aktyor öz obrazını həyatını yaşayan kimi göstərməlidir. Aktyor obrazının həyatını yaşamalı, tamaşaçı isə personajların hisslərini duymalıdır. Bu isə Brextə görə tənqidi dəyərləndirməni istisna edir. Yaşama çox olduqca tənqid üçün yer daralır. Beləliklə də, təsir burada qənaət inandırma hesabına deyil, təlqin hesabına reallaşır. Epik teatrın prinsipləri ilk növbədə səhnədə baş verənlərə tənqidi münasibət oyatmaq vəzifəsinə əsaslanan səhnə və tamaşaçı zalı münasibətləri üzərində qurulub.

  1939-cu ildə Brext deyirdi: “Səhnə və tamaşaçı arasında yaşamaya əsaslanan rabitə qurulursa tamaşaçı qarşısındakı qəhrəmanın gördüyü qədər görür. Müəyyən situasiyalara münasibətdə o elə hisslər keçirə bilirdi ki, bunlar səhnədəki ovqata uyğun olurdu.”

  Bu məruzəni Brext Stokholmda tələbə teatrının iştirakçıları qarşısında oxumuşdu. Öz fikrini izah etmək üçün o Şeksprin “Kral Lir” əsərinə müraciət edir.  Tamaşaçının Liri qınaması üçün Brextə görə yabancılaşma metodu mütləqdir.  Yabancılaşma effekti Brextə görə yaxşı məlum olan hər hansı hadisəni gözlənilməz tərəfdən təqdim etməkdən ibarətdir. Bununla da qavrayışın avtomatizmi və stereotipliyi dəf edilir. Brext deyirdi ki, öz-özlüyündə tanış və aşkar olan hər-hansı hadisə və ya xarakteri bu keyfiyyətlərdən məhrum etdikdə təəccüb və maraq oyatmaq mümkündür.

  1940-cı ildə Brext yazırdı: “Yabancılaşma effekti komediyalarda, xalq sənətinin bir sıra sahələrində, həmçinin Asiya teatr səhnəsində rast gəlinən qədim teatr üsuludur.” Brext özü bu metodu icad etməmişdir. Sadəcə olaraq Brextdə bu üsul nəzəri baxımdan işlənilmiş pyes və tamaşa quruluşu metoduna çevrilir. Brextə görə Epik teatrda yabancılaşma texnikasını hamı mənimsəməlidir. Brextin özünün pyeslərində yabancılaşma effekti müxtəlif həllərdə özünü göstərə bilərdi. Əsas o idi ki, bu məqamlar səhnədə baş  verənlərin həqiqiliyi kimi naturalist illuziya dağılsın və tamaşaçının diqqəti müəllifin mühüm saydığı fikirlərə yönəlsin. Bunun üçün müxtəlif zonqlara, xorlara müraciət edir ki, onlar əsərin axınını kəsməli olsun.

  Bundan əlavə “Siçuanlı xeyirxah insan” pyesində olduğu kimi Çinə, “İnsan insandır” pyesində oluğu kimi hadisələri Hindistana köçürərək inandırıcı olmayan situasiyalar və zaman qıvrıqlığına müraciət edir.

  Qrotesk, real olanla fantastik olanın qarışdırılması da; gözlənilməz nitq konstruksiyaları vasitəsilə həyata keçirilən “nitqi yabancılaşma” da bu cür vasitələrdən sayılır.

  “Artur Uinin karyerası” pyesində Brext ikili yabancılaşmaya müraciət edir: bir tərəfdən Hitlerin hakimiyyətə gəlişi xırda Çikaqo qanqsterinin yüksəlişinə çevrilir, digər tərəfdən isə gül kələmi alveri ilə məşğul olan Trestin mübarizəsi, qanqster əhvalatı Şekspir və Göte üslubunu təqlid edən şeirdə təqdim olunurdu.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur