Amazon şirkəti - "Amazon Flex proqramı"
Amazon şirkəti təkcə anbarlarındakı işçilərin deyil həmçinin öz əməkdaşların və hətta çatdırılma prosesini reallaşdıran partnyorların idarəsində də alqoritmlərdən istifadə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Şirkətin strategiyası ilə yaxından tanış olan mənbələrin verdikləri məlumata əsasən Amazon-un CEO-su Jeff Bezos alqoritmlərin insanlardan daha tez və dəqiq qərar verdiklərinə inanır. Bu isə öz növbəsində xərcləri azaldır və rəqabətdə üstünlüklər verir. Amazon 2015-ci ildə Amazon Flex proqramını işə salmışdı.
Bu proqram çərçivəsində şirkət avtomobil sahiblərinə çatdırılma xidmətinə görə hər saat üçün 25$ ödəyir. Lakin sürücülər sözügedən proqram üçün qeydiyyatdan keçdikdən sonra onların aktivliklərini xüsusi alqoritmlər izləyirlər. Həmin alqoritmlər sürücünün bağlamanı vaxtında çatdırıb-çatdırmağını, bağlamanı birbaşa sahibinə verdiyini və ya qapının ağzında qoyduğunu analiz edirlər. Alqoritmlər bütün bu faktorlar əsasında əldə olunmuş məlumatları analiz edərək hansı sürücülərin daha çox sifariş qəbul edəcəklərini, hansı sürücülərin isə işdən azad ediləcəklərini təyin edirlər.